Cavid yaradıcılığının əbədi işığı

 

Akademik Teymur Kərimli: Cavidşünaslığımızın bugünkü inkişaf səviyyəsi qaneedici deyil

 

Türkiyədə yaşadığı illərdə müəllimi Rıza Tevfiq tərəfindən ona Cavid (əbədi) təxəllüsü verilir. Zamanın davamında Hüseyn Cavid öz yaradıcılığı, şəxsiyyəti ilə əbədiliyinə imza atır... 

Xalqımızın Cavid Əfəndisi, mütəfəkkir, yazıçı və dramaturq Hüseyn Cavid Azərbaycan ədəbiyyatında, mədəniyyətində, ictimai-sosial həyatında unikal yeri olan bir şəxsiyyətdir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, şərqşünas alim, professor Teymur Kərimli anadan olmasının 140 illiyi qeyd edilən, dekabr ayında dünya ilə vidalaşan Hüseyn Cavid haqqında fikirlərini bizimlə bölüşdü.

- Teymur müəllim, istərdim ki, ilk növbədə Hüseyn Cavidin Azərbaycan cəmiyyəti üçün kim olmağından söhbət açaq...

Həmsöhbətimiz Hüseyn Cavid haqqında danışmağın elə də asan olmadığını deyir.

Səbəbini belə izah edir...

- Hüseyn Cavid 1956-cı ildə bəraət aldıqdan, Azərbaycanın dahi şairi, mütəfəkkiri, filosofu olduğu hər kəsə bəyan olunduqdan sonra onun haqqında çox yazılıb. Azərbaycan ziyalısı onun harada anadan olduğunu, hansı səbəbdən dünyasını dəyişdiyini, hansı əsərləri yazdığını az-çox bilir. Ona görə də Hüseyn Cavid haqqında danışmaq çətindir. Əvvəlcə onu deyim ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatında, mədəniyyətində, ictimai-sosial həyatında unikal yeri olan bir şəxsiyyətdir.

Hüseyn Cavid  fitri istedada sahib idi. Bununla yanaşı, çox mütaliə etməklə istedadını inkişaf etdirmişdi. Təbriz şəhərində mədrəsə  (lisey), İstanbulda universitet  təhsili almışdı. O, öz üzərində çox çalışan bir insan olub. Həyat yoldaşı Mişkinaz  xanım, qızı Turan Cavid öz xatirələrində Cavidin gecələr demək olar ki, yatmadığını, mütaliə etdiyini, çalışdığını yazıblar. Onun müxtəlif xalqların ədəbiyyatını, tarixini, xüsusilə Şərq  ədəbiyyat və tarixini dərindən bildiyini bilirik. Buna görədir ki, yazdıqları bu qədər sevilir. Əsərlərində həm insani, həm də tarixi informasiya o qədər zəngindir ki, hamı tərəfindən qəbul edilir, hər kəs faydalana bilir. Qədim Romada  İnsan yaddaşı çox qısadır” deyə bir söz olub. İnsan oxuduğunu  hər zaman yadında saxlaya bilmir, unudur. Ona görə də Hüseyn Cavidin, Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin, Əli bəy Hüseynzadənin, Məhəmməd Əmin Rəsulzadənin  və digər böyük  sənətkarlarımızın əsərləri  bizim stolüstü kitablarımız olmalıdır ki, öz tariximizi, bəşər tarixini, eləcə də humanizmin tarixini unutmayaq. Özümün timsalında bir misal gətirim. Orta məktəb illərində Nizaminin bütün əsərlərini oxumuşdum. Sonra ali məktəbdə, aspiranturda təhsili alarkən yenidən oxuyanda hər dəfə fərqli mənalarını gördüm. Nizami əsərlərinin həm zahir, həm də batin sevənlər üçün olduğunu deyir. Hüseyn Cavidin əsərləri də o qəbildəndir. Yaşın müxtəlif mərhələlərində həmin əsərlərdən özün üçün lazım olanları görür və qəbul edirsən. Bizim böyük sənətkarların yaradıcılığı kimi, Cavidin əsərləri də əbədidir.

