Milli mətbuatımızın xilaskarı

 

Məhz ümummilli lider Heydər Əliyevin sayəsində Azərbaycan mediası həmişə qabaqcıl ideyaların carçısı, dövrün, ictimai-siyasi həyatın güzgüsünə çevrilmişdir

 

Bu gün Azərbaycan milli mətbuatının 147 yaşı tamam olur. Bu, əslində təkcə mətbuatın deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin bayramıdır. "Əkinçi" ənənələri ilə həyata qədəm qoyan, "Molla Nəsrəddin" ənənələri ilə mübarizləşən Azərbaycan milli mətbuatı ötən bu illər ərzində həqiqətən çox keşməkeşli, həm də son dərəcə şərəfli bir inkişaf yolu keçib. Təbiidir ki, bu yol heç də həmişə rəvan olmayıb. Əslində, bütün dövrlərdə və bütün ölkələrdə mətbuatın missiyası da elə cəmiyyəti düşündürən, narahat edən problemləri gündəmə gətirmək, onların həlli yollarını aramaq və ən başlıcası, hökumətin və geniş ictimaiyyətin diqqətini bu sahəyə səfərbər etmək olub. Bu mənada mətbuat həmişə tərəqqi və inkişafa yardımçı, ətalət, cəhalət, mühafizəkarlıq və nəhayət, sui-istifadə və cinayət hallarına qarşı amansız mübariz olub. Əlbəttə, söhbət normalsağlam mətbuatdan gedir.

Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu Öndər hələ dövlət təhlükəsizliyi orqanlarında çalışdığı illərdə, xüsusən də Azərbaycan KP Mərkəzi Komitəsinin I katibi olarkən mətbuatla sıx təmas onun prinsipinin başlıca istiqamətlərindən biri olub. Bu, ondan irəli gəlirdi ki, Heydər Əliyev hər zaman çox güclü təbliğat və təşviqat maşını olan mətbuatın insanları səfərbər etmək, onları təşkilatlandırmaq imkanlarını çox gözəl bilirdi. Ona görə də 70-80-ci illərdə cəmiyyəti düşündürən, narahat edən bütün problemlər məhz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə buya digər formada mətbuata çıxarılırdı. Ulu öndər bu barədə deyirdi: "Sovet hakimiyyəti vaxtında bizdə bir mətbuat - kommunist mətbuatı vardı. Mən həmişə bu mətbuatı bizim nöqsanları araşdırmaq, aşkara çıxarmaq istiqamətinə yönəldirdim. Çünki biz işdəki nöqsanların hamısını aşkara çıxara bilmirdik".

Təbiidir ki, mətbuat və televiziyanın qaldırdığı problemlər də MK-nin və şəxsən Heydər Əliyevin diqqətindən yayınmırdı. O illərdə "Kommunist", "Bakı", "Azərbaycan gəncləri", "Bakinski raboçi" və digər qəzetlərdə dərc olunan ciddi tənqidi yazıların, demək olar ki, əksəriyyətinə birbaşa Mərkəzi Komitə səviyyəsində dərhal reaksiya verilirdi. Ulu Öndər mətbuata hər şeyi deyir, mətbuatın qaldırdığı problemlərə həssaslıqla yanaşır, ölkədə sosial-mənəvi mühiti sağlamlaşdırmaq naminə çox ciddi addımlar atırdı. 70-80-ci illərdə məhz Ulu Öndərin şəxsi diqqət və qayğısı vəzifəsinin böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq bütün məmur korpusunun mətbuata və mətbuat sahəsində çalışanlara münasibətində bir növ etalona çevrilmişdi. Bu cür isti münasibətin nəticəsidir ki, o illərdə Azərbaycanda yüzlərlə jurnalist yüksək fəxri adlara layiq görüldü, çoxsaylı insanlar növbədənkənar mənzil və maşın ilə təmin edildi. Ən başlıcası isə Azərbaycan jurnalistlərinin böyük bir nəsli Heydər Əliyev idarəçilik məktəbində yetişərək, püxtələşərək, sözün əsl mənasında, peşəkarlıq zirvəsinə ucaldılar.

Ulu Öndər sovet dönəmində olduğu kimi, müstəqil Azərbaycan dövlətinin Prezidenti olduğu illərdə də mətbuatımızın inkişafı naminə çox böyük işlər görüb. 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə gələn müdrik dövlət xadimi Heydər Əliyev uçuruma yuvarlanmaqda olan müstəqil Azərbaycan Respublikasını xilas etdi. Ölkədə mətbuatla bağlı mükəmməl qanunvericilik bazasının yaradılması, həm yazılı, həm də elektron medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist kadrlarının sosial müdafiəsinin gücləndirilməsi, mətbuatın lisenziyasızlaşdırılmasının və senzuranın ləğvi, qəzet və jurnalların borclarının dondurulması, bir sıra mətbuat orqanlarının dövlətə olan borclarının ləğvi, ayrı-ayrı qəzet və jurnalların çapının dövlət hesabına maliyyələşdirilməsi, buya digər formada qanun pozuntusuna yol vermiş neçə-neçə media mənsubunun cinayət məsuliyyətindən azad olunması - bütün bunlar Ulu Öndərin Azərbaycan mətbuatına qayğı və diqqətinin bariz nümunəsidir.

