MƏN HEYDƏR ƏLİYEV

MƏKTƏBİNDƏ NECƏ DƏRS ALDIM

 

Jurnalist Aslan Aslanov 45 ildən çox Azərbaycanın müxtəlif mətbuat orqanlarında çalışıb. Ömrünün 30 ili Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə bağlı olub. Əvvəlcə agentlikdə müxbir, baş redaktor, 1997-2002-ci illərdə baş direktorun birinci müavini, 2002-2022-ci illərdə baş direktor, İdarə Heyətinin sədri işləyib.  Ulu öndər Heydər Əliyevin 1993-çü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya gələrək iyunun 11-də AMEA-nın Rəyasət Heyətinin binasında xarici ölkələrin səfirləri ilə ilk görüşündən başlayaraq, 2003-cü ilədək keçirdiyi görüşlərin, qəbulların, iclasların və digər tədbirlərin, eləcə də xarici ölkələrə səfərlərinin tam əksəriyyətində AZƏRTAC-ın əməkdaşı kimi iştirak edib. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Hazırda təqaüddə olan Aslan Aslanovun Ulu Öndərin 100 illiyi münasibətilə yazdıgı “Mən Heydər Əliyev məktəbində necə dərs aldım” sərlövhəli xatirələrini oxuculara təqdim edirik.

 

XV yazı

 

Fevralın 22-də günortadan sonra Prezident Heydər Əliyevin iqamətgahının qarşısında hiss ediləcək canlanma Britaniya jurnalistlərinin xüsusi maraq göstərdikləri yüksək rabitəli qonağın yaxınlaşan gəlişindən xəbər verirdi. Buraya həm yerli kütləvi informasiya vasitələrinin çoxsaylı nümayəndələri, həm də Londonda akkreditasiya olunmuş xarici ölkə jurnalistləri toplaşmışdı. Budur, qonağı gətirən avtomobil karvanı Azərbaycan Prezidentinin iqamətgahının qarşısında dayanır. Böyük Britaniyanın sabiq Baş naziri, dünya siyasət aləmində “Dəmir Ledi” adı ilə məşhur olan Marqaret Tetçer Azərbaycan Prezidenti Heydər Əliyevin görüşünə gəlmişdi.

Dünyanın iki görkəmli, təcrübəli dövlət və siyasi xadiminin görüşü o qədər maraqlı keçdi ki, orada iştirak edənlərin hər biri vaxtın belə tez keçməsinə təəssüflənirdi. Bir saatdan çox davam edən görüşdə müstəqil Azərbaycan Respublikasında demokratik proseslərin gedişindən, yüksək sivilizasiyalı cəmiyyət qurulması yolunda atılan addımlardan bəhs edən Prezident Heydər Əliyev bildirdi ki, dünya demokratiyasının təcrübəsinə əsaslanan Azərbaycan siyasi plüralizm, sərbəst bazar iqtisadiyyatı, insan hüquqlarının qorunması yolunu seçibbu yoldan dönməyəcək. Azərbaycan dövlətinin başçısı Qarabağda altı ildən çox davam edən müharibənin əsl səbəbləri və mahiyyəti barədə M.Tetçerdə dolğun təəssürat yaratdı: Ermənistan silahlı qüvvələri nüfuzlu beynəlxalq hüquqa, Beynəlxalq təşkilatların qərarlarına məhəl qoymadan Azərbaycan ərazilərinin xeyli hissəsini işğal altında saxlamaqda davam edirbir milyondan çox vətəndaşımız doğma torpağında qaçqına çevrilərək, evsiz-eşiksiz qalıb. Heydər Əliyev görüşə bu fikirlə yekun vurdu ki, Azərbaycan müharibə istəmir, xalqımız və ordumuz Ermənistanın işğalçı qoşunlarının ərazilərimizdən çıxarılması üçün ədalətli müharibə aparır və bu mübarizəni dönmədən davam etdirəcək.

