İrəvanda hal qalmadı

 

Qəlbi və ruhu dağıdılan bu tarixi şəhərimizdə milli-mədəni irsimizin son qalığı olan Təpəbaşı məhəlləsi də tarixdən silinmək üzrədir

 

Qərbi Azərbaycan türkləri öz yurdlarında özlərinin çox zəngin tarixi, mədəni, dini, maddi-mənəvi irsini formalaşdırıb və burada yaradılan mədəni irs bütöv Azərbaycan mədəniyyətinin vacib parçalarından olub ki, bu gün onlar erməni vandalizmi nəticəsində yer üzündən silinib. Tarixçilər yazırlar ki, tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində çoxlu sayda tarixi-memarlıq abidəsi: karvansara, imarət, məscid, mavzoley, qəbiristanlıq, məqbərə, qəbirüstü abidə və s. mövcud olub. Tarixçilərin verdiyi bilgiyə görə, İrəvan şəhərindəki Xan sarayı, məscidlər, karvansaralar haqqında səyyahların, sənətşünasların, arxeoloqların, rəssamların əsərlərində geniş məlumatlar verilib.

Bu günlərdə baş tutan “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi” üzrə aparılmış araşdırmanın və onun nəticələrini əks etdirən kitabın təqdimat mərasimində İrəvan şəhərində, o cümlədən şəhərin Təpəbaşı məhəlləsində Azərbaycan xalqının milli-mədəni, tarixi irsinə qarşı Ermənistanın həyata keçirdiyi mədəni soyqırımı prosesindən geniş bəhs edildi. Araşdırma çərçivəsində İrəvan şəhərinin, o cümlədən Təpəbaşı hissəsinin tarixi, şəhərdə yüz il əvvəl başlanmış və hələ də davam edən Azərbaycan irsinin sistemli dağıdılması prosesi, Təpəbaşı məhəlləsinin son qalıqlarının da sökülərək məhəllənin tamamilə məhv edilməsi təhlükəsi barədə məlumatlar əldə olunub. Bəlli olub ki, Təpəbaşı qədim İrəvan şəhərinin tarixi məhəllələrindən biri olub, hazırkı İrəvan şəhərinin də tarixi nüvəsini təşkil edir. Ermənilər tərəfindən aparılan, 100 ildən çox davam edən və sistemli xarakter daşıyan söküntü proseslərinə baxmayaraq, onun son qalıqları günümüzə qədər gəlib çıxıb. Tarixi abidələrlə zəngin, görkəmli azərbaycanlıların yaşadığı bu məhəllənin müasir zamanda müqəddəratı ilə bağlı ciddi narahatlıq var. Araşdırmalar onu da göstərir ki, 1915-ci ildə gəlmiş ermənilər İrəvanda qəbiristanlığın ərazisində Norbutaniya yaşayış massivi salıblar. Bunlarla yanaşı, Hüseynəli xan tərəfindən inşa edilən Göy məscid bu gün İrəvanda salamat qalan yeganə məsciddir və Təpəbaşının ərazisində olub. Məscidlə bağlı bütün sənədlər Azərbaycan arxivindədir. Ona görə də Göy məscid dünyada Azərbaycan məscidi kimi tanınmalıdır.

Bununla bağlı Azərbaycanın bir qrup elm xadimi və ictimaiyyət nümayəndələri tərəfindən UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlanıb. Müraciətdə bildirilir ki, İrəvan şəhərində Azərbaycan xalqına məxsus sonuncu maddi-mədəni irs nümunələri də məhv edilmək üzrədir. Təpəbaşı (ermənilər Kond adlandırırlar) İrəvan şəhərinin günümüzə qədər gəlib çatmış yeganə tarixi nümunəsidir. Ermənistan rəhbərliyi artıq bir müddətdir ki, Təpəbaşını tamamilə dağıdaraq yerində müasir yaşayış binaları inşa etməyi planlaşdırır. Göründüyü kimi, müraciətin əsas məqsədi İrəvanın azərbaycanlıların qurub-yaratdığı bir şəhər olmasını diqqətə çatdırmaqdan və oradakı maddi-mədəni irsimizin beynəlxalq təşkilatlar tərəfində qorunmasına nail olmaqdan ibarətdir.