Texnologiyalar inkişaf edir, amma insan xisləti, xarakteri, emosiyaları, instinktləri, təbiətlə vəhdətdə olduğu dövrün yadda qalan genetik yaddaşı dəyişmir. Ona görə də insandan bəhs edən əsərlər bütün dövrlər üçündür.

 

Cavid hər şeydən əvvəl böyük şairdir...

 

Biz Cavidə filosof, dramaturq, insanşünas, şərqşünas və qərbşünas kimi baxsaq da, o, hər şeydən əvvəl böyük şairdir. Şairlik öyrənilmir. Fitri istedad olduğundan bunun üçün hər hansı bir institutu bitirməyə ehtiyac yoxdur.  Necə ki, Şəhriyar deyir:

“Şair ola bilməzsən, anan doğmasa şair,

Missən, a balam, hər sarıköynək qızıl olmaz”.

Cavidi də anası şair kimi dünyaya gətirmişdi. Sadəcə şairliyi ilə də məşhur ola bilərdi, amma o, bununla kifayətlənmədi və elm öyrəndi. Məhəmməd Füzuli

"Elmsiz şeir əsassız divar olur,

Əsassız divar qayətdə bietibar olur" yazırdı.

Şeirin bünövrəsi elmdir. Ona görə də Cavid ömrü boyu elm, Şərq və Qərb tarixini öyrəndi. Gözlərini müalicə etdirmək üçün getdiyi Almaniyada Qərbin xislətini, oradakı insanları öyrəndi. Bu gün “Azər” poemasını oxuyanda  görərsiniz ki, Qərbin indiki müəyyən liberalizmi, ikiüzlülüyü o zaman da var idi və Cavid əsərində bunu təsvir edib. Bu da onu göstərir ki, sən özünü nə qədər liberal göstərsən də, ikili standartların genetik yaddaşında olacaq və yeri gələndə tətbiq edəcəksən. Necə ki,ötən 30 il ərzində Qərb bunu bizə tətbiq etdi.

- Hüseyn Cavid Türk dünyasını əhatə edən əsərləri ilə də önə çıxır...

- Hüseyn Cavid böyük türkçü, turançı idi. Türk tarixi onun yaradıcılığından qızıl xəttlə keçib. Ən böyük əsəri “Topal Teymur”-da türkün faciəsini göstərir. Teymurlənglə (Əmir Teymur) Osmanlı sultanı İldırım Bayəzid vuruşur. Bu müharibələrin nəticəsi Avropaya fayda gətirir. Çünki o dövrdə Osmanlı imperiyası artıq Avropaya doğru genişlənirdi.

“Topal Teymur” çox gözəl əsərdir. Əsər türklərin savaşının türk dünyasına  qədər zərbə vurduğunu ortaya qoyur: 

“Teymur: Heç maraq etmə, Xaqanım! Sən kor bir abdal, mən də dəli bir topal! Əgər dünyanın zərrə qədər dəyəri olsaydı, yığın-yığın insanlara, ucu-bucağı yox məmləkətlərə, sənin kimi bir kor, mənim kimi bir topal müsəllət olmazdı”-deyir.

Bayəzid isə ona cavab verir: “Düz deyirsən, amma onu da bil ki, sənin qələbən Türk dünyasını topal qoydu. Sənin özünə bənzətdi” .

Avropa türklərin bir-birini zəiflətməsindən yararlanırdı. Eləcə də, Sultan Səlimlə Şah İsmayılın müharibələrindən istifadə edirdi və nəticədə Osmanlının Avropaya doğru hərəkətinin qarşısı alındı.

Türklər bir-biri ilə yaxınlaşmalıdırlar. Necə ki, bu gün hörmətli prezidentlərimiz Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev və digər türk dövlətlərinin rəhbərləri birləşməyə doğru gedirlər. Bu inteqrasiya şübhəsiz ki, türkün inkişafına, gələcəyinə xidmət edəcək.

