Dəyərlərimizi dəyərdən

düşməyə qoymayaq!

 

Milli-mənəvi sərvətlərimizi, adət-ənənələrimizi gənc nəslə aşılamaq hər kəsin borcudur

 

Zərif cinsin nümayəndələri olsalar da çiyinlərində ən ağır yükü daşımaq qüdrətində olan qadınlar, analar haqqında Məhəmməd Peyğəmbərimizin (ə.s) söylədiyi «Behişt anaların ayaqları altındadır» sözlərinə alternativ yenə də Onun « Qadınlarla xoşrəftar olanlardan Allahın xoşu gəlir, çünki onlar sizin ananız, qızınız, xalanızdır» ifadələridir. Ta qədimdən Azərbaycan xalqına məxsus ən müdrik keyfiyyətlərdən, ana adına göstərilən ehtiramlardan biriyaranan qan davalarına qadının tərəflər arasına atdığı örpəyi ilə son qoyulmasıdır.

«Kitabi- Dədə- Qorqud»un bütün boylarında kişilərlə birgə düşmənə qan udduran qadınlara hörmət, anaya qayğı, qeyrət, namus uğrunda canlarından keçən ərənlərin cəsarəti xalqımızın mənəvi dəyəri kimi əsrlərdən bəridir ki, qorunur. Amma son illərdə artıq alışdığımız məişət zorakılığı, qadınlara qarşı şiddət çərçivəsində milli-mənəvi dəyərlərimizin ən dəyərlisi olan «zəriflərə» göstərilən, şahidi oldugumuz « müasir» yanaşmanı gözdən keçirək.

Qadına, ən bağışlanılmaz hal olan uşaqlara şiddət hansı halda baş verməsindən asılı olmayaraq insanlığa qarşı cinayətdir. Mütəxəssislərin araşdırmalarının ümumi nəticələrinə görə, məişət zorakılığı adlandırılan qadına qarşı şiddət müxtəlif səbəblərdən baş verir. Boşanmalarla müşaiyət olunan məhkəmələrdə irəli sürülən iddiaların əsas səbələri iqtisadi çətinlik, xasiyyətlərin uyğun gəlməməsi, bəzən valideynlərin gənc ailələrin işlərinə müdaxiləsi, ailə başçısı sayılan kişilərin narkotikə, içkilərə aludəçiliyi… və sairdir. Ailə həyatlarının astanasında seçim qarşısında qalanlar üçün deyilib: Həyat yoldaşı seçməkdə yanılmaq bütün həyatı uduzmaq deməkdir. Səbəblər çox olsa da hər iki tərəfin son məqamda düşünməli olacağı məsələ dünyaya gətirəcəkləri övladlarının gələcək taleləridir. Bu baxımdan deyiblər ki, qadınlar zəif, analar isə güclüdürlər. Bu gücü analara qazandıran bütün hisslərdən və dünya nemətlərindən güclü olan övlad məhəbbətidir.

İkinci Dünya müharibəsində nənələrimizin təbirincə deyilsə, saçını süpürgə edib uşaqlarını qoruyan, gündüz tarlada çalışıb, gecələr ocağını ana şəfqəti ilə isidən, qismətinə düşən buğdanı, arpanı üyütmək üçün çiyinlərində qonşu kənddəki dəyirmana aparan qadınlarımız olub. Cəbhədə düşmənə qarşı vuruşan həyat yoldaşının namusunu, qeyrətini qoruyan gəlinlərimiz ağbircəklərimizlə birgə istisinə sığındıqları müqəddəs ocaqlarını sönməyə qoymayıblar.

Müasir dövrdə ailənin xeyir-bərəkəti hesab edilən qızlarımızı əsrlərdən bəri qorunan bu cür müqəddəs dəyərlər ruhunda tərbiyə edən analarımızın çoxu bu cür hadisələri yaşamış, şahidi olmuşlar. Amma çox təəssüf ki, bəzi adət-ənənələrimizə köhnəliyin qalığı deyib eybəcər şəkildə müasirləşdirənlər üçün bu dəyərlər dəyərini itirib. Gələcəyimizin bu günümüzün qorunan təməl üzərində formalaşdığını unudanlara deyirik ki, keçmişə güllə atanları gələcək topa tutacaq. Belə unutqanlığın nəticəsi isə mütəmadi baş verən məişət zorakılığıdır.

