Söz və mətbuat azadlığının ən böyük təminatçısı

 

Azərbaycanda senzuranın ləğvi və mətbuatın inkişafına dövlət dəstəyi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

 

Zəngin tarixi və mütərəqqi ənənələri olan Azərbaycan mətbuatı bu gün hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiyanın mühüm vasitəsi kimi çıxış edir. Cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında, sosial ədalət prinsiplərinin müdafiəsində mətbuatın xüsusi rolu vardır.

 Bu baxımdan ulu öndər Heydər Əliyevin 1998-ci il  6 avqust tarixli  «Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında» Fərmanı xüsusilə çox dəyərli hesab edilir. Həmin Fərmanla Azərbaycanda milli mətbuatın demokratik inkişafına yeni imkanlar yaranmışdır. Bu da bir əhəmiyyətli faktdır ki,  Ulu Öndər Azərbaycana rəhbərliyi dövründə nəinki senzuranı ləğv etmiş, həm də azad mətbuatın inkişafının qarantı olmuş, milli mətbuatımızın peşəkarlığının artırılmasına güclü təkan vermişdir.

Bəli, senzura yaradıcı insanlar üçün bir buxov,mətbuat azadlığının inkişafında çox ciddi maneə idi. Əslində, senzura dövlət sirrini yaymamaq üçün nəzərdə tutulsa da ideologiyaya işləyirdi. Ulu Öndərin senzuranın ləğvi ilə bağlı məlum Fərmanı çox vaxtında verilmiş düzgün qərar idi. Xüsusilə vurğulamaq lazımdır ki, postsovet ölkələri sırasında ilk dəfə senzuranı Azərbaycan dövləti ləğv etdi. Məhz bu amil MDB məkanında demokratik mətbuatın inkişafında ən dəyərli addım kimi qiymətləndirildi.

Senzuranın ləğvindən sonra mətbuatda tamam başqa ab-hava yarandı. Jurnalistlərə geniş azadlıq və müstəqillik verildi. Bu isə peşəkar jurnalistləri cəmiyyət qarşısında daha məsuliyyətli olmağa sövq etdi. Yəni, vicdanlı, qərəzsiz və obyektiv jurnalistikaya daha geniş meydan verildi. Önəmli faktdır ki, məhz senzuranın ləğvindən sonra kütləvi informasiya vasitələri üzərindən əlavə dəyər vergisi götürülmüş, ölkəyə gətirilən qəzet kağızına tətbiq olunan gömrük rüsumu tamamilə azaldılmışdır.

1999-cu ildə «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi qəzet, jurnal təsis etmək işini xeyli asanlaşdırdı. 2001-ci ildə ölkədə kütləvi informasiya vasitələrinə dövlət qayğısının yüksəldilməsi haqqında verilən Fərman və sərəncamlar mətbuata göstərilən qayğının həcmini daha da artırmışdı. Bunun nəticəsi olaraq 2002-ci ildə ümummilli lider Heydər Əliyev «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən  «Jurnalistlərin dostu» elan edilmişdir.

Müstəqil mətbuatın inkişaf etdirilməsinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdrılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini önə çəkən Ulu Öndər insenzuranı ləğv etməsi ilə mətbuat üzərində dövlət tənzimləməsini nəzərdə tutan bütün mexanizmlər aradan qaldırmaqla sonrakı mərhələnin uğurlarla zənginləşməsinə yol açdı.  Ulu öndər Heydər Əliyev bildirmişdir: «Biz senzuranı ləğv etdik. Konstitusiya ilə təsbit olunmuş söz azadlığını, mətbuat azadlığını tamamilə təmin etdik, mətbuata yeni imkanlar yaratdıq. Mətbuat Azərbaycanda həqiqətən çox sərbəstdir, azaddır.  Bu da o deməkdir ki, söz azaddır, fikir azaddır.»

Məhz Ulu Öndərin azad, müstəqil  mətbuatın inkişafına diqqət və qayğısının nəticəsidir ki, bu gün  Azərbaycan  KİV-lərin sayına görə MDB   ölkələri arasında  lider mövqedə dayanır. Ölkədə minlərlə  kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb,  xeyli sayda  jurnalist təşkilatları və ictimai birilklər fəaliyyət göstərir. İnternet istifadəçilərinin sayı 85 faizdən çoxdur. Müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu önə çəkən dövlətimizin başçısı İlham Əliyev media nümayəndələrinə bu cağırışı edib: «Biz informasiya məkanımızı da qorumalıyıq. Bunu etmək çətindir. Çünki biz bu gün internet dövründə yaşayırıq. Hansısa hər bir yalan, böhtan, təxribat xarakterli məlumat dərhal özünə yer tapır. Ancaq milli jurnalistikamız, Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır, milli maraqlar hər şeydən üstün olmalıdır.»

Əvvəldə də qeyd etdiyimiz kimi,  zaman dəyişdikcə digər istiqamətlər kimi, mətbuatda da təkmilləşmə bir sosial sifarişdir. Bu gün ölkə ictimaiyyətinin  yazılı və elektron KİV-lərdən gözləntiləri aydındır. İnternetin sürətlə inkişaf etdiyi müasir  dövrdə  Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlar yaranır. Ölkə Prezidenti sosial şəbəkələrin müxtəlif dillərdə fəaliyyətini, həqiqətlərimizi faktlar əsasında dünya ictimaiyyətinə çatdırılmasını əsas vəzifə kimi diqqətə çatdırır: «Biz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha da geniş şəkildə çatdırırıq və çatdırmalıyıq. Mən burada medianın rolunu yüksək qiymətləndirirəm, və ğu işlər bundan sonra da davam etdirilməlidir»

Ulu öndər Heydəp Əliyevin öz mətbuat azadlığına dair göstəriş və təklifləri bu gün Azərbaycan dövlətinin rəhbəri tərəfindən uğurla davam etdirilir. Xüsusilə mətbuatın zamanın tələbinə uyğun təkmilləşməsi üçün atılan addımlar davamlılığı ilə diqqət çəkir. Ötən illərdə dövlətimizin başçısı İlham Əliyevin  ölkədə nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında sərəncamları da göstərilən diqqət və qayğının tərkib hissələrindəndir. Təbii ki, bu kimi addımlar  daim  mətbuat nümayəndələrinin qarşısına qoyulan məsuliyyət hissinin artırılması məsələsini daha da aktuallaşdırır. Jurnalist peşəkarlığının və məsuliyyətinin vəhdətliyi əsasında  daha dolğun, cəmiyyəti düşündürən məsələləri daha əsaslı təhlil etmək, bir sözlə informasiya tələbatını tam ödəmək mümkündür.

 

Elçin Zaman

 

İki sahil.- 2022.- 11 may.- S.10.