Rəngli xəyallar

 

Həyat bizim üçün hər gün bir yenilik, yeni qarşılaşma, yeni tanışlıq yazıb. Bizbu yeniliklərin içəriyində bizə yaxşı və pis gələn nə varsa onun təsirini görür, bəzən qaçıb yaxa qurtarmağa, bəzən də əbədi olaraq o yeniliyin yanında qalmağa can atırıq. Bizə mənəvi qida verən bu yeni qarşılaşmalar sanki illərdir varmış kimi doğmalıq hissini verir.

Nail Nəvai mənim yeni qarşılaşdıqlarımdan biridir. Onu sosial şəbəkələrin birində kəşf etmişəm. Bəli kəşf etmişəm, qəribə səslənsə də ruhuma gözəl gələn nə varsa yeni kəşfim kimi qəbul edirəm. Onu ilk olaraq paylaşdığı şeiri ilə tanımışam. Ruhu ruhuma xitab etdi və səhifəsinə keçid aldım. Bir, iki deyərkən bir də baxdım ki, az qala bütün səhifəsini araşdırmışam. Şeirləri ilə başladığım tanışlığım aydın fikirlərinə caladı məni. İnnovativ fikirli, müasir Azərbaycan gənci. Dünyaya baxışı, həyat fəlsəfəsi, hadisələrə yanaşma prizması, özünəxas fikirləri diqqətimi cəlb etdi. Onu daha yaxından tanımaq istədim.

Hacıyev Nail Nəvai oğlu 1996- cı ildə Naxçıvan Muxtar Respublikasının dilbər guşələrindən olan Ordubad rayonunun Tivi kəndində anadan olub. Dağlıq ərazidə yerləşən bu kəndin füsunkar təbiəti, təbiəti qədər də gözəl olan insanları var. Bu kəndin sakinləri mehriban, qayğıkeş və eyni zamanda, zəhmətkeşdirlər. Nail də belə ailələrdən birinin  övladıdır.

Atası Hacıyev Nəvai, anası Hacıyeva Kifayyət iki oğul övladını alın təri ilə qazandıqları çörəklə böyüdüb. Ondan bir yaş böyük olan qardaşı Babaəmir və Nail sevgi dolu bir ailənin bəhrəsidir. Nailin səhhətindəki poblemləri ilk öyrəndikləri andan  həll etmək üçün ailə əlindən gələni əsirgəmir. İstər ölkə daxilində, istərsə də xarici ölkələrdə müalicəsi davam etdirilir. Dəfələrlə keçirilən əməliyyatlar, aparılan müalicələr hər keçən gün onun daha yaxsı olmağa doğru aparır. Nailsə zəif fiziki vücudunda heç kimin təxmin etmədiyi bir güclü, mübariz, inanclı ruh bəsləyir. Bütün çətinliklərə baxmayaraq heç vaxt həyat eşqini, yaşayıb yaratmaq ruhunu əngəllərə təslim etmir.

O, 2005-ci ildə M. Kərimov adına Tivi kənd tam orta məktəbinin birinci sinifinə gedir. Onu ilk dəfə olaraq atası əlindən tutaraq məktəbə aparır. Əslində bu Nailin xəyalında qurduğu və həyata keçirə biləcəyi arzularının başlanğıc nöqtəsi idi. Bu nöqtəyə kimi bu gənc kiçicik ömrünün yaşam, ayaqda qalma və ən əsası layiqli şəkildə ayaqda qalma mübarizəsi aparmaq üçün bir növ “məşqlər” aparmışdır. Amma indi artıq o bu mübarizədə rinqin tam mərkəzində dayanmışdı. O rinqə onu atası çıxartmışdı, əllərindən bərk-bərk tutaraq gətirmişdi onu. Ancaq indi o güvən verən əli Nail özü buraxmalı idi. O, kiçik qəlbinin yaşam sevgisi və yaşından çox irəli düşünən ağlının mühakiməsi ilə qərar verdi, elə o çətinliklə qalxdığı məktəb pillələrində. Nə olursa olsun güc tapıb bu yolda yürüməli, düşsə belə yenə də qalxmalı idi. Qalxmaq demişkən bunu ona atası öyrətmişdi.

