Heydər Əliyev və

Naxçıvan musiqi mədəniyyəti

 

Heydər Əliyev-99

 

Xalqımızın mədəniyyətinin tarixi qədim və zəngin ənənələrə malikdir. Mədəniyyətimizin inkişafı və çiçəklənməsi ümummilli lider, müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə dahi şəxsiyyət Heydər Əliyevin diqqət mərkəzində duran əsas məsələ xalqımızın çoxəsrlik mədəniyyətinin zənginləşdirilməsi, bu sahəni inkişaf etdirərək dünya səviyyəsində tanıtması, yüksək mədəni nailiyyətlərdən bəhrələnən istedadli nəslin yetişməsi olmuşdur.

Məlumdur ki, hər bir xalqın milli mənliyinin, şürunun formalaşması onun mədəniyyətinin, elminin, təhsilinin inkişafi ilə səciyyələnir. Ulu öndərimiz də siyasi fəaliyyətində uzaqgörənliklə Azərbaycanda elmin, təhsilin, mədəniyyətin və mədəni dəyərlərin inkişafına xüsusi diqqət yetirmiş,bu sahələrdə olan çatışmazlıqların vaxtında aradan qaldrılması üçün zəruri addımların atılması yönündə mühüm qərarlar qəbul etmişdir.

Ümummilli liderimiz demişdir: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”.

Ulu öndər incəsənətimizə, mədəniyyətimizə, xüsusən də musiqimizə həmişə böyük qayğı və diqqətlə yanaşmış, mədəniyyətimizin inkişafında əsaslı dəyişikliklər etmişdir. Dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr Azərbaycan incəsənətinin və musiqisinin “Qızıl dövrü” adlandırılır. Ulu öndərin dərin zəkası və milli ənənələrimizə qəlbən bağlılığı sayəsində mədəniyyətimiz uca zirvələr fəth etdi.

Doğma yurdu Naxçıvanın mədəniyyəti, incəsənəti, musiqisi ulu öndərin daim diqqət mərkəzində olmuşdur. Əsrarəngiz gözəlliyə malik olan, dünya elminə, ədəbiyyatına, diplomatiyasına dahilər bəxş etmiş Naxçıvan həm də görkəmli musiqiçilər diyarıdı deyən Ümummilli lider Heydər Əliyev Naxçıvan musiqi mədəniyyətinə böyük qayğı göstərmiş, onun inkişafı üçün əlindən gələni əsirgəməmişdir. Naxçıvan yarandığı gündən mədəniyyət, sənət, ədəbiyyat beşiyi olub,dünya mədəniyyətinə onlarla qüdrətli sənətkarlar bəxş etmişdir.

Qeyd etmək istəyirəm ki, Naxçıvan musiqi mədəniyyətinin inkişafında Musiqili Dram Teatrın və onun nəzdində fəaliyyət göstərən musiqi kollektivlərinin və bu kollektivlərdə fəaliyyət göstərən, formalaşan musiqiçilərin də əməyi əvəzolunmazdır.

Dahi bəstəkar Üzeyir Hacibəylinin təşəbbüsü ilə ilk Musiqi məktəbinin açılması, Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrinin Naxçıvanda fəaliyyət göstərməsi, Naxçıvan Dövlət konsert briqadasının yaradılması, Niyazinin, Bülbülün, Rəşid Behbudovun və bir çox musiqiçilərin Naxçıvan musiqiçiləri ilə yaradıcılıq əlaqələri bu qədim diyarda ifaçılıq və bəstəkarlıq sənətinin yüksəlməsinə böyük təsir göstərməyə bilməzdi. Məhz, bütün bunların təsiri nəticəsində yeni bir musiqi ocağı “Araz” Mahnı və Rəqs Ansamblı yarandı. Bunu xatırlamaq yerinə düşər ki, Muxtar Respublikanın musiqi sənətinin inkişafında,təşəkkül tapmasında, gənc kadrların yetişməsində və formalaşmasında “Araz” Mahnı və Rəqs ansamblının xidmətləri danılmazdır. Həmçinin Naxçıvanlı müğənnilər, musiqiçilər, rəqqaslar, bəstəkarlar da bu sənət ocağında formalaşmış, sənətkarlıq qabiliyyətlərini daha da inkişaf etdirmişlər.

