Şuşanın sevincli anları

 

Qarabağın tacı Azərbaycan dövlətçiliyinin xilas günü kimi tarixə yazılan Milli Qurtuluş Gününə və Vaqif Poeziya Günlərinə hazırlaşır

 

Azad Qarabağın, azad Şuşanın biri-birindən önəmli tədbirlərə ev sahibliyi etməsi, Azərbaycanın xarici siyasət uğurlarının dünyaya təqdimatına öz töhfələrini verməsi bugünümüzün qürur doğuran reallıqları sırasındandır. İki ilə yaxındır ki, ölkəmizin ev sahibliyi etdiyi tədbirlərin, imzalanan sənədlərin məkanı kimi Şuşa göstərilir, yaxud paytaxt Bakıda bir neçə gün davam edən tədbirlərə mədəniyyət paytaxtımızda yekun vurulur. Bu mühüm hadisələr özündə bütün məqamları, dünyaya ünvanlanan mesajları ehtiva edir.

Tarixə Milli Qurtuluş Günü kimi daxil olan və Azərbaycan dövlətçiliyinin xilas günü kimi dəyərləndirilən 15 İyun tarixinə saylı günlər qalır. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 ildən artıq dövrünün 29 ilinə şahidlik edən bu tarixi gündən başlanan yolun uğurlarını təhlil etdikdə ulu öndər Heydər Əliyevin tarixdə rolunu daha aydın görür, müasir müstəqil Azərbaycanın Ümummilli Liderin şah əsəri kimi dəyərləndirilməsinin səbəbsiz olmadığını daha dərindən dərk edirik. Ona görə də əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Illər biri-birini əvəzlədikcə baş verən hadisələrin mahiyyətini düzgün dəyərləndirmək üçün daha zəngin mənbə formalaşır.

Zəfərimiz bütün reallıqların təqdimatıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirir: «Bu gün bir şeyə kədərlənirəm ki, atam bu günü görə bilməyib. Ancaq bilirəm ki, onun ruhu şaddır. Necə ki, Vətən həsrəti ilə yaşamış və həyatdan getmiş, azad edilmiş bu torpaqları görməyən minlərlə, on minlərlə məcburi köçkünlərin ruhu şaddır, şəhidlərimizin ruhu şaddır. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qanını aldıq və əcdadlarımızın ruhunu şad etdik… Necə böyük inamla, necə böyük sevgi ilə Heydər Əliyev deyirdi ki, biz Şuşaya qayıdacağıq, inanın ki, qayıdacağıq. O, özü inanırdı, bizi də inandırırdı. Bizə də onun inamı, xalqın iradəsi əlavə güc verdibu gün biz buradayıq, bu müqəddəs torpaqdayıq. Qeyd etdiyim kimi, bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq, bundan sonra Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir.»

Bu məqamları yenidən xatırlatmağımız səbəbsiz deyil. Ötən il 15 İyun-Milli Qurtuluş Günündə dövlət başçısı İlham Əliyev dost, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycanın döyünən ürəyi, mədəniyyət paytaxtımız Şuşada qarşıladı və müttəfiqliyimizin təsdiqi olan Şuşa Bəyannaməsi imzalandı. Qeyd edildiyi kimi, Azərbaycan və Türkiyə rəsmi olaraq dost, qardaş və müttəfiq ölkələrdir. Dünyaynın diqqətini Qarabağa yönəldən bu mühüm hadisənin yaşanmasından bizi bir illik zaman ayırır. Bu bir il Azərbaycan-Türkiyə münasibətlərində, həmçinin Şuşanın həyatında hansı mühüm hadisələrlə qalıb?

Tarixi Zəfərimiz iki qardaş ölkənin birliyinin aydın mənzərəsini yaradıb. Ötən iki ilə yaxın dövrdə elə mühüm hadisə yoxdur ki, qardaş Türkiyəni Azərbaycanın, Azərbaycanı Türkiyənin yanında görməyək. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz hər zaman bir yerdəyik.

