Milli istiqlal şairi

 

Bu gün cümhuriyyət dövrünün ən parlaq simalarından biri kimi tanınan, öz şeirləri ilə xalqı milli azadlığa səsləyən Əhməd Cavadın doğum günüdür

 

Azərbaycan dövlətçiliyinin bərpası, milli azadlığa qovuşması, çar rejiminin devrilməsi ilə Rusiyanın imperiya əsarətindən qurtulması və milli təməllər üzərində yeni, azad cəmiyyətin qurulması ideyaları XX əsrin ilk onilliyində böyük inkişaf dövrü keçirən ədəbiyyatımızda tez-tez dilə gətirilirdi. Xüsusən də xalq arasında geniş yayılan, sadə insanlar tərəfindən daha asan qəbul edilən romantik poeziya xalqı milli azadlığa qovuşmağa, mütərəqqi cəmiyyət qurmağa səsləyir və ruhlandırırdı. Hüseyn Cavid, Abdulla Şaiq, Abbas Səhhət, Məhəmməd Hadi, Əhməd Cavad kimi şairlərin öndərlik etdikləri bu ədəbi cərəyan o dövrdə irticaya, zülmə, əsarətə qarşı mübarizədə böyük uğurlar qazanmışdı. Bu yazı isə onlardan biri - Əhməd Cavad haqqında olacaq. Çünki o, bütün həyatını milli istiqlal ideyalarının gerçəkləşməsinə həsr etmiş, bir əlində qələm, bir əlində silah əsarətə, zülmə, imperializmə qarşı açıq mübarizə aparmışdır. Milli istiqlal şairi kimi tanınan Əhməd Cavad həm də Azərbaycan Demokratik Respublikasının qurucularından biri idi. Onun Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu sahəsindəki fəaliyyəti, mövqeyi yeni romantik və vətəndaşlıq poeziyamızın parlaq nümunələrini yaratması ilə xarakterizə olunur.

Əhməd Cavad şeir-sənət aləminə qatıldığı ilk günlərdən Azərbaycan türklərinin və Türk dünyasının milli şairi kimi sevilmişdir. Təsadüfi deyildir ki, onun “Çırpınırdın, Qara dəniz!” şeirinə dostu dahi Üzeyir bəyin bəstələdiyi musiqi illərdir ki, dostqonşu Türkiyədə də hər səhər, hər axşam radiolarda, televiziyalarda səslənməkdə, rəsmi tədbirlərdə, məclislərdə, mərasimlərdə, təntənəli ziyafətlərdə ifa olunmaqdadır. Bu şərqini dahi Atatürkçox sevirdi, hətta onu ilk dəfə dinləyərkən gözləri yaşarmışdı...

Əhməd Cavad - Axundzadə Cavad Məmmədəli oğlu 1892-ci il mayın 5-də Şəmkir rayonunun Seyfəli kəndində ruhani ailəsində anadan olmuşdur. İlk təhsilini evdə almış, uşaq yaşlarında türk, ərəb, fars dillərini, Şərq ədəbiyyatını öyrənmişdir. O, 6-7 yaşında ikən “Qurani-Kərim”i əzbər bilirdi. 8 yaşında olarkən atasını itirən Cavad 1906-cı ildə daxil olduğu “Cəmiyyəti-xeyriyyə”nin Gəncədə açdığı ruhani seminariyasını (“Məktəbi - ruhaniy- yə”) 1912-ci ildə bitirir. Seminariyada oxuduğu illərdə Hüseyn Cavid, Abdulla Sur, İdris Axundzadə, Türkiyədən Gəncəyə gəlmiş Sevad Cavad kimi mütəfəkkirlər onun qəlbində milli istiqlala, müstəqilliyə, türklüyə sevgi oyadırlar. Hətta güman edilir ki, müəllimi Sevad Cavadın qardaşı olduğu fərz edilən Türkiyənin dilçi alimi, şairi Əhməd Cavadın şərəfinə Cavad da Əhməd ismini götürür. Əhməd Cavadın ilk şeiri məhz həmin dövrdə - 1911-ci ildə nəşr edilir.

Ruhani seminariyasını bitirəndən sonra müəllim işləyən Cavad Axundzadə, eyni zamanda, Gəncənin ədəbi, bir qədər keçəndən sonra isə ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlayır. Balkan və I Dünya müharibələri dövründə şair 3 dəfə (1912, 1916 və 1918-ci illərdə) nümayəndə heyətinin tərkibində (iki dəfə üzv, bir dəfə başçı kimi) Türkiyəyə gedir. Cavad Axundzadə türk xalqına yardıma gələn Qafqaz könüllüləri sırasında Trakya cəbhəsində Abdulla Şaiqlə birlikdə türk əsgərləri ilə 1 il çiyin-çiyinə vuruşur, 1913-cü ilin payızında isə geri dönür. 1914-cü il I Dünya müharibəsi zamanı Türkiyənin şərq hissəsi rus ordusunun işğalına, Qars, Ərzurum və Anadolu türkləri rus və ermənilər tərəfindən soyqırıma məruz qalanda Azərbaycan “Cəmiyyəti-xeyriyyə”sinin qardaş ölkəyə yardımı işində Əhməd Cavad da yaxından iştirak edir. Hələ gənc yaşlarından böyük nüfuz qazanan Əhməd Cavada “Cəmiyyəti-xeyriyyə”yə maddi yardımlar edən məşhur milyonçu Hacı Zeynalabdin Tağıyev dərin inam bəsləyirdi. Yaxın adamlarına belə pul kağızlarına qol çəkdirən H.Z.Tağıyev Əhməd Cavada imza atdırmadan “Cəmiyyəti-xeyriyyə”nin fəaliyyəti üçün pul verirmiş.