Mətbuatda, televiziya ekranlarında qadınlara qarşı göstərilən təzyiqləri, zorakılıqları, edilən təhdidləri, sosial şəbəkədə tirajlanan etik normalardan kənar görüntüləri görüb, narahatlıq keçirənləri bir sual düşündürür: Kimdir günahkar? Cavab birmənalıdır: Ailə, məktəb, cəmiyyət, müəyyən mənada hamı! Ən çox isə valideynlər. Bu məqamda ataların «oddan kül, küldən od törər» məsələni xatırlayırıq. Tez-tez rast gəldiyimiz, ictimai rəyi əks etdirən «belə atadan- anadan belə nankor övlad?» sözlərinin həyatda təsdiqinin dəfələrlə şahidi olmuş, övlad asiliyini təəsssüflə izləmişik. Yenə də Peyğəmbərimizdən bir nümunəni misal gətirək. Həyatda ən böyük dəyər olan atalıq sevincini bölüşmək, övladının tərbiyəsi ilə nə vaxt məşğul olmağın lazım gəldiyini öyrənmək üçün Peyğəmbərimizə müraciət edən gəncdən soruşulur ki, uşaq neçə günlükdür. Ata övladının doqquz gün bundan əvvəl dünyaya gəldiyini bildirir. Peyğəmbər gənc ataya artıq doqquz gün geçikdiyini söyləyir.

Tez-tez rast gəldiyimiz məişət zorakılığı hallarını gördükdə də hadisələrə düşüncə tərzimizə, həyat təcrübəmizə, böyüdüyümüz mühitə uyğun günahkara qiymət verməkdə tələsmək lazım deyil. Heç kim anadan cinayətkar doğulmur. Təqsirkarı da yaşadığı mühit yetişdirir. O mühit ki hər birimiz onun bizə «təqdim etdiklərini» anladığımız tərzdə qəbul edir, dəyərləndirir, başqalarının simasında canlandırırıq. Bu yanaşma sağlam düşüncə tərzinə, xalqımızın milli-mənəvi dəyərlərinə uyğun olduqda ictimai rəydə özünü təsdiqləyir.

 Çox şükür ki, hər gün rastlaşdığımız şəxsi həyatında , davranışında xalqımıza məxsus müsbət keyfiyyətləri ilə təmsil olunduğu ailəyə, kollektivə hörmət qazandıran gənclərimiz çoxdur. Amma bir dananın bütün naxırı korlaması məsəlinə uyğun bəzi cavanların etik normalardan kənar hərəkətləri ikrah doğurur. Çox zaman yanlış hərəkətlərinin cəmiyyətimiz üçün qəbahət olduğunu bildirən ahılların öyüd-nəsihəti də düzgün qəbul olunmur, bəzən qəbahət kimi başa düşülür və …

Azərbaycanda gənclərin milli- mənəvi ruhda, xalqımıza layiq vətəndaş kimi böyüməsi üçün hər cür şərait yaradılıb. Müxtəlif gənclər təşkilatlarında birləşən oğlan və qızlarımız cəmiyyətimizin aparıcı qüvvəsi olmaqla elmdə, təhsildə, idmanda, mədəniyyətdə, səhiyyədə, bir sözlə bütün sahələrdə qazandıqları uğurlarla Azərbaycanı layiqincə təmsil edirlər. İkinci Qarabağ müharibəsində rəşadət göstərən gənclərimiz şəhidlik zirvəsinə ucalmaqla yaşıdlarına örnək oldular. Gənclərimiz Zəfər tariximizin qəhrəmanlıq salnaməsinə ən çox haqqı olan müəlliflər kimi imza atdılar.

