Musiqi pedaqogikasının

elmi araşdırmaları

 

Bəşəri dəyərlərin zənginləşməsində, cəmiyyətlərin, insanların formalaşmasında böyük təsiri və rolu olan pedaqoji biliklərlə bağlı düşüncələr alimlər tərəfindən təhlil, təsdiq edilmişdir. Təsadüfi deyil ki, pedaqogika normativ biliklər sistemi kimi dəyərləndirilir, müstəqil elm, fənn kimi tədris edilir. İ.Kant, G.V.Hegel, İ.F.Herbart kimi dünya şöhrətli alimlər mühazirələri zamanı pedaqogikanı fəlsəfənin ayrılmaz hissəsi adlandırmışlar. Alman alimləri H.Myunşterberq, E.Meyman, amerikalı psixoloq U.Ceyms, rus pedaqoqu K.D.Uşinski pedaqogikanın tədrisinə müstəqil elm kimi diqqət yetirmişlər.

Bu baxımdan tam əminliklə demək olar ki, çoxəsrlik tarixə malik pedaqogika digər elmlərin qarşılıqlı təsiri və üzvi əlaqəsi nəticəsində təşəkkül tapmış, inkişaf edərək zənginləşmişdir. Pedaqogika varlığı anlayışlar formasında mənimsəyən elmlərdən biri olduğu üçün özünün anlayış sisteminin təkmilləşməsinə həmişə ehtiyac duyulmuşdur.

1950-ci illərdən etibarən İtaliya, Fransa, ABŞ və digər ölkələrdə müxtəlif pedaqoqlar birləşərək pedaqoji dərgilər, toplular, jurnallar çap etdirməyə başlamışlar. Mütəxəssis kimi, təlim, tərbiyə və təhsil sahəsində apardıqları tədqiqat işlərinin nəticələrini həmin informasiya vasitələri ilə təşviq etmişlər. ABŞ-da U.Adler, U.Foster, P.Krosser, İngiltərədə B.Saymon, M.Morris, Fransada R.Harodi, İ.Konyo planlı və məqsədyönlü təsir göstərməyin zəruriliyini əsaslandıraraq, demokratik məktəb sistemi uğrunda mübarizənin metodlarını müəyyənləşdirmiş, icbari təhsilin müddətinin uzadılmasını tələb etmişlər. Onların fikrinə görə, uşaqların imkanlarını, qabiliyyətlərini tərbiyə şəraitindən ayırmaq və ayrıca nəzərdən keçirmək qeyri-elmi yoldur.

Azərbaycanın görkəmli şəxsiyyətlərinin pedaqogika ilə bağlı fikirləri də maraqlıdır. XI-XII əsrlərdə Azərbaycanın müdrik filosofları, şairləri və yazıçıları, elm adamları Qətran Təbrizi, Bəhməniyar, Əfzələddin Şirvani, Fizuli, Nizami, Nəsrəddin Tusi maarifçi-pedaqoq kimi təlim-tərbiyə sahəsində öz fikirlərini söyləmişlər. Nizami Gəncəvinin Xəmsəsi zəngin pedaqoji ensiklopediya hesab olunur. Şərqdə və Qərbdə əxlaq elminin banisi kimi tanınmış Nəsrəddin Tusinin pedaqoji fikirləri Əxlaqi-Nasir əsərində öz əksini tapmışdır. XII-XIII əsrlərdə Abbasqulu ağa Bakıxanovun Nəsihətnamə, Gülüstani-İrəm, Əxlaqın saflığı, Qanuni-Qüds və digər əsərlərində yüksək əxlaqi keyfiyyətlərdən söz açılır. Belə bir fikir təsdiqlənir ki, ağıl və elmdən yaxşı dövlət yoxdur. Şəxsiyyətin formalaşmasında pedaqogikanın rolunu yüksək dəyərləndirən M.F.Axundova görə, tərbiyənin əsas məqsədi kamil insan yetişdirməkdir.

Vaxtilə fəlsəfənin və sosiologiyanın tərkibində olan, bir müddətdən sonra isə ondan ayrılan və zaman ötdükcə müstəqil elmə çevrilən pedaqogika müxtəlif istiqamətlər üzrə inkişaf etmiş, şaxələrə ayrılmışdır. Dəyərləri baxımından mürəkkəb olan bu elm mahiyyət etibarilə genişdir. Alimlərin etiraf etdikləri kimi, hətta ən dərin elm belə onun mahiyyətini, əlaqələrini və ifadə vasitələrini əhatə edə bilməz. Zaman ötdükcə pedaqogika elmi uzun inkişaf yolu keçmiş, çoxlu nəzəri və təcrübi informasiya mənbəyinə çevrilmiş, şaxələnərək təhsil, təlim, tərbiyə haqqında elmlər sistemi üzrə formalaşmışdır. İnsanı öyrənən, onun təhsil-tərbiyə problemlərini tədqiq edən, praktika üçün tövsiyələr işləyib hazırlayan pedaqoji elmləri əhatə edən sahələr arasında ardıcıl, sıx əlaqə vardır.

Azərbaycanda elmin bu sahəsi ilə bağlı araşdırmaların formalaşması, musiqi pedaqogikası haqqında təsəvvürlərin formalaşması daha çox müasir dövrümüz üçün səciyyəvidir. Bu sahədə araşdırmalar aparan pedaqoqlar, milli-mənəvi dəyərlərimizdəki psixoloji fikirləri müəyyən qədər öyrənən alimlər ali məktəblərdə, kolleclərdə elmin bu sahəsinin öyrənilməsi üçün həlli vacib problemlərin tədqiqinə xüsusi diqqətlə yanaşırlar. Şəxsiyyətin formalaşmasında musiqi pedaqogikasının əhəmiyyəti baxımından bu sahəni əhatə edən fənnlərin tədrisinə artan maraq təbiidir.

