Ulu Öndərin Azərbaycan musiqi

mədəniyyətində əvəzsiz rolu

 

İlk körpə ağlamazdan öncə yaranmışdı musiqi, bir yarpaq xışıltısı, bir göy gurultusu ilə sarmışdı dörd bir yanını. Qanımıza, ruhumuza yavaş-yavaş hoparaq məni, səni, bizi, millətimizi, insanlığı bir kimliyə bürümüşdü musiqi.

Fərqində olmasaq da idraki və hissi fəaliyyətimizdə musiqinin təsiri danılmazdır. Məhz buna görə bir şəxsin dinlədiyi musiqi onun haqqında bizə çox sirlər aça bilir. Millətlər də öz kimliyini dili, incəsənəti ilə formalaşdırır. Xalqın daxili ruhunu isə ən gözəl əks etdirən milli musiqi yaradıcılığı, nəsillər boyu dildən-dilə ötürülmüş nəğmələr, şad günlərdə səslənən təranələr və bəd günün xəbərçisi ağılardır. Azərbaycan xalqının musiqi xəzinəsi isə dərin dəryadır. Aşıq musiqisi, xalq musiqi yaradıcılığı, bəstəkar musiqisi bizə Dədə Qorqudun boylamalarından Aşıq Ələsgərin söz sənətinə, dillər əzbəri “Aman, ovçu” xalq mahnısından dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasına, Qara Qarayevin “İldırımlı yollarla” baletindən Tofiq Quliyevin “Kəndimiz” mahnısına və daha bir çox könül oxşayan musiqi dünyasına rəngarəng səyahət şansı verir.

Musiqi tarix boyu insanla birgə inkişaf edib, onu hər addımbaşı müşayiət edib. İnsanlar hələ qədim dövrdə öz hisslərini, inanclarını və birliklərini ilkin olaraq zərb alətlərindən istifadə edərək musiqi və rəqs ilə əks etdirirdilər. Əmək fəaliyyəti zamanı işi yüngülləşdirmə məqsədi ilə yaranan sayaçı nəğmələri, holavarlar, əkinçi, sağın nəğmələri (eydirmələr), mövsüm-mərasim nəğmələri şifahi xalq poeziyasının və yaradıcılığının təməlidir. Anaların oxşama və laylaları ilə körpələrin ruhuna hopan musiqi həm də tarix boyu insanların azadlıq mübarizəsinə yoldaş olmuşdur. Məlumdur ki, müəyyən dövrdə vətən, mübarizə uğrunda döyüşə gedənlər döyüş nəğmələri, xüsusi çağırışlar ilə ruhlandırılmışdır. Bu, azadlığa, müstəqilliyə, mübarizəyə çağırış sədasıdır. Təsadüfi deyil ki, hər bir xalqın ilkin mənəvi təsnifatını onun himni təqdim edir. Azərbaycan himni bu nöqteyi-nəzərdən eyni qəbildən olan himnlərdən öz azadlıq ehtirası, dərin Vətənə bağlılıq duyğusu və müstəqilliyin dəyərini dinləyiciyə əsrarəngiz musiqi vasitəsilə ötürməsilə fərqlənir. Bu kontekstdən baxdıqda Ulu Öndər Heydər Əliyevin musiqiyə verdiyi dəyər əslində heç də təsadüfi deyildi.

Yarım əsrdir ki, adı, imzası Vətənimizlə qoşa çəkilən, tarix salnaməmizdə silinməz iz qoyan Heydər Əliyevin Sovet Azərbaycanına başçılıq etdiyi və keçmiş İttifaqın rəhbərliyində təmsil olunduğu illərdəki fəaliyyətinin konturları bir nöqtədə birləşirdi: xalqımızın milli-mədəni sisteminin qorunması və sosial-iqtisadi həyatının təminatı. Çünki o çox gözəl bilirdi ki, bir xalqı ayaqda tutan, onu var edən onun dəyərlər sistemidir, bizim dəyərlərimiz isə incəsənətimiz, mədəniyyətimizdir və onlara biganə yanaşmaq bizə sadəcə zərər verərdi. Dahi şəxsiyyət elə məhz buna görə hakimiyyətə gəldiyi zamandan düzgün və qətiyyətli qərarlarla incəsənətimizi inkişaf etdirmək üçün fəaliyyətə başladı. Çox keçmədi ki, artıq bizim görkəmli sənətkarlarımızın səsləri, əsərlərinin soraqları xarici qastrol səfərlərindən, fərqli coğrafi məkanlardan gəldi. Heç də təsadüfi deyildi ki, bütün bunlar birbaşa olaraq Heydər Əliyevin incəsənətə göstərdiyi qayğının bəhrəsi idi. O deyirdi: "Ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə yeni yollar, yeni cığırlar açırlar, yeni formalar meydana gətirirlər”.