Çox təəssüf ki, belə vətənpərvər gənclərlə yanaşı həyatı bahasına başa gələn səhvlərə yol verənlər, yanlış yolu seçənlər də vardır. Narahatlıq doğuran isə onların arasında qadınların da olmasıdır. Uşaqlı anaların narkotik alveri ilə məşğul olmaları, əxlaqımıza uyğun gəlməyən hərəkətlərə yol vermələri, sərxoşluq edərək övladlarının tərbiyəsini unutmamaları, onların gələcək həyatları üçün real təhlükə yaratmaları, adlarının cinayət hadisələrində çəkilməsi təkcə cəmiyyətimizə deyil, müqəddəs analıq adına silinməz ləkədir. Ən böyük qəbahət isə qadınların adlarının insan alverində hallanmasıdır. Yeniyetmələrin, gənc qızların hələ formalaşmamış həyat təcrübəsindən yararlanan qadın alverçiləri arasında eyni cinsin nümayəndələrinin də olması bəşəriyyətin ilk tərbiyəçisi adlandırılan analıq adına ləkədir.

Belə halları qəbul etməyən yaxınları tərəfindən qətlə yetirilən istər gənc olsun, istərsə də qadın cəmiyyətimiz üçün itkidir. Ailə- məişət zorakılığı zəminində baş verən cinayətləri törədənlər arasında qadınların olması isə ən böyük qəbahətdir. Nənələrimizdən belə öyüd -nəsihət eşitmişik ki, qızı olan analar müəyyən saatlarını övladının mənəvi tərbiyəsinə sərf etməlidirlər. Bu, onların həm analıq, həm də cəmiyyət üçün vətəndaş yetirdirmək məsuliyyətidir. Son illərdə sayı artan intihar hallarının da əsasında cəmiyyətdə kütləvi olmayan halların ictimailəşdirilməsinə artan maraq, başqalarını təqlid etmək, pis vərdişlərdən nümunə götürmək istəyi durur desək yəqin ki, səhv etmərik. Dünya görmüş ağsaqqallarımızın və ağbirçəklərimizin təcrübələrinə əsasən söylədiklərini xatırlayaq. Dünyaya gələn körpəyə adın qoyulması ailə ağsaqqallarına həvalə edilərdi. Gənclər yaşlılara hörmət əlaməti olaraq onların yanında körpələrinə nəvaziş göstərməzdilər.

Ailə-məişət zorakılığı, yaddan çıxan, unudulan adətlərimizlə bağlı deyiləsi söz, tərbiyəvi əhəmiyyəti nümunə göstəriləcək ağrılı məsələlər çoxdur. Amma məcazi mənada işlədilsə də hər bir ailənin özünün qibləsi olur və dəyərləri müqəddəs sayılır. Azərbaycanda çoxlarının tanıdığı, əsl ziyalı kimi böyük hörmət qazanan rəhmətlik müəllimimiz Nurəddin Babayevin tərbiyəvi əhəmiyyət daşıyan «Qızlar, sözüm sizədir» kitabını o dövrdə gənc, hazırda isə ana, nənə yaşda olan qadınlar yaxşı xatırlayarlar. Bir ata, pedaqoq kimi qızlara xalqımıza layiq övlad, cəmiyyətimizə xeyir verəcək vətəndaş yetişdirmək kimi vəzifənin müqəddəsliyini anladan bu kitab tam mənada bir əxlaq dərsliyidir. Ünsiyyətin məşəl aparanı olan analar ən böyük vəzifələri icra etdikdə belə əvəz almaq niyyətində olmayan səxavət sahibləridirlər. Onların cəmiyyətə qazandırdıqları ən dəyərli nemət övladları, onların xoşbəxtliyidir. Bu xoşbəxtliyin təməli milli-mənəvi dəyərlərimiz, xeyir- bərəkətimiz olan ulularımızın ərmağan etdikləri sərvətlərimizdir. Bu cür xoşbəxtliyi yaşamaq Tanrının qisməti olsa da , bələdçisi bizik: Mən, Sən, O… bütün insanlar!

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2022.- 29 yanvar.- S.26.