HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN

YENİ NEFT STRATEGİYASININ TƏNTƏNƏSİ

 

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə  Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. Belə ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.

Dövlət üçün müstəqillikdən, vətəndaşı üçün isə azadlıqdan üstün heç nə ola bilməz. Ulu və zəngin tarixi keçmişə, min illik dövlətçilik tarixinə malik Azərbaycan xalqı azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu bir yol keçmiş, əsrlər boyu torpağına göz dikən, azadlığını təhdid edən, ona düşmən kəsilən yadellilərə qarşı daima  mübarizə aparmışdır.

Tarix göstərir ki, bu mübarizəni aparmaq üçün tarixi şəxsiyyətlər olmalıdır. Tarixdə belə şəxsiyyətlər, onların həyat və fəaliyyəti bütöv bir xalqın, dövlətin inkişaf  yolunu müəyyənləşdirir. İllər keçdikcə böyük şəxsiyyətlər dövrünün fövqünə yüksələrək, layiq olduqları yeri tuturlar. Bəzən isə şəxsiyyətin tarixdə yerini müəyyənləşdirmək üçün zamana ehtiyac qalmır. Bu cür fenomenal insanlar bütövlükdə xalqın, millətin adını özündə ehtiva edirlər. Belə nadir şəxsiyyətlərdən biri də ötən əsrin və yeni minilliyin görkəmli siyasi və dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir.

Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Azərbaycana rəhbərliyi dövründə özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur.

Böyük siyasi iradəyə, sarsılmaz  əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Onun zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur.

Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindəndir.

Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti dünya  siyasət sənətinin xəzinəsinə daxil olmuş, onun adı Azərbaycan xalqının rəmzinə, keçdiyi ömür yolu doğma torpağa məhəbbət və sədaqət meyarına çevrilmişdir. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Heydər Əliyevin möhtəşəm siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı olmuşdur. 

Möhkəm dövlətin təməli əsasən iqtisadiyyatdan keçir. Bu baxımdan ölkəmizin əsas iqtisadi dayaqlarının təməlini qoyan Ulu Öndər Heydər Əliyev və onun şah əsərlərindən biri olan  Azərbaycanin neft strategiyası istiqamətində danışmaq istərdim. Ulu Öndər Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Bu müqavilə həm imzalanan müqavilələrin sayına, həm iqtisadi əhəmiyyətinə, həm də regionda siyasi və iqtisadi sabitliyindəki roluna görə bütün beynəlxalq aləmdə "Əsrin müqaviləsi" adlandırıldı. Müqavilə 30 illiyə nəzərdə tutulsa da sonradan 50 ilə qədər uzadılmışdır. Müqavilədə 7 öl­kənin - Azərbaycan, ABŞ, Böyük Britaniya, Norveç, Rusiya, Səudiyyə Ərəbistanı və Türkiyənin 11 nəhəng neft şirkəti – ARDNŞ- SOCAR, "BP", "AMOKO", "LUKoyl", "Penzoyl”, "YUNOKAL", "Statoyl", "TPAO", "Mark-Dermott", "Ramko Enerci", "Delta-Nimir" şirkətləri iştirak edirdi. Hesablamalara görə, müqavilədə nəzərdə tu­tulan yataqlarda 511 milyon ton (4 milyard barel) neft ehtiyatı vardır. Bu yataqlardan 55 milyard kub. metr qaz da hasil olun­malıdır ki, bunun da hamısı Azərbaycana qalacaqdır. Həmin müqavilədə adları çə­kilən bütün bu yataqların Azərbaycanın tam yurisdiksiyası altında qalacağı təsdiq­lənmişdi.