Şuşa Bəyannaməsinin imzalanmasından ötən bir ilin azad Şuşamızın həyatında hansı yeniliklərlə yadda qaldığını qeyd etmək istərdik. Bu gün qürurluyuq ki, 28 il həsrət qaldığımız torpaqlarımızda bərpa-quruculuq işlərindən, gələcəkdə malik olduqları iqtisadi potensial ilə ölkəmizin dayanıqlı inkişafına töhfələrindən bəhs edirik.

Cənab İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən səsləndirdiyi «Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!» fikirləri bu gün də qulaqlarda əks-səda verir. Bu fikirlərin davamı olaraq Müzəffər Ali Baş Komandan bu xoşbəxtliyini də ifadə etdi ki, ata vəsiyyətini yerinə yetirdim: «Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!»

Dövlət başçısı İlham Əliyevin ötən il mədəniyyət paytaxtımız Şuşaya 7, bu il bir səfəri, bu cənnət məkanda görülən işlərlə tanışlığı, Baş planın təqdim edilməsi Qarabağın tacının qısa müddətdə dirçələrək malik olduğu potensial imkanları ilə ölkəmizin hərtərəfli inkişafına dəstək verəcəyi barədə aydın təsəvvür yaradır. Əgər cənab İlham Əliyevin ötən ilin əvvəlində Şuşaya ilk səfəri Füzuli rayonunda Füzuli-Şuşa yolununFüzuli Beynəlxalq Hava Limanının təməlinin qoyulması ilə yadda qalmışdısa, artıq ilin sonunda onların istifadəyə verilməsi böyük ruh yüksəkliyi ilə qarşılandı. Qısa müddətdə bu işləri görmək Azərbaycan dövlətinin qətiyyətinin, iqtisadi imkanlarının təqdimatı oldu. Prezident İlham Əliyev ilk gündən bu əminliyi ifadə etdi ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduğumuz kimi, tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin bir ildə Qarabağın tacı Şuşaya reallaşdırdığı səfərlərin hər biri mədəniyyət paytaxtımızın simasının sürətlə dəyişməsini, əvvəlki şan-şöhrətinin özünə qayıtmasını, ənənələrin bərpasını şərtləndirdi. Bu il həm də “Şuşa İlikimi diqqətdədir. Bu il, eyni zamanda, Böyük Qayıdışın başlanması kimiyadda qalacaq. Cənab İlham Əliyevin tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizə elə bir səfəri, eyni zamanda, elə bir müsahibəsi yoxdur ki, mədəniyyət paytaxtımızdan söz açmasın, onun dirçəldilməsinin vacibliyini bəyan etməsin. Bu, Şuşanın Azərbaycan xalqının, ölkə Prezidentinin ürəyində hansı uca zirvədə dayandığını nümayiş etdirir. Diqqət yetirsək, hər bir bayram, tarixi günlərdə Şuşaya səfərlər edilirburadan dünyaya, işğalçı dövlətə postmünaqişə dövrünün reallıqları ilə bağlı çağırışlar olunur. Dövlət başçısının çıxışlarında bu fakt da diqqətə çatdırılır ki, əslində, Şuşanın mədəni dirçəlişinin təməli hələ illər öncə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Onun 1982-ci ildə Şuşaya 2 dəfə səfər edərək Vaqifin məqbərəsinin, Poeziya Evinin açılışında və orada keçirilən Vaqif Poeziya Günlərində iştirak etməsi xalqımızın, şuşalıların yaddaşına ən xoş xatirələr kimi həkk olunub. Cənab İlham Əliyev 2021-ci ilin yanvarında ilk dəfə Şuşaya səfər edəndə həmin məqamları, həmçinin 39 il öncə Şuşaya səfərini xatırlamışdır. “Bu tarixi gün mənim yadımdadır. Çünki o vaxt atamla bərabər, bax, bu yerdə mən də durmuşdum. Bu, tarixi videokadrlar da var. Çox şaxtalı, qarlı bir hava idi. Möhkəm qar yağırdı. Amma buna baxmayaraq, bu tədbirə yığışmış insanlar, Azərbaycan ziyalıları heç o soyuğu hiss etmirdilər. Çünki Qarabağ xanının vəziri olan Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi açılırdı. Bu təşəbbüsü ulu öndər Heydər Əliyev irəli sürmüşdü, onun rəhbərliyi ilə inşaat işləri aparılmışdı və gözəl, əzəmətli məqbərə ucaldılmışdı”.