İlk mənbələr də təsdiq edir ki, indi Ermənistan adlandırılan əraziyə haylar (ermənilər) ilk dəfə xristianlığın dövlət dini səviyyəsinə yüksəlməsindən sonra missionerlər kimi gəlmişlər. Haylar ərəb xilafəti dövründə İslam dinini qəbul edən aborigen türkmənşəli boyların tərk etdikləri dini məbədlərə sahib çıxıb, həmin məbədləri kilsəyə çevirib, elə oradaca saxta tarix əsərləri quraşdırılıb. Ermənilərin İrəvan ətrafında məskunlaşması 1441-ci ildə erməni katolikosluğunun iqamətgahının Kilikiyadan Valarşabad kəndindəki Üçmüəzzin (Üçkilsə) kilsəsinə köçürülməsindən sonra başlanıb. İrəvan şəhəri 4 massivdən ibarət olub: Qala (yaxud içəri şəhər), Şəhri (yaxud bayır şəhər), Təpəbaşı (hazırda Kond adlanır) və Dəmirbulaq (hazırda Karanki tağ adlanır) massivləri. Qala ilə digər yaşayış massivləri arasında Bazar meydanı və bağlar mövcud idi. Şəhri məhəlləsi Qırxbulaq (yaxud Gedər) çayının sağ sahili ilə İrəvan qalasına kimi uzanırdı. Şəhərin mərkəzi bazarı və bütün meydanları, bir çox karvansaraları və hamamları bu hissədə yerləşirdi. Təpəbaşı məhəlləsi Zəngi çayı ilə Şəhri məhəlləsinin arasındakı təpəlikdə yerləşirdi. Təpəbaşı məhəlləsini Şəhri məhəlləsindən İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırırdı.

Təpəbaşı Azərbaycan mədəniyyəti və o cümlədən, bəşər mədəniyyəti üçün son dərəcə önəmli əhəmiyyət kəsb edir. Tarixi İrəvan şəhərinin özəyi sayılan bu hissə vahid tarixi-şəhərsalma mühitini özündə əks etdirir. XIX əsrin I yarısında Təpəbaşı hissəsində yerləşən küçə və məhəllələrin adları Azərbaycan adları olub. Məsələn, Dərəkənd, Axund, Xan bağları, eləcə də Əsəd bəy, Adalyar, Təpəbaşı, İmarət və Daşlı küçələrini sadalamaq olar. Hazırda Ermənistan Milli Arxivində saxlanılan kameral təsvirlər həmin küçə və məhəllələrin 190 il öncə inventarlaşdırılmasını və etnik tərkibini göstərən sübutlardır. Təpəbaşı öz memarlığı və tarixi ilə Azərbaycan tarixinin bir hissəsini təşkil edib. Vaxtilə azərbaycanlılardan ibarət olan bu məhəllənin etnik tərkibi tarixin üç mərhələsində (1918-1920-ci illər, 1948-1953-ci illər, 1988-ci illər) süni şəkildə dəyişdirilib və bu gün ermənilərdən ibarət monoetnik məhəlləyə çevrilib.

Göründüyü kimi, Ermənistan artıq işğal edilən ərazilərdəki vandalizm, tarixi, mədəni irsimizi yox etmək imkanına sahib olmadığı üçün bunun əvəzində İrəvandakı məşhur Təpəbaşı məhəlləsində Azərbaycana, azərbaycanlılara məxsus İrəvanın tarixi sahibinin kimliyini təsdiq edəcək abidələrə qarşı törətdiyi vəhşilikləri genişləndirməyə qərar verib. Bu vəhşi millət unudur ki, indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus tarix-memarlıq abidələrinin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və yaxud özününküləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il konvensiyalarının kobud şəkildə pozulmasıdır. Təəssüf ki, Ermənistan dövləti cəzasızlıq mühitindən istifadə edərək azərbaycanlıların maddi-mədəni irsini barbarcasına dağıtmaq siyasətini davam etdirir. Erməni vandalları azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin izlərini silməyə, başqa xalqların ayağına yazmağayaxud onları öz adlarına çıxmağa çalışsalar da tarixin yaddaşından onları silmək mümkün deyildir. İrəvan şəhəri Azərbaycanın elm, təhsil, mədəniyyət və incəsənət mərkəzlərindən, tariximizin parlaq və silinməz səhifələrindən birini təşkil edir.

 

Sevinc Azadi

 

İki sahil.- 2022.- 15 iyul.- S.7.