İrəvan xanlığının dilbər guşəsi,

güllü-gülüstanı - Dərəçiçək mahalı…

 

XIX yüzilliyin əvvəllərindən etibarən ermənilərin kütləvi surətdə əzəli Azərbaycan torpaqlarına köçürülməsindən sonra bu ərazilərimizdə, eləcə də İrəvan xanlığında xalqımıza məxsus maddi-mədəniyyət abidələri və tarixi irsimiz ardıcıl surətdə məqsədyönlü şəkildə məhv edilib, yer-yurd adları, toponimlər dəyişidirilib.

İrəvan xanlığının tarixi Azərbaycan xalqının minillər boyunca yaratdığı zəngin maddi və mənəvi mədəniyyət tarixinin ayrılmaz tərkib hissəsidir. Tarixi mənbələrdə göstərildiyi kimi əhalisinin əsasını qaraqoyunlu, ağqoyunlu və qızılbaş tayfa birliklərinə daxil olan bayat, əfşar, səədli, baharlı, bayandur, qaçar, şamlı, rumlu, ustaclı, təkəli, ayrımlı, muğanlı və s. kimi tayfaların təşkil etdiyi İrəvan xanlığının əsası XVIII əsrin ortlarında Mir Mehdi xan tərəfindən qoyulub. Xanlıq Qarabağ, Naxçıvan və Maku xanlıqları ilə, Osmanlı İmperiyası, Kartli-Kaxetiya çarlığı, Borçalı, Qazax sultanlıqları ilə həmsərhəd olub. Mərkəzi İrəvan şəhəri idi. XIV əsrin sonunda Teymurilər dövründə əsası qoyulan İrəvan XVI əsrdə Şah İsmayıl Xətainin dövründə inkişaf edərək şəhərə çevrilib. Şəhər inzibati cəhətdən 3 məhəlləyə bölünürdü. 1832-ci ildə burada 12 məscid qeydə alınmışdı.

İrəvan xanlığının mərkəzi iki hissədən: -Qala və Bayır şəhərdən ibarət idi. İkiqat hasarla əhatə olunmuş İrəvan qalası 1582-ci ildə çiy kərpicdən Zəngi çayının sol sahilindəki qayada inşa edilmişdi. Birinci divar ilə ikinci divar arasında dərin arx qazılmışdı. Müharibə vaxtı arx su ilə doldurulurdu. Bayır şəhər qaladan şimalda salınmışdı. XIX əsrin əvvəllərində İrəvan qalasında top və barıt istehsal edən zavodlar vardı. İrəvan xanlığında türkdilli azərbaycanlıların yerli xalq olduğu haqda rus ordusunun qafqazdakı komandanı general İ.Paskeviçin rəsmi məlumatlarında öz əksini