Erməni vandalizminin siması:

Siyasi, iqtisadi, mədəni və ekoloji terror

 

Bəşəriyyətin aktual problemlərindən olan, bütün dövlətlərin ümumi bəlasına çevrilən terrorlardan, radikal dini qruplaşmalar arasındakı qarşıdurmalardan, ərazi münaqişələrindən əziyyət çəkən insanların sayının artması gələcəyimiz üçün ciddi siqnaldır. Supergüclər tərəfindən məqsədli şəkildə formalaşdırılan, maliyyələşdirilən müxtəlif xalqlara məxsus təbii sərvətlərin mənimsənilməsi uğrunda aparılan rəqabətdə vasitə olan terror qruplaşmaları arasında yaranan qarşıdurmalar daha dəhşətli nəticələr verir.

Törədilən terrorlardan sonra yaranan qan donduran mənzərələr, yandırılan evlər, imdad diləyən körpələr, ana fəryadları bəşəri bəla kimi milliyyətindən, dinindən, irqindən asılı olmayaraq sağlam düşüncəli bütün insanları narahatz etməlidir. Artmaqda olan islamofobiya, multikulturalizm böhranı, ikili standartların xarakterik təzahürləri olan qətliamlar, «rəngli inqilab»lar, «sülhyaratma missiyaları», demokratiya da daxil olmaqla başqa adlarla terror hadisələri üçün münbit şərait yaradır.

Beynəlxalq terrorizmi lənətləyən, bu bəşəri bəla ilə mübarizəyə önəmli töhfələr verən, radikal qruplaşmalarla savaşda bütün mexanizmlərdən istifadə edən Azərbaycan multikulturalizmi təbliğ etməklə insanları birliyə, həmrəyliyə çağırır. «Terrorçunundini, nə də milliyyəti vardır» sözləri artıq bütün xalqlar tərəfindən etiraf edilir. Təcavüzkarlıqla, separatçılıqla müşaiyət olunan terror hadisələrinin nəticəsi isə daha ağır olur. «Dünya dəyişir. Əfsuslar olsun ki, müasir texnologiyalar bədniyyətli insanlar tərəfindən də istifadə olunur» sözləri ilə silah alveri, insan orqanlarının transferi ilə məşğul olan beynəlxalq şəbəkələrə xidmət edən terror birləşmələrinin əsas qurbanları ərazi münaqişələrindən əziyyət çəkən miqrantlardır.

Beynəlxalq terrorizmə qarşı mübarizəyə ilk qoşulan Azərbaycan əsrlərdən bəri ən qəddar, qaniçən, radikal silahlılar arasında adı ilk sıralarda çəkilən erməni terrorizmindən əziyyət çəkməkdədir. 1905-1907, 1918-1920 –ci illərdə daşnakların törətdikləri kütləvi qırğınlarda vəhşicəsinə öldürülən azərbaycanlıların qətliamı, 20 Yanvar faciəsi, Xocalı soyqırımı ötən əsrdə törədilən ən dəhşətli terrorlar sırasındadır.

1988-1990-cı illərdə Ermənistanın Azərbaycana yeni ərazi iddialarının başlandığı ilk günlərdən xalqımıza qarşı «Səlib yürüşü»nə bənzər qətliamlar törədən haylar illər keçdikcə daha da azğınlaşdılar. Kəlbəcər rayonunun Ağdaban, Ballıqaya, «Tunel» adlanan ərazilərində, Başlıbel kəndində, Xocavəndin Edilli kəndində, Fərrux yüksəkliyi yaxınlığında, Qaradağlıda aşkarlanan kütləvi məzarlıqlar torpaqlarımızı 30 il işğal altında saxlayan erməni quldur dəstələrinin vəhşiliyini sübut edən cinayətlərin cüzi hissəsidir.