İqtisadi islahatlara başlayan respublikamız üçün Qərbin nüfuzlu şirkətləri ilə əlaqələr qurmaq və Azərbaycana investisiya qoyulmasına nail olmaq çox vacib idi. Buna görə də Prezidentin səfər proqramında Böyük Britaniyanın adamları, nüfuzlu şirkətlərinin rəhbərləri ilə görüşlər də xüsusi yer tuturdu. Hələ əsrin əvvəlindən Azərbaycan neftinə böyük maraq göstərən “Britiş Petroleum” şirkətinin indi ölkəmizin neft sənayesinin, eləcə də sosial sahənin inkişafına vermək istədiyi töhfələr, “Con Braun” şirkətinin Sumqayıt kimya müəssisələrində fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlıqların yeniləri ilə əvəz olunması və zavodun istehsal gücünün artırılması barədə layihələri həqiqətən cəlbedici idi. Böyük Britaniyanın “Britiş Petroleum” və NorveçinStatoil” şirkətlərinin birgə təşkil etdikləri canlı diskussiya şəraitində keçən digər bir görüşdə sənayeçiləri maraqlandıran suallar cavablandırıldı, Azərbaycanın bir sıra sənaye müəssisələri ilə əməkdaşlıq imkanları nəzərdən keçirildi.

Böyük Britaniyanın bir sıra digər sahələr üzrə nazirləri də Prezident Heydər Əliyevlə görüşə xüsusi maraq göstərirdilər. Energetika naziri dövlətimizin başçısının iqamətgahına gələrək bu sahədə mövcud əməkdaşlıq imkanlarından danışaraq dedi ki, onlar Azərbaycanın energetika, neftqaz sənayesinin dirçəldilməsinə öz töhfələrini vermək istəyirlər. Heydər Əliyev də öz növbəsində İngiltərənin energetika sahəsindəki zəngin təcrübəsinin öyrənilib Azərbaycanda tətbiq edilməsinə, ümumiyyətlə, bu sahədə birgə fəaliyyətə tərəfdar olduğunu diqqətə çatdırdı.

“Azərbaycan Böyük Britaniya ilə bir çox sahələrdə əməkdaşlığa maraq göstərir. Hesab edirəm ki, kənd təsərrüfatı sahəsində də əlaqələr qurulması üçün yaxşı imkanlar var. Biz təkcə lazımi ərzaq məhsulları almağa yox, kənd təsərrüfatı işlərinin aparılması üçünsizin ölkə ilə faydalı əməkdaşlıq etmək istərdik” - bu fikirləri isə Heydər Əliyev öz iqamətgahında Böyük Britaniyanın kənd təsərrüfatı, balıqçılıq və ərzaq naziri xanım Cilian Şeferdi qəbul edərkən dedi. Görüşdə əməkdaşlığın perspektivləri müzakirə edildiBöyük Britaniya kənd təsərrüfatı mütəxəssislərinin Azərbaycana gedərək konkret sahələrdə tələbatı öyrənmək, vəziyyətlə tanış olaraq lazımi məsləhətlər vermək, əməli kömək göstərmək barədə təklif məmnuniyyətlə qəbul olundu.

Fevralın 23-də Londondakı məşhur Forin Offisdə (Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin binası) Prezident Heydər Əliyevin təntənəli qarşılanma mərasimi keçirildi. Forin Offis Azərbaycanın və Böyük Britaniyanın dövlət bayraqları ilə bəzədilmişdi. Azərbaycan dövlət başçısının şərəfinə meydanda fəxri qarovul düzülmüşdü.

Böyük Britaniya hökumətinin iqamətgahı olan Dauninq-strit Xarici İşlər Nazirliyinin binasının lap yaxınlığındadır. Yerli vaxtla saat 12:15-də Baş nazir Con Meycor onu müşayiət edən şəxslərlə birlikdə hörmətli qonağın rəsmi qarşılanma mərasiminin keçirildiyi meydana gəldi. Hamının nəzərləri Forin Offisin möhtəşəm darvazasına dikilmişdi. Bir qədər keçmiş fəxri qarovulun rəisi “Farağat” komandası verdi, orkestrin ifasının xoş sədaları altında Azərbaycan Prezidentini gətirən avtomobil meydana daxil oldu. Prezident Heydər Əliyev və Baş nazir Con Meycor mehribancasına görüşdülər. Azərbaycan və Böyük Britaniyanın Dövlət himnləri səsləndi. Fəxri qarovulun rəisi Azərbaycan Prezidentinə raport verdi. Rəsmi qarşılanma mərasimindən sonra Heydər Əliyev ilə Con Meycor arasında danışıqlar başladı.

