Ustad Məmməd Səid Ordubadi

 

Bəşər sivilizasiyası və mədəniyyətinin beşiklərindən sayılan Naxçıvan diyarı min illərdir dünya sivilizasiyası və mədəniyyətinə böyük töhfələr verir. Naxçıvan torpağının yetirdiyi nadir şəxsiyyətlərdən, həyatı və fəaliyyəti hər gələn yeni nəsillər üçün örnək olan nadir simalardan biri bu il 150 illik yubileyi tamam olan görkəmli ictimai xadim, ədib, publisist, tarixi romanlar ustadı Məmməd Səid Ordubadidir.

Görkəmli ədib Məmməd Səid Ordubadi (1872-1950) öz yaradıcılığı ilə ədəbiyyatda böyük məktəbə çevrilən görkəmli şəxsiyyətdir. Məmməd Səid Ordubadi Hacıağa Fəqir Ordubadi kimi tanınmış bir şairin ailəsində dünyaya gəlmişdir. Məmməd Səidin Məhəmməd Tağı Sidqi kimi görkəmli şairpedaqoqun məktəbində təhsil alması onun dünyagörüşünün inkişafı və ədəbi bacarığının formalaşması baxımından çox mühüm rol oynamışdır. “Hümmət” təşkilatının fəal üzvlərindən biri olan Ordubadi Azərbaycanın ictimai-siyasi həyatında da mühüm xidmətlərə malik olmuşdur. Ordubadi Cəlil Məmmədquluzadə kimi görkəmli ədiblərlə birgə azərbaycançılıq ideologiyası yönündə ciddi siyasi, ictimai və ədəbi fəaliyyət göstərmiş, milli mövqeamala sahib olmuşdur.

Çoxcəhətli yaradıcılığına görə həm şair, həm nasir, həm də dramaturq kimi şöhrət tapan Məmməd Səid Ordubadi hər bir əsəri ilə Azərbaycan xalqının milli şüurunun oyanışı, maariflənməsi və azadlığı yolunda əvəzedilməz xidmətlər göstərmişdir. Bu görkəmli şəxsiyyətin yaradıcılıq və fəaliyyətinin bir hissəsi dünyaca məşhur “Molla Nəsrəddin” jurnalı ilə bağlı olduğuna görə başqa mollanəsrəddinçi ədiblər kimi xalqımızın milli şüurunun formalaşmasında rolu misilsizdir. Molla Nəsrəddin”də Mozalan və Hərdəmxəyal imzaları ilə tanınan görkəmli ədib öz yaradıcılığında ana dilimizin saflığı, milli dil statusu, Azərbaycan xalqının milli azadlığı və dövlətçiliyi kimi məsələləri mövzu etmiş, bu amal uğrunda bir ictimai xadim kimi ciddi fəaliyyət göstərmişdir. Ədib həm də bir publisist kimi “Şərqi-rus”, “Səda”, “Yeni yol”, “Molla Nəsrəddin” və başqa mətbuat orqanlarında çıxış etmişdir. 

