MƏN HEYDƏR ƏLİYEV

MƏKTƏBİNDƏ NECƏ DƏRS ALDIM

 

Jurnalist Aslan Aslanov 45 ildən çox Azərbaycanın müxtəlif mətbuat orqanlarında çalışıb. Ömrünün 30 ili Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə bağlı olub. Əvvəlcə agentlikdə müxbir, baş redaktor, 1997-2002-ci illərdə baş direktorun birinci müavini, 2002-2022-ci illərdə baş direktor, İdarə Heyətinin sədri işləyib.  Ulu öndər Heydər Əliyevin 1993-çü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya gələrək iyunun 11-də AMEA-nın Rəyasət Heyətinin binasında xarici ölkələrin səfirləri ilə ilk görüşündən başlayaraq, 2003-cü ilədək keçirdiyi görüşlərin, qəbulların, iclasların və digər tədbirlərin, eləcə də xarici ölkələrə səfərlərinin tam əksəriyyətində AZƏRTAC-ın əməkdaşı kimi iştirak edib. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Hazırda təqaüddə olan Aslan Aslanovun Ulu Öndərin 100 illiyi münasibətilə yazdıgı “Mən Heydər Əliyev məktəbində necə dərs aldım” sərlövhəli xatirələrini oxuculara təqdim edirik.

Beynəlxalq Əlaqələr İnstitutundakı görüşdə Azərbaycan Prezidentinə çoxlu suallar verildi. Hiss olunurdu ki, Cənubi Qafqazın coğrafi mövqeyinə görə böyük strateji əhəmiyyət daşıyan və hazırda dünyada görkəmli dövlət xadimi kimi tanınan Heydər Əliyevin rəhbərliyi ilə hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu yolunu seçmiş Azərbaycanın gələcəyi, xüsusilə Qərb yönümlü respublikaya çevrilməsi imkanları professor-müəllim heyətini çox maraqlandırır. Müharibənin davam etməsi onların fikrincə, Azərbaycanda demokratik islahatların gedişini ləngidə bilər. Heydər Əliyev qəti sürətdə bildirirdi ki, Azərbaycan sülh tərəfdarıdır və müharibənin dayandırılması ilə bağlı bir çox təşəbbüslər irəli sürüb. Lakin işğalçı Ermənistan hökuməti və ordusu danışıqlar stolu arxasında oturmaqdan açıq-açığına boyun qaçırır. Ulu Öndər suallara cavab verərkən vəziyyəti tam aydınlığı ilə izah etmək üçün dəfələrlə xəritə qarşısına keçir, dinləyicilərdə əyani təsəvvür yaradırdı.

Səfərin sonuncu günü Oksford Universitetindəki görüş də xüsusilə yaddaqalan oldu. Universitetin rektorluğu Heydər Əliyevin şərəfinə qəbul təşkil etdi. Qəbulda universitetin ən məşhur alimləri iştirak edirdilər. Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi perspektivləri, tələbə və elmi informasiya mübadiləsi, habelə aspirantların və yüksək ixtisaslı alimlərin ixtisasartırma kurslarının, birgə seminarların təşkili imkanları nəzərdən keçirildi. Alimlər Heydər Əliyevin çıxışını böyük maraqla dinlədilər.

Gecədən xeyli keçsə də, Heydər Əliyevi Hilton otelində soydaşlarımızla görüş gözləyirdi. Hoteldəki salona daxil olan dövlətimizin başçısı hərarətlə, gül-çiçəklə qarşılandı. Heydər Əliyev salondakıları salamladıqdan sonra çox maraqlı bir məqama toxunaraq dedi: buraya toplaşanların müstəqil Azərbaycan Respublikasından və yaxud başqa yerdən gəlməsini aydınlaşdırmağın o qədər əhəmiyyəti yoxdur. Əsas məna bundan ibarətdir ki, nəhayət azərbaycanlılar da bir yerə yığışıb öz Vətənləri – Azərbaycan torpaqları barədə düşünə bilərmişlər. Bu amil Azərbaycan xalqı üçün demək olar ki, yenidir. Çünki biz sayca çox olsaq da, keçmiş zamanlarda bir-birimizdən daim uzaq düşmüşük. Avropada, başqa ölkələrdə də azərbaycanlıların sayca çox yaşamasına baxmayaraq onların arasında əlaqələr zəif olub. Ona görə də keçmiş vaxtlarda harada nə qədər azərbaycanlı olduğunu müəyyənləşdirmək çox çətin idi.

