Zülmət içində nur: 140 yaşlı İrəvan Dövlət Azərbaycan Dram Teatrı

 

“Hər bir ölkənin mənəvi, mədəni həyatı da ölkənin səviyyəsini göstərir. Bu sahəyə daha böyük diqqət göstərilməlidir” deyən Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 19 ildə ölkəmizdə mədəniyyət sahəsində də əsaslı islahatlar aparılıb, milli-mənəvi dəyərlərimizin qorunması, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə geniş təbliğ olunması istiqamətində ciddi addımlar atılıb.

Ötən müddətdə neçə-neçə mədəniyyət müəssisəsi əsaslı təmir edilib, yenidən qurulub, sənət ocaqları tikilib, mədəniyyət obyektlərinin maddi-texniki bazası gücləndirilib. Həmçinin ölkəmizdə çoxsaylı beynəlxalq festivallar və yarışmalar təşkil edilib, mədəniyyət işçiləri, incəsənət xadimləri dövlət qayğısı ilə əhatə olunub.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində irihəcmli layihələr həyata keçirilib. Son illərdə Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin yaradılması, “Qarabağ xanəndələri” musiqi albomunun nəfis şəkildə buraxılışı, “Muğam dünyası” Beynəlxalq Festivalı və sair Heydər Əliyev Fondunun mədəniyyət və incəsənətimizə diqqət və qayğısının bariz təsdiqidr.

Qırx dörd günlük Vətən müharibəsi dövründə işğaldan azad edilən Qarabağın tacı, mədəniyyətimizin paytaxtı Şuşada bu istiqamətdə qısa müddət ərzində böyük işlər görüldü. Xurşid banu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri yenidən Şuşada qoyuldu. Bülbülün ev-muzeyi bərpa edildi.

Vətən müharibəsində qazandığımız şanlı Zəfər Qarabağda tarixi ənənələrimizin və mədəni tədbirlərimizin də bərpasına yol açdı. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. 30 illik fasilədən sonra Şuşada Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı təşkil keçirildi, Heydər Əliyev Fondu tərəfindən Vaqif Poeziya Günləri yenidən təşkil olundu.

Böyük sevinc hissi ilə demək olar ki, 2019-cu ilin “Nəsimi İli”, 2021-ci ilnNizami ilielan olunması, Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı  Aşıq Ələsgərin 200 illiyinin, eləcə də ayrı-ayrı ədəbiyyat və incəsənət xadimlərinin və böyük sənət ocaqlarının yubileylərinin keçirilməsi, teatr, kino, musiqi, milli-mənəvi dəyərlərimizin digər sahələrini əhatə edən uzunmüddətli Dövlət proqramları haqqında imzaladığı sərəncamlar ölkə başçısının mədəniyyətimizə yüksək qiymət verməsinin parlaq təzahürüdür. Bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyinin qeyd olunması bunun bariz nümunəsidir.

Sərəncamda göstərilir ki, azərbaycanlıların tarixən köklü yaşadığı mühüm elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi tanınan İrəvan mahalında 1882-ci ildən etibarən fəaliyyətə başlayan Teatr sonrakı dövrlər ərzində özünün zəngin repertuarında milli ədəbi-bədii fikrin nailiyyətlərinə daim xüsusi yer verərək tamaşaçıların rəğbətini qazanmış və mədəniyyət salnaməmizə yaddaqalan səhifələr yazmışdır. Azərbaycanın görkəmli səhnə ustalarından bir çoxunun yaradıcılıq taleyi peşəkar milli teatrımızın ayrılmaz tərkib hissəsinə çevrilən bu qocaman sənət ocağı ilə sıx bağlıdır. Azərbaycan teatr sənətinin inkişafına əvəzsiz töhfələr vermiş qüdrətli sənətkarlar Əli Zeynalov, Ətayə Əliyeva, İsmayıl Dağıstanlı, Kamil Qubuşov, Kazım Ziya, Rza Əfqanlı, Məmmədsadıq Nuriyev, Həsən Mirzəyev kimi görkəmli sənətkarlar aktyorluq həyatına İrəvan Teatrında başlamışlar.

Keşməkeşli yol keçmiş və dəfələrlə erməni vandalizminə məruz qalmış Teatrın salnaməsi əzəli Azərbaycan torpaqlarındakı həmyerlilərimizin tarixi taleyinin bir parçasıdır. 1918-1920-ci illərdə ermənilər İrəvanda kütləvi qırğınlar törədərkən aktyor truppası mühacirətə üz tutan Teatr öz fəaliyyətini 1922-ci ildə bərpa etmiş, Azərbaycan ziyalılarının fədakarlığı sayəsində 1928-ci ildə müvafiq qərarla dövlət teatrı statusunu almış, 1935-ci ildən isə böyük dramaturq Cəfər Cabbarlının adını daşımışdır.

Azərbaycanlıların Ermənistandan 1948-1953-cü illərdəki deportasiyasından da acı nəsibini alaraq, fəaliyyətini yalnız 1967-ci ildə bərpa edən İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1980-ci illərin sonlarında ermənilərin yenidən başladıqları etnik təmizləmə və təcavüzkarlıq siyasəti nəticəsində yurddaşlarımızla bərabər didərgin düşmüş, qaçqın həyatı yaşamalı olmuşdur. 1989-cu ildən Bakı şəhərində məskunlaşan Teatr ötən müddətdə ənənəvi repertuarını rəngarəng mövzularda yeni-yeni əsərlərlə daha da genişləndirmiş və bir sıra yaradıcılıq uğurları qazanmışdır. İrəvan Azərbaycan Teatrının yarandığı gündən çox zəngin repertuarı olub. Həmişə öz səhnəsində dünya dramaturgiyasının incilərinə yer ayırıb. Teatr səhnəsində N.Kamalın “Vətən, yaxud Silistrə” (1908), J.B.Molyerin “Zorən təbib” (1909), H.Heynenin “Əlmənsur” (1913), R.Z. Lətifbəyovun “Köhnə Türkiyə” (1913), A.Qlebovun İnqa” (1929), Y.O.NilinÇinar altında məhəbbət” (1931), A.KorneyçukunPolad qartal” (1936), A.Puşkinin “Xəsis cəngavər” (1937), B.LavrenyovunHücum” (1937), U.ŞekspirinOtello” (1938), Ş.Saminin “Dəmirçi Gavə” (1939), G.Mdivaninin “Vətən namusu” (1939) və sair əsərlər tamaşaya qoyulub.

Ulu öndər Heydər Əliyevin qayğısı sayəsində 1994-cü ildə Teatra xüsusi dövlət statusu verilib. Prezident İlham Əliyevin 2007-ci il 16 oktyabr Sərəncamı ilə Teatrın yubileyi Bakıda Azərbaycan Dövlət Musiqili Komediya Teatrında qeyd olunub.

Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycan milli mədəniyyətinin böyük hamisi Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bütün mədəniyyət ocaqları kimi, İrəvan Dövlət Azərbaycan Dram Teatrı da bundan sonra daha da inkişaf edərək yeni-yeni zirvələr fəth edəcək.

 

Zahid Rza,

 

İki sahil.- 2022.- 1 sentyabr.- S.8.