1915-1916-cı illərdə “Cəmiyyəti-xeyriyyə”nin tapşırığı ilə Əhməd Cavad Acarıstana gedir. Bir müddət Batumda Süleyman bəyin evində yaşayır və qızı Şükriyyəyə vurulur. Süleyman bəy elçiləri əliboş qaytardığı üçün Əhməd Cavad Şükriyyəni qaçırır. Onlar əvvəlcə Gəncədə, sonra isə Bakıda yaşayırlar. Azərbaycan Cümhuriyyətinin qurulmasını sevinclə qarşılayan Əhməd Cavad gecə-gündüz çalışır, əməli işi, bədii yaradıcılığı ilə xalqının xoşbəxtliyi, azadlığı üçün əlindən gələni əsirgəmirdi. Şairin üçrəngli bayrağımıza rəğmən yazdığı şeirlərini nəzərdən keçirdikcə görürük ki, bayrağa sevgi, məhəbbət, hörmət və ehtiram onun həyatının, ömrünün mənasıdır.

Azərbaycan Rusiya tərəfindən işğal ediləndən sonra da Əhməd Cavad milli istiqlal ideyalarına sadiq qalır. O, 1920-1922-ci illərdə şair Quba Xalq Maarif Şöbəsində işləsə də, mövcud quruluşla heç cür barışa bilmirdi. Ə.Cavad təslim olmayaraq, köləliyə qarşı çıxırdı. Buna görə də Əhməd Cavad güclü təqiblərə, hücumlara məruz qalır, əsas tənqid obyektinə çevrilirdi. İlk dəfə onu 1923-cü ildə gizli olaraq nəşr edilən “İstiqlal” qəzetinin həbsə atılmış naşiri Mirzə Bala Məmmədzadəni həbsxanadan qaçırmaqda ittiham edərək tuturlar. 1920-25-ci illərdə mətbuatda cəmi dörd-beş şeiri çap olunur. O zaman onu “sandıq ədəbiyyatının banisi” adlandırıb tənqid edirlər. 1925-ci ildə yazdığı “Göygölşeiri isə Əhməd Cavada ciddi problemlər yaradır. Şeirdə işlədilən “ulduz”, “ay”, “yaşıl” sözlərinə görə şairi ittiham etməyə başlayırlar. Cavadı yenə həbs edirlər. Ona gah işgəncələr, gah “nəsihətlər” verirlər: “Həqiqəti boynuna al!” - deyirlər. “Göygölü tərcümə edib Moskvaya göndərirlər. Moskva şeirdə heç bir siyasi səhv tapılmadığını bildirir. Ancaq Cavadı həbsdən azad etməyə tələsmirlər. Onu hələ iki ay da dustaqxanada saxlayırlar.

1934-cü ildən Azərbaycan Şura Yazıçılar İttifaqının üzvü olan şair Bakıya qayıdandan sonra Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), “Azərbaycanfilm” studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləyir. Amma ondan yenə də əl çəkmirlər. Azərbaycan Şura Yazıçılar İttifaqının, Azərbaycan KP MK-nın plenumlarında, iclaslarında yenə də tənqidlərə, təzyiqlərə məruz qalır. Qələmindən çıxan hər sətirdə siyasi məna, pantürkist düşüncələr axtarırlar. Nəticədə işdən qovulur, yazdığı əsərlərin qonorarlarını vermirlər, əsərləri, tərcümələri (Ş.Rustavelinin “Pələng dərisi geymiş qəhrəman” və s.) oğurlanır. 1937-ci ilin mart ayında Əhməd Cavad Yazıçılar İttifaqından “xalq düşməni” kimi çıxarılır. 1937-ci ilin iyun gecələrinin birində şairi həbs edirlər. Dustaq sayı 1112 olan şairin istintaq işi 1937-ci ilin 25 sentyabrında başa çatır. 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən “Müsavat” Partiyasının üzvü kimi, əksinqilabi millətçilik fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilir.

İstintaq materiallarında Əhməd Cavadın məhkəməsindən sonra - oktyabrın 12-dən 13-ə keçən gecə öldürüldüyü yazılır. Amma əslində şair bir gün qabaq - oktyabrın 11-də istintaq zamanı döyülərək qətlə yetirilir. Böyük şair Əhməd Cavad ömrünün sonuna qədər milli istiqlal ideyalarına sadiq qalır, çeynənən bir ölkənin haqq səsinə çevrilir. Təqiblər, məhbəsdəki işgəncələr onun iradəsini qıra bilmir. Və o, bir dəfə də olsun xalqına və qələminə xəyanət etmir.

 

Sevinc Azadi

 

İki sahil.- 2022.- 5 may.- S.7.