Heydər Əliyev fikrini belə yekunlaşdırdı: “Hesab edirəm ki, indi Azərbaycan müstəqil dövlət olandan sonra, digər ölkələrdə yaşayan azərbaycanlılar özlərinin Azərbaycan kimi bir ana Vətənlərinin olduqlarını dərk edəndən sonra bu çatışmazlıq da, bu nöqsan da aradan götürülə bilər”.

Qızğın diskussiya şəraitində keçən görüşdə soydaşlarımız respublikamızla daha çox əlaqələr qurulması barədə maraqlı təkliflər irəli sürdülər. Azərbaycan radiosunun verilişlərinin İngitərədə yayımlanması, Londonda Azərbaycan evi, informasiya mərkəzi yaradılması və bir-birindən daha faydalı digər arzu və təkliflər Prezident tərəfindən razılıqla qarşılandı.

Bu, dünya azərbaycanlılarının həmrəyliyi baxımından çox yaddaqalan, mühüm bir görüş idi. Tədbir başa çatandan sonra da soydaşlarımız Heydər Əliyevdən ayrılmaq istəmirdilər. Onlar dəstə-dəstə dövlətimizin başçısına yaxınlaşır, ən əziz adam kimi bu dünyaşöhrətli insandan daha nəyisə eşitmək istəyir, onunla xatirə fotosu çəkdirirdilər. Hiss olunurdu ki, Heydər Əliyevin Fransadan sonra Qərbin böyük nüfuza malik daha bir ölkəsində də rəğbətlə, hörmətlə qarşılanması həmyerlilərimizdə qürur hissi yaradıb, onların gələcəyinə inamını daha da artırıb. Digər tərəfdən, istər Böyük Britaniya, istərsə də Qərbin bir sıra digər ölkələrinin mətbuatında respublikamızın rəhbərinin həm Parisdə, həm də Londonda keçirdiyi görüşlər barədə dərc olunan materiallar da sözsüz ki, onlarda vətənpərvərlik və həmrəylik hisslərinin oyanmasına öz müsbət təsirini göstərirdi.

Heydər Əliyev imkan düşən kimi mətbuat nümayəndələri ilə görüşə də vaxt ayırırdı. Fevralın 24-də Böyük Britaniyada akkreditasiyadan keçmiş bir sıra xarici jurnalistlərin və ölkə qəzetlərinin baş redaktorlarının onunla görüşmək istəyinə dərhal razılıq verdi. Jurnalistlər və qəzet redaktorları ilə söhbətində Azərbaycan-Böyük Britaniya münasibətlərinin bütün vacib məqamlarından və gələcəkdə hər iki tərəfin əldə edə biləcəyi faydalı nəticələrdən ətraflı bəhs etdi. Eyni zamanda, media nümayəndələrini Ermənistanın Azərbaycana hərbi təcavüzü, ərazilərimizin 20 faizinin işğal olunması, maddi-mədəni abidələrimizin, mülki strukturların dağıdılaraq viran qoyulması barədə məlumatlandırdı. Ermənistan-Azərbaycan münaqişəsinin həllində beynəlxalq təşkilatların, xüsusilə də ATƏM-in Minsk qrupunun səylərinin əlaqələndirilməsinə dair ölkəmizin mövqeyini bir daha açıqladı.