Cavidin Əbülqasım Firdovsinin anadan olmasının  min illiyi ilə bağlı yazdığı məşhur  Rüstəm  Zalla Əfrasiyabin döyüşündən bəhs edən  “Səyavuş” əsərində də türklər qonşuları ilə mübarizə aparır. Burada Cavidin türklərin tərəfində olduğunu, onların özlərini müdafiə etdiyini, qonşuların təcavüzkarlığını göstərdiyini görə bilirik.

- Hüseyn Cavidin insanı mənəvi təmizliyə, ədalətə, hüquqların qorunmasına səsləyən əsərləri ilə bağlı nələri vurğulamaq olar?

- Götürək, “Peyğəmbər” əsərini. Bu əsər  ilk baxışda dini bir əsər kimi görünsə də, əslində, insani əsərdir. Ədib burada peyğəmbəri insan aşiqi kimi təsvir edir. Cavid öz əsərlərində Nizamidə olduğu kimi, qadına çox böyük dəyər verir. Onun “Peyğəmbər”, “Maral”, “Şeyda”, “Topal Teymur” kimi əsərlərində möhtəşəm qadın obrazları var. Cavid klassik ənənələrimizə bağlı olmaqla yanaşı, həm də Şərq və Qərb ədəbiyyatının ənənələrinə bağlı idi.

Onun bədii əsərlərindən başqa publisistik yazıları var. “Müharibə və ədəbiyyat” əsərində həm Qərbin, həm də Şərqin fikrini əks etdirir. Yazdıqlarına həm ədəbiyyatçı, həm  tarixçi kimi yanaşması Cavidin əsərlərinin əbədi olmasına səbəb olan amillərdəndir.

- Cavid üçün romantik şeirin  ya mənzum faciənin banisidir, deməklə kifayətlənə bilərikmi?

- Cavid kimi insanlara ensiklopedik zəka sahibi deyirlər. Əgər insanda istetdad varsa, özünü müxtəlif yönlərdən göstərir. İstedadlı bir şair öz üzərində çalışsa, yaxşı alim, tarixçi, musiqiçi olacaq. Cavid   bizim digər dahilərimizin istedadları müxtəlif yönlərdə özünü göstərib. Bu cür insanların həyatı gənclər üçün bir örnəkdir. Əgər bizim xalqımız belə bir dühanı yetişdiribsə, demək bütün dövrlərdə yetişdirə bilər.

Ona görə də biz Hüseyn Cavidi məhdudlaşdıra bilmərik.

- Cavidin əsərlərinin dilinin sadələşdirilməsinə ehtiyac varmı?

- Cavid əsərlərinin sonunda “imlasına toxunmamalı” yazırdı. Vaxtilə Mərkəzi Komitənin göstərişi ilə Cavidin əsərlərinin dilini “sadələşdirmək” işini gözəl şairimiz Əliağa Vahidə təklif etdilər, ancaq o, “mən ustadın dilinə toxuna bilmərəm!” deyə qəti imtina etdikdən sonra bu işi professor Əkrəm Cəfərə təklif etdilər. Onun da vaxtilə Cavidlə bir haqq-hesabı olub. Əkrəm Cəfər bu təklifi qəbul etdi.  Əgər böyük sənətkar “imlasına toxunmamalı” yazıbsa, ona toxunulmamalıdr. Oxuyanda hansısa bir sözü başa düşmürsənsə, lüğətdən istifadə etmək olar. Sadələşdirilmə deyilən proses əsərin mahiyyətini, qiymətini və estetikasını itirir.

Azər Turan Cavidin seçilmiş əsərlərini olduğu kimi, Türkiyədə nəşr elətdirib. Cavidin yaşadığı dövrdə mövcud olan türk dili indi yoxdur. Müasir Türk dilində saflaşdırılma prosesi getdiyindən, dilə bir sıra yeni sözlər əlavə olunduğundan əsərlərdə başa düşülməyən sözlər ola bilər. Bu cür sözlərin kitabda lüğəti verilib.