Ulu Öndərin bu fikirləri böyük bir həqiqətin təzahürü idi. Müxtəlif yaradıcılıq sahələrində qeyd olunan bu yeniliklər ilk növbədə münbit şəraitdə formalaşa bilərdi.

Xalqın musiqisini, milli dəyərini yaşadan fərdin saf sevgisi, yüksək hörməti və dərin bağlılığıdır. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycan xalqının rifahı, xüsusən mədəniyyətimiz, musiqimizin inkişafı üçün gördüyü işlərin canlı şahidi olmuşuq. Ulu Öndər deyirdi: “Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır”. Heydər Əliyev fəaliyyət göstərdiyi dövrdə xalqımızı, mədəniyyətimizi dünyanın hər nöqtəsində tanıtmağa nail olmuşdur.

Ulu Öndər daim mədəniyyətimizin himayədarı olmuş, sənət adamlarının qayğısına qalmışdır. Dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin Bakıya dəvət edilməsi, Azərbaycan Dövlət Akademik Filarmoniyasının bərpa edilməsi, Bakıda Üzeyir Hacıbəyli, Bülbülün xatirə muzeylərinin açılması, Nəriman Nərimanov, Hüseyn Cavid, Cəfər Cabbarlıya abidələr qoyulması - bütün bunlar onun təşəbbüsü idi. Bu böyük siyasi xadim bütün mədəni tədbirlərdə, premyeralarda, səhnə əsərlərinin yeni quruluşunda şəxsən özü iştirak edərək, yaradıcı heyətlə görüşür, onların ünvanına həmişə xoş sözlər deyirdi. Bir çox mədəniyyət xadimlərinə fəxri adlar verilməsində də Onun böyük rolu olmuşdur.

Bu böyük siyasətçi çox ciddi olmaqla yanaşı, eyni zamanda, çox həssas və kövrək insan idi. Muğama, xalq musiqisinə böyük önəm verirdi, hərdən özü də xalq mahnıları ifa etməyi çox sevirdi.

Heydər Əliyev sənət adamlarını həmişə yüksək dəyərləndirirdi. Dünya şöhrətli müğənni Rəşid Behbudov isə onun ən çox sevdiyi sənətkarlardan biri idi. Heydər Əliyev Rəşid Behbudovu “nadir insan və nadir şəxsiyyət” adlandıraraq belə bir xatirə söyləmişdi: “Mən sadəcə, öz xatirələrimi, hamısını da yox, bəzilərini, deyirəm. Çünki hamı bilməlidir, gələcək nəsillər də bilməlidir ki, Rəşid Behbudov Azərbaycan xalqına, onun dünyada tanınmasına nə qədər böyük xidmətlər göstəribdir. Mənim böyük qardaşım, rəhmətlik akademik Həsən Əliyevlə bir neçə dəfə söhbətdə onun dediyi sözlər mənim 17 yadımdan heç vaxt çıxmır. O deyirdi ki, biz yüz ildir dünyaya neft veririk, amma biz bununla özümüzü dünyaya tanıda bilmədik. Ancaq bir nəfər, bir insan - Rəsid Behbudov öz mahnıları ilə, yəni Azərbaycan mahnıları və musiqisi ilə Azərbaycanı bütün dünyaya tanıtdı. Çox düzgün deyilmiş sözlər idi. Mən bunu heç vaxt yadımdan çıxartmaram. Çünki bu, həqiqətdir... “Rəşid Behbudovun yaradıcılığının xüsusiyyəti bundan ibarətdir ki, o, Azərbaycan xalq mahnılarını, milli musiqi folklorunun ən yaxşı nümunələrini professional incəsənətin müasir tələblərinə uyğun surətdə ifa edərək xalqımızın çoxəsrlik tarixi olan zəngin mahnı irsini dünyanın hər yerində tanıtmışdır”.