Londonda son görüşlərdən biri nazir Baranesso Çolker ilə oldu. Görüş zamanı belə bir ümumi fikir ifadə edildi ki, Azərbaycanın çox geniş iqtisadi potensialı və formalaşmış infrastrukturları bütün dövlətlərlə, o cümlədən Böyük Britaniya ilə əməkdaşlıq üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanla Britaniya arasında imzalanmış sənədlər - dostluq və əməkdaşlıq haqqında müqavilə, habelə energetika sahəsində əməkdaşlıq haqqında Memorandumdan danışan Baranesso Çolker imzalanmış səkkiz sənədi iki ölkənin münasibətlərinin bünövrə daşları adlandırdı. Obrazlı şəkildə dedi ki, gələcəkdə bu təməl üzərində əməkdaşlığın çox möhtəşəm binası ucaldıla bilər.

Azərbaycanla Böyük Britaniya arasında imzalanmış bir sıra müqavilələrin maliyyələşməsini Avropa Yenidənqurma və İnkişaf Bankı üzərinə götürdü. Heydər Əliyevi Londondakı ən nüfuzlu banklarından birində çox səmimiyyətlə, ehtiramla qarşıladılar. Söhbət zamanı dövlətimizin başçısı dedi ki, Azərbaycana sərmayə qoyuluşunun konkret planını hazırlamaq, sözdən əməli işə keçmək lazımdır. Bankın rəhbərliyi bu fikirlə razılaşdı, Azərbaycanda keçirilən islahatlara yardım göstərilməsinə, eyni zamanda, bir sıra irimiqyaslı layihələrin maliyyələşməsinə dair razılıq əldə olundu.Konkret maliyyə proqramları və bu proqramların reallaşdırılması barədə məsləhətləşmələr görüşdə xüsusi yer tutdu.

Azərbaycan Prezidentinin səfər proqramına daxil olan mühüm tədbirlərindən biri də Böyük Britaniya parlamentinin aşağı palatasında görüşlər idi. Ənənələrə uyğun olaraq, palatada əvvəlcə Baş nazir Con Meycor rəsmi çıxış etdi və sualları cavablandırdı. Parlamentdə görüş zamanı Azərbaycanla bağlı xüsusi parlament qrupu formalaşdırmaq məsələsi nəzərdən keçirildi və həmin qrupun tərkibi təsdiq edildi. Prezident Heydər Əliyevin qrupa daxil olan deputatlarla söhbəti son dərəcə maraqlı keçdi. Görüş əsnasında müstəqil Azərbaycanda gedən ictimai-siyasi proseslərin müxtəlif cəhətlərinə toxunuldu.

Heydər Əliyev parlamentdə olarkən ermənilərin və xüsusən “Dağlıq Qarabağ problemi” barədə onların bədnam mövqeyinin Qərbi Avropa ölkələrində, xüsusən Böyük Britaniyada fəal təbliğatçısı olan baronessa Kerolayn Koksla da görüşdü. Şahid olanlar təsdiqləyər ki, bu, çox maraqlı bir görüş idi. “İpə-sapa yatmayan” xanım Koks yavaş-yavaş, özü də hiss etmədən Heydər Əliyevin təsir dairəsinə düşdü və sonadək bu təsirdən çıxa bilmədi. Prezident Heydər Əliyev münaqişənin səbəblərini və bütün aspektlərini açıqlayaraq dedi ki, Azərbaycan xalqı baronessa Koksun simasında düşmən yox, dost görmək istəyir. Ona görə də baronessanın respublikamıza gəlməsi və məsələnin məğzinin yerindəcə öyrənməsi onda münaqişə barədə aydın təsəvvür yaranmasına kömək edərdi.

Nə isə baronessa Koks söhbəti uzun bir əhvalatdır və bu yazıda ona geniş yer ayırmağa dəyməz. Atalar demişkən, “ilanın ağına da lənət, qarasına da”.