Qışda pilləkənlərdən yıxıldığım çox olub, yıxılıb bəzən də yara alıb,amma heç nə olmamış kimi yoluma davam etmişəm. Yıxılanda tək qalxmağı atam öyrətmişdi mənə.Bir gün ailəmlə birlikdə nənəmgildən qayıdırdıq. Yanlış xatırlamıramsa payız idi, havada olduqca soyuq olduğundan gəldiyimiz yolla deyil,yolu qısaltmaq üçün çox da əlverişli olmayan yolla qayıtmalı olduq. Yolda gedərkən ayağımı hiss etmədən böyük bir daşa ilişdirib yıxıldım. Ovuc içlərimi və dizlərimi yaralanmış, yıxıldığım yerdənsə qalxa bilməmişdim. Əvvəlcə qardaşım, sonra anam qaldırmağa çalışsa da atam icazə vermədi, buraxın özü qalxacaq deyə onları yanımdan uzaqlaşdırdı. O gün ağlımda məni uzun müddət narahat edən bir düşüncə yarandı. Atamın məni sevmədiyini bunun üçün belə etdiyini düşündüm. Zaman nə yaxşı ki, mənə bunun tam əksini göstərdi. (Rəngli xəyallar kitabından)

Səhhətindəki problemlərlə əlaqədar olaraq təhsilini yalnız 9-cu sinifə kimi davam etdirə bilir. Lakin bu onun üçün bir son deyildi. Qarşısına məqsəd qoyur və əzm göstərərək 2019-cu ildə Naxçıvan Musiqi Kollecinə qəbul olur.  Təhsil aldığı illərdə çalışqanlığı, davranışları, inovativ düşüncələri ilə nəinki müəllim, həmçinin tələbə kontingentinin də rəğbətini qazanır.

Naillə ilk qiyabi tanış olduğumuzda o, mənə məni tanımaq istəyirsinizsə müəllifi olduğum “Rəngli xəyallar” kitabımı oxuyun, o məni sizə anladacaq demişdi. Onu tanımaq istəyirdim və bu kitab mənə kömək edə bilərdi. İlk fürsətdə kitabı əldə edib oxumağa başladım. Kiçik bir kitabın gənc bir insanın həyatından və dünyaya, həyata yanaşma prizmasından bu qədər dolğun bəhs edəcəyi, etdiyim təhminin üzərində idi. Üstəlik  müəllif isə qəhrəmanın özü idi. Nail ağlının kəsdiyi zamandan etibarən uşaqlığı kənara buraxıb, böyüməyə başlayan uşaqlardan olub. Hər istədiyini edə bilmədiyini görüb, ailənin digər fərdlərindən fərqləndiyini başa düşür. Başa düşməklə də qalmır bunların sıxıntılarını səssizcə içində yaşamağa başlayır. Yaşadığı hər çətinlikdə bir addım daha böyüyür.

Onunla əyani tanışlığa can atırdım. Nəhayət ki, görüşmək nəsib oldu. Yaxşı da ki, oldu. Yanılmamışdım onun haqqında olan fikirlərimdə. Söhbətimiz çox səmimi keçdi. Demək olar ki, bir çox sahədən danışdıq. Nailin hər sahədən kifayət qədər məlumatlı olması, maddi və mənəvi dünyamızda baş verənlərə özünəxas yanaşma tərzi və analiz etmə bacarığı məni çox sevindirirdi. Bu gündən sabaha, gələcəyə çox faydalı olacaq bir ruhun qarşısında oturmuşdum. Bəzən qeyri-ixtiyari onun parlaq gələcəyinə səyahət edirdim fikrən. Sevgi dolu bir ürək, inam dolu bir təfəkkür sahibi bir gənc yazardır Nail. Fikirlərində çoxlarının özünü tapa biləcəyi məqamlar, şeirlərində insanın ruhunu oxşaya biləcəyi nüanslar yetərincədir.

Sən, bəli, sən sənə deyirəm. Hələ də həyatında bir möcüzə olsun deyə gözləyirsən? Hələ də özünü sevməyənlərdən sevgi gözləyirsən? Ümidi olmayan birinin sənə ümid olmasını gözləyirsən?

Gözləmə, özün öz möcüzəni yarat, özün özünü sev, özün öz qəlbində ümidlərini böyüdüb başqalarına ümid ol. Səhər günəş doğmasını gözləmə, özün öz gülüşünlə ruhunun qaranlığını məhv et. Amma əsla gözləmə. Çünki bu həyatda gözləyənlər yox, kədərə inad gülümsəyib, ayrılığa inad sevib, ölümə inad yaşayanlar qalibdir, unutma. (“Rəngli xəyallar” kitabından)

Bəli, Nail bu gün Naxçıvan Muxtar Republikasında mövcud olan ali təhsil ocaqlarında, eləcə də digər müəssisələrdə keçirilən, müxtəlif səpkili tədbirlərdə tez-tez iştirak edir. O, bu tədbirlərin bir çoxunda sadəcə iştirakçı kimi deyil, eyni zamanda, motivasiya xarakterli çıxışları ilə də iştirak etmişdir. Bu çalışqan, aydın fikirli Azərbaycan gənci  cəmiyyətimizin fiziki məhdudiyyətli insanlara qarşı düşüncələrinin dəyişilməsi yönündə etdiyi çıxışları ilə örnək birinə çevrilib artıq. O, fiziki məhdudiyyətli birini cəmiyyətin tam mərkəzinə gətirilməsinin, onun bilik və bacarıqlarını nəzərə alaraq, öz həyatını qazanmaq yönündə kömək edilməsinin tərəfdarıdır. Əgər bu belə olarsa, o zaman belə insanlarımız heç kimdən çəkinmədən cəmiyyətə inteqrasiya edər, öz fiziki məhdudiyyətlərinin yanısıra əqli əngəllərini də aşar və həyata  bərk-bərk sarılar. Axı ən böyük əngəl elə bizim beynimizdə yaranan əngəldir. Hətta dünyanın ən sağlam vücudunda belə sağlam düşüncəli beyin yoxdursa, vücudunun ona heç bir faydası olmaz. Düşüncələrimiz isə əslində bizə tabe olar, əgər istərsək. Bunun üçünsə yaşanmışların yanısıra bir də mütailə etmək, araşdırmaq, müqaisə etmək, yaxşıya doğru yol almaq, atdığın hər addımı ümidinama bağlamaq lazımdır.

