Böyük vətənpərvər, görkəmli

maarifçi, mübariz publisist

 

Prezident İlham Əliyev 2022-ci il oktyabrın 3-də Azərbaycan milli mətbuatının ünlü nümayəndəsi, görkəmli publisist, tanınmış maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb

 

Ömər Faiq Nemanzadə 1872-ci ilin 24 dekabrında Axalsıx qəzasının Azğur kəndində anadan olmuşdur. O, bir neçə il molla məktəbinə getsə də, dinə maraq göstərməmiş və yenicə açılmış rus məktəbinə daxil olmuşdur. Atası onun Qori Müəllimlər Seminariyasında oxumasını istəyirdi. Ancaq dindar qadın olan anasının: Mən oğlumu kafirlərin içərisinə buraxa bilmərəm- deyə etiraz etməsi buna mane olmuş və anasının təkidi ilə 1882-ci ildə İstanbula getmiş, Fateh məktəbində təhsilini davam etdirmişdir. Təbiət elmlərinə həvəsi olduğuna görə sonradan Darüş şəfəq məktəbinə daxil olmuşdur. 1891-ci ildə həmin məktəbi bitirdikdən sonra Qalata poçt və teleqraf idarəsində əmək fəaliyyətinə başlamışdır. O, burada qəzet və jurnallar vasitəsilə Avropadakı demokratik ruhlu türk mühacirlərinin əhval-ruhiyyəsi və türk inqilabçı şairlərin bədii yaradıcılığı ilə yaxından tanış olmuşdur.

Ömər Faiq 1894-cü ildə Şəkidə ilk üsuli-cədid məktəbində dünyəvi elmlərdən dərs demiş və İstanbuldan gətirdiyi açıq fikirli əsərləri xalqa paylayıb oxutmuşdur. O, burada M.F.Axundovun Müsyo Jordan və dərviş Məstəli şah pyesini səhnə üçün hazırlamış, Müsyö Jordan rolunda özü çıxış etmişdir.

Ömər Faiqin publisistik fəaliyyəti təkcə əməkdaşı olduğu Şərqi-rus qəzeti və Molla Nəsrəddin jurnalı ilə məhdudlaşmırdı. Dövrün ən nüfuzlu qəzet və jurnallarında onun imzası tez-tez görünürdü. Ömər Faiqin publisistik fəaliyyətindəki əsas mənəvi-etik prinsiplərindən biri də vətənpərvərlik, Vətənə, xalqa bağlılıq, xalqın mənəvi sərvətlərinə qayğılı münasibət idi.

Ömər Faiq siyasi cəhətdən yetkin, mübariz bir publisist idi. O, bir çox siyasi toqquşmalarda şəxsən iştirak edir, siyasi təbliğat aparırdı. O, XX əsrin əvvəllərində Azərbaycan mətbuatı tarixinə parlaq səhifələr yazmış son dərəcə mürəkkəb şəraitdə onun inkişafına istiqamət verərək keyfiyyətcə yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış maarifpərvər ziyalılardandır. Ədəbi-mədəni həyatda mühüm hadisəyə çevrilmiş Qeyrət mətbəəsinin Yaxın Şərq ölkələri ədəbiyyatında demokratik meyillərin güclənməsinə qüvvətli təsir göstərmiş məşhur Molla Nəsrəddin jurnalının yaradılması ədibin gərgin səmərəli fəaliyyətinin ayrılmaz tərkib hissələridir.

Ana dilinə sevgini Vətənə məhəbbətin ən vacib şərti sayan geniş erudisiyalı, fədakar qələm sahibi doğma xalqının mədəni dirçəlişi, istiqlalı xoşbəxt gələcəyi naminə bilik bacarığını əsirgəmədən əzmlə mübarizə aparmışdır. Ö.F.Nemanzadə Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Cəlil Məmmədquluzadə, Əbdürrəhman bəy Haqverdiyev, Üzeyir Hacıbəyli, Firudin bəy Köçərli kimi dövrün tanınmış mütəfəkkirləri ilə birlikdə dilimizin təmizliyi qorunması uğrunda mübarizə aparırdı. Böyük mütəffəkir Mədəniyyətmi, şəfahətmi? məqaləsində yazırdı:

Dinəndə yandı dilim, dinməyəndə dil yandı,

dərdi gizlədə bildim, aşikar elədim.

Ümumxalq əhəmiyyəti daşıyan bütün taleyüklü məsələlərin zamanın qabaqcıl ideyaları fonunda daim azərbaycançılıq məfkurəsi cəbhəsindən işıqlandırılması Ömər Faiq Nemanzadənin milli ideyalarla zəngin dərin siyasi-ictimai məzmuna malik publisistik irsinin başlıca leytmotivini təşkil etmişdir.

Ömər Faiq Nemanzadənin fəaliyyətinin daha məhsuldar dövrü XX əsrin əvvəllərinə təsadüf edilir. Böyük mütəffəkkir məhz o dövrdə publisistik məqalələrində göstərirdi ki, millətimiz maariflənməli, inkişaf etmiş xalqların təcrübələrinə yiyələnməli, onlardan dərs almalı onların açdığı yolla irəliləməlidir. Maarifpərvər publisist yazırdı: Qiyamətə qədərmi kor gəlib, kor gedəcəyiz? Qafil doğub, qafil öləcəyiz? İlahi, bizim millətimizin mərifət baharı vaxt gələcək? Elm çiçəklərimiz zaman açılacaq? Həmişə böylə gözü bağlı, dili lalmı qalacağız? Bu halətdir ki, biz düşmüşüz. Bu yükdür ki, biz çəkirik? Daha zamana qədər bu cəhalət boyunduruğundan qurtula bilməyəcəyiz? Axı biz insanız! Cəhalət ilə puç olub gedən, mərifət ilə salamata çıxan millətlərdən ibrət alalım! Onlara bu barədə şükür-dua edəlim. Edəlim ki, bizə öncülük, rəhbərlik edib nümuneyi-misal olmuşlar. Mərifət cəhalətin xeyir şərini çox əvvəl pək böyük fəlakətlər ilə təcrübə etmişlərdir. O dərəcədə ki, daha bizə təcrübə üçün bir qaranlıq nöqtə olsun buraxmamışlardır. Ancaq bu gün bizə qalan vəzifə bu neməti qənimət bilib insanca istifadə etmək, ibrət almaqdır.

Bütün bu cür amansız tənqidlərinə, inqilabı ideya çıxışlarına görə Ömər Faiq 1907-ci ildə Tiflisdə həbs edilmiş Metex qalasına salınmışdı. Bundan sonra böyük mütəffəkkir şairimiz M.Ə.Sabir Ö.F. Nemanzadəyə həsr etdiyi Soldumu gülzarın, ey Faiq Neman pəsər? şeirində yazırdı:

Söyləmədimmi sənə rahət otur heyfsən?

Çəkmə bu millət qəmin, çək özünə keyf sən!

Xana deyildir sənin, getməlisən, zeyfsən!

Eyləmədin etina qissə haman oldumu?

Şimdi sənə mən deyən mətləb əyan oldumu?

Görkəmli maarifçi, mübariz publisist Ömər Faiq Nemanzadə dövrün vətənpərvər ruhlu bir çox şəxsiyyətləri kimi totalitar sovet rejiminin 1930-cu illər repressiyasının qurbanlarından olmuşdur.

 

Zahid Rza

 

İki sahil.- 2022.- 6 oktyabr.- S.7.