Prezident Heydər Əliyevin Böyük Britaniyaya səfəri uğurla başa çatdı. Dünyanın bir çox nüfuzlu kütləvi informasiya vasitələrində bu səfərin geniş işıqlandırılması ona olan xüsusi maraqdan xəbər verirdi. Dövlətimizin başçısı da səfərin nəticələrindən razı qalmışdı. Böyük Britaniyanın Baş naziri, xarici işlər və digər nazirlərlə görüşlər qarşıda geniş üfüqlər açırdı. Əldə edilmiş razılaşmalar, bağlanmış müqavilələr həm iqtisadi, həm də siyasi cəhətdən Azərbaycan-Böyük Britaniya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qalxmasına xidmət edəcəkdi. Heydər Əliyev jurnalistlərə dedi ki, bu səfər iki dövlət arasında əməkdaşlığın möhkəm əsasını qoymaqla yanaşı, onun müqavilə zəminində inkişaf etməsi üçün daha yaxşı perspektivlər açılır. Böyük Britaniya rəhbərliyi ilə görüşlər və danışıqlar prosesində əldə edilən nəticələr bir daha göstərdi ki, rəsmi London Azərbaycanın ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşır. Böyük Britaniya ölkəmizə kapital qoymaqla yanaşı, Cənubi Qafqaz regionunda münasibətlərin tənzimlənməsində maraqlıdır, xüsusilə Azərbaycan-Ermənistan müharibəsinin siyasi yolla dayandırılmasına həm ikitərəfli danışıqlar zəminində, həm də beynəlxalq təşkilatlar çərçivəsində hər cür yardım göstərməyə hazırdır.

İqtisadi əlaqələrin, iki ölkənin ən iri şirkətləri arasında əməkdaşlıq məsələlərinin də danışıqlarda mühüm yer tutduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycanın neft yataqlarının işlənməsində BP şirkətinin iştirakı məsələsinə toxundu və Qərbin neft şirkətləri konsorsiumu ilə imzalanmalı olan müqaviləyə xüsusi yer verildiyini dedi.

Respublikamızın rəhbəri parlamentdə həm Mühafizəkarlar partiyasından, həm Leyboristlər partiyasından olan deputatlarla, həm də Lordlarla  məzmunlu söhbətlərdən bəhs edərək dedi ki, bütün səviyyələrdə görüşlər zamanı daxili və xarici siyasət məsələlərində Azərbaycan rəhbərliyinin mövqeyini aydın şərh etməyə imkanı oldu. Azərbaycanın daxili siyasətinin hüquqi, demokratik dövlət, demokratik cəmiyyət yaradılmasına,  siyasi plüralizmin və çoxpartiyalı sistemin bərqərar edilməsinə, insan hüquq və azadlıqlarının müdafiəsinə, söz, mətbuat, vicdan azadlıqlarının, milli mənsubiyyətindən, dini etiqadından və siyasi əqidəsindən asılı olmayaraq bütün vətəndaşların hüquq bərabərliyinin təmin olunmasına yönəldiyi diqqətə çatdırıldı .

Heydər Əliyevin fikrincə, Azərbaycan Birləşmiş Krallığın timsalında beynəlxalq sahədə əməkdaşlıq üçün, eləcə də Birləşmiş Krallıq Azərbaycanın timsalında yaxşı tərəf-müqabilə malik ola bilər. Böyük Britaniya səfərinin yekunlarından razılıqla söhbət açan Azərbaycan Prezidenti sonda yerli və xarici KİV nümayəndələrinin suallarına cavab verdi.

Bir sözlə, dünyanın ən nüfuzlu, ən çox inkişaf etmiş ölkələrindən, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Böyük Britaniya gənc müstəqil dövlətin – Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi ən ali dərəcəli qonaqlara məxsus yüksək diplomatik səviyyədə qarşıladı və yola saldı. Doğrudur, bu ölkənin müxtəlif dairələrində Azərbaycan haqqında nisbətən az məlumata malikdirlər. Lakin onu da görürdük ki, Britaniyada Prezidentimiz Heydər Əliyevi çox yaxşı tanıyır, ona dünyanın ən görkəmli dövlət xadimi və siyasi xadimi kimi böyük maraq göstərirdilər. Dövlətimizin başçısının Londonda keçirdiyi çoxsaylı görüşlər, apardığı danışıqlar, imzalanan sənədlər Azərbaycan diplomatiya tarixinin parlaq səhifəsi kimi yaddaşlara həkk olundu. Aradan 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq, şəxsən mən bir jurnalist, bir vətəndaş olaraq həmin tarixi səfəri bu gün də qürur hissi ilə xatırlayıram.