Naxçıvan Muxtar Respublikasının yaranmasının 50 illik yubiley tədbirlərində iştirak etmək üçün bu qədim diyara gələn ümummilli lider Heydər Əliyev mədəniyyət və incəsənət xadimləri ilə görüşmüş, öz tövsiyyələrini vermiş, mədəniyyətimiz ,xüsusən də musiqimizi daha da zənginləşdirmək üçün mühüm qərarlar qəbul etmişdir.

Ulu öndər Naxçıvanda ixtisaslı musiqiçi kadrların yetişməsi, istedadli gənclərin musiqi təhsilinə cəlb olunması, milli musiqi alətlərinin, xalq mahnılarının yaşadılması, eləcə də klassik və müasir dünya bəstəkarlarının əsərlərinin öyrədilməsi ideyasi ilə 1975- cil il aprelin 28-də Naxçıvanda yeni təhsil ocağı Orta İxtisas Musiqi məktəbinin yaradılmasını məqsədə uyğun hesab etmişdir. Bu tədris müəssisəsinin yaradılması ilə Naxçıvanın mədəni həyatında yeni bir mərhələnin başlanğıcı qoyuldu .Milli musiqi mədəniyyətimizin təsibini çəkən, ixtisas təhsili almaq istəyən istedadli gənclərin yolları hamarlandı. Bu dövrdə Arif Quliyevin rəhbərliyi ilə “Nəqşicahan”, Əkrəm Məmmədlinin rəhbərliyi ilə “Əcəmi naxışları” adlı ansamblların yaradılması bir çox gənc ifaçıların yetişməsindən xəbər verirdi .

  Bu illərdə Naxçıvanın musiqi tarixinə yeni nəğməli bir ümman yazıldı. Ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Dövlət Filarmoniyası yaradıldı. Filarmoniyanin musiqi kollektivi xarici ölkələrə qastrol səfərinə gedərək Naxçıvan musiqi mədəniyyətinin ən möhtəşəm təmsilçilərinə çevrildilər. Həqiqətən də ansamblın solistləri hər bir qastrol səfərində muğamlarımızı, xalq mahnılarımızı,rəqslərimizi,bəstəkar mahnılarını geniş şəkildə təbliğ etməklə, musiqimizin ecazkar qüdrətini, çoxəsrlik tarixi köklərə malik milli dəyərlərimizi və mənəviyyatımızı yüksək səviyyədə nümayiş etdirirdilər. Onu da qeyd edək ki, bu yaradıcı kollektivdə Abdulla Babayev, Əkrəm Məmmədli, Zöhrab Axundov, Hünər Əliyev, Çingiz Axundov , Elman Əliyev, Arif Quliyev, Ələkbər Ələkbərov, Vahid Axundov, Zeynalabdin Babayev və bir çox istedadlı ifaçılar yetişmişdir.Əsasən istedadlı gəncləri öz ətrafında toplayan filarmoniyanin nəzdində Xalq Çalğı Alətləri orkestri, Mahnı və Rəqs ansamblı, instrumental ansambl da fəaliyyət göstərirdi. Bu danılmaz bir həqiqətdir ki, istər musiqi ifaçılığında, istərsə dǝ istedadlı gənc kadrların yetişməsində, onların mənəvi tərbiyyəsinin inkişafında Naxçıvan Dövlət Filarmoniyasının böyük rolu olmuşdur. Qədim tarixi köklərə, çoxəsrlik zəngin ənənələrə malik olan milli musiqi mədəniyyətimizi dünyaya tanıtmaq bu yaradıcı kollektivin amalı idi. Bəli,bütün bunlar ümummilli lider Heydər Əliyevin musiqi ictimayyətinə olan diqqət və qayğısı nəticəsində həyata kecrilmişdir.