1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" Azərbaycan Res­publikasının müstəqilliyini, demokratik inkişaf yolu tutmuş hüquqi dövlət  və xalqın öz sərvətlərinin tam hüquqi sahibi olduğunu əsaslı şəkildə bütün dünyaya bəyan etdi.  Belə bir mühüm addım atmaqla, Azərbaycan dövləti özü­nün azad iqtisadi inkişaf yolu tutduğunu və azad bazar iqtisadiyyatına qoşulduğunu, həm də beynəlxalq iqtisadi əlaqələrə hüquqi təminat baxımından tam ha­zır olduğunu sübut etdi. "Əsrin müqaviləsi" Azərbaycana xarici investisiyalar axı­nına səbəb oldu, ən başlıcası, müqavilədə iştirak edən xarici dövlətlərlə Azər­baycanın siyasi, iqtisadi, sosial, mədəni sahələrində beynəlxalq əməkdaşlığa, res­publikamızın beynəlxalq miqyasda dəstəklənməsinə geniş imkanlar, perspektivlər qazandırdı.

Müəllifi məhz Ulu Öndər Heydər Əliyev  olan Yeni neft strategiyasının on mühüm tərkib hissələrindən biri Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ideyası  meydana qoyuldu və 18 sentyabr 2002-ci il tarixdə boru kəməri­nin təməlqoyma mərasimi keçirildi. Azərbaycan-Gürcüstan-Türkiyə üç dövlət başçısının birgə iştirakı ilə keçiri­lən bu mərasim bütün inkişaf etmiş dövlətlər tərəfindən maraqla izlənilmiş və dünyanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən yayımlanmışdı.  Ümumi uzunluğu 1760 km. olan kəmərin 468 kilometri Azərbaycan, 225 kilometri Gürcüstan, 1037 kilometri isə Türkiyə ərazisindən keçir. Dünyanın ən böyük layihələrindən olan bu la­yihədə boru çəkilişi ilə yanaşı, Səngəçal terminalının genişləndirilməsi, Ceyhan li­manında yeni nəhəng terminalın inşası, 11 nasos stansiyasının tikilməsi reallaşmışdı. İldə 50-60 milyon ton neft ötürmək qabiliyyətində olan bu kəmər hazırda da Ölkəmiz üçün iqtisadi baxımdan xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”ndən sonra daha 20 neft müqavi­ləsi imzalayan Azərbaycana indiyə qədər 6 milyard dollar həcmində sərmayə qoyulmuşdur. Ən başlıcası, indiyə qədər dünyanın 15 ölkəsinin 33 ən iri şirkəti ilə Xəzərin Azərbaycan sektorunda neft və qazın birgə işlənilməsi barədə 21 sa­ziş imzalanmışdır ki, bu 21 neft müqaviləsinin reallaşmasında Azərbaycana qo­yulacaq sərmayənin ümumi həcmini xeyli artırmışdır.

Bakı-Tbilisi-Ceyhan əsas neft kəmərinin, dünya əhəmiyyət­li "Şahdəniz" qaz yatağının istismara verilməsi və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərinin çəkilməsi Azərbaycanın iqtisadi qüdrətini daha da artırdı, Azərbaycanın dün­yaya iqtisadi inteqrasiyasını sürətləndirərək, xalqımızın sosial rifahının daha yük­sək səviyyələrə qalxmasına səbəb olmuşdur. Sonradan Azərbaycan qazı  Trans-Anadolu (TANAP) və TAP qaz boru kəmərləri ilə Avropaya qədər uzanmışdır.

Müstəqil neft strategiyasının həyata keçi­rilməsi vasitəsilə Azərbaycan dünyanın bir çox ölkələrinin diqqətini, marağını özünə cəlb etmişdir. Azərbaycanın neft strategiyası ölkəyə həm iqtisadi inkişaf üçün əlverişli şərait yaradıb, həm də dünyanın bir çox dövlətləri ilə qarşılıqlı su­rətdə faydalı əlaqələr qurmağa imkan verib ki,  bu da dövlətimizin  beynəlxalq nüfuzunun artmasına və müstəqilliyinin möhkəmlənməsi işinə xidmət edir.