Bəllidir ki, pedaqoji elmlər insanın müxtəlif yaş dövrlərində təlim-tərbiyə məsələlərinə təsir göstərir. Yaşa görə pedaqoji elmlərin istiqamətləri də müxtəlifdir: körpəlik, məktəbəqədər tərbiyə, məktəb, texniki peşə məktəbi, orta ixtisas, ali məktəb pedaqogikası üzrə mərhələlərlə inkişaf edən elmin bu sahəsi insanın düşüncə tərzini formalaşdırır. Başqa sözlə deyilsə, pedaqoji elmlərin müəyyən qismi müxtəlif fəaliyyət sahələri ilə əlaqədardır. Konkret fəaliyyətlə bağlı pedaqogikanın əhəatə etdiyi sahələr idman, istehsalat, sosial hərbi, hüquq, mədəni-maarif işi , musiqi pedaqogikası olmaqla cəmiyyətimizin bütün sahələrini əhatə edir və özünəməxsus xarakter vә spesifik cәhәtlәri ilə fərqlənir. Bu mәnada musiqi pedaqogikası musiqi tarixi, musiqi nәzәriyyәsi, ifaçılıq, psixologiya, estetika vә s. ilә dә әlaqәdardır.

Musiqi insanlara çox güclü tәsir bağışlayan emosional gücә malikdir. Dünyanın әn mәşhur şairlәri, filosofları, bәstәkarları musiqiyә hәmişә yüksәk qiymәt vermişlәr: Hәr hansı bir xalqın müvәffәqiyyәtli inkişafında üç faktor hәlledici әhәmiyyәtә malikdir. Bunlar hәrf, not vә rәqәmdir (V.Hüqo), Yaradıcılıq hәyatımı mәn musiqisiz tәsәvvür edә bilmәrәm. Әgәr mәn uşaqlıqdan musiqini sevmәsәydim, heç vaxt mәşhur rәssam olmazdım (S.Konenkov), Mәnim mәqsәdim insanları musiqi vasitәsilә daha yaxşı etmәkdir (G.Hendel), Musiqi insan hisslәrinin riyaziyyatı, riyaziyyat isә insan tәfәkkürünün musiqisidir (Silvester), Musiqinin mәqsәdi - insanları yaxşılığa doğru aparmaqdır (C.Enesku) kimi müdrik kəlamlar da təsdiqləyir ki, musiqi vasitәsilә tәrbiyә pedaqoqların, psixoloqların, tәdqiqatçıların, musiqi pedaqogikası sahәsindә çalışan mütәxәssislәrin yaradıcılıq obyekti olmuşdur.

Musiqi tәrbiyәsi ilә bağlı dünyanın әn görkәmli alimlәri tәdqiqatlar aparmış vә bu sahədə çalışan mütәxәssislәrin diqqәtini cәlb edәn maraqlı nәticәlәr әldә etmişlәr. Mәktәblilәrin musiqi vasitәsilә tәrbiyәsindә milli musiqidәn istifadә problemi isә tәdqiqatçıların hər zaman әsas vә başlıca mövzularından olmuşdur. D.Kabalevski 1985-ci ildə Rusiya məktəbləri üçün musiqi proqramı olan Tri kita adlı proqram tərtib etmişdir. Azərbaycanın tanınmış bəstəkarları Oqtay Rəcəbov V.Xəlilov bu proqramın məzmunu əsasında marş, mahnı rəqs janrlarını əhatə edən 3 alma proqramını hazırlamışlar. Bu 3 janrı uşaqlara öyrətmək başqa musiqi növləri ilə yanaşı tədris emək səmərəsini göstərir.

Pedaqogika elmləri doktoru, professor Jalə Qədimovanın axtarışlarının məhsulu olan 55 məqalə, 2 monoqrafiya, 8 dərslik, dərs vəsaiti metodiki göstərişlər tədris müəssisələrində istifadə olunan dəyərli vasitələrdəndir. Pedaqoji elmlər namizədi İradə Məmmədovanın Musiqi pedaqogikası adlı kitabında musiqi pedaqogikasının predmeti, nəzəri texnoloji məsələləri geniş işıqlandırılıb. Bu dərs vəsaiti pedaqoji universitet, musiqi kolleci konservatoriya tələbələri, magistrlar, aspirantlar praktiki musiqi müəllimləri üçün dəyərli tədris vəsaitidir. Azərbaycanda musiqi pedaqogikasının yaradıcılarından biri professor, pedaqogika elmləri doktoru Sabir Quliyevdir. Azərbaycan məktəblərində bəstəkarlarla birlikdə bu elmin tədrisinə yenilik gətirən Sabir Quliyevin təcrübəsi öyrənilməkdədir. Yəni, respublikamızda gənclərimizin mənəvi tərbiyəsində böyük təsir gücünə malik müasir dövrü əhatə edən musiqi pedaqogikası ilə bağlı araşdırmalar davam edir çox geniş əhatəlidir. Musiqi pedaqogikası sahəsində bu kimi elmi araşdırmalar xüsusi rol oynayır musiqi sahəsində tədris alan tələbələr üçün böyük əhəmiyyət kəsb edir.

 

Arzu Süleymanova,

ADPU-nin nəzdində Azərbaycan

Dövlət Pedaqoji Kollecinin müəllimi

 

İki sahil.- 2022.- 6 oktyabr.- S.6.