Bizim bir dilimiz var...

 

Ulu öndər Heydər Əliyevin ana dilimizin inkişafı yönündə dönməz mübarizəsi Vətənə və xalqa misilsiz xidmət nümunəsidir

 

1970-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq böyük cəsarət tələb edirdi. Hətta keçmiş Sovet respublikalarının rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycanın rəhbəri olan ulu öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir.

1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunub: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”

Ümummilli Liderin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapıb. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ulu öndər Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Dahi şəxsiyyət bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qoruyub.

Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan bayraq, gerb, himn kimi müqəddəsdir. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir.

Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi üçün müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.

Ana dilimizin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytarıb. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülürdü. Bu təkliflərin çox böyük əksəriyyətində Ulu Öndərin təklif etdiyi ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi.

Ulu öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsini təmin edib. Dahi şəxsiyyət dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Ulu Öndərin 2001-ci il 9 avqust tarixli müvafiq Fərmanına əsasən isə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

“Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun 2002-ci il 30 sentyabr tarixində qəbul edilib. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır. Həmçinin dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və xarici təsirlərdən qorunması, habelə dilimizin saflığı istiqamətində müdrik siyasəti hazırda dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı xalqımızın ən qiymətli mənəvi-ideoloji sərvəti sayılan milli birliyə nail olmaq və dövlətçiliyimizin daha da möhkəmləndirilməsi uğrunda bütün güc və bacarığını səfərbər etməyə borcludur. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bizim bir Vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi.”

 

Cavid Əkbərov

 

İki sahil.- 2022.- 7 may.- S.18.