Beləliklə, müəllifi Ulu Öndər Heydər Əliyev olan Azərbaycan dövlətinin neft siyasəti bazar iqtisadiyyatının qurulması və inkişafında, ümumən milli iqti­sadiyyatın inkişafında, beynəlxalq iqtisadi əlaqələrinin möhkəmlənməsində, res­publikanın beynəlxalq nüfuz və dəstəyinin möhkəmlənməsi və inkişafında, həm­çinin ölkəmizin dünyanın ən inkişaf etmiş ölkələri ilə, fövqəldövlətlərlə dostluq və əməkdaşlıq münasibətlərinin genişlənməsində olduqca böyük tarixi rol oyna­mışdır. Neft strategiyasının uğurla həyata keçirilməsinin əsas mahiyyətlərindən biri də bu siyasətin məhz milli maraqlara istiqamətləndirilməsidir. Digər tərəfdən isə Heydər Əliyevin neft siyasəti Azərbaycanın regionda geopolitik və iqtisadi mövqelərini möhkəmləndirmiş, dünyanın inkişaf magistralına çıxarmış, onu regi­onda sabitliyin ən etibarlı qarantına çevirmişdir. Bütün bunlara isə məhz Heydər Əliyevin uğurla apardığı konseptual daxili və xarici siyasət, demokratik, sivil dövlət quruculuğu sayəsində nail olunmuşdur.

Ulu Öndər Heydər Əliyev neftçilərə daima qayğı göstərərək onların fədakar əməyini həmişə yüksək qiymətləndirmişdir. 1929-cu ildə Keçmiş Sovetlər ittifaqında ilk yaranan neft institutlarından olan hazırkı “Neftqazelmitədqiqatlayihə” institutunun 70 illik yubileyində neftçilərimizi təbrik edərək məktub ünvanlamışdır. Bu təbrik məktubu Ulu Öndərdən bir əziz xatirə kimi İnstitumuzda qorunub saxlanılır.

Artıq üç ilə yaxındır ki, ölkəmizin həyatında yeni dövr başlanıb. Belə ki, “Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının son 20 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan zirvələri fəth edir. “Əsrin müqaviləsi” tarixi Zəfərimizdə əhəmiyyətli rol oynayan amillər sırasında xüsusi yer alan iqtisadi və siyasi müstəqilliyimizin daha da möhkəmlənməsində mühüm rol oynadı. Ölkəmizin bütün sahələrdə zəngin təcrübəyə, davamlı uğurlara malik olmasında iqtisadi qüdrəti əhəmiyyətli rol oynayır ki, bunun da əsası “Əsrin müqaviləsi” ilə qoyulub. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri geniş vüsət alıb. Yeni infrastruktur layihələri uğurla icra edilir. Yeni avtomobil, dəmir və hava yolları çəkilir. Bu yollar bizi azad Qarabağa, azad Şərqi Zəngəzura aparır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə hər səfərləri bərpa və quruculuq işlərinin təqdimatı kimi dəyərləndirilir. Görülən bütün işlər Azərbaycanın daxili imkanları hesabına başa gəlir. Müharibədən yenicə çıxan ölkə üçün bərpa-quruculuq işlərinə qısa zamanda start vermək təbii ki, çətindir. Amma Azərbaycanın iqtisadi və maliyyə imkanları bu işlərə qısa zamanda başlamağa stimul verdi. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyası qarşıdakı illərdə Azərbaycana daha böyük uğurlar bəxş edəcək. Azərbaycanın enerji diplomatiyasının uğurlarını bu gün tarixi Zəfərimizin yaratdığı reallıqları ardıcıl şəkildə həyata keçirməyimizdən böyük qürur hissi keçiririk”.

Ulu Öndər Heydər Əliyevin digər bir strateji planı onun da ulu əcdadlarının yaşadığı qadim yurd yerlərimizin keçən əsrin əvvəllərində böyük güclər tərəfindən ermənilərə “hədiyyə edilmiş” indiki ermənistan adlandırılan torpaqlarımıza qayıdış planı idi. Artıq bu plan reallaşmaq istiqamətində hərəkətdədir.