1994-cü il martın 1-də, Prezident Heydər Əliyevin Londona səfəri başa çatandan bir neçə gün sonra ATƏM-in (indiki ATƏT) Minsk konfransının İsveçdən olan yeni sədri Yan Eliasson Azərbaycana gəldi. Minsk qrupunun fəaliyyətinin indiyədək səmərəsiz olmasına baxmayaraq, biz yenə də Ermənistan–Azərbaycan münaqişəsinin aradan qaldırılmasında ona ümid bəsləyir və hesab edirik ki, Minsk qrupu bu missiyanı yerinə yetirməyə tamamilə qadirdir. Azərbaycan dövlətinin başçısı ümidvar olduğunu bildirdi ki, isveçli diplomatı Minsk qrupunun bütün bu dövrdəki fəaliyyətini təhlil edəcək, sanballı nəticələrə nail olmaq üçün daha fəal səylər göstərəcək.

“Biz atəşin, hərbi əməliyyatların dayandırılmasını istəyirik, lakin bir şərtlə ki, respublikanın ərazi bütövlüyü, onun sərhədlərinin toxunulmazlığı, Azərbaycanın bütün ərazisində vətəndaşların təhlükəsizliyi təmin edilsin”, - deyən Heydər Əliyev sülh yaratmaq yolunda göstərilən bütün təşəbbüslərin, səylərin Ermənistan tərəfindən pozulduğunu diqqətə çatdırdı. Tələb etdi ki,  haqq-ədalət prinsipləri beynəlxalq birliyin çox vaxt etdiyi kimi “anlaşılmaz bitərəfliyi” gözləməyi deyil, münaqişədə iştirak edən hər iki tərəfin hərəkətlərinə obyektiv qiymət verməyi tələb edir.

Moskvada və Ankarada apardığı məsləhətləşmələr, Minsk konfransına daxil olan bir sıra ölkələrin nümayəndələri ilə görüşlər barədə Prezident Heydər Əliyevə məlumat verən Yan Eliasson da öz növbəsində bildirdi ki, münaqişə mərhələlərlə, tədricən aradan qaldırılmalıdır. Həmin addımlar qoşunların işğal olunmuş ərazilərdən çıxarılmasından, kommunikasiyaların bərpasından, qaçqınların daimi yaşayış yerinə qayıtarılmasından ibarət olmalıdır. Bundan sonra münaqişənin siyasi yolla aradan qaldırılmasına dair danışıqlara başlamaq mümkündür. Yan Eliasson Minsk prosesinin bərpa olunmasının əlaməti kimi, münaqişə zonasında atəşin dayandırılmasını təklif etdi.

Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının həmişə böyük bir hissəsini təşkil edib. Statistik məlumatlara görə, respublika əhalisinin yarıya qədəri kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olub, hələ sovet dönəmində Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə Bakı ilə yanaşı, respublikanın regionlarında da çox sürətli sosial inkişaf, daha doğrusu, inqilabi dəyişikliklər baş vermişdi. Amma 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində respublikada səriştəsiz, bacarıqsız insanların günahı ucbatından kənd təsərrüfatı bərbad hala salınmışdı ki, bu da əhalinin güzəranına ağır zərbələr vurmuşdu. İndi isə müharibə vəziyyəti bu sahədə daha ciddi problemlər yaradırdı.

