Gözəlliyin və mədəniyyətin təcəssümü

 

Şuşa növbəti Xarıbülbül Beynəlxalq Festivalı ərəfəsində

 

2020-ci ilin 8 noyabr günü tariximizə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycan tarixinin və mədəniyyətinin tacı olan Şuşa şəhərini erməni işğalından azad etdi.

Qırx dörd günlük Vətən müharibəsi dövründə düşmən tapdağından azad edilən Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, həm də geosiyasigeoiqtisadi baxımdan vacib bölgələrimizdən biridir. Şuşa uzun illər Qarabağın əsas iqtisadi mərkəzlərindən biri kimi tanınıb. Xüsusi iqtisadi potensiala malik olan Şuşada təxminən 1700-ə yaxın ticarət obyekti qeydə alınıb. 20.9 min hektar yararlı torpağı olan Şuşanın kənd təsərrüfatında heyvandarlıq daha çox inkişaf edib. 1992-ci ildə Şuşa təcavüzkar Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmamışdan öncə şəhərdə Şərq musiqi alətləri fabriki, İstehsalat kombinatı, Bakı Radioqurma İstehsalat Birliyinin müəssisəsi, Qarabağ İpək Kombinatının toxuculuq sexi və digər istehsal müəssisələri var idi. Şuşada, eyni zamanda, inşaat materialları istehsalı üzrə də müəssisələr fəaliyyət göstərirdi.

Milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi və musiqi sənətimizi daim özünün varlığında yaşadan Şuşanın təbiəti, iqlimi, tarixi, dini, memarlıq abidələri ilə daim insanları heyran edib. Təbii gözəllikləri ilə göz oxşayan, füsunkar təbiəti, səfalı yerləri, istirahət güşələri ilə Qarabağımızın incisinə çevrilən Şuşanın iqtisadiyyatında turizm xüsusi yer tutur. Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, Cıdır düzü turizm baxımından xüsusi üstünlüyə malikdir. 1992-ci ilədək Şuşada Turşsu istirahət və müalicə zonası fəaliyyət göstərirdi. Yeri gəlmişkən qeyd edək ki, ötən əsrdə Azərbaycanın rəhbərləri uzun müddət Şuşanın kurort şəhəri kimi formalaşması müəyyən tədbirlər həyata keçirsələr də əsaslı nəticə əldə edə bilmirdilər. 1969-cu ildə ulu öndər Heydər Əliyevin respublika hakimiyyətinə gəlişindən sonra şəhərdə Şuşa Ümumittifaq əhəmiyyətli kurort kimi inkişaf etməyə başladı. 1976-cı ilin 4 noyabr tarixində şəxsən Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR Nazirlər Soveti Şuşa şəhərində kurort kompleksinin sonrakı inkişafı üzrə tədbirlər haqqında qərar qəbul etdi. Həmin qərarda Şuşanın abad şəhərə çevrilməsi, kurortlar üçün vacib olan müvafiq infrastrukturun yaradılması üzrə vəzifələr müəyyənləşdirildi. Şəhərdə köhnə yöndəmsiz tikililər söküldü və çoxmərtəbəli yaşayış və inzibati binalar tikildi, sanatoriya və digər kurort müəssisələrinin korpusları ucaldıldı. Bundan sonra şəhərdə kurort təsərrüfatı inkişaf etməyə, kurort ticarəti idarəsi fəaliyyət göstərməyə başladı. O zaman şəhərin ətrafında karbon turşulu-hidrokarbonatlı-natriumlu Narzan tipli çoxsaylı mineral su mənbələri aşkar edilmişdi. Bu müalicəvi sudan Şuşanın sanatoriyalarında həm süfrə suyu kimi, həm də vanna qəbulu zamanı müvəffəqiyyətlə istifadə olunurdu. Bu sular nəfəs yolu xəstəlikləri, həzm, sinir sisteminin pozulması, qanazlığı kimi xəstəliklərin müalicəsi zamanı çox xeyirli idi. Şəhərdə gözəl mineral su qalereyası inşa olunmuşdu. Buraya su şəhərdən 30 km kənarda yerləşən mənbədən boru vasitəsi ilə çəkilmişdi. Həmçinin mineral su doldurulması zavodu da fəaliyyət göstərirdi.

Bundan başqa, 1977-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yenə də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Şuşa şəhərinin tarixi hissəsinin tarix-memarlıq qoruğu elan etmək haqqında qərar qəbul etmişdi. Bu qərara uyğun olaraq Şuşanın sosial-iqtisadi və mədəni həyatının dirçəldilməsi üçün genişmiqyaslı işlər görüldü.

2020-ci il 8 noyabr-Şuşanın düşmən tapdağından azad edilməsi Azərbaycan xalqının tarixinə Zəfər Günü kimi daxil oldu. Prezident İlham Əliyev 2021-ci il mayın 7-də Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Sərəncam imzaladı. Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği baxımından bu Sərəncamın müstəsna əhəmiyyəti vardır. Dövlət başçısı, həmçinin Şuşanın xalqımız üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq Azərbaycan Respublikasında 2022-ci ilin Şuşa İli elan edilməsi haqqında Sərəncam imzaladı.

Bu gün böyük quruculuq meydanına çevrilən Şuşada həyat sözün əsl mənasında yenidən qaynamağa başlayıb. Artıq Vaqif Poeziya Günləri və Xarıbülbül festivalı bərpa olunub. 2021-ci il mayın 12-13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı, milli mədəniyyətimizin beşiyi olan Şuşa iyirmi doqquz ildən sonra yenidən Xarıbülbül musiqi festivalına ev sahibliyi etdi. Qeyd edək ki, 2022-ci il 12-14 may tarixlərində V Xarıbülbül Beynəlxalq Festivalının keçirilməsi nəzərdə tutulub.

Bəli, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi, bundan sonra biz Şuşada əbədi yaşayacağıq. Yarandığı gündən gözəllik və mədəniyyət təcəssümü olan Şuşada bu gün həyat sürətlə canlanır. Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlər sayəsində bu gün bütün dünya vaxtilə Kiçik Paris, Qafqazın konservatoriyası kimi tanınan, tarixi əzəmətini özünə qaytaran, milli mədəniyyətimizin paytaxtı olan Şuşanı əsl Azərbaycan şəhəri kimi tanıyır.

 

Zahid Rza

 

İki sahil.- 2022.- 11 may.- S.10.