Həmçinin ulu öndər Naxçıvanda Universitet yaratmaq ideyasının müəllifi olmuş, bu ali təhsil ocağının formalaşması və inkişafında əvəzsiz xidmətləri danılmazdır. Universitetin 25 illik yubileyində iştirak etmiş, müəllim və tələbə heyəti ilə görüşmüş, mövcud problemləri öyrənmiş, çıxış yolları haqqında dəyərli tövsiyyələr vermişdir. Bu görüş ali təhsil ocağının tarixi salnaməsinin ən parlaq səhifəsini təşkil edir.

Belə ki, Naxçıvan Dövlət Universitetinin nəzdində musiqi, təsviri - sənət kafedralarının, 1996 -ci ildə isə həmin bazanın əsasında İncəsənət fakültəsinin açılması, fakültədə dirijorluq, musiqişünaslıq, bəstəkarlıq, simli və nəfəs alətləri, musiqi təhsili, təsviri - incəsənət ixtisasları üzrə hazırlanan yüksək ixtisasli mütəxəssislər Naxçıvanda istedadlı musiqiçi kadrlarının yetişməsindən xəbər verirdi ki ,bu da ümummilli liderin universitetimizə diqqət və qayğısının bariz nümunəsidir.

1999-cu ildə Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyində iştirak edən ümummilli lider yekun konsertdən sonra musiqiçilərin çıxışları haqqında demişdi: “Sevinirəm ki, Naxçıvanda, bu qədim diyarda belə gənc incəsənət ustaları yetişir. Musiqiçilər, müğənnilər tərəfindən həm milli musiqimiz, həm də Avropa musiqisinin ifası, kamera orkestri , xor kopellasının çıxışları çox xoş təsir bağışladı. Burada gördüklərimizin hamısı onu göstərir ki, Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsi olaraq demokratiya, dünyəvi dövlət quruculuğu , hüquq, haqq yolu ilə gedir”. Unudulmaz rəhbərin dediyi bu sözlər Naxçıvan musiqiçilərinin çıxışlarına verdiyi yüksək qiymət, təməli Heydər Əliyev tərəfindən qoyulan, musiqi mədəniyyətimizin inkişafına aparan yolların doğruluğuna ,seçilən xəttin ardıcıllığına işarə idi.

Ümumiyyətlə, sənət adamlarına qayğı göstərmək, onların rifahını yaxşılaşdırmaq bir rəhbər kimi Ulu öndərin daim diqqət mərkəzində olmuş, görkəmli sənət adamları ilə görüşlər keçirmiş, yaradıcılıqla məşğul olmaları üçün hər cür şərait yaradılması barədə lazımı tədbirlər görmüşdür. Belə ki, sənət adamlarının maddi vəziyyətlərinin yaxşılaşdırılması üçün onlara prezident təqaüdü ayırmış, yaradıcılıqlarını yüksək qiymətləndirərək fəxri adlar vermiş, orden və medallarla təltif etmişdir. Bunların arasında Əkrəm Məmmədli, Kamal Əhmədov, Çingiz Axundov, Səidə Məmmədova və başqalarının adlarını göstərmək olar.

  Son olaraq qeyd etmək istəyirəm ki, Heydər Əliyev şəxsiyyəti öyrənilməmiş dünyadır Bu nadir dünyanın siyasət aləmini bitib- tükənməyən, sahilləri görünməyən ümmana bənzətmək olar. Beləliklə, biz dahilər səmasında sönməz bir ulduz kimi daim parlayan ,öz nuru ilə xalqının yoluna işıq saçan ümummilli lider Heydər Əliyev xatirəsini bir daha andıq, dahi şəxsiyyətin əbədiyyətə qovuşan əbədiyaşar ömrünün bir neçə səhifəsini vərəqlədik. Onun əbədi ömrü hələ neçə-neçə nəsillərə örnək olacaq...

 

Aynur Qasımova,

Naxçıvan Dövlət Universiteti

Musiqi tarixi və nəzəriyyəsi kafedrasının baş müəllimi

 

İki sahil.- 2022.- 7 may.- S.19.