Zəngilan: Əzəli yurda

əbədi qayıdışın ünvanı  

 

İki il öncə müzəffər Azərbaycan Ordusu Zəngilanın işğal tarixinin - 29 oktyabr 1993-cü ilin üstündən xətt çəkərək yeni tarix - 20 oktyabr 2020-ci il növbəti Zəfər tarixini yazdı. Beləliklə, Cəbrayıl, Füzulidən sonra Zəngilan da azadlığa qovuşdu. Düşmənlə son ana qədər mübarizə aparan Zəngilan işğal edilən sonuncu torpağımız olsa da, 30 ilədək bir dövrdən sonra azad olunan ilk ərazilərimizdən oldu.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı. Oktyabrın 20-də Prezident İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Artıq Azərbaycanın üçrəngli bayrağı bu qədim yurdumuzda da qürurla dalğalanır.

Bakı-Culfa-Naxçıvan dəmir yolunun üzərində yerləşdiyindən mühüm strateji əhəmiyyətə malik olan Zəngilanın ərazisi 707 kvadratkilometr, əhalisi isə 35 mindən çox olmuşdur. İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi. Bütün bunlar Zəngilanın necə böyük tarixi və mədəni əhəmiyyətə malik olduğunu sübut edir. İşğal dövründə erməni cəlladları tərəfindən ekoloji cəhətdən zəngin olan torpağımızda ağaclar kütləvi şəkildə qırılmış, meşə ağacları doğranaraq xarici ölkələrə satılmış, yeraltı sərvətlərimiz - qızıl, molibden və digər yataqlar istismar edilmişdir. Ermənistandakı Qacaran mis-molibdenQafan filizsaflaşdırma kombinatlarının tərkibində ağır metallar, fenol, və radioaktiv maddələrin miqdarı normadan min dəfələrlə çox olan tullantı suları Zəngilandan keçərək Araz çayına tökülən Oxçuçayı çirkləndirib. Nəticədə təbiətə, ətraf mühitə ciddi ziyan dəyib, çaydakı nadir balıq növləri məhv olub.

Artıq bu torpaqlar onu viran günə qoyan, xarabalığa çevirən ermənilərin əsarətindən xilas olub. İndi burada abadlıq-quruculuq işləri geniş vüsət alıb, yeni, misligörünməmiş layihələr həyata keçirilir. Müasir infrastruktur qurulur, nəhəng tunellər çəkilir, dünya miqyaslı dəhlizlər salınır, beynəlxalq hava limanları tikilir, bir sözlə, bu diyar meqalayihələrin gerçəkləşdirildiyi unikal məkana çevrilir.

Tezliklə Şərqi Zəngəzurun ilk ae­roportu olan Zəngilan Beynəlxalq Hava Limanının da açılışı baş tutacaq. Ötən ay Zəngilan aeroportunda “Azərbaycan Hava Yolları”nın (AZAL) ən böyük sərnişin təyyarəsi “Airbus A340-500” ilk texniki uçuşunu müvəffəqiyyətlə yerinə yetirib və burada yeni uçuş-enmə zolağına endi. Bu aeroport çoxfunksiyalı hava limanı olaraq, regionun iqtisadi, nəqliyyat və sosial məsələlərinin həlli üçün mühüm infrastruktur rolunu oynayacaq. Ölkənin digər beynəlxalq hava limanları kimi, müasir tipli böyük təyyarələri qəbul edə bilən bu hava limanı, eyni zamanda, dünya standartlarına və tələblərinə cavab verir. Belə ki, Aerodrom ICAO-nun bütün tələblərinə əsasən uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün cihazlar üzrə enmə və naviqasiya sistemləri, işıq-texniki sistemlər, birinciliikincili müşahidə radio­lokasiya stansiyası ilə tam təchiz olunub. Hava limanı texniki cəhətdən tam komplektləşdirilib və bütün tələb olunan aeronaviqasiya avadanlıqları ilə təmin edilib. Hava hərəkətinin avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz olu­nan hava hərəkəti idarəsi qülləsinin tikintisi başa çatdırılıb. Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad edilən Azərbaycan ərazisində Füzuli Beynəlxalq Hava Limanından sonra inşa olunmuş 2-ci hava limanıdır.

Zəngilanda reallaşan digər böyük layihə “ağıllı kənd” layihəsidir. Bu il mayın 27-də "ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi keçirildi. Həmin gün dövlət başçısı İlham Əliyev Ağalı kənd sakinləri ilə görüşü zamanı bütün Azərbaycan xalqına müjdə verərək söyləmişdi ki, "Bu gün Böyük Qayıdış dediyimiz prosesə start verildi. Böyük qayıdışın birinci kiçik addımı, bax bu gün atılır".

Şanlı Zəfərimizin ardınca xalqımıza verilən bu xoş xəbərdən sonra, yurd həsrətli soydaşlarımız od-ocaqlarına dönəcəyi zamana sayılı günlər qalmasının təsvirəgəlməz sevincini yaşadılar. çox keçmədən Zəngilanın Ağalı kəndinin sakinləri illərlə arzuladıqları bu xoşbəxtliyi yaşadılar, doğma kəndlərinə qovuşdular. İyulun 19-dan etibarən Zəngilanın Ağalı kəndinə əhalinin dörd mərhələdə köçürülməsinə start verildi. Abşeron rayonunun Masazır kəndindəki "Zəngilan şəhərciyi"ndən dördüncü köç karvanı isə ayın 25-də Ağalıya yola salındı. Daha 10 ailə - 58 nəfər yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşdılar. Beləliklə, Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi uğurla başa çatdırıldı.

Məcburi köçkünlərin 13 ailədən (62 nəfər) ibarət növbəti qrupu sentyabr ayında yola salındı. Böyük Qayıdışa uyğun olaraq ikinci mərhələdə 25 ailənin 125 nəfər üzvü Ağalı kəndinə yola düşdü. Köçürülən ailələr, əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilibbu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.

Vətən müharibəsindən sonra doğma yurdlarımıza gerçəkləşdirilən möhtəşəm qayıdışın ilk ünvanı olan Ağalı kəndi, həm də bu torpaqlarda əbədi sülhün bərqərar olduğunun əyani nümayiş ünvanıdır. Təsadüfi deyil ki, Ağalı kəndinin mərkəzi meydanında otuz ilə yaxın müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi də Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən işə salınıb. Bu gün bir daha dünyaya bəyan edir ki, bu yurdların əzəli sahibləri qayıdıblar və dünya durduqca bu torpaqlarda var olacaqlar, yaşayacaqlar, yaradacaqlar...

 

Sevinc Azadi

 

İki sahil.- 2022.- 20 oktyabr.- S.11.