Prezident Heydər Əliyev 1994-cü il martın 4-də Prezident Sarayında kənd təsərrüfatı problemlərinin həllinə həsr olunmuş böyük bir müşavirə keçirdi. O, müşavirədəki çıxışında mövcud problemləri ətraflı təhlil etdi, sahənin əsaslı sürətdə dirçəldilməsi üçün lazımi tövsiyələr və tapşırıqlar verdi. Təxminən iki saatdan çox davam edən görüşdə kənd təsərrüfatı ilə məşğul olan rayonların, bu sahədəki mərkəzi idarənin rəhbərləri çıxış etdilər və görüləcək işlər barədə Ulu Öndər Heydər Əliyevdən lazımi istiqamət aldılar.

Elə həmin günlərdə məlum oldu ki, Azərbaycan Prezidenti yaxın vaxtlarda Çinə səfər edəcək. Gördüyü kimi, Heydər Əliyev istirahət, rahatlıq bilmədən işləyir, dövlət əhəmiyyətli mühüm tədbirlər bir-birini əvəz edirdi.

Martın 6-da axşam Heydər Əliyev Çin Xalq Respublikasının Sədri Tszyan Tszeminin dəvəti ilə Pekinə yola düşdü. İki ölkə arasında əlaqələr qədim tarixə malik olsa da, bu səfər Azərbaycan dövlət başçısının Çinə ilk səfəri kimi tarixə düşdü.

Azərbaycan Respublikası Prezidentinin Pekinə səfər proqramı Çin Xalq Respublikasının Sədri Tszyan Tszemin ilə görüşlə başladı. ÇXR-in Sədri Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini və bütün sahələrdə dostcasına əməkdaşlığın daha da genişləndirilməsi üçün Heydər Əliyevlə birgə səylər göstərməyə hazır olduğunu dedi.  Vurğuladı ki, Çin xalqı Azərbaycan xalqına daim dostluq hissləri bəsləyib, indi isə Azərbaycanın istiqlaliyyət qazanması Pekinlə Bakı arasında diplomatik münasibətlər qurulmasına, ikitərəfli əlaqələrin genişləndirilməsinə əlverişli imkanlar açıb. Bu əlaqələrin sabit və sağlam əsasda inkişafında maraqlı olduğunu bildirən Çinin Sədri beynəlxalq təşkilatlarda, o cümlədən BMT çərçivəsində tərəflərin qarşılıqlı fəaliyyətini gücləndirməyin mümkün olduğunu söylədi. Həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsindən narahatlığını dilə gətirərək dedi ki, çoxlu insan tələfatına və maddi itkilərə gətirib çıxaran bu münaqişənin davam etdirilməsi hər iki tərəf üçün sərfəli deyil.

Prezident Heydər Əliyev BMT Təhlükəsizlik Şurasının üzvü olan ÇXR-in beynəlxalq arenada güclü təsirə malik aktor olduğunu vurğulayaraq, Azərbaycanda Çinin islahatlar təcrübəsinə böyük maraq göstərildiyini dedi.

Görüşdə hər iki ölkənin əlaqələrində öyrənilməmiş və istifadə edilməmiş kifayət qədər mənbələrin olduğu qeyd edildi. Bu fikir həm Çinin iqtisadi islahatları həyata keçirmək təcrübəsinin öyrənilməsinə, həm də Azərbaycana kredit verməsinə və digər iqtisadi yardımlara aid idi. Razılıq əldə olundu ki, Çin tərəfi Azərbaycanda əsasən yüngül sənaye məhsulları istehsalına, eləcə də müştərək müəssisələr yaradılmasına kreditlər ayıracaq. Eyni zamanda, yeni istehsal sahələrinin işə sàlınmàsınà kömək göstərəcək, yüksək texnoloji tutumlu məhsulların istehsalı və ixracı sahəsində əməkdaşlığın inkişafına diqqəti àrtıràcaq.

Hər iki ölkənin rəhbərləri belə bir yekdil fikir söylədilər ki, dövlətlərarası münasibətlər dinc yanaşı yaşamağın beş prinsipi əsasında qurulmalıdır.

 

/Ardı var/

 

İki sahil.- 2023.- 15 aprel.- S.7.