Azərbaycan diasporu böyük qüvvəyə malikdir

 

Ulu öndər Heydər Əliyevin fədakarlığı ilə bu qüvvə birlik və həmrəylik rəmzinə çevrildi

 

Türk dünyasının tanınmış simalarından biri, əsərləri dünya ədəbiyyatının inciləri sırasında yer alan qırğız yazıçısı Çingiz Aytmatovun «Gün var əsrə bərabər» romanı geniş oxucu auditoriyasının maraqla qarşıladığı şedevrlərdəndir. Kommunist üsul-idarəsinin hökm sürdüyü bir zamanda, insanların müqəddəs hesab etdikləri milli-mənəvi dəyərlərin «beynəlləşdirildiyi», manqurtlaşdırma siyasətinin yeridildiyi bir zamanda işıq üzü görən əsərdə müəllif insanların əsas yerini «Sarı-Özək» düzü kimi göstərsə də, müəyyən mənada özünü cərəyan edən hadisələrin obrazı kimi hiss edən hər oxucu üçün yaşadığı məkan elə «Sarı-Özək» idi.

 Çünki tarixləri, mənəvi dəyərləri ortaq olan, kommunist rejiminin ideoloji silahı altında əzilən türk xalqlarının yaşadıqları sevinc, kədər kimi, məruz qaldıqları məhdudiyyətlərin ağırlıqları da eyni idi. «Yaxşı yazar, tipik insan obrazını ortaya çıxarma ustalığına müvəffəq olan yazardır…» ideyasını bütün əsərlərində ana xətt kimi diqqətdə saxlayan Çingiz Aytmatov «…Əlindən varını, mülkünü alsalar bu sənin ölüm səbəbin ola bilməz. Amma sənin qürurunu qırar, ruhunu öldürərlərsə, bax buna heç bir çarə tapa bilməzsən…» sözləri insanın şəxsiyyətini formalaşdıran vicdanının səsi üsyan edir, həyatda yolunu müəyyənləşdirməkdə bələdçi olur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də böyük yazıçı və ictimai xadim, türkçülüyün təbliğatçısı Çingiz Aytmatovun şəxsiyyətinə, yaradıcılığına və xidmətlərinə zamanında yüksək qiymət verib: «Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün türk dünyasının fəxridir.» Ulu Öndərin türk xalqlarının təşkilatlandığı müasir dövrümüz üçün xarakterik olan bu sözlərdə həqiqət var. Yazıçının görkəmli dövlət xadimi Heydər Əliyevin dünya siyasətindəki yeri və xalqına xidmətləri ilə bağlı fikirləri əsərlərində ifadə etdiyi dərin mənalı ümumiləşdirmələrlə eynilik təşkil edir: «Heydər Əliyev həqiqətən də, tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. Bu, sovet dövründə də belə idi, bugünkü MDB məkanında, xeyli çətinləşmiş müasir dünya şəraitində də belədir. Heydər Əliyev hər zaman xalqının xidmətində olmuşdur

Məqsədimiz onsuz da oxucular tərəfindən sevilə-sevilə, dəfələrlə oxunan «Gün var əsrə bərabər» romanı haqqında deyilən dəyərli fikirləri təkrarlamaq deyil. Söz, sənət ustadının dünya siyasətində özünü təsdiqləmiş yazıçı ilə türk dövlətlərinin həmrəyliyi naminə böyük xidmətləri olan Ulu Öndər arasında paralellər axtarmaqla göstərmək, sözün qüdrəti ilə siyasətin müdrikliyini göstərməkdir.

…Hər bir insanın şəxsi həyatında illərlə xatırladığı günləri, ayları olur. Amma bu zaman kəsiyinin fərdilikdən kənara çıxaraq ictimailəşdirilməsi, bir xalqın həyatında əsrlik yaşam haqqı qazanması yalnız müdriklərə nəsib olan Tanrı vergisidir. Müdrikliyin, dahiliyin, milyonların gələcəyinə işıq salan nadir zəkanın nümunəsidir.

Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri işlədiyi müddətdə xalqına xidmət naminə gördüyü işlərin, qəbul etdiyi qərarların, həyata keçirdiyi yeniliklərin, özünü doğruldanbu təməl əsasında bu gündavam etdirilən islahatların hər biri əsrə bərabər dəyərdədir. Həqiqi mənada Azərbaycan xalqının qarşıdakı on illər üçün nəzərdə tutulan uzaqgörənliyinin məntiqi nəticəsidir.

O zamanlarda əsl mahiyyətini tam mənası ilə qiymətləndirmədiyimiz, nadir zəkanın bəhrəsi olan, Azərbaycana əbədiyaşarlılıq haqqı qazandıran Ulu Öndər haqqında möhürlənmiş, əsl sahibinə ünvanlanmış bu kəlamın həyatda təsdiqi «Heydər Əliyev Azərbaycanın yaradıcısı, müəllifi və qurucusudur» sözləridir. Hər zamanın adil hakimi olan faktlara müraciət etməklə bu həqiqətin şahidi olarıq.

Təkcə 1991-ci ilin dekabr ayında muxtar respublikada gördüyü işlərə qısa nəzər salmaqla dahi fenomen Ulu Öndərin uzaqgörənliyinin bugünümüz üçün nə qədər dəyərli olduğunu görmək olar. Həmin ayın 14-də keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasının gündəliyinə salınan «Azərbaycan Respublikasının dövlət müstəqilliyi üzrə Azərbaycan Respublikası referendumunun keçirilməsi haqqında» «Azərbaycan Respublikası Ali Sovetinin 15 noyabr 1991-ci il tarixli qərarına münasibət», «Dünya Azərbaycan Türklərinin Milli Həmrəylik və Birlik Günü haqqında»kı məsələlərin müzakirəsi ilə respublikamızın suverenliyinin əbədiliyini təmin edən, dünyanın müxtəlif ölkələrində məskunlaşan soydaşlarımızın vahid qüvvə, diaspor kimi təkmilləşməsinin əsasını qoyan Ulu Öndər qarşıdakı neçə on illər üçün nəzərdə tutulan xidmətləri ilə Azərbaycanın varlığını, xalqımızı bölünmək təhlükəsindən qorudu.

İclasda bu məsələlərlə bağlı fikirlərini açıqlayan Ulu Öndər siyasi cəhətdən savadsız, sadəlövh deputatların guya «referenduma getməsək Ermənistan bu prosesdə iştirak edəcək və «Dağlıq Qarabağ» əldən gedəcək» iddialarının səbatsızlıqdan qaynaqlanan səhv fikir olduğunu bildirdi: «Bizim Zaqafqaziya regionunda Ermənistan və Gürcüstan referendumda iştirak etmədilər. Bəs biz bu saxta referendum keçirməklə nə udduq. Azərbaycan Respublikasının mövqeləri möhkəmləndimi? Dağlıq Qarabağda Azərbaycan hakimiyyəti bərpa olundumu? Yox. Amma Azərbaycanın kommunist rəhbərliyi xalqımızı belə çıxılmaz vəziyyətə saldı.»

Beləliklə, mart ayında keçmiş İttifaqın qorunub saxlanılması ilə bağlı referendumun muxtar respublikada keçirilməsinin qarşısını alan ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədiliyini tarixi hadisə adlandırdı.

Dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında «Dünya Azərbaycan Türklərinin Milli Həmrəylik və Birlik Günü haqqında» məsələnin müzakirəsinin siyasi əhəmiyyəti ilə bağlı fikirlərini deputatlarla bölüşən Ulu Öndərin bu təşəbbüsü Azərbaycan xalqının milli ruhunun dirçəlməsi, özünəqayıdışı kimi dəyərləndirildi. «İki il bundan öncə Naxçıvanın mütərəqqi qüvvələri tərəfindən «Sərhəd hərəkatı» adı altında həyata keçirilən tədbirlər indi artıq özünün siyasitarixi qiymətini alır və dünyaya Azərbaycan türklərinin həmrəyliyinin və birliyinin nə qədər zərurət kəsb etdiyini nümayiş etdirir. Şübhə yoxdur ki, bu hərəkat getdikcə güclənəcək, bizim xalqın birləşməsinə, tam milli azadlığa nail olmasına kömək edəcəkdir» söyləyən, insanlarda milli təfəkkürü formalaşdıran Ulu Öndər bu sözləri ilə 31 il bundan əvvəl ən böyük azərbaycanlı olduğunu təsdiqləyib. Rus imperiyasının və İran istilaçılarının ayrı saldığı şimallı, cənublu qardaşların birləşəcəyinə əminliyini imzası ilə möhürləyib. O illərdə də Azərbaycanın vahid dövlət olmasından qorxan, hərəkat iştirakçılarını «sərxoş, narkoman» adlandıran imperiya ilə molla qaragüruhçularının qərəzli məqsədlərini «1989-cu ilin dekabr ayının axırlarında Naxçıvanla İran sərhədi arasında olan tikanlı məftillər rusların iradəsinin əksinə olaraq aradan götürüldü. Təbiidir ki, Moskvada buna çox pis münasibət göstərdilər. Bu işi həyata keçirən vətənpərvərləri «sərxoşlar», «narkomanlar» adlandırdılar. İmperiya öz mövqelərini heç cür əldən vermək istəmirdi. Bütün bunlara son qoymaq üçün biz birləşməliyik. Qars müqaviləsi bu işdə çox böyük əhəmiyyət kəsb edir» sözləri ilə ifşa edən uzaqgörən müdrik siyasətçi Heydər Əliyevin proqnozları doğrulur.

Tarixin bütün dönəmlərində Azərbaycana qarşı birləşərək təxribatlar törədən, Xalq şairi Bəxtiyar Vahabzadənin təbirincə deyilsə bizi «qoyun, xər» adlandıran, böhtanlar yağdıran İranla Rusiya o zaman gizli həyata keçirdikləri siyasətlərini artıq silahın dili ilə aşkarda həyata keçirirlər. Haqsız olduqları halda bizə hədə-qorxu gəlirlər. Azərbaycan torpaqlarını iğşal edən Ermənistana xeyir-dua verən Rusiya kimi İran da işğalçını silahlandırmaqla nəyəsə nail olacaqlarını güman edirlər. Səbəb bəllidir. Zəngəzur dəhlizi məsələsi aktuallaşandan sonra yenidən aqressiv ritorikasını bərpa edib, təhdid dolu bəyanatlar səsləndirməyə başlayan İranın şimal-qərb bölgəsi ilə həmsərhəd olan Azərbaycan torpaqlarına Ermənistanın nəzarət etməsi siyasi baxımdan da Tehran üçün əlverişlidir.

İkinci Qarabağ müharibəsinn davam etdiyi günlərdə sözdə Azərbaycana dost olduqlarını bildirən, amma Ermənistana hər cür yardım göstərən bəzi üzdəniraq qonşularımız son günlərdə işğalçıya dəstək missiyalarını daha da artırıblar. Amma… Amması budur ki, neçə illər bundan əvvəl «qonşu» xəyanətini zəkasının gücü ilə dərk edən Ulu Öndərin məktəbinin yetirməsi, müasir dünyamızın qlobal problemlərinin həllində söz sahibi olan Prezident İlham Əliyevin iradəsi, qətiyyəti Ermənistanın havadarlarını yerində oturtmaq gücündədir. Bütün dünya ictimaiyyətinin Azərbaycanın müdafiə qüdrətini, Türkiyə ilə sarsılmaz qardaşlığımızın yenilməzliyini, dəmir yumruğun gücünü etiraf etdiyi bir zamanda çax-çaxın baş ağrıtması ilə milçəyin suyu bulandırması mənasızdır. Azərbaycan xalqına verdiyi bütün vədlərini yerinə yetirən Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi də «Qarabağ Azərbaycandır! Qarabağ bizimdir!» sözləri qətiyyət nümunəsi kimi əbədidir. Araz çayı da, Zəngəzur dəhlizi də əsrlərdən bəri davam edən qardaş həsrətinə son qoyulacağı günün şahidi olacaqlar. Həmin gün Ulu Öndərin ruhu da rahatlııq tapacaqdır.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2022.- 31 dekabr.- S.18.