R.Behbudovun repertuarında C.Cahangirovun “Alagöz” mahnısını Heydər Əliyev çox sevirdi. O deyirdi: “XX əsrdə Azərbaycan mədəniyyətinin inkişaf etməsində Rəşid Behbudovun nə qədər böyük xidmətləri olduğu zaman keçdikcə daha da dərindən dərk olunacaqdır”.

Ümummilli Lider Rəşid Behbudovun 10-cu il dönümünə  həsr olunan xatirə gecəsində onunla yaşadığı bəzi xatirələri də bölüşmüşdür:

“Xatirimdədir, bir dəfə, - indi "Şəhriyar" klubu adlanır, orada xaricdən gəlmiş hansısa məşhur müğənninin konserti vardı, mən konsertə getmişdim. Orada kiçik bir loja var, onda mən artıq Dövlət Təhlükəsizliyi Komitəsinin sədri idim, yaxud ondan əvvəl idi, hər halda 60-cı illərin ortaları, bəlkə də əvvəli idi. Rəşid də orada idi. Bir yerdə dinlədik. Sonra oradan çıxdıq, piyada gedirdik. Rəşid, bilirsiniz, dənizkənarı evdə yaşayırdı, mən isə, yəqin bilirsiniz harada yaşamışam. Azərbaycan prospekti ilə Bülbül prospektinin kəsişdiyi yerdə, tində bir ev var, orada yaşayırdım, üçotaqlı mənzilimiz vardı.

Oradan keçirdik, dedim, Rəşid gedək bir çay içək. Dedi ki, çox məmnuniyyətlə. Bizim evə qalxdıq, oturduq, çay içdik, söhbət etdik. Mənim həyat yoldaşım mərhum Zərifə xanım bizə xidmət etdi. Mən Rəşidə bir neçə mahnı haqqında öz fikrimi dedim. Nədənsə, birdən mən ondan soruşdum ki, sən nə üçün Rauf Hacıyevin "Azərbaycan" mahnısını indiyədək oxumursan? O dedi ki, nədənsə heç düşünməmişəm. Dedim, o mahnını sən bilirsən? Dedi ki, əlbəttə bilirəm. Zərifə xanım oturdu, pianoda onu çaldı. Rəşid başladı bu mahnını bir balaca oxumağa. Bundan 10-15 gün keçəndən sonra o, mənə telefon etdi və dedi ki, bu mahnı artıq hazırdır. O mahnı bu gün, mən bu səhnəyə qalxmazdan öncə burada filmdə səsləndi. Çox gözəl bir mahnıdır. Rauf Hacıyevin şair Ənvər Əlibəylinin sözlərinə yazdığı mahnıdır.

O mahnını çoxları oxuyurdu. Amma onu Rəşid kimi o vaxt da heç kim oxumayıbdır, bu gün də heç kəs oxuya bilmir. Necə ki, Bülbül oxuduğu kimi indi heç kəs oxuya bilmir. Necə ki, Rəşid oxuduğu kimi indi heç kəs oxuya bilmir.”

Ulu Öndər tədbir zamanı Müslüm Maqomayev haqqında da xatirələrini bölüşdü. O deyirdi:

“Müslüm Maqomayev bizim aramızdadır. Bu gün bu konserti təşkil edənlərdəndir. Amma "Azərbaycan" mahnısını, - sözləri bizim böyük şairimiz Nəbi Xəzrinindir, musiqisi Müslüm Maqomayevin özününküdür, - onun kimi heç kim oxumur. Ona görə də bizim müğənnilər heç onu oxumağa çalışmırlar. Çünki o mahnı Müslüm Maqomayevin ifası kimi bizim beynimizdə qalıbdır. O mahnını onun kimi heç kəs bu gün də oxumur, gələcəkdə də oxumayacaqdır. Bu da vaxtilə, 70-ci illərdə yaranmış bir mahnıdır. Müslüm Maqomayev də mənim yaxın dostlarımdan biridir və onun gənc vaxtlarından ona yaşca böyük bir insan kimi mən çox himayədarlıq etmişəm. 1974-cü, ya da 1975-ci il idi, o həmin mahnını bu salonda birinci dəfə oxudu, sonra da onun notları üzərində yazdı ki, sənə ithaf edirəm. Mən dedim ki, bunu sən heç kimə demə. Mən bunu qəbul edirəm, evdə saxlayacağam. Çünki Sovet vaxtında belə şeylər çox böyük qısqanclıq yarada bilərdi. Qısqanclıq yaradardı ki, Müslüm Maqomayev kimi böyük bir müğənni Heydər Əliyevə mahnı ithaf edibdir. Amma indi bunu açıram. Çünki indi mümkündür.”