Vətən müharibəsinin gedişi dövründə xarici mətbuata çoxsaylı müsahibələrində də dövlət başçısı İlham Əliyev Şuşanın işğaldan azad edilməsinin xalqımız üçün nə qədər əhəmiyyətli olmasını dilə gətirərək qətiyyətlə vurğulamışdır ki, əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ölkə Pezidentinin bu fikirləri Vətən müharibəsinin qalibiyyətimizlə başa çatacağına əminliyimizi artırdı, Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşacağına şübhə yeri qoymadı. Şuşanın relyefini nəzərə alsaq, onun azadlığa qovuşmasının bir möcüzə olduğunu böyük inamla deyə bilərik. Şuşa əməliyyatı bir dastana çevrildi.

Bundan sonra əsas məqsəd bu əraziləri yenidən bərpa etmək və qurmaqdır. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq bu ərazilərdə təkmil, müasir idarəçilik sistemi yaradılır. O da məlumdur ki, cənab İlham Əliyevin Sərəncamı əsasında Prezidentin şəxsi nümayəndələyi ilk olaraq Şuşada yaradılıb. Bərpa işlərinə yol-nəqliyyat infrastrukturunun yenilənməsindən başlanlıması da təsadüfi deyil. Belə ki, hər bir bölgənin inkişafı öncə infrastrukur layihələrinin uğurlu icrasından başlanır. Prezident İlham Əliyev 2021-ci ilin 14 yanvarında Şuşaya Zəfər yolu ilə səfər edərək, bu tarixi missiyanın uğurlu təməlini qoydu. Həmin səfər zamanı dövlət başçısı illərdir didərgin həyatı yaşayan Natəvanın, Üzeyir bəyin, Bülbülün güllələnmiş büstlərini də öz doğma yerlərinə qovuşdurdu, onların da ruhlarını şad etdi. Dahi şəxsiyyətlərimizin büstlərinin Şuşaya, öz əzəli torpaqlarına qaytarılması qələbəmizin daha bir sarsılmaz rəmzinə çevrildi. Qarabağın tacı ilə bağlı əlamətdar hadisələrindən biri may ayında Cıdır düzündə «Xarıbülbül» musiqi festivalı ənənəsinin bərpası oldu. Artıq iki ildir ki, “Xarıbülbül” musiqi festivalı dünyaya səs salr.

Əvvəldə də qeyd etdiyimiz kimi, Şuşa ötən il 15 İyun-Milli Qurtuluş Gününü böyük coşqu ilə qeyd etdi. . Bu səfər bir çox məqamlarla tarixə yazıldı. Azərbaycana dost, qardaş ölkə olan Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilmiş ərazilərimizə ilk səfər edən dövlət başçısı oldu. Azərbaycan və Türkiyə prezidentləri Şuşada əsl tarixi salnamə yazdılar. Şuşa Bəyannaməsinin əhəmiyyətindən bəhs edən dövlət başçısı İlham Əliyev bildirmişdir ki, sənəddə böyük öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb: “XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirdiyimizi diqqətə çatdırdı: “Türkiyə ilə Azərbaycan arasındakı bu Bəyannamə bir sıra məsələləri əhatə edir. Gələcəklə bağlı addımları atarkən artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük”.

