Qala-şəhərin tarix
yaddaşı
İşğaldan
azad edilən digər ərazilərimiz kimi Qarabağın
incisi olan Şuşa şəhərində də infrastruktur
layihələri ilə yanaşı, tarix-mədəniyyət
abidələrinin bərpası istiqamətində
mühüm işlər həyata keçirilməkdədir
Şuşa qədim mədəniyyət mərkəzi olaraq, xalqımızın mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə, musiqisinə dəyərli töhfələr verən əsrarəngiz bir şəhərdir. Bu şəhər ilk dövrlərdə öz banisinin adı ilə Pənahabad, onun ölümündən sonra isə yerləşdiyi relyefə uyğun olaraq Şuşa adlandırılıb. Üç tərəfdən sıldırım qayalar, dördüncü tərəfdən isə möhkəm qala divarları ilə əhatə olunmuş şəhər uzun müddət alınmaz qala kimi şöhrət qazanıb. Uzunluğu 6000 metr olan qala divarlarının hündürlüyü 4 metrdən 12 metrə qədər dəyişir. Hazırda qala divarlarının 4640 metri qismən salamat qalıb. Qalan hissələrin isə yalnız bünövrəsi torpaq altında müşahidə olunur.
Qarabağ xanlığının mərkəzi kimi inkişafa başlayan Şuşa şəhərində bir-birindən gözəl memarlıq abidələri ilə seçilən 17 məhəllə formalaşıb. Hər məhəllənin öz məscidi, mədrəsəsi, bulağı, hamamı və digər zəruri infrastrukturu olub. Şuşanın imkanlı şəxsləri tərəfindən sonralar tarixi abidə kimi elə tarixdə qalacaq məscidlər, hamamlar, karvansaralar, yaşayış evləri və digər obyektlər inşa olunub. Bu sıraya Yuxarı və Aşağı Gövhər ağa məscidləri, Saatlı məscidi, Pənah xanın sarayı, Natəvanın evi, Hacıqulların malikanəsi, Üzeyir Hacıbəylinin ev-muzeyi, M.M.Nəvvabın evi və digər tikililər daxildir. 1982-ci ilin 14 yanvarında ümummilli lider Heydər Əliyevin iştirakı ilə açılışı edilmiş Molla Pənah Vaqifin türbəsi də Şuşanın memarlıq üslubuna yeni nəfəs gətirən abidələrdən birinə çevrilib. Öz inkişafının sonrakı mərhələlərində əsaslı yenidənqurma və tikinti işləri az aparıldığından Şuşa tarixən formalaşmış memarlıq-planlaşma quruluşunu saxlayıb. Şəhərin mədəni irsinin, tarix-memarlıq abidələrinin qorunması məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 10 avqust 1977-ci il tarixli 280 nömrəli qərarı ilə Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu yaradılıb. Qoruğun yaradılması şəhərin mədəni mirasının qorunmasında xüsusi əhəmiyyətə malik idi...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə dövlət qeydiyyatına alınmış tarix və mədəniyyət abidələrinin siyahısında Şuşa rayonu üzrə 210 nümunə var. Bu abidələrdən 1-i dünya əhəmiyyətli memarlıq, 44-ü ölkə əhəmiyyətli memarlıq, 5-i ölkə əhəmiyyətli arxeoloji, 155-i yerli əhəmiyyətli memarlıq, 5-i yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidələridir. Memarlıq abidələrindən 141-i Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Onlardan 3-ü ev-muzey, 5-i karvansara, 105-i yaşayış evi, 13-ü məscid, 1-i qapı, 1-i kilsə, 2-si mədrəsə, 1-i saray, 1-i hamam, 1-i türbə, 6-sı bulaq, 1-i dəyirman, 1-i ərzaq anbarıdır. Şuşa Tarix-Memarlıq Qoruğu 2001-ci ildə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan maddi-mədəni irsin İlkin Siyahısına daxil edilib.
44 günlük Vətən müharibəsi nəticəsində rəşadətli Ordumuz müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın bir müddətdə işğal altında qalmış torpaqlarımızı, o cümlədən Şuşa şəhərini azad etdi. Ədalət zəfər çaldı. Şuşa şəhəri dövlət başçısı tərəfindən ölkəmizin mədəniyyət paytaxtı elan olundu. Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli 1170 nömrəli fərmanına uyğun olaraq işğaldan azad edilən ərazilərdə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların nəzdində yaradılmış qərargahlarda Mədəniyyət Nazirliyini təmsil edən nümayəndələr tərəfindən abidələrin ilkin inventarlaşdırılması məqsədilə monitorinqlər aparılır. İşğaldan azad olunmuş digər şəhər və rayonlarımızda yerləşən tarixi abidələr kimi Şuşa şəhərində də olan mədəni irs nümunələrinin əksəriyyətinin dağıdıldığı, vandalizmə və erməniləşdirilməyə məruz qaldığı faktları ortaya çıxıb.
İşğaldan azad edilən ərazilərdə digər infrastruktur layihələri ilə yanaşı, tarix-mədəniyyət abidələrinin bərpası istiqamətində də dövlətimiz tərəfindən mühüm işlər həyata keçirilməkdədir. Hazırda Şuşa şəhərində də həyata keçirilən genişmiqyaslı quruculuq işləri çərçivəsində məscidlər, tarixi abidələr, məqbərələr, ev-muzeylər də bərpa edilir.
Artıq “Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimi” təsdiq edilib. Bu Sənəd “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimini müəyyən edir. Qoruğun mühafizə zonasının sərhədləri Şuşa şəhərinin inzibati sərhədlərinə bitişik yerləşən və onunla təbii-landşaft, sosial, tarixi, mədəni və ya təsərrüfat bağlılığı olan və ya Qoruğun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyət kəsb edən ərazilərdə tarix və mədəniyyət abidələrinin mühafizəsini, bədii-estetik görkəmini, onların təhlükəsizliyini və uzunömürlülüyünü təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Mühafizə zonasının hüdudları daxilində yerləşən torpaq sahəsi və üzərindəki tikililər yeraltı mədəni təbəqələrlə birlikdə mühafizə rejiminin tətbiq edildiyi sahə hesab edilir. Mühafizə zonasında həyata keçirilən işlər Qoruğun ümumi ərazisinə, Şuşa şəhərinin inzibati sərhədlərinə və Şuşa şəhərinin Baş planında müəyyən edilmiş ərazi zonalaşdırılmasına, müfəssəl həllərə və ümumi memarlıq kompozisiyasına uyğun olmalı və Qoruğun mövcud həcm-məkan ölçülərini pozmamalıdır. Mühafizə zonasının təbii landşaftına təhlükə yaradan hər hansı fəaliyyətə yol verilməyəcək.
Sevinc Azadi
İki sahil.- 2022.- 5 avqust.- S.4.