Xalq artisti Müslüm Maqomayevin sənəti hər zaman ölkə rəhbəri tərəfindən maraqla qarşılanmışdı.

Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya ilə konsertindən sonra Heydər Əliyev üzünü mehriban sənət cütlüyünə tutaraq demişdi ki:

“Siz səhnədə bir-birinizi çox gözəl tamamlayırsınız, səs tembrləriniz də oxşardır. Mən Müslümün ifasında Tofiq Quliyevin «Azərbaycan» mahnısına çox qulaq asmışam, ancaq Tamara xanımla bugünkü dueti lap ürəyimdən xəbər verdi. Müslüm rus dilini mükəmməl bildiyi kimi, Tamara xanım da Azərbaycan dilini mükəmməl bilməlidir, çünki o, Azərbaycanımızın gəlinidir. Müslüm ölməz Müslümün yadigarıdır, atasına layiq bir övladdır. Moskvada yaşasa da hər zaman qəlbi Azərbaycanla döyünür. Heç nə yox, oxuduğu «Azərbaycan» mahnısına görə onu alqışlamağa dəyər. Müslüm əcnəbi, rus və digər millətə mənsub bəstəkarların əsərlərini, partiyalarını çox gözəl oxuyur. Qeyri-adi səsə malik olan Müslüm axtarışda olan sənətkardır. O, hər zaman axtarır, arxayınlaşmır, şöhrət onu yolundan azdırmır, əksinə hər zaman irəliyə getməyə, birinci olmağa səsləyir. Müslümü dünya tanıyır və qəbul edir. Azərbaycan sənətini dünyaya tanıdan, sevdirən ifaçılardan biri də Müslümdür. O bizim operaları gözəl bilir, opera səhnəmizdə parlaq obrazlar qalereyası da yarada bilərdi... Ən əsası odur ki, Müslüm deyiləndə qulaqlarda Azərbaycan adı səslənir. Mən Müslümdən çox şeylər gözləyirəm və ona özüm qədər inanıram. İfa etdiyi partiyalar məni qayğısız gənclik illərimə qaytarır.”

Heydər Əliyev bəstəkar, xalq artisti Tofiq Quliyevlə də bağlı olan xatirələrini  vərəqləyirdi:

“Milli Təhlükəsizlik sistemində çalışırdım. Tez-tez T.Quliyevin təşkil etdiyi caz konsertlərinə gedirdim, bəzən hərbi geyimdə olduğuma görə musiqiçilər məndən çəkinirdi. Hətta onlar mənim gəlişimə başqa cür baxırdılar, elə bilirdilər ki, onları izləmək üçün bura göndəriblər. Əslində isə belə deyildi, caz sənətinə sevgim məni bu konsertləri dinləməyə aparırdı. Sistem işçisi olduğuma görə çox vaxt konsertlərə gələ bilmirdim. Gələndə də çalışırdım ki, eşidə bilmədiyim caz musiqilərini dinləyim. Bir gün kollektivin rəhbəri Tofiq adlı gənci çağırıb özümü təqdim etdim. Dedim ki, məndən çəkinməyin. Naxçıvanda caz təzə-təzə səslənir, mən caza, caz musiqisinə vurulmuşam. Simfonik musiqinin öz yeri var, caz musiqisi isə bir başqa aləmdir. Hər kəs cazı duyub qavraya bilməz! Həmin Tofiq dediyim gənc bu gün dünya səviyyəsində tanınan, dünyanı sənəti ilə fəth edən Tofiq Quliyevdir. Zərifə xanımın fortepiano arxasına keçib Tofiq Quliyevin «Sənə də qalmaz» mahnısını ifa etməsi hafizəmdən çıxmır. Zərifə xanım bu mahnını özünəməxsus tərzdə ifa edirdi. Mən Tofiq Quliyevi o illərdən tanımışam və onu özüm üçün kəşf etmişəm, Azərbaycana rəhbərlik etdiyim illərdə həmişə sevdiyim bəstəkara diqqət göstərmişəm. Üzeyir Hacıbəyovdan sonra Tofiq Quliyev, maestro Niyazidən sonra Rauf Abdullayevimiz var. Onu da deyim ki, Tofiqin mahnıları o qədər gözəldi ki, hətta mən də yeri gələndə zümzümə edirəm. Tofiq Quliyev Azərbaycan bəstəkarlıq və caz musiqisi məktəbini quranlardan və inkişaf etdirənlərdən biridir. Tofiq Quliyev dünya miqyaslı bəstəkardır, əsərləri dünyanı gəzir. Simfonik əsərləri, süitaları, rapsodiyaları və bəstələri maraqlı, məzmunlu və süjetlidir. Azərbaycan Tofiq Quliyevin əsərlərində daha vüqarlı, qürurlu, qüdrətlidir. Tofiq Quliyevin yaşaması bizim musiqimizin yaşaması deməkdir. Onun hər bir bəstəsi Azərbaycanı tərənnüm edir və Azərbaycançılığımıza xidmət edir. Tofiq Quliyevin Nəbi Xəzrinin sözlərinə bəstələdiyi «Azərbaycan» mahnısı Azərbaycana həsr olunan, onu tərənnüm edən mahnıların tacıdır. Hər dəfə bu mahnıya qulaq asanda azərbaycanlı olmağımla haqlı olaraq fəxr edir, öyünürəm.”