Şuşanın sevincli anlarının sayı-hesabı yoxdur. Bu ay Qarabağın taçı Milli Qurtuluş Günündə Şuşa Bəyannaməsinin ildönümünü qeyd etməklə yanaşı, yenidən Vaqif Poeziya Günləri ilə diqqətdə olacaq. Bu tədbir Nazirlər Kabinetinin təsdiq etdiyi «Şuşa İli» ilə bağlı Tədbirlər Planı»nda əksini tapıb. Tədbirlər Planında 2022-ci ilin iyun ayında Mədəniyyət Nazirliyinə, Heydər Əliyev Fonduna, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə, Azərbaycan Yazıçılar Birliyinə Vaqif Poeziya Günlərinin keçirilməsi tapşırılıb. Dövlət başçısı İlham Əliyev ötən il Vaqif Poeziya Günlərinin açılışında bildirmişdir ki, Şuşa şəhərində artıq çox böyük işlər görülübbura ikinci-üçüncü dəfə gələnlər bunu görürlər, Şuşanın bərpası ilə bağlı qısa müddət ərzində böyük işlər görülüb. İlk növbədə Zəfər yolu çəkilib. Magistral yol da çəkilir, Şuşanın elektrik təsərrüfatı bərpa edilib, yarımstansiya tikilib. Şuşaya suyun verilməsi bərpa edilib və hazırda iki mənbədən Şuşaya su gəlir. Şuşanın tarixi abidələrinin bərpasına start verilib. Vaqifin məqbərəsi artıq bərpa edilib. Ermənilər tərəfindən dağıdılan Vaqifin büstü bərpa olunub və açılışı həyata keçirilib. Məscidlərin bərpası Heydər Əliyev Fondunun öz hesabına həyata keçirilir. Görülən işlər sırasında Natəvan bulağının da bərpasını qeyd etməliyik.

Müzəffər Ali Baş Komandanın 60 illik yubileyini mədəniyyət paytaxtımızda qeyd etməsi sanki son 18 ilin hesabatı, xalq qarşısında verdiyi vədlərin gerçəkləşməsinin qürurunun təqdimatı idi. Cənab İlham Əliyevin “Şuşa hər birimizi özünə çəkir» söyləməklə 30 ilin torpaq nisgilinin yaşatdığı hissləri bölüşdü. Ad günlərində öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızla bir yerda olmağa daha çox maraq göstərən dövlət başçısı 60 illik yubileyini Şuşada qeyd edərkən verdiyi vədin reallığa çevrilməsindən qürurlu idi. Hər görüşündə torpaqlarımızın işğaldan azad ediləcəyinə əminliyini ifadə edən dövlət başçısı bunun üçün bütün imkanların mövcudluğunu da vurğulayırdı. O gün gəldi. Ölkə Prezidenti İlham Əliyevin qətiyyəti sayəsində torpaqlarımızı işğaldan azad edildi, dərhal böyük quruculuq və bərpa işlərinə başlanıldı və artıq soydaşlarımız Böyük Qayıdışı gözləyir. İlk qayıdış Zəngilanın ağalı kəndinədir.

Şuşa Dünya azərbaycanlılarını bir araya gətirdi. Mədəniyyət paytaxtımızda keçirilən Dünya Azərbaycanlıların Zəfər Qurultayı dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bugünədək gördükləri işlərə və bundan sonra qarşılarında dayanan vəzifələrə işıq saldı. Çal-şağırlı Şuşanın hər günü bir uğur səhifəsidir. Bu baxımdan ki, Şuşa elə tədbirlərə ev sahibliyi edir ki, postmünaqişə dövrünün reallıqlarının təqdimatında əhəmiyyətli rol oynayır. Bu tədbirlərdə yeni əməkdaşlıq formatlarının yaradılması, bərpa-quruculuq işlərində birgə səylər, sülhün, təhlükəsizliyin təmin olunmasının başlıca amil olması geniş təhlil edilir, Azərbaycanın qalib ölkə kimi diktə edən tərəf olması dəstəklənir.

Azərbaycan iki ilə yaxındır ki, tarixi günlərini Qələbə sevinci ilə qeyd edir. Tarixi Zəfərimizlə özümüzə qayıdan mili qürurumuz, kimliyimiz hər bir anı xoş yaşamağa, bayram ovqatında qeyd etməyə səsləyir. Bugünümüzün reallıqları bir daha təsdiqləyir ki, dünya nə qədər hadisələrə ikili standartlar əsasında yanaşsa da, sonda qalib gələn ədalətdir. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizdəki nitqlərində, xarici mətbuata müsahibələrində də bu məqamlar xüsusi yer alır. «İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır” söyləyən ölkə Prezidenti, eyni zamanda bildirir ki, ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır.

44 gündə 30 ilin işğalına son qoymaqla həm də gücümüzü, Dağlıq Qarabağ məsələsinin bizim üçün milli qürur məsələsi olduğunu nümayiş etdirdik. Dövlət başçısının «Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik» fikirləri hədəfə doğru inamla addımladığımızın təsdiqidir.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2022.- 10 iyun.- S.2.