Dünya nizamında böyük təsir gücünə, xüsusi mövqeyə malik Böyük Britaniya hökumətinin gənc müstəqil Azərbaycan Respublikasına, dövlət başçısı Heydər Əliyevə böyük hörmət və ehtiramının əlaməti olan bu əzəmətli mərasimi həyəcansız izləmək mümkün deyildi. Qəlbimiz sonsuz fərəh hissi ilə döyünürdü. Belə tarixi hadisələrin şahidi olduğumuz üçün özümüzü çox xoşbəxt hiss edirdik.

Heydər Əliyev və Con Meycor danışıqlardan sonra Azərbaycan ilə Böyük Britaniya arasında dostluq və əməkdaşlıq haqqında müqaviləni, habelə daha altı mühüm sənədi imzaladılar. İqtisadi sənədlər paketinə daxil olan səkkiz saziş də imzalandı.

Siyasi icmalçılar Heydər Əliyevin Britaniyaya səfərini iki ölkənin əməkdaşlığında çox uğurlu bir başlanğıc kimi dəyərləndirirdilər. Rəsmi London Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəkləyir və Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu vurğulayırdı. Xarici mətbuat hesab edirdi ki, Böyük Britaniya hökumətinin beynəlxalq təşkilatlar, xüsusilə BMT və ATƏM (indiki ATƏT) xətti ilə bütün diplomatik səylərdə və siyasi həll yolları axtarışında Azərbaycana dəstək verəcəyini birbaşa bildirməsi səfərin çox böyük uğurudur. Siyasi icmaçıların fikrincə, bu səfər Azərbaycanın dünya miqyasında, beynəlxalq təşkilatlarda nüfuzunun möhkəmlənməsinə müsbət təsir göstərəcəkdi və belə də oldu.  

Azərbaycan Prezidenti Böyük Britaniya Beynəlxalq Əlaqələr İnstitutunda professor-müəllim heyəti ilə görüşdəki çıxışında səfərinə bir növ yekun vurdu. İki dost ölkə arasında bağlanmış müqavilələrdən geniş bəhs edərək dedi ki, London görüşləri Azərbaycan-İngiltərə əməkdaşlığının möhkəm təməlini qoydu. Britaniyanın rəsmi və biznes dairələri səfər çərçivəsində ölkəmizdəki mövcud daxili ictimai-siyasi vəziyyət barədə yetərincə məlumatlandırıldı, onlarda qəti inam yarandı ki, Azərbaycan bazar iqtisadiyyatı prinsiplərinə, demokratiyaya sadiqdirbu yolla getməyə davam edəcək.

Heydər Əliyev ilk xarici səfərləri zamanı özü ilə xəritə götürür, görüşdüyü auditoriyaya Ermənistanın Azərbaycana təcavüzünü əyani şəkildə izah edirdi. Böyük Britaniya Beynəlxalq Əlaqələr İnstitutunda keçirdiyi görüşdə də belə oldu. Ulu Öndər divardan asılmış xəritənin önünə keçərək professor-müəllim heyətində işğal olunmuş ərazilər, xalqımızın milli sərvətlərinin talan olunması, milli abidələrimizin darmadağın edilməsi barədə dolğun təsəvvür yarada bildi. Eyni zamanda, xəritə üzərində göstərdi ki, Ermənistan silahlı qüvvələri təkcə Qarabağı deyil, hətta ondan xeyli kənarda yerləşən bir sıra digər rayonlarımızı da ələ keçirmiş, yüzlərlə kəndi, qəsəbəni, neçə-neçə şəhəri talan edib dağıtmışlar. Heydər Əliyev, auditoriyanı işğal olunmuş ərazilərdən didərgin düşmüş bir milyondan çox azərbaycanlının problemləri barədə də məlumatlandırdı, onların ağır vəziyyətinə diqqət çəkdi.

 

/Ardı var/

 

İki sahil.- 2023.- 14 aprel.- S.5