Müstəqil Azərbaycanın “İstiqlal” ordenini Tofiq Quliyevə Heydər Əliyev təqdim etmişdir. Ulu Öndər deyirdi: “Sənətdə hər kəsin öz yeri var. Heç kəs kiminsə yerini almır”.

Heydər Əliyev bütün bəstəkarlara, bütün ifaçılara, ümumiyyətlə, bütün sənət adamlarına eyni tərzdə yanaşır, onların fəaliyyətini həmişə dəyərləndirirdi, onların sənətdə yerini anlayırdı. O, sənət aşiqi, sənət vurğunu idi, bütün konsertlərdə, teatr tamaşalarında şəxsən özü iştirak edirdi. O, ədəbiyyatşünas, musiqişünas, sənətşünas olmasa da, Azərbaycan mədəniyyəti ilə bağlı olan bütün məqamlarda öz sözünü deyərək, peşəkar çıxışlar edirdi. Heydər Əliyev pərdəarxası görüşlərinin birində üzünü xalq artisti, kamança ustadı Habil Əliyevə tutaraq demişdi: 

“Habil, eşitmişəm ki, bir daha kamançada ifa etməyəcəyini söyləmisən. Mən bugün sənin ifanı diqqətlə izlədim, deyim ki, çox da bəyəndim. Onu da qeyd edim ki, gənclik illərində ifa etdiyin kimi eyni həvəslə indi də kamançada ifa edirsən. Nə gizlədim, bu gün məni bir daha heyrətləndirdin. Mətbuata verdiyin bir çox müsahibələri gözdən keçirəndə incik danışığını, incikliyini hiss etdim. Əgər sənin sənətinə ölkə rəhbəri qiymət verib, dəyərləndirirsə sənin heç kimdən inciməyə haqqın yoxdur! Kamança deyiləndə, Habil gözlərimizin önündə canlanır. Kamança sənətinin inkişafında xidmətlərin danılmazdır, sən ifa edəndə kamança ağlayır. Sən hətta daşları ağlatmaq qüdrətinə malik sənətkarsan. Heç zaman imkan verməyəcəyik ki, sən kamançanı atasan. Özbaşına deyilsən ki ? Habil, sənətə gələn gənclərə kömək etmək, yardımçı olmaq hər birimizin borcudur, mən sizdən sənətinizə layiq tələbələr gözləyirəm. Bildiklərinizi gənc nəslə öyrədin, illər ötəndən sonra sizin sənət estafetinizi onlar davam etdirə bilsin. Habil, sənin ifanda muğamlarımız, xüsusən Segah fəryad qoparır, insanı düşündürür, yaşadığın illərə dönüb təzədən baxmaq istəyirsən. Mən səndən yeni-yeni ifalar gözləyirəm.”