- Teymur müəllim, Hüseyn Cavidi dünyaya yetərincə təqdim edə bilirikmi?

- Bakı şəhərində fəaliyyət göstərən Hüseyn Cavidin Ev-Muzeyində ədibin əsərləri dünya dillərinə tərcümə olunur. Bu gün oxucular  Hüseyn Cavidi ingilis, fransız, urdu, fars və s. dillərdə də oxuyur.

Sovet dövründə repressiyaya uğramış, uzun illər unudulmuş, nəhayət bəraət qazanmış, haqqında xeyli əsərlər yazılmış Cavid müstəqillik dövrünün Cavidi ilə müqayisədə xeyli “kiçikdir”. Bu gün onun böyüklüyünü həm özümüz anlayır,  həm də dünya xalqlarına anladırıq. 

Belə bir fikir var “hər bir elm o dərəcədə elmdir ki, onda nə dərəcədə riyaziyyat var”. O baxımdan bizim ədəbiyyatşünaslıqda  riyaziyyat çox az dərəcədədir. Ona görə onu formalaşdırmaq çətin olur. Elmi formalaşdırmaq üçün ilk növbədə terminləri dəqiqləşdirmək lazımdır. Biz ədəbiyyatşünaslıq terminlərini ərəb poetikasından almışıq və ərəb dilindən götürmüşük. Çox vaxt  təhlil, təhqiq, tərif və tənqidin nə olduğunu bir-biri ilə qarışdırırlar. Əgər sözün kökünü bilmirsənsə, onu qarışdırırsan. Ona görə də klassiklərimizi, eləcə də Hüseyn Cavidin özünü də tədqiq, təhqiq və tənqid edəndə çox zaman qarışdırılır.

Çox vaxt Cavidin daxili məzmununa vara bilmədiklərinə görə, onu təsvir edirlər.

Bizim cavidşünaslığımızın bugünkü inkişaf səviyyəsi qaneedici deyil. Onu dünya ədəbiyyatşünaslığına çıxarmaq üçün daha sanballı, dəqiq terminlərlə ifadə olunmuş, daha böyük analogiyaları özündə birləşdirən fikirlər deyilməlidir. Hüseyn Cavidin qələmə aldığı hansısa bir sözlə nə demək istədiyini açmalıyıq.

Çox vaxt biz bunu edə bilmirik və ona görə də Cavidi dünya səviyyəsinə çıxara bilmirik. Amma yəqin ki, müstəqillik dövrünün ədəbiyyatşünaslığı bunun öhdəsindən gələcək. Təkcə Cavidi deyil, Nizamini, Füzulini, Nəsimini,  Mirzə Fətəli Axundovu, Mirzə Cəlil Məmmədquluzadəni, müasir böyük şairlərimizi də dünyaya çıxarcağıq. Görəcəklər ki, biz nə qədər mədəni xalqıq. Mənfur düşmənlərimizin dediyi kimi, biz bir ovuc köçəri deyilik. Deyim ki, bu gün də artıq görməyə başlayıblar. Cavidin heykəli Monteneqroda, Nyu-Yorkda qoyulur. Monteneqroda mən də iştirak etdim. Böyük bir Azərbaycan parkının ortasında Cavidin büstü qoyulub. Yaxud da Romada Nizaminin heykəlinin qoyulması və s. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu işlərin aparılması, mədəniyyətimizin bu cür geniş arealda təbliğ olunması bizim nailiyyətimizdir.  

- Cavidlərin həyatına son qoyan repressiya, dağıdıcı müharibələr kimi bir dövrü məhv etməyə xidmət edirdi. Sizcə, mənfur qüvvələr öz istəklərinə nə dərəcədə nail ola bildilər?