Ədib həyatının bir hissəsini Sovetlər birliyi dönəmində yaşayıb dövrün önəmli şəxsiyyətlərindən olub. Buna baxmayaraq, fədakar ədib öz yaradıcılığında Azərbaycan xalqının milli məsələlərini aparıcı mövzu etmiş, xalqının taleyinə vətənpərvərlik yanğısı ilə yanaşmışdır. “İki çocuğun Avropa səyahəti”, “Bədbəxt milyonçu, yaxud Rzaquluxan Firəngməab” kimi ilk romanlarından başlamış digər qiymətli əsərləri ədibin böyük ədəbiyyata daxil olmasında rol oynamış, Azərbaycan ədəbiyyatının zənginləşməsinə də töhfələr vermişdir. Onun qələminin məhsulu olan “Əndəlisin son günləri, yaxud Qranadanın təslimi”, “Bağişah, yaxud Tehran faciəsi”, “İldırım Bəyazid və Teymurləng”, “Məhəmmədşah Qacar” və başqa pyeslər Azərbaycan dramaturgiyasının mövzu-məzmunca inkişafına xidmət etmişdir. Ümumiyyətlə, böyük ədibin yaradıcılığına aid olan əsərləri Azərbaycan ədəbiyyatının zənginləşməsində mühüm rol oynamışdır. Ədibin böyük sənətkarlıq məharətilə ərsəyə gətirdiyi “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Döyüşən şəhər”, “Qılınc və Qələm” kimi əsərləri Azərbaycan tarixi roman janrının yaranması və inkişafı tarixinin qızı səhifələrini təşkil edir. Ədibin “İki çocuğun Avropa səyahəti” əsəri Şərqlə Qərb arasındakı inkişaf və tərəqqi ideallarının bədii əksi baxımından mühüm yerə malikdir. Ədibin “Qanlı sənələr”, “Həyatım və mühitimkimi xatirə-memuar tipli əsərləri Azərbaycan xalqının müəyyən tarixi mərhələdə ictimai-mədəni inkişafı, problemləri və qayğılarını öyrənmək baxımından ciddi mənbə rolunu oynayır. “Qanlı sənələr” əsəri emənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı hadisələrini miqyası və səbəbləri ilə birgə öyrənmək baxımından çox əhəmiyyətlidir. “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Döyüşən şəhər”, “Qılınc və Qələm” kimi əsərlərdə Azərbaycan xalqının milli dövlətçilik tarixi və təfəkkürü, mədəniyyət və milli dəyərləri çox ehtişamla əks etdirilmiş, xalqın birlik, ərazi bütövlüyümilli dövlətçilik idealları, mübarizə əzmi böyük ədəbiyyat hadisəsinə çevrilmişdir. Bu baxımdan görkəmli yazıçı Məmməd Səid OrdubadiBöyük ədəbiyyat nəhəngi” və “Azərbaycan ədəbiyyatının Tolstoyu” (akad.İ.Həbibbəyli) adlandırılmışdır.

Ədibin: “Şərq haqqında yazanlar cahangir dövlətlərdən aldıqları maaşın hesabına yazırlar” – deyə ifadə etdiyi fikirləri Azərbaycan xalqı və onun görkəmli şəxsiyyətləri haqqında kompaniya aparanlara ünvanladığı mükəmməl etiraz forması kimi də qəbul etmək olar. Ədib “Dumanlı Təbriz” əsərində daha böyük cəsarətlə: “Amerikalı və avropalılar Şərqə ancaq pul qazanmaq, müstəmləkə zəminləri hazırlamaq, torpaq, bazar əldə etmək üçün gəlirlər. Cahangirlər Şərqi müstəmləkə qayırmaq üşün onu vəhşi, mədəniyyət düşməni, ixtilaçı, tərbiyəsiz göstərməlidirlər, bu da onlara “mədəni avropalıları” və Şərqdə yaşayan “mədəni millətləri” müdafiə bəhanəsilə Şərqin işğal olunması imkanı verir” – deyərək hər cür işğalı, istilanı pisləmiş, həmçinin Rusiya müstəmləkəçiliyinin mahiyyətini əks etdirmişdir.  Məşhur “Qılınc və Qələm” əsərində isə görkəmli ədib: “Azərbaycanlılar hələ islamiyyətdən daha əvvəl azadlıq sevən bir xalq olmuş, öz azadlıq yollarında bitün maneələri məhv etməkdə məşhur olmuşdur... Azərbaycan xalqı öz mədəni və milli tarixini heç bir kəsə və heç bir qüvvəyə təslim etməmiş, yenə də etməyəcəkdir. Xalq bir dil, bir arzu daşıyan bir xalqdır. Kəndlilərindən başlayaraq ziyalılarına qədər bir söz deyir: “Azərbaycanın istiqlaliyyəti məsələsi həyat məsələmizdir” - deyə bildirirdi. Yaşadığı dövrün təlatüm və qarışıqlığından qorxmayaraq ədib böyük cəsarətlə Azərbaycan xalqının milli ideal, mübarizə amalı, mənəviyyat və milli dəyərləri, milli dövlətçilik tarixixarakterini ədəbiyyatın məzmununa gətirmişdir. Təsadüfi deyil ki, görkəmli ədib Məmməd Səid Ordubadi adıgedən bu qiymətli tarixi mövzulu əsərləri ilə məhz Azərbaycan ədəbiyyatının tarixi roman janrının ilk və ən gözəl, ən sanballı nümunələrini yaratmışdır.

Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri kimi Məmməd Səid Ordubadinin yaradıcılığı Azərbaycan xalqına bir vətənpərvər vətəndaş kimi xidmət etməyin nümunəsi hesab oluna bilər. Heç şübhəsiz ki, ədibin xalqımızın tarixi faciələri və erməni soyqırımlarının mahiyyətinə həsr olunan “Qanlı sənələr” əsəri öz əhəmiyyəti ilə tarixi salnamə olmaqla mühüm bir sənəddir. Görkəmli ədibin bütün yaradıcılığı isə, ulu öndərimizin dediyi kimi, “hər bir azərbaycanlının mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin, milli şüurunun formalaşmasına təsir edən güclü bir vasitədir”. Məhz bu mahiyyətdən irəli gəlir ki, həmişə ulu öndərimiz Heydər Əliyevin fəaliyyətində ədib və görkəmli şəxsiyyətlərimizə qayğı və diqqət xüsusi yer tutmuşdur. Ədəbiyyatımıza, görkəmli ədiblərimizin böyük istedadla yaratdığı sənət nümunələrinə həmişə milli ideologiyamızın mənbəyi kimi yanaşan və qiymətləndirən dahi lider onların adlarının əbədiləşdirilməsi və qayğı ilə əhatələnməsi üçün əvəzsiz xidmətlər göstərmiş, ən əsası, milli dövlətçilik və idarəçilik baxımından zəngin bir məktəb formalaşdırmışdır. Bu da böyük xoşbəxtlikdir ki, ulu öndərimizin xalqımızın xoşbəxt həyatına hesablanmış zəngin irsikursu bu gün böyük məharət və sədaqətlə davam etdirilir. Bu mənada ölkəmizdə görkəmli adamlarla bağlı həyata keçirilən ardıcıl tədbirlər məhz bu ənənənin davamı kimi böyük məmnunluq doğurur. Məmməd Səid Ordubadinin 2012-ci ildə 140 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncam da bu görkəmli ədibin fəaliyyəti və xalqı qarşısında xidmətlərinə dövlətimizin verdiyi əhəmiyyətin layiqli ifadəsidir. Sərəncamda göstərildiyi kimi, “Çoxşaxəli ədəbi fəaliyyət göstərən və bir çox məşhur operaların librettosunun müəllifi olan sənətkar həmçinin dövrün mühüm ictimai-siyasi hadisələrini zəngin faktlar, sənədlər əsasında dolğun əks etdirən əsərləri ilə tanınır”. Bu baxımdan Məmməd Səid Ordubadi Azərbaycan ədəbiyyatının inkişafında təqdirəlayiq xidmətlər göstərmiş görkəmli sənətkar, əvəzsiz simalardan biridir.

2012-ci ildə görkəmli ədib Məmməd Səid Ordubadinin 140 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiqlədiyi Tədbirlər Planı bu görkəmli şəxsiyyətin xatirəsinə göstərilən yüksək dövlət qayğısı kimi razılıq doğurur. Ədibin doğma vətəni Ordubadda ev muzeyi fəaliyyət göstərir. 2012-ci ildə 140 illik yubileyi münsibətilə böyük ədibin “Həyatım və mühitim”, “Qanlı sənələr” və digər əsərləri “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yeni nəfis tərtibatda çap edilmişdir. Ordubadda və Naxçıvan şəhərində ədibin adına küçələr vardır. Naxçıvan Muxtar Respublika Mərkəzi Kitabxanası böyük ədib Məmməd Səid Ordubadinin adını daşıyır. AMEA Naxçıvan Bölməsində ədibin həyatı və yaradıcılığına həsr olunmuş “Məmməd Səid Ordubadi: taleyi və sənəti” kitabı hazırlanaraq nəşr edilmişdir. Böyük ədəbiyyat ustadının “Qılınc və Qələm” əsəri Naxçıvan Muxtar Respublikasında Ali Məclis Sədrinin imzaladığı “Oxunması zəruri olan kitabların siyahısı”nda gənclərə oxunmaq üçün tövsiyə edilmişdir.

Böyük ədibimiz Məmməd Səid Ordubadinin ən böyük arzusu xatirəsinin yaşanması idi:

Səadət varmı, Vətən uğrunda qurban, olmaqdan başqa?

Səidəm, millətim uğrunda xidmətlər şüarımdır.

Həqiqətbin olub təkfir edilsəm,

İftixarımdır,

– deyə şair xatirəsinin yad edilməsini gələcək nəsillərdən umurdu. Bu baxımdan böyük ədəbiyyat nəhənginin xatirəsi ölkəmizdə hər zaman böyük ehtiramla xatırlanır və adı əbədi olaraq yaşadılır.

 

Ramiz QASIMOV,

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

İki sahil.- 2022.- 7 aprel.- S.7.