İnsanlara qarşı insanlığa sığmayan qətliam…

 

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür

 

Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yeridən ermənilərin ötən əsrdə törətdikləri qırğınların hər biri xalqımızın milli faciəsidir. Onların arasında isə Xocalı soyqırımı ağlasığmaz dəhşətləri ilə fərqlənir. Xocalı soyqırımını törətməklə hərbi təcavüzün miqyasını daha da genişləndirən və bütün əsrlərdə ölkəmizin ayrılmaz hissəsi olan Dağlıq Qarabağı, eyni zamanda, ətraf yeddi rayonu işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizindən çoxu işğala məruz qaldı. 20 min soydaşımızın həyatına son qoyuldu. Bir milyondan çox soydaşımız öz yurd-yuvalarından didərgin düşdü. Onların hüquqları kütləvi şəkildə kobudcasına pozuldu.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə təpədən dırnağa qədər silahlanmış erməni quldurları keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə qəfildən Xocalıya hücum etdi. Həmin alayın çoxsaylı ağır texnikası şəhərə yeridildi. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Şəhəri tərk edən əhali pusquya salındı və Naxçıvanik və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Cinayətkarlar tərəfindən yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdıldı. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular. Təkcə bir gecədə 613 nəfər vəhşicəsinə qətlə yetirildi, 1275 nəfərdən çox sakin əsir götürüldü. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Əsir və girov götürülənlərə amansız işgəncələr verildiyi barədə yüzlərlə faktlar, sübutlar, materiallar var. Xatırladaq ki, bu günə qədər 150 nəfər Xocalı sakininin taleyi ilə bağlı hələ də heç bir məlumat yoxdur. Həmin gecə Xocalını tərk etmək məcburiyyətində qalan çox az sayda əhali Azərbaycanın nəzarətində olan Ağdam şəhərinə çata bilmişdi...

Rusiyanın “Memorial” Hüquq-Müdafiə Mərkəzinin məlumatına görə, dörd gün ərzində Ağdam rayonuna Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmişdi. Daşınan meyitlər üzərində xüsusi amansızlıq izləri vardı. Bu, sadəcə müharibə deyildi. Erməni terrorizminin ən dəhşətli nümunəsi, ümumən isə bəşəriyyətə qarşı ən ağır cinayət idi. Xocalı qətliamı Ermənistanın Azərbaycana təcavüzünün gerçək mahiyyətini, erməni terrorizminin və vəhşiliyinin dəhşətli miqyasını bütün çılpaqlığı ilə sübut edir. Soyqırımı hadisəsindən sonra cinayətin baş verdiyi yerdə olmuş fransız jurnalisti Can Yunet yazmışdı: “Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişdim. Ancaq ermənilər 5-6 yaşlı uşaqları, mülki əhalini öldürməklə onları ötüb keçiblər”.

Ermənistanın müharibə zamanı beynəlxalq hüquq normalarına məhəl qoymaması ilə bağlı faktlar yalnız bununla bitmir. Beynəlxalq humanitar hüququn tələblərinə əsasən müharibə yalnız silahlı münaqişədə olan tərəflərin silahlı qüvvələri arasında aparılmalıdır. Mülki əhali döyüşlərdə iştirak etməməli və onlarla hörmətlə davranılmalıdır. “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən, mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülməsi, şikəst edilməsi, onlarla qəddar davranılması, əzab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Konvensiyanın 33-cü maddəsində isə qeyd olunur ki, heç bir mülki şəxs törətmədiyi hüquq pozuntusuna görə cəzalandırıla bilməz. Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı terror hərəkətləri, bu insanların repressiyaya məruz qoyulması birmənalı qadağan edilir. Həmin Konvensiyanın 34-cü maddəsinə görə, mülki əhalinin girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda 1000-dən artıq insanı girov götürən ermənilər bu prinsipə də məhəl qoymayıblar. Xocalıda dinc əhalinin məhvi üçün ən qəddar üsullara əl atıblar.

Xocalı faciəsi 1992-ci ildə baş versə də, soyqırımı dəhşətinə hüquqi-siyasi qiymət ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında 1994-cü ildə verildi. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” deyən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırdı. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımının on illiyi ilə əlaqədar Azərbaycan xalqına müraciətində belə bəyan edirdi:Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.

Ulu Öndərin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bir çox dövlətlər Xocalı faciəsini soyqırımı kimi tanıyır və ildən-ilə bu ölkələrin sayı artır. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası bu siyasi kursun həyata keçirilməsində, xüsusilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında uzaqgörənliklə düşünülmüş uğurlu strategiyadır. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırda 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.

Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, bu dəhşətli qətliam bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınaraq xatırlanmışdır. Bu vaxtadək BosniyaHerseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Xocalı soyqırımı bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “Müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib.

Xatırladaq ki, yanvarın 28-də Prezident İlham Əliyev Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb. Sənəddə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbirlər planı hazırlayıb həyata keçirilməsini təmin etmək tapşırılıb.

 

Günel Eyyubova

 

İki sahil.- 2022.- 23 fevral.- S.8.