Ötən illərdə Amerika Birləşmiş Ştatlarında soydaşlarımıza qarşı fiziki təzyiqlər göstərən, cismani xəsarətlər yetirən erməni diasporunun qaniçənləri havadarlarının «korluğundan» yararlanaraq Azərbaycanın Parisdəki diplomatik korpusuna iki dəfə silahlı basqın etmişlər. Fransa- İran- Ermənistan üçlüyünün Azərbaycana qarşı təşkil etdikləri silahlı hücumun növbəti ünvanı Tehran oldu. Azərbaycanın bu şəhərdəki diplomatik korpusuna planlaşdırılan hücum zamanı səfirliyimizin təhlükəsizlik üzrə əməkdaşı qətlə yetirildi, digər səfirlik nümayəndəsi yaralandı. Bu terror erməni –fars cütlüyünün mənfur niyyətlərinin qanlı izləri idi. Torpaqlarımız işğal altında qaldığı 30 il müddətində milli-mənəvi dəyərləri oxşar olan Azərbaycanın ərazi bütövlüyünü sözdə tanıdığını bəyan edən İran əslində Ermənistana hər cür yardımlar göstərməklə İslami dəyərlərə də xəyanət edir. İkinci Qarabağ müharibəsindən sonra «qan qardaşları» adlandırdıqları Azərbaycana qarşı təhdid və təzyiqlər göstərən İran illərdən bəridir ki, Ermənistanı silahlandırır, xüsusi təlim görmüş terrorçuları vasitəsilə işğalçılara yardım ənənəsini davam etdirir.

Bu günlərdə Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilən terror aktında İranın əlinin olması faktı artıq təsdiqlənib. Hadisəni araşdıran Dövlət Təhlükəsizlik Xidmətinin, digər hüquq- mühafizə orqanları əməkdaşlarının apardıqları əməliyyat nəticəsində cinayətkar dəstə ifşa edilmişdir. Həbs edilən şəxslər terrorun sifarişçisinin İran olduğunu etiraf ediblər. Bir daha aydın olur ki, Azərbaycana qarşı təxribatlar törədən, işğalçını silahlandıran İran-Fransa-Ermənistan üçlüyünün müxtəlif zamanlarda terror törətməkdə məqsədi Azərbaycanda siyasi sabitliyi pozmaq, insanlarda xof yaratmaqdır. Azərbaycanla təzyiq, təhdid dili ilə danışmağın yolverilməz olduğunu dəfələrlə bəyan edən Prezident İlham Əliyevin «İran isə əksinə, istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə Ermənistana sevgisini hər addımında büruzə verdibu gün də həmin ikiüzlü siyasətini davam etdirir. 44 günlük Vətən müharibəsi dövründə isə daha bir məqam diqqətdən kənarda qalmadı. İran rəhbərliyi ən sonuncular sırasında, artıq müharibənin taleyinin həll edildiyinə və Azərbaycanın şəksiz qələbə qazandığına əmin olduqdan sonra ölkəmizə dəstək ifadə edən bəyanat verdi. Amma müharibənin gedişində Ermənistana silah göndərilməsindən tutmuş Azərbaycanın təhdid olunmasına qədər ölkəmizə qarşı hər cür vasitələrdən istifadə etdi. Özlərini daim haqq, ədalət tərəfdarı kimi göstərən, amma əməllərində fərqli yanaşmalar ortaya qoyan İran rəsmiləri indi Ermənistanın ərazi bütövlüyünün «qırmızı xətt» olması ilə bağlı ardıcıl bəyanatlar verir, Azərbaycana qarşı hədələr səsləndirir, ölkəmizlə sərhəddə hərbi təlimlər keçirir, hətta bu təlimlər zamanı Araz çayını keçməyi məşq etməklə bizə «əzələ»” nümayiş etdirir, bütün mümkün vasitələrlə təcavüzkar Ermənistanın yanında olduqlarını göstərməkdən belə çəkinmirlər. Belə bir məqamda müsəlmanların qanını axıdan, barbar, faşist xislətli bir dövlətə dəstək verən İranın İslami dəyərlərin müdafiəsi haqqında danışmağa heç bir mənəvi və siyasi haqqı yoxdur» sözləri bu üçlüyün hər birinə xəbərdarlıqdır.