Xalq artisti Sara Qədimova ilə Heydər Əliyevin pərdəarxası söhbətləri də hər zaman səmimi olub. Adəti üzrə Heydər Əliyev Sara xanımı görən kimi üzünə qəribə bir təbəssüm qonur və deyir ki, ay Sara xanım, bir mənə söylə görüm, nə edirsən ki, belə dəyişməz qalırsan, yəni gündən-günə gözəlləşirsən. Hətta Türkiyənin Prezidenti Süleyman Dəmirəlin də şəxsi müsafiri oldun. Sara xanım, unutma ki, hər oxuyana Prezidentin şəxsi müsafiri olmaq şərəfi nəsib olmur. Görün siz nə dərəcədə Süleyman Dəmirəlin qəlbinə köçmüsünüz ki, o sizi qəbul edib, sizə görə bir çox görüşlərini təxirə salıb. Sara xanım, siz Leyli də olmusunuz. Televiziya vasitəsilə həmin operanın lent yazısına da baxmışam. Şam səhnəsində səsinizin titrəməsi heç zaman yadımdan çıxmır. Böyük Vətən müharibəsi illərində oxuduğunuz «Şəfqət bacısı» mahnısı bu gün də qulaqlarımda səslənir. Böyük Üzeyir bəy həqiqətən bu mahnıya ürəyini qoyub. Sara xanım, bilirəm ki, müharibə illərində çox əziyyətlər çəkmisiniz, qaynar nöqtələrdə döyüşən igidlərimizə muğamlarınızla qələbəyə inam hissi aşılaya bilmisiniz. Şükürlər olsun ki, bu gün atəşkəsdir, nahaq qanlar axıdılmır, insanlar azadə həyat sürürlər. Düzdür, çətinliklərimiz var, bunlar da müvəqqətidir. İnanıram ki, düşmən tapdağı altında qalan torpaqlarımızda yenə ürəkdən «Qarabağ şikəstəsi» səslənəcək. - Necə ki, siz hər hansı bir xarici dövlətdə, hətta Ermənistanda da «Qarabağın maralı» mahnısını oxuyaraq Qarabağın məhz Azərbaycana məxsus olduğunu sənətinizlə, ifanızla bəyan etmisiniz. Sara xanım, hərdən sizə baxanda Xan Şuşinski, Şövkət Ələkbərova və sizin Moskvada möhtəşəm bir tərzdə «Qarabağ şikəstəsi» oxumağınız kino lenti kimi gözlərimin önündə canlanır. Bu gün sənin də Ağdamında düşmənlər at çapır. Ancaq biz düşmən üzərində qələbə çalmağımıza inanırıq, çünki Azərbaycanda artıq ordu quruculuğu formalaşıb. Mən sizi dinləməkdən yorulmuram, əksinə dincəlirəm, yorğunluğum çıxır, zövq alıram. Xarici gözəlliyiniz aldığım zövqə xüsusi rəng verir və bir-birini tamamlayır.

Ulu Öndər Azərbaycan ifaçılarının, bəstəkarlarının sənətdə mövqeyini gözəl anlayır və həmişə belə bir fikri vurğulayırdı ki, “Azərbaycanda ikinci Rəşid Behbudov, ikinci Fikrət Əmirov, ikinci Niyazi, ikinci Arif Məlikov olmayacaq”. Ulu Öndər bu sənətkarların hamısı ilə sıx ünsiyyətdə olur, onların qayğısına qalırdı. Şəxsən Arif Məlikovla 1994-cü ildə rəsmi nümayəndə heyətinin tərkibində Səudiyyə Ərəbistanına səfər etmiş, müqəddəs Məkkə və Mədinədə olmuşdu. Bəstəkarın Ulu Öndərə həsr etdiyi VIII “Əbədiyyət simfoniyası” da bu səfərin məhsuludur. Arif Məlikov bu simfoniyanı yazmağı ona Heydər Əliyevin təklif etməsini belə nəql edir: “Mədinədə mənim Heydər Əliyevlə maraqlı və qeyri-adi söhbətim oldu. Bu söhbət Məhəmməd Peyğəmbərin qəbrini ziyarətdən sonra, bir milyon zəvvarın eyni vaxtda namaz qılması üçün tikilmiş məsciddə dua etməyimizdən sonra olmuşdu.

Mədinədə məsciddə biz artıq toran düşən zaman olduq. Birdən bir xışıltı eşidildi və məscidin çoxtonlu tavanı aralandı və biz sonsuz ulduzlu səmanı gördük. Məscidin digər tərəfində, sanki yerdən möhtəşəm bir gül çıxdı. Birdən bu gülün ləçəkləri açıldı və gözümüz önündə qalaktika, milyonlarla sayrışan ulduzlar mənzərəsi yarandı. Bu heyranedici bir mənzərədir və bu zaman insan özünün əbədiyyətin neçə də kiçik bir zərrəsi olduğunu dərk edir. Bu an Heydər Əliyev Arif Məlikova müracət edərək söyləyir:

“Bilirsən niyə mən səni bu səfərə dəvət etdim? Ondan ötrü ki, sən bütün bunları görəsən və böyük bir simfonik əsər yaratmağa ruhlanasan.”