Naillə söhbətimiz o qədər maraqlı oldu ki, zamanın necə keçdiyini hiss etmədim. Keçirdiyimiz zaman qədər də zaman keçirə bilərdim hər halda. Nail Nəvai bu gün bir kitabın və hələ ki,  bir araya gətirilməmiş onlarla məna yüklu şeirlərin müəllifidir.

O, 2021-ci ildə  Naxçıvan “Əcəmi” nəşriyatında çapdan çıxan “Rəngli xəyallar”kitabını öz həyatına həsr edib. Kitab haqqında rəy Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Əməkdar mədəniyyət İşçisi şair Asim Yadigara məxsusdur.

Məhz tanınmış sair Asim Yadigar kimi mən də bu gənc yazarın irəlidə öz dəst-xətti ilə Azərbaycan ədəbiyyatı və poeziyasında iz qoyacağının inancındayam və bu yolda ona sonu olmayan uğurlar diləyir, həyatında da xəyallarının əlvan rənglərinə qovuşmağı diləyirəm.

 

Yaman darıxıram, yaman ay oğul!

Evin divarları  üstümə gəlir.

Bir zaman ağlasam sən silən yaşı,

İndi yanağımdan öz əlim silir.

 

Səndən sonra dünyam zülmət qaradı,

Günəş səhər doğub, şəfəqin saçmır.

Qapı döyüləndə sən gəldin deyə,

Ayağım tələsmir, qapıya qaçmır.

 

Sən sevdiyin yeməklərdə  bişmir daha,

Sənsiz bişən yeməyində dadı yox,

İnan bir tək səni istər ürəyim,

Səndən başqa bir özgəni, yadı yox.

 

Yadındamı uşaq vaxdı dəcəldin?

Yamanlıq edərdin üzərdin məni.

Hirslənib üstünə qışqırsamda mən,

Yenədə dözməyib, öpərdim səni.

 

Kaş yenə qayıdıb uşaq olardın,

Qaçıb sarılardın boynuma mənim.

Torpağın qoynuna sığmaq yerinə.

Kaş yenə sığardın qoynuma mənim.

 

Geyindin əyninə  o kəfəni,

Sandın, elə bildin bəy libasıdı?

Bilmədin geydiyin bəy libası yox,

Bu yazıq ananın fəryad, yasıdı?

 

Ruhum qanadlanıb quş tək uçmağı,

Əbədi yanına gəlməyi dilər.

Sənə şəhid deyib fəxr edən kəslər,

Ananı ölü yox diri bildilər.

                               Nail Nəvai

 

Sanki dar qəfəsdi bu ev bu eşik,

Sənsiz bu ürəyim yaman darıxır

Qalmayıb həyatın dadı, ləzəti,

Xoşbəxtlik gözümdən yaş olub axır.

 

Sənsiz bu dünyanın yazıda qışdı,

Günəşdə qar kimi üşüdür məni.

Gözüm durub baxır məzar daşına,

Dilim yavaş yavaş səsləyir səni.

 

Gecələrdə sənsiz, keçmir bir anda

Bir dəqiqə illər tək gəlir gözümə.

Bir vaxt sən gülərdin üzümə mənim

İndi rəsmilərin gülür üzümə.

 

İndi xatirələr dostum sirdaşım

İndi kədər məndən uzaq qaçmayır.

Getdin gedişimlə könül bağımda,

Günəş nur ələmir, çiçək açmayır.

 

Səninlə fəxr edib məğrur dururam.

Qorxuram ağlasam düşmənlər gülər.

Deyirlər sən getdin heç gəlməyəssən,

Axı bir ananın balası ölər? .

 

Səndə ölməmisən şəhidlər ölməz,

Sənki bu Vətənə şərəfli adsan

Adın çəkiləcək hər dildə əzbər,

Ruhid ürəklərdə yaşayacaqsan.

                           Nail Nəvai

 

Sevinc Səbzəliyeva,

Naxçıvan Dövlət Xalça Muzeyinin baş elmi işçisi

 

İki sahil.- 2022.- 18 iyun.- S.21.