                     Hərbi cinayətləri, vandalizm hərəkətləri ilə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparan Ermənistan terrorun bütün vasitələrindən istifadə edir. Hayastanın torpaqlarımızı işğal altında saxladığı müddətdə ermənirin zəbt etdikləri və qanunsuz məskunlaşdıqları ərazilərimizdə basdırdıqları minaların partlaması nəticəsində həyatlarını itirən və yaxud əlil olan azərbaycanlılar mina terrorunun qurbanlarıdırlar. Prezident İlham Əliyev haqlı olaraq bildirir ki, Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilən ölkələrin siyahısına başçılıq edir. İllərdən bəri Ermənistanın işğalçılıq siyasətinə, törətdikləri terrorlara səssiz qalan dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar yenə də susurlar. 2021-ci ilin iyun ayının 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşən, həyatını itirən azərbaycanlı jurnalistlərin ölüm xəbərindən təəssüfləndiyini bildirən ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza təəssüflə demişdi: «Azərbaycan hökuməti minaları zərərsizləşdirmək üçün mümkün olan hər şeyi edir. Amma Ermənistanın bu xəritələri təhvil verməsi beynəlxalq humanitar hüququn tələbidir. Buna heç bir bəraət qazandırmaq olmaz. Bu, beynəlxalq humanitar hüququn pozulması deməkdir.» İşğaldan azad edilmiş torpaqlarımızda basdırılan minaların partlaması nəticəsində həlak olanlar barədə xəbərlər hələ də eşidilməkdədir. Hayların basdırdıqları minaların xəritələrini Azərbaycana verməməsi 3 minə yaxınlaşan mina qurbanlarının sayının daha da artması deməkdir.

1988-1990-cı illərdən «miatsum» hərəkatını başlamaqla qədim tarixə malik, əsl möcüzə adlandırılan Topxana meşəsini dağıdan, qiymətli sərvətlərimiz sayılan nadir ağacları qırıb talayan ermənilər ekoloji terrorla da vəhşiliklərini göstərdilər. Təbii sərvətlərimizi talan etdilər. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Qarabağ ərazilərində təbii sərvətlərimizin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloqların, fəalların, könüllülərin iştirakı ilə Laçın-Xankəndi yolunda keçirilən aksiya iştirakçılarının tələblərinə hələ də müsbət cavab verilməməsi Ermənistanın və bu sərvətləri ata malı kimi istismar edən erməni əsilli rusiyalı oliqarxların dəstəklənməsidir. Azərbaycanlı mütəxəssislərin və rəsmi dövlət nümayəndələrinin «Dəmirli» mis-molibden və «Qızılbulaq» qızıl yataqlarında aparılan dağıntılarla tanış olmalarına şərait yaratmayan sülhməramlılar həmin ərazilərdə monitorinqin aparılmasına şərait yaratmırlar. Ekoloji fəallar isə tələbləri yerinə yetirilməyənə qədər etiraz aksiyalarını davam etdirməkdə israrlıdırlar.

Ermənistanın işğalı altında qalan torpaqlarımızda dini, tarixi abidələrimizin, 67 məsciddən 65-nin dağıdılması bu vəhşi millətin Azərbaycana qarşı apardığı mədəni terrorun coğrafiyasının genişliyini göstərir. Yeraltı, yerüstu sərvətlərimizi, su hövzələrimizi, fauna və floramızı, enerji mənbələrimizi, yol-nəqliyyat infrastrukturu belə barbarcasına dağıdan ermənilər vəhşi qəbilə olduqlarını təsdiqlədilər. Əslində isə təbii sərvətlərimizi istismar edənlər istənilən beynəlxalq hüququn tələblərinə görə cinayətkar kimi məsuliyyətə cəlb olunmalıdırlar. «Çünki bu, bizim beynəlxalq birlik tərəfindən tanınmış ərazimizdir və haqlı tələbimiz var ki, bizim ictimaiyyət nümayəndələri və ilk növbədə, ondan əvvəl dövlət qurumlarının nümayəndələri monitorinq keçirməlidirlər. Baxmalıdırlar orada hansı işlər baş veriro qanunsuz fəaliyyət dayandırılmalıdır. Bizim haqlı tələbimiz bundan ibarətdir. Ancaq bu gün bu vəziyyət tamamilə təhrif edilmiş tərzdə təqdim olunur. Yenə yalan, yenə iftira, yenə böhtan, kim bunu edir, biz hamımız yaxşı bilirik. Yenə də deyirəm, Ermənistan dövləti hazırda burada ilk sıralarda deyil. Amma bu, bizi heç nədən çəkindirməyəcək. Biz artıq bunu dəfələrlə sübut etmişikİkinci Qarabağ müharibəsi bunu göstərdi, müharibədən keçən iki il bunu göstərdi. Heç kim bizə təsir göstərə bilməz. Zənglər ola bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım deyil. Sadəcə olaraq, siyasi nəzakət naminə biz bu zənglərə cavab veririk. Ancaq bu, bizim mövqeyimizi zərrə qədər dəyişməyəcək» söyləyən Prezident İlham Əliyev son sözü yenə də Azərbaycanın deyəcəyini bildirir.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2023.- 5 aprel.- S.7.