- Sovetlər qurulanda bütün keçmiş mədəniyyəti məhv etmək, xarabalıq üzərində  yeni bir dünya qurmaq istəyirdilər. Amma düşünmürdülər ki, xarabalıqlar üzərində necə dünya qurmaq olar? Səndən əvvəlki dünyanın ənənələrini bilməsən nə edə bilərsən? Divarı uçurdun, amma bənna, inşaatçı yoxdur və sən yeni binanı necə quracağını bilmirsən. Ona görə də məhvə doğru gedirsən. Bunlarla bəşəriyyət tarix boyu üzləşib. Təsadüfi deyil ki, bu gün də dünya nüvə təhlükəsi ilə qarşı-qarşıyadır.

 O dövrdə bir tendensiyaya çevrilən  repressiya daha çox türk xalqlarına qarşı həyata keçirilirdi. Bu məsələdə də ermənilərin rolu böyük idi. Onların türklərə nifrəti olduğundan türk xalqlarından intiqam almağa çalışırdılar. Bu xalqların öz keçmişini, mədəniyətini unutmaları üçün qaymağını yığımağa çalışırdılar. Cavid də o şəxsiyyətlərdən idi ki, xalqı özünü unutmağa qoymurdu. Ona görə də Hüseyn Cavid, Əhməd Cavad və digər bu qəbildən olan şəxsiyyətləri məhv etməli idilər. Sovet repressiya maşınının çarxını ermənilərin əli ilə bizim mədəniyyətin üstünə yönəltmək istəyən qüvvələr bunu etdilər. Bu gün də bunu etməyə çalışırlar.

Cavid bütün türk dünyasının, bəşəriyyətin şairidir. Şəxsiyyəti ilə yaradıcılığı üst-üstə düşən, çox böyük hörmət sahibi, sevilən bir insan olub.  Ermənilər bunu ona bağışlaya bilməzdilər. Onlar düşündülər ki, repressiya yolu ilə Cavidi məhv etdilər. Amma Cavid əbədidir. Bu gün də öz əsərləri ilə aramızda yaşayır. Bizimlə çiyin-çiyinədir. Müstəqil dövlətçiliyimizin yüksəlməsi, xalqımızın rifahı üçün əlindən gələni edir və gələcəkdə də edəcək.

- Hüseyn Cavidin sürgün illəri ilə bağlı çox az məlumat var... 

- Sürgündə olduğu illərdən sadəcə iki-üç məktubu qalıb. Sürgün həyatı ilə bağlı elə bir məlumat yoxdur. Ancaq xəstələnməsi və dünyasını dəyişməsi kimi bilgilər var. Bəlkə də nəsə yazırdı. Amma onu da əlindən alıb məhv edərdilər.     

- Qloballaşan dünya, müasir texnologiyanın yaratdığı qarışıqlıq və s.

Gənc nəslin keçmiş gözəl örnəklərlə əlaqəsinin kəsiləcəyinin  narahatlığı yaşanır...

- Bu gün gənclər daha çox sosial şəbəkələrdə vaxt keçirir, texnologiyanın verdiyi imkanı daha çox oyunlara sərf edirlər. Amma bəşər mədəniyyəti bu cür dövrlərdən əvvəllər də keçib. Tutaq ki, Xlll əsrdə monqolların hücumu az qala mədəniyyətimizi məhv edirdi. Amma məhv olmadı və günümüzə gəlib çatdı. Bu gün də xarici İKT-nin hücumu az qalır ki, klassik mədəniyyəti məhv etsin, amma edə bilməyəcək. Çünki o mədəniyyətin əsası çox möhkəmdir.  Həm da hazırda həmin dəyərlərin arxasında dövlət qayğısı var. Böyük əsərlərin yazılmasına stimul var. Mən də narahat oluram. Amma düşünürəm ki, mövcud durum ötəri haldır. Ümumbəşəri problemdir. Qloballaşmanın səsi bizə o qədər xoş gəlir ki, hər kəs ona tərəf qaçmaq istəyir. Buna yol vermək olmaz. Müəyyən bir ölçü olmalıdır. Tam ona doğru getsən, məhv olacaqsan. Qüvvələri birləşdirmək lazımdır ki, mentalitetimizi məhv olmaqdan xilas edə bilək. Xilas yollarından biri də Hüseyn Cavid kimi böyük sənətkarları oxumaq, öyrənməkdir. İnformasiya-kommunikasiya texnologiyaları nə qədər inkişaf etsə də, texnologiyadan nə qədər asılı olsaq da, biz  yenə də Cavidi təbliğ edir və onu gənc nəslə sevdiririk. Düşünürəm ki,  Cavid bu gün sevildiyi kimi, gələcəkdə də seviləcək.

