Milli Ordumuz: Zəfərimizin

müəllifi, yenilməzlik simvolu

 

Qarakilsə, Qafan, Gorus, İstisu şəhərlərinə, Bala Göyçə gölünün sahilində yerləşərək Böyük Göyçə gölünə nəzarət edən Silahlı Qüvvələrimizin sorağı Qərbi Azərbaycandan da eşidiləcək

 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin «Qarabağ bizimdir!», «Qarabağ Azərbaycandır!» sözlərinin əzəmətini Azərbaycan xalqına yaşadan Silahlı Qüvvələrimizin hər əsgəri, zabiti ulularımızdan qalma «Düşmənə arxa çevirmə. Yaranı sinəndən almüdrik kəlamına sadiqliyini Vətən müharibəsindəki Zəfəri ilə bildirdi. Bütün dünyanı hərbi hazırlığı, döyüş təcrübəsi, qətiyyəti, dəyanəti ilə heyrətləndirən Milli Ordumuzun, əli silah tutan könüllülərimizin rəşadəti, şəhidlərimizin canı-qanı bahasına qazanılan Qələbə ilə Ermənistanın işğalına son qoyuldu.

Övladlarını «Allah amanında, oğul!» xeyir-duası ilə döyüşə yola salan anaların nigarançılığını sevinc göz yaşları ilə əvəz edən hərbçilərimizin qəhrəmanlığını «44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı» sözləri ilə bildirən, düşmənin məcbur olub kapitulyasiya aktını imzalamasını xalqımızın qüruru adlandıran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, övladlarımız ulu babalarımızın qəhrəmanlıqlarını davam etdirən nəslin nümayəndələridirlər. Bu xoşbəxtlik formulunun müəllifləri Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Silahlı Qüvvələrimizin zabitləri, əsgərləri, şəhidlərimiz və qazilərimizdir. Ermənistanı torpaqlarımızdan qovmaqla tarixi missiyanı şərəflə yerinə yetirən qəhrəman hərbçilərimiz İkinci Qarabağ müharibəsindəki Qələbəmizlə hərb səlnaməmizə daha şərəfli səhifələr yazdılar. Azərbaycan xalqı 30 il həsrətində olduğu torpaqlarına qayıtdı. Alınmaz qala sayılan Şuşanı erməni işğalından azad edən Azərbaycanın Silahlı Qüvvələri üçrəngli bayrağımızı mədəniyyət paytaxtımızda qaldırdı.

Şuşaya gedən yolun başlanğıcı olan 2020-ci ilin 27 sentyabrında, Vətən müharibəsinin birinci günündə altı kəndin azad olunması ilə xalqımızda Qələbəyə böyük inam yaradan hərbçilərimizin döyüş əzmi artmaqdadır. Bu tarixi gündən keçən iki ildə Hadrutda, Kəlbəcərdə yaradılan Komanda hərbi birləşmələri ilə müdafiə qüdrətimiz daha da möhkəmlənib.

«Biz 44 gün ərzində yalnız irəli gedirdik. Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edilmişdir. Şuşanın azad edilməsi Ermənistan ordusunun belini qırdı» sözləri ilə ölümə getdiklərini bilsələr belə «öldü var, döndü yoxdur» əqidəsi ilə Qələbəyə gedən yolu uğurla davam etdirən hərbçilərimizin şücaətini yüksək qiymətləndirən Ali Baş Komandan İlham Əliyev onların Vətən naminə göstərdikləri qəhrəmanlıqlar haqqında qürurla söz açır.

Ermənipərəst dairələrin, separatçı rejimi dəstəkləyənlərin artıq tarixdən silinmiş «Dağlıq Qarabağ münaqişəsi»nin əbədi qalmasını istəyən qüvvələrin «bu münaqişənin hərbi həlli yoxdur» sərsəmləmələrinin əsassızlığını döyüş meydanlarında göstərdikləri qəhrəmanlıqları ilə bildirən hərbçilərimizin Qələbə əzmi, Azərbaycanda yaşayan bütün xalqların birlik və həmrəyliyi ilə torpaqlarımız işğaldan azad edildi.

«Mən işğal dövründə deyirdim, bir neçə dəfə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq. Düşmənə elə sarsıdıcı zərbə endirdik ki, bu günə qədər özünə gələ bilmir» söyləyən Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, hərbçilərimiz İkinci Qarabağ müharibəsinin dərslərindən nəticə çıxarmayan Ermənistanın qeyri-qanuni silahlı dəstələrinin törətdikləri təxribatların qarşısını da qətiyyətlə alırlar.

«Fərrux”», «Qisas»” əməliyyatları, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr zamanı erməni separatizminə vurulan ən böyük zərbə Silahlı Qüvvələrimizin uğurları idi. «Biz bu dərsi öyrədirik və ümid edirik ki, nəhayət, onlar bunu anlayacaqlar, boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar, bizim torpağımıza göz dikməyəcəklər, Qarabağa göz dikməyəcəklər. Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər» sözlərindən təşvişə düşən Ermənistan öhdəliyi olan Zəngəzur dəhlizinin açılmasına əməl etməsə yenə də xalqımızın haqqını özünə qaytaran Azərbaycan əsgərinin mətanəti ilə qarşılaşacaq. Azərbaycan hərbçiləri azad etdikləri strateji yüksəkliklərdən Qarakilsə, Qafan, Gorus, İstisu şəhərlərinə nəzarət edir. Bala Göyçə gölünün sahilində yerləşir. Böyük Göyçə gölügöz önündədir. Müharibədən keçən iki ildə daha da möhkəmlənən, qardaş Türkiyənin Silahlı Qüvvələri ilə keçirilən birgə təlim -məşqlərdə ən yüksək səviyyədə döyüş hazırlığını nümayiş etdirən müxtəlif təyinatlı hərbçilərimiz müdafiə qüdrətimizin sarsılmazlığını qazandıqları təcrübələri ilə göstərirlər. Ordumuzun gücləndirilməsi hazırda da dövlət siyasətimizin əsas prioritetlərindəndir. Ermənistan Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmasa, kimlərinsə onların yerinə vuruşacağı xəyalı ilə yaşasa yenə də qarşısında Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğunu, Azərbaycan əsgərinin dönməzliyini görəcək. Çünki bölgədə yeni reallıqlar yaradan Azərbaycan regionun əsas söz, güc sahibidir.

Erməniləri təlaşlandıran Prezident İlham Əliyevin tapşırığına əsasən soydaşlarımızın Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasıdır. Artıq gündəlikdə dayanan aktual məsələ də budur: «Əminəm ki, biz buna nail olacağıq. Bir daha onu da bildirməliyəm ki, bu yer İcma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallahBütün dünya azərbaycanlıları dövlət başçımız İlham Əliyevin vaxtı ilə ata-baba yurdu Qərbi Azərbaycandan zorla çıxarılan soydaşlarımızın doğma yurdlarına qayıdacaqları ilə bağlı qətiyyətinə inanırlar. Bu əminliyin qarantı isə Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi peşəkar, fədakar Silahlı Qüvvələrimizin yenilməz hərbçiləridir.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2022.- 31 dekabr.- S.25.