Türk dünyasının mədəni incisiŞuşa

 

Prezident İlham Əliyev Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəkdir. Çünki, Şuşa zəngin tarixi keçmişə malik olmaqla özündə nəinki Azərbaycan, o cümlədən türk və islam mədəniyyətinə aid xüsusiyyətləri birləşdirir.

Məlum olduğu kimi dövlət başçısının 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il “Şuşa ili” elan edilib. Buna müvafiq olaraq, nəinki Azərbaycan cəmiyyəti, o cümlədən türk və islam camiəsi bu il Şuşanın 270 illiyini qeyd edir. Həmçinin Azərbaycan Prezidentinin 2021-ci il 7 may tarixli 2632 nömrəli Sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Çünki, Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir. Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. Qarabağ xanlığının əsasının qoyulması və Şuşa şəhərinin onun paytaxtına çevrilməsi Pənahəli xanın (1748-1763) adı ilə bağlıdır. Qarabağ xanı Pənahəli xan Cavanşirlər tayfasının Sarıcanlı oymağından idi. Bu Azərbaycan tayfası Qarabağın qədim sakinlərindən olmuş və uzun müddət bölgənin ictimai-siyasi həyatında mühüm rol oynamışdır. Şuşa qalasının salınması 1750-1751-ci illərdən hesab edilir. XVIII əsrin ikinci yarısında Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşa özünün xalçası, ipəyi, parçası və çini qabları ilə dünya bazarları miqyasına çıxmış və bununla da böyük şöhrət qazanmışdı. XVIII əsrin 80-ci illərində şəhərin dövrəsinə möhtəşəm qala divarları çəkilib başa çatdırıldı. Bu dövrdə şəhərdə çoxsaylı sənətkar məhəllələri yaranır, ticarət daha sürətlə inkişaf edirdi. Şuşalı tacirlər Təbriz, Tehran, İsfahan, İstanbul, Bağdad, Səmərqənd, Moskva, Leypsiq, London, Mançester, Marsel və başqa şəhərlərlə ticarət əlaqələri saxlayırdı. Şəhərdə “Pənahabadi” adlı gümüş sikkələr zərb edilirdi.

XIX əsrin ikinci yarısında şəhər əhalisinin sayı 25 min nəfərə çatmışdı. Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə, təkcə XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsxəbənd, 5 astronom, 18 memar, 16 həkim, 42-dək müəllim olmuşdur. Bu böyük ziyalı təbəqəsi Şuşa şəhərini mədəniyyət mərkəzinə çevirməkdə, burada elmi və mədəniyyəti inkişaf etdirməkdə çox böyük rol oynamışdır.

Qarabağın incisi, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa bu gün də ölkəmizin qədim tarixini özündə yaşadır. Bu şəhər milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyidir. Əbəs yerə Şuşanı Qarabağın döyünən qəlbi adlandırmırlar. Milli memarlıq üslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan Şuşa şərqlilərə məxsus arxitekturası ilə fərqlənib.  Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir. Hər biri əvəzsiz sənət nümunəsi olan Xan, Qaxal mağaraları, Şuşa qalası, Xurşidbanu Natəvanın, artilleriya generalı Mehmandarovun, şair-rəssam Mir Möhsün Nəvvabın ev-muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, “Gəncə darvazaları”, Gövhər ağa məscidi, əsas ticarət mərkəzi olan “Rastabazar”, möhtəşəm qala divarları, memarlıq üslubu ilə inşa olunan digər tikililər şəhərə gələn qonaqları valeh edirdi. Dəniz səviyyəsindən 1403 metr hündürlükdə salınan bu şəhər Turşsu mədən suyu ilə də məşhur olub, kurort kimi qonaqların ən çox istirahət və müalicə olunduqları məkana çevrilib.

Bu gün Şuşa artıq bərpa və böyük quruculuq dövrünə qədəm qoyub. 2021-ci il 14 yanvar tarixindən – cənab Prezidentin Şuşa səfərindən etibarən Şuşanın bərpası başlandı və qısa müddət ərzində böyük işlər görüldü. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya Füzulidən yüksəkgərginlikli elektrik xətləri çəkildi, yarımstansiya tikildi. Düşmən Şuşanı tərk edərkən Şuşanın su xətlərini partlatmışdı. Şuşaya suyun verilməsi təmin olundu. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Şuşa yenidən qurulur, özüdaha möhtəşəm, daha əzəmətli. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş Planı hazırlandı, görkəmli şair Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi öz ilkin görkəminə qaytarıldı. Bülbülün ev-muzeyiÜzeyir bəy Hacıbəylinin heykəlinin açılışı, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Artıq Şuşada Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalı bərpa olundu. 29 ildən sonra Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı baş tutdu.  Bundan sonra hər il “Xarıbülbül” festivalı Şuşada keçiriləcək. Bu festival bir daha Şuşanın mədəni-mənəvi baxımdan Azərbaycanın ayrılmaz parçası, xalqımızın tarixi şəhəri olduğunu göstərir. Bütün bunlar deməyə əsas verir ki, Şuşa türk, İslam dünyasının mədəniyyət paytaxtı statusu ilə məhdudlaşmayacaq, gələcəkdə bütün dünyanın mədəniyyət paytaxtlarından biri kimi də tanınacaq.

 

Sevinc Azadi

 

İki sahil.- 2022.- 15 dekabr.- S.7.