Ümummilli lider Heydər Əliyev nahaq yerə demirdi: “Cavid çox vaxt Şekspirlə müqayisə edilir. Amma mən onu Yohann Volfqanq fon Göte ilə müqayisə edərdim. Amma nə yazıq ki, biz öz dahilərimizin qiymətini bilmirik. Təsadüfi deyil ki, ilk dəfə Heydər Əliyev Hüseyn Cavidin 100 illiyi ilə bağlı Sərəncam verdi. Onun nəşini uzaq Sibirdən Vətənə gətirdi. Bu, analoqu olmayan bir hadisə idi ki, sovet dövründə repressiyaya uğramış və Sibirdə buzların altında yatan böyük sənətkarın nəşini vətəninə gətirəsən və onu öz xalqına qovuşdurasan. Müstəqillik dövrünün Cavidi 1982-ci ildən başlayır. O dövrdə 100 illiyi və sonrakı illərdə də yubileyləri keçirildi. Bu il də Prezident İlham Əliyevin Sərəncamı ilə yubileyinin keçirilməsi Cavidin unudulmayan bir şəxsiyyət olduğunu göstərir.

Necə ki, Əliağa Vahid deyir: 

“Cavid həmişə xalqımızın xatirindədir

Vahid, o yoxsa da, ruhu ilə həmvətənləriz”.

Doğrudan da, bu gün biz Cavidin ruhu ilə həmvətənlərik. Onu unutmuruq.

Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü...

Cavid “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü” deyirdi. Burada həm müharibələr, həm günahsız insanların qətli nəzərdə tutulur. Təkcə qan tökmək deyil, insana elə bir söz deyərsən ki, qanını tökməkdən betər olar. Çox geniş bir mənanı ifadə edən fikirdir.

Cavid elə bir şəxsiyyət idi ki, qan tökənlər onun cismini məhv etsələr də, şəxsiyyətini, mirasını yox edə bilmədilər.

Kütləni şəxsiyyətin üzərində ucaltmaq sovet ideologiyası idi. Şəxsiyyəti kütlə yaradır. Əgər kütlə yuxarıda olsaydı, şəxsiyyəti aşağı basardı. Kütlə hər zaman şəxsiyyətdən aşağı durub. Tarixi yaradan kütlə yox, şəxsiyyətdir. Bu gün də elədir. Məsələn, ulu öndər Heydər Əliyev olmasaydı, xalq kimin arxasınca gedəcəkdi? Onun Cavid kimi şəxsiyyətlərə qiymət verməsi, önə çıxarması, həm tarixi gerçəkliyi əks elətdirməsi, həm də özünün bir şəxsiyyət olmasıdır. Özü şəxsiyyət idi ki, onları başa düşürdü. Heydər Əliyev özü şəxsiyyət olmasa idi, Cavidi necə başa düşəcəkdi? Cavid külliyyatının hazırlanması, xalqa çatdırılması ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev kimi şəxsiyyətlərin sayəsində mümkün olub.

Cavid haqqında çox yazılıb, amma yenə də yazılmalıdır. Çünki onu müxtəlif nəsillər oxuduqca müxtəlif cür başa düşəcəklər. Özlərinə lazım olanı götürəcəklər. Çağdaş-müasir Cavid, gələcək Cavid və super gələcəyin Cavidi reallıqdır.

 

Aygün İbrahimli

 

İki sahil.- 2022.- 17 dekabr.- S.21.