«Şuri-sahnaz» ilə dindirin məni...

 

«Xarıbülbül»ün mənəvi «pasportları»: «Şur», «Segah», «Çahargah»…

 

«Xarıbülbül» festivalı beynəlxalq aləmə Azərbaycanın milli-mənəvi dəyərlərinin, multikulturalizminin, müxtəlif xalqların birgəyaşayış qaydalarının təbliği, tolerantlığın təqdimatıdır

 

İşğaldan azad olunduqdan sonra aparılan quruculuq işləri ilə yeni, dirçəliş dövrünü yaşayan Şuşa, Cıdır düzü yenə təmtəraqlı günlərinin sevincini yaşayır. Təbiətin insanlara bəxş etdiyi nadir bitki olan xarıbülbül təravəti ilə qonaqların onsuz da yüksək olan əhval-ruhiyyəsini daha da yüksəldir. Bütün dünyada beynəlxalq incəsənət bayramı kimi tanınan, 1989-cu ildə mədəniyyət paytaxtımız Şuşada  təməli qoyulan «Xarıbülbül» musiqi festivalı musiqisevərləri eyni məkana toplayır.

Azərbaycanın tanınmış xanəndəsi Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar hər ilin may ayında keçirilən musiqi festivalında yerli sənətkarlarla yanaşı Yaponiyadan, ABŞ-dan, Türkiyədən, Almaniyadan, İsraildən, İtaliyadan, İspaniyadan, Avstriyadan, Əfqanıstandan, keçmiş SSRİ respublikalarından qonaqlar iştirak etmişlər. 1990-cı ildə beynəlxalq status alan «Xarıbülbül»” festivallarına müxtəlif xalqların folklor qruplarının dəvət olunması ölkəmizə marağı daha da artırırdı. Artıq arxivə göndərilən Dağlıq Qarabağ münaqişəsinin başlanması festivalın təşkilinə təsirsiz ötüşmədi. Bəzi konsertlər Ağdamda, Bərdədə, Ağcabədidə təşkil olundu. Böyük marağa səbəb olan ikinci üçüncü festivalların yekun konsertləri Bakıda Heydər Əliyev Sarayında da təşkil olundu. Şuşanın Ermənistan tərəfindən işğalı ilə əlaqədar bu musiqi bayramı sonuncu dəfə 1992-ci ildə keçirilmişdir. Torpaqlarımız Ermənistanın işğalından azad edildikdən sonra ərazilərimizdə, o cümlədən Şuşada bərpa- quruculuq işlərinə başlanılması ilə «Xarıbülbül»ə yeni həyat bəxş edildi. Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, Vaqif Poeziya Günlərinin «Xarıbülbül» festivalının bərpası xalqımızın Zəfər sevincini daha da artırdı.

2021-ci ilin may ayında Şuşanın Cıdır düzündə keçirilən IV «Xarıbülbül» festivalı Azərbaycanın musiqi mədəniyyətinin Zəfər çələngi adlandırıldı. Həmin festivalda Azərbaycanın müxtəlif regionlarını milli azlıqlarını təmsil edən folklor kollektivlərinin ifaları, vaxtilə Şuşada lentə alınmış Azərbaycan xanəndələrinin ifalarından ibarət videoçarxların nümayişi, Azərbaycanın klassik müasir bəstəkarlarının əsərləri iştirakçılarda xoş duyğular yaratdı.

 İkinci Qarabağ müharibəsində şəhidlərinin xatirəsinə həsr olunan, müqəddəs Ramazan bayramına təsadüf edən, Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışları, xalq klassik musiqidən ibarət maraqlı konsert proqramı ilə yaddaşlarda iz salan «Xarıbülbül»ün sədası bütün dünyaya yayıldı.

Ənənəyə uyğun olaraq 12-14 may 2022-ci il tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə V «Xarıbülbül» Beynəlxalq Folklor Festivalı keçiriləcək növbəti festival da əsl mənada Azərbaycan xalqının milli həmrəylik bayramına çevriləcək. Ölkəmizdə yaşayan, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün insanlar bir amal uğrunda birləşəcək, milli adət-ənənələrini nümayiş etdirəcəklər.

Ötən il uzun fasilədən sonra ilk dəfə keçirilən festivalda çıxış edən Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistan üzərində Qələbə çalmaqla bu gözəl ənənə bərpa olundu. «Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər bir daha biz bütün dünyaya buradanŞuşadan, qədim torpağımızdan mesaj veririk. Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur» sözləri ilə bu cür festivalları milli həmrəylik bayramı adlandırdı.

Yenidən bərpa edilən, əvvəlkindən yaraşıqlı simasına qayıdan, düşmənə gözdağı olan Şuşa yenə qonaqlı-qaralı günlərinə qayıdır. Mahiyyətcə musiqi festivalı kimi təqdim olunan, siyasi əhəmiyyəti ilə seçilən «Xarıbülbül» beynəlxalq aləmə Azərbaycan multikulturalizminin, müxtəlif xalqların birgəyaşayışının təbliği, tolerantlığın təqdimatı olacaq. Alınmaz qala olan Şuşanın işğaldan azad edilməsini İkinci Qarabağ müharibəsinin həlledici mərhələsi, qəhrəmanlıq tarixi adlandıran dövlət başçımızın vurğuladığı kimi Azərbaycan xalqının milli sərvəti sayılan bu şəhərdə belə möhtəşəm musiqi bayramında milli sərvətimiz kimi qorunan, UNESCO-nun Qeyri-Maddi İrs siyahısına daxil edilən muğamlarımızın səslənməsi, Şuşanın 270 illiyinə hazırlıq Azərbaycan xalqının milli ruhunun qorunmasıdır. Azərbaycanın görkəmli mədəniyyət incəsənət xadimləri, görkəmli sənətkarlar yenidən Cıdır düzündə birləşəcək, dini, milli, mənəvi köklərimizə bağlığımızı ifaları ilə bütün dünyaya bəyan edəcəklər.

