İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyə ilə

Azərbaycan arasında mədəniyyət körpüsü yaradıb

 

Türkiyə Cümhuriyyəti Anadolu Aydınlar Dərnəyinin və Türkiyə Azərbaycan Qardaşlıq Mədəniyyət və Strategiya Platformasının başçısı professor İbrahim Öztek Azərbaycan Mədəniyyət Nazirliyinə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140  illik yubileyi ilə bağlı təbrik məktubu göndərib.

Məktubda bildirilir: “Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyədə dəfələrlə geniş və əhatəli tədbirlər həyata keçirib. Bu tədbirlər ilk dəfə 2007-ci il noyabrın 18-25-də teatrın 125 illik yubileyi münasibətilə həyata keçirilib. İftixar Piriyevin rəhbərlik etdiyi teatr kollektivi Türkiyənin Manisa, İzmir və Niğdə şəhərlərində türk tamaşaçıları ilə görüşüb. Bu görüşlərdə  Ü. Hacıbəylinin “O olmasın bu olsun” və “Məşədi İbadın toy mərasimi” komediyaları və İftixar Piriyevin müəllifi Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Müstəqil Vətənin memarı” ədəbi-bədii kompozisiyası nümayiş etdirilib.

Bu tamaşalar böyük rəğbətlə qarşılanıb və xüsusilə Niğdə valisi Gündüz Bederin böyük rəğbətini qazanıb və bunun nəticəsi olaraq Niğde Kızıl Elma Parkının adı dəyişdirilib və Heydər Əliyev Parkı adlandırılıb.

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı ilə ikinci görüşümüz 2010-cu il martın 15-28-də oldu. Bu görüşdə Türkiyə teatr kollektivləri ilə birgə “Çanaqqalaya can verənlər” tamaşası hazırlanmış və bu tamaşa İstanbul və Manisada nümayiş etdirilib. Azərbaycan kollektivi tamaşaçıların böyük rəğbətini qazanıb.

15-25 noyabr 2011-ci il tarixində Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü çərçivəsində Azərbaycan Kültür Dərnəklərinin və Türkiyə Aydınlar Dərnəklərinin dəvəti ilə teatr kollektivi üçüncü dəfə Türkiyəyə səfər edib.

Bu səfər daha əhatəli olub. İğdır, Qars, Ankara, Manisa, İzmir, Muğla, Kuşadası və İstanbulda teatr tamaşaları nümayiş olunmaqla yanaşı, Azərbaycan mədəniyyəti təbliğ edilmiş, ulu öndər Heydər Əliyevin ölkəsi Azərbaycan üçün gördüyü nəhəng işlər diqqət mərkəzində olmuşdur.

Bununla yanaşı Türkiyə teatr kollektivləri ilə birgə hazırlanan “Xilaskar”, Zihni Papakçı və İftixar Piriyevin birgə hazırladıqları “Soyqırım abidəsi dastanı” tamaşaları böyük həvəslə izlənilib.

Bu tamaşalar Türkiyənin bir çox şəhərində, o cümlədən Manisada üç dəfə nümayiş olunub. Bu tamaşalara valilik tərəfindən bilet satılıb, əldə edilən gəlir Manisa valisi tərəfindən zəlzələdə nəticəsində dağılan teatr binasının bərpası üçün Van vilayətinin bank hesabına yatırılıb.

Azərbaycan teatr kollektivinin Vanda zəlzələ qurbanı olan türk qardaşlarına göstərdiyi həssaslıq və humanistlik böyük alqışlarla qarşılanıb.

Səhnəyə qoyulan əsərlər isə Qafqaz İslam Ordusu komandanı Nuri Paşanı canlandıran “Soyqırım tarixi dastanı” və Türkiyə Cümhuriyyətinin qurucusu qazi Mustafa Kamal Atatürkün Ərzurum konqresini ifadə edən “Cümhuriyyətin ilk səsi” olub.

2013-cü ildə İrəvan Azərbaycan Dram Teatrı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq aksiyası çərçivəsində Türkiyə Beynəlxalq Azərbaycan Mədəniyyəti, Tarixi, Dili Araşdırma Mərkəzinin dəvəti ilə Türkiyədə mühüm tədbirlər həyata keçirib. 2016-cı ildə daha geniş və əhatəli tədbir çərçivəsində Qars, Ərzurum, İnegöl, Bursa, Manisa, İzmir, Sakarya, İstanbul, Amasya, Samsun, Giresun və Trabzon şəhərlərində tamaşalar səhnəyə qoyulub”.

Məktubda qeyd edilir ki, Anadolu Aydınlar Dərnəyi Azərbaycan və Türkiyənin milli maraqlarına önəm verən ortaq bir cəmiyyətdir: “Bu cəmiyyət  və qeyri-hökumət təşkilatlarının Xocalı, Qafqaz İslam Ordusu, 31 Mart Soyqırımı, Azərbaycan Cümhuriyyətinin yaranması, tarixi Zəfər və s. istiqamətlərdə fəaliyyəti daha çox İrəvan Dövlət Azərbaycan Dram Teatrının təşkil etdiyi tədbirlərdə daha çox reallaşdırılmış və bu kontekstdə də davam edir. 2018-ci ildə 27 aprel - 8 may tarixləri arasında Trabzon, Sakarya, İstanbul, Ədirnə, Çanaqqala, İzmir, İnegöl, Bursada "Bir Millət, İki Dövlət" prinsipi ilə teatr tamaşaları, konfranslar təşkil edilib. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı bu gün böyük şöhrət və şərəflə 140 illik yubileyini qeyd edir. Təbrik edirik. Bu teatrın ilk yaradıldığı yer olan İrəvanın əsl sahiblərinə  qovuşması və əbədi vəzifəsini yerinə yetirməsi ən böyük arzumuzdur.  Bu teatr Türkiyədəki fəaliyyəti ilə Türkiyə ilə Azərbaycan arasında incəsənət, mədəniyyət və tarix körpüsü yaradıb və böyük rəğbət qazanıb. Azərbaycan incəsənəti, teatrı, ədəbiyyatı, mədəniyyəti Türkiyədə tanıdılır. Nümayiş etdirdikləri tamaşalar adət-ənənələrimizi əks etdirərək, milli ruh, türkə layiq Vətən sevgisi və məhəbbəti aşılayan məzmuna malikdir. İrəvan Dövlət Azərbaycan Dram Teatrı da ortaq milli dəyərlərimizi, maraqlarımızı, siyasətimizi ifadə etməsi baxımından önəmlidir. Bu, həm də Türkiyə və Azərbaycanın mədəni inkişafına böyük xidmətdir.

İftixar Piriyev və onun dəyərli komandası böyük sevgi və fədakarlıqla həyata keçirdikləri fəaliyyəti ilə Türkiyədə böyük sevgi, dostluq, qardaşlıq və mehribanlıqla qarşılanmış və dəfələrlə müxtəlif mükafatlarla təltif olunmuşlar. Bu münasibətlə Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev və teatrın kollektivini 140 illik yubileyləri münasibəti ilə Türk milləti adından təbrik edir, uğurlar arzulayırıq. Azərbaycan Cümhuriyyətinin 104-cü ildönümü mübarək olsun, dövlətlərimiz sonsuza qədər yaşasın. Mədəniyyət Nazirliyinə sonsuz ehtiramlarımızı ifadə edirik.”

 

Zamin Məmmədov

 

İki sahil.- 2022.- 21 may.- S.21.