Ulu Öndər Heydər Əliyev  “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpoziumu zamanı çıxışında qeyd edirdi ki, “İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan – İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı – bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir.”

Bəli, təəssüf ki, onda vəziyyət belə idi və ermənilərin havadarları türk düşmənçiliyindən, erməni qaniçənliyindən bəhrələnərək xalqımıza qarşı hər cür cinayətlərə əl atır, ermənilərin əli ilə bu torpaqlarda hər cür çirkin əməllərə imza atırdılar.  Yalnız Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birincə dəfə  hakimiyyətə gəlişindən sonra biq qədər səngiyən bu proses 1987-ci ildən sonra yenidən alovlanmışdı.

Heydər Əliyevin hakimiyyətdən-SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından ruhlanan ermənilər Azərbaycana qarşı başlatdıqları siyasəti daha açıq və qanlı formada davam etdirməyə başladılar. Nəticədə Şərqi Zəngəzur və Qarabağ torpaqları ermənilərin işğalı altına düşdü. 30 ilə yaxın müddət ərzində dünya bu prosesə ya seyrçi mövqe tutdu, ya da ki erməni millətçiliyinə haqq qazandırdı.

Prezident İlham Əliyevin 2022-ci  ilin 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə demişdir: "Bu günkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranmışdır. Bu tarixi biz yaxşı bilirik. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı - bütün bunlar bizim tarixi torpaqlarımızdır.Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.

Dövlət başçımızın dediyi kimi, biz bütün şəhər və kəndlərimizi bərpa edəcəyik, yenidən quracağıq və işğaldan azad edilmiş bütün bölgələrimizə həyat qayıdacaqdır.

Budur təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qurulan möhtəşəm siyasi və dövlətçilik fəaliyyətinin və Müzəffər Ali Baş komandan İlham Əliyev tərəfindən davam etdirilən siyasətin nəticələridir.

Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən cənab prezident İlham Əliyevin uğurlu siyasətinin məntiqi nəticəsi olaraq Azərbaycan və onun yenilməz ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atdı. Şərqi Zəngəzuru və Qarabağı düşmən tapdağından azad edərək ərazi bütövlüyüynü bərpa etdi. Bu mübarizədə bizə dəstək olan qardaş Türkiyənin mövqeyi siyasi və mənvəi dəstəyi unudulmaz təəssüratla yadda qaldı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Ordumuz elə bir tarixi qələbə qazandı ki, dünya heyrətə gəldi. Əslində bu qələbə təkcə ermənilər üzərində deyil, həm də onların havadarları üzərində də qazanılmışdı. Cənab Prezidentin qeyd etdiyi kimi, “Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq. Bu il əldə edilən həm hərbi, həm siyasi uğurlarımız da gələcək üçün zəmin yaradır. Həm qayıdış üçün, həm təhlükəsizlik üçün, həm Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün də bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz.”

İndi isə hədəf məlumdur.  İlk növbədə tarixi torpaqlara qayıtmaq, qədim yurd yerlərini bərpa etmək və gələcək nəsillərə bütöv, bölünməz Azərbaycan təqdim etmək. “Qərbi azərbaycanlılar da heç vaxt inamı itirməməlidir. Gün gələcək, biz Qərbi Azərbaycanda da qayıdacağıq.  Bu xüsusda aparılan siyasətin rəhbəri isə xalqın xilaskar sərkərdəsi İlham Əliyevdir. Onun apardığı mübarizə xalq tərəfindən birmənalı şəkildə dəstəklənir.

Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.

Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

 

Xıdır İbrahimov,

SOCAR-ın “Neftqazelitədqiqatlayihə” İnstitutunun

şöbə rəisi, texnika elmləri namizədi, dosent

 

İki sahil.- 2023.- 27 aprel.- S.6.