Mədəniyyət paytaxtımızda keçirilən bütün tədbirlər, əsrlərə söykənən Türkiyə-Azərbaycan qardaşlığının əbədiliyinin dünya ictimaiyyətinə mesajı olan Şuşa Bəyannaməsinin imzalanması, Azərbaycanın BMT ilə əməkdaşlığının 30 illiyi ilə bağlı mərasimin, Dünya Azərbaycanlılarının V Zəfər Qurultayının da bu şəhərdə təşkili, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələrinin bu şəhərə davamlı səfərləri onu göstərir ki, biz Şuşaya qayıtmışıq bundan sonra burada əbədi yaşayacağıq.

Mayın 10-da, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günündə Füzuliyə Şuşaya səfəri zamanı xalqa müraciət edən, Prezident İlham Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərmiş, ən çətin anlarda milyonları arxasınca aparmış Azərbaycan dövlətçiliyinin qarantı missiyasını yerinə yetirmiş Ümummilli Liderin xidmətlərindən danışarkən Ulu Öndərin Şuşa ilə bağlı istəklərini xatırlatdı. Azərbaycan dövlətinin banisi, onun qurucusu kimi, mənalı həyatını xalqa həsr edən Ulu Öndərin ən böyük arzusunun Qarabağı yenidən azad görmək, ərazi bütövlüyümüzü bərpa etmək olduğunu xatırladaraq bildirdi ki, Onun uzaqgörən siyasətinin, dövlət, ordu quruculuğu sahələrində gördüyü işlərin nəticəsində Azərbaycan inkişaf yolu ilə dünyaya inteqrasiya olundu. «Əfsuslar olsun ki, atam bu günü görə bilmədi. Onun kimi yüz minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər. Biz - onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların ruhunu şad eləmişik» söyləyən dövlət başçımız ilk dəfə Prezident seçilərkən xalqına verdiyi, respublikaya rəhbərliyi dövründə yerinə yetirdiyi vədlərini də xatırlatdı: «Mən isə öz növbəmdə demişdim ki, əgər xalq etimad göstərərsə, mən prezident kimi Heydər Əliyev yolu ilə gedəcəyəm, bu yoldan dönməyəcəyəm və ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyəm. Buna and içmişdim. Xoşbəxt adamam ki, bu anda sadiq oldum və bu gün Qarabağ azaddır. Bu gün Qarabağda və Zəngəzurda Azərbaycan bayrağı dalğalanır. Arxamdakı inzibati binanın damında Şuşanın alınmasından sonra Azərbaycan bayrağı qaldırılmışdır və binanın damından müzəffər Azərbaycan əsgərləri Şuşanın azad olunması ilə bağlı mənə raport vermişlər

Bu gün Qarabağın dirçəlməsi, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə davam etdirilməsi, şəhərlərin, kəndlərin yenidən qurulması, Qarabağ bölgəsinin, Qafqazın incisi olan Şuşanın görkəminin dəyişməsi, torpaqlarımızın əsl sahiblərinə qaytarılması Ulu Öndərin arzularının yerinə yetirilməsidir. «Ulu Öndərin xatirəsinə öz ehtiramımı və Azərbaycan xalqının ehtiramını buradan ifadə etməli, bir daha deməli idim ki, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq

Füzulidə şəhər Peşə Liseyinin yaradılması, salınacaq park, tikiləcək xəstəxana, «Azərişıq» ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin istifadəyə verilməsi, respublikada enerji infrastrukturunun təkmilləşdirilməsi Böyük Qayıdışın yaxınlaşdırılması üçün görülən işlərin hər birində Ulu Öndərin gələcəyimiz üçün nəzərdə tutduğu konseptual inkişafın izləri vardır. Şuşada Şirin su hamamının, məşhur tarzən Sadıqcanın ermənilər tərəfindən dağıdılan evinin, Şuşa Realnı Məktəbinin, Mehmandarovların malikanə kompleksinin Heydər Əliyev Fondu tərəfindən bərpası Ulu Öndərin vəsiyyətlərinin yerinə yetirilməsidir. Ulu Öndərin Qarabağla bağlı istəkləri arasında mahiyyəti ilə seçilən, Azərbaycan mədəniyyətinə və incəsənətinə verilən ən böyük dəyər olan «Xarıbülbül» musiqi festivalının bərpası isə tariximizə, milli-mənəvi sərvətlərimizə sadiqliyi ifadə edən bu sözlərdir:

 

«Çahargah»ı araram «Şur»da dayansam,

«Şuri- sahnaz» ilə dindirin məni.

Əgər «Segah»ında alışıb yansam,

Yanar «Şüstər» ilə söndürün məni

«Humayın» artırır kədəri, ahı

«Rast»a düz deyiblər muğamlar şahı.

Ölüncə dinləyib «Yetim segah»ı

Sonra cənazəyə mindirin məni

«Zabul» yaylam olsun, «Şur» nəvazişim,

«Bayatı-Qacar»la hələ var işim,

Deyirəm, bir az da «Dilkəş» gəzişim,

Sonra məzara endirin məni.

Əgər məzarda alışıb yansam

«Bayatı - Şiraz»la söndürün məni.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2022.- 12 may.- S.3.