Görkəmli siyasi xadim Heydər Əliyevin atdığı ən böyük addımlardan biri də 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Qanunu imzalaması oldu. Məhz bu sənədlə Azərbaycanda mətbuatın dövlət qeydiyyatı ləğv olunduyeni mətbuat orqanlarının təsis olunması proseduru xeyli asanlaşdırıldı. 2001-ci il dekabrın 18-də Prezident Sarayında ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşən ulu öndər Heydər Əliyev demişdir: "Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi... Əgər bu gün hansısa yeni bir şey varsa, biz onu da edirik və edəcəyik".

2002-ci il mayın 11-də Heydər Əliyev "Mətbuat cəmiyyətin güzgüsüdür və elə buna görə də bu sahədə çalışan qələm sahibləri bütün fəaliyyətləri boyu həqiqəti, doğruçuluğu, düzgünlüyüobyektivliyi başlıca meyar kimi qəbul etməli və buna əməl etməlidirlər. Belə olarsa ölkəmizdə həqiqətən də əsl azad, müstəqil mətbuat formalaşarbundan bütün xalqımız, ölkəmiz faydalanar", - deyə bəyan etməsi ilə KİV-in nə qədər böyük gücə malik olduğunu vurğuladığı kimi, həm də mətbuat işçilərini peşə doktrinalarına ciddi və məsuliyyətli şəkildə əməl etmələrini xatırlatdı. Ulu Öndər həm də jurnalistlərə qarşı səmimi münasibəti ilə seçilirdi. Təsadüfi deyil ki, dahi rəhbər Azərbaycanda milli mətbuatın daha da inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə 2002-ci il martın 22-də "Ruh" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi "Jurnalistlərin dostu" mükafatına layiq görüldü. Heydər Əliyev "Sizi əmin edirəm ki, mən keçmişdə olduğu kimi, bu gün də jurnalistlərin dostuyam və həmişə jurnalistlərin dostu olacağam", - söyləmişdir.

Qürur hissi ilə deyə bilərik ki, Heydər Əliyev idarəçilik məktəbinin və siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda mətbuata dövlət qayğısının miqyası daha da genişlənmişdir. İndi Azərbaycanda istənilən şəxs özünə mətbuat orqanı yarada bilər. Bunun üçün yetərincə əlverişli mühit olduğundan qəzet və jurnalların sayı durmadan artır. Əvvəllər az qala hər kəs bilirdi ki, ölkədə nə qədər qəzet və jurnal olunur. İndi isə hətta aidiyyəti orqanların nümayəndələri belə bəzən ölkədə nə qədər qəzet və jurnal nəşr olunduğunu söyləməkdə çətinlik çəkirlər. Bu gün Azərbaycanda hər kəsin imkanı var ki, onu düşündürən, narahat edən məsələlər barədə mülahizələrini mətbuata çıxarsın. Əfsuslar olsun ki, bir çoxları mətbuatın sərbəstliyindən sui-istifadə edərək ondan "piar" kimi istifadə edir. Bəli, bu danılmaz həqiqətdir ki, indiki halda Azərbaycanda nəşr olunan bəzi azsaylı mətbuat orqanları, necə deyərlər, gecə-gündüz hakimiyyət əleyhinə böhtan kampaniyası aparmaqla məşğuldur. Bu nəşrlərin kimlərinsə əlində oyuncaq olduğu artıq hər kəsə çox yaxşı bəllidir. İdeyaları çürüyən, siyasi proqram və platformaları bütünlüklə iflasa uğrayan, çağırış və şüarları kütlə tərəfindən gülüşistehza ilə qarşılanan, beləliklə də sosial bazasını tam şəkildə itirmiş olan üzdəniraq dağıdıcı müxalifət bu gün, sadəcə, olaraq ayrı-ayrı mətbuat orqanlarının kölgəsinə qısılaraq süni görüntü yaratmaqla məşğuldur. Bu, əslində, xaricdəki havadarlarından yardım və ya qrantlar almaq üçün edilir. Təbiidir ki, həmin yardım və qrantların bir hissəsi də elə müxalifət mətbuatının maliyyələşdirilməsinə yönəldilir.

Bu gün müstəqil Azərbaycan dövləti əsası ümmumilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi-demokratik dövlət quruculuğu yolu ilə daha parlaq gələcəyə doğru inamla addımlayır. Azərbaycan mediası bu inkişafın ön sıralarında qərar tutmaqdadır. Əslində başqa cür ola da bilməz. Çünki yaşlı mətbuatın da, elektron medianın da yükü və qayğısı kimi, məsuliyyəti də bu gün həmişə olduğundan qat-qat ağırdır. Bu gün 147 illiyini bayram edən Azərbaycan jurnalistikası bundan sonra da öz üzərinə düşən məsul və şərəfli vəzifələrin öhdəsindən layiqincə gələcəkdir.

 

Sevinc Azadi

 

İki sahil.- 2022.- 22 iyul.- S.4.