Bu an “Əbədiyyət” adlı VIII simfoniyanın yazılmasının başlanğıc nöqtəsi oldu.”

Lakin təəssüf ki, 2004-cü ildə bu simfoniya Bakıda ifa olunarkən Ulu Öndər artıq həyatda yox idi. Onu da qeyd edək ki, Nazim Hikmət və Almas İldırım şeirlərinin istifadə edildiyi bu simfoniyada vokal partiyanı Rəşid Behbudovun qızı Rəşidə Behbudova ifa etmişdir. Təəssüf ki, Ulu Öndər bu simfoniyanı eşidə bilmədi.

Ulu Öndərin dünyasının dəyişməsindən ötən 19 il ərzində Heydər Əliyevə çox şeirlər, mahnılar, böyük simfonik əsərlər ithaf olunmuşdur. Bunların sırasında Cövdət Hacıyevin “Onu zaman seçib” VIII simfoniyası, Arif Məlikovun “Əbədiyyət” simfoniyası”, Sərdar Fərəcovun  böyük simfonik orkestr, xor və bariton üçün “Böyük vətəndaş haqqında oda” əsəri, Firəngiz Əlizadənin “İhaf” əsəri, Vasif Allahverdiyevin “Ömür yolu” simfonik poeması bu mövzu dairəsini əhatə edir.

Ümummilli Lider Heydər Əliyev hakimiyyətinin həm birinci dövrü (1969-1983), həm də ikinci dövrü (1993-2003) Azərbaycanın ictimai həyatının bütün sahələrində olduğu kimi, Azərbaycan incəsənətinin də dünyada daha ünlü, daha bəşəri tanınması və qəbul olunması üçün daim çalışmışdır. Buna görə də O, hər zaman incəsənət xadimlərinə xüsusi diqqət göstərir və qayğısına qalırdı. Bu, eyni zamanda, onun necə insani keyfiyyətlərlə zəngin olmasınının göstəricisi idi.

Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin siyasi karyerasında, idarəetmə sistemində mədəniyyət sahəsi məxsusi yer tutur. Bunun da əsasında Ulu Öndərin mədəniyyət və incəsənətə böyük sevgisi dayanırdı. O, hər zaman aktiv siyasi fəaliyyəti ilə bərabər xalqın yanında daha çox olması, eyni zamanda, mədəniyyətə, musiqiyə, rəssamlığa, sözün geniş mənasında, sənətə yüksək marağı ilə insanları heyrətə salırdı.

Belə bir mühitin yaradıcısı məhz Heydər Əliyev idi. Bu mənada ötən əsrin 70-80-ci illərində istər incəsənətin müxtəlif sahələrində, istərsə də ədəbi prosesdə ciddi nəticələri olan yaradıcılıq axtarışları aparılmışdı. Yaradıcılıq məzmun və formaca zənginləşmiş, yeni təmayüllər formalaşmağa başlamışdı.

Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rza kimi ədəbiyyat və mədəniyyət xadimlərinin SSRİ-nin ən yüksək fəxri adına - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmələri məhz Ulu Öndərin təqdimatı ilə reallaşmışdı. İmadəddin Nəsiminin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının heykəllərinin ucaldılması, digər monumental sənət əsərlərinin yaradılması, "Gülüstan” sarayı, Opera studiyası, Xoreoqrafiya məktəbi kimi memarlıq abidələri mədəniyyətimizə diqqət və qayğının mühüm təzahürləri idi.

Son olaraq bir məqamı da vurğulamaq istərdim ki, Ümummilli Lider təşəbbüslərinin real nəticələrini görəndə böyük məmnunluq hissi keçirir, bu cür tədbirlərin gerçəkləşdirilməsində şəxsən iştirak etməyə çalışırdı. Çünki Heydər Əliyev, sözün əsl mənasında, mədəniyyətlə nəfəs alır, həyatını musiqidən, sənətdən kənarda hiss edə bilmirdi.

 

Sadiq Qurbanov,

Milli Məclisin Təbii ehtiyatlar,

energetika və ekologiya komitəsinin sədri

 

İki sahil.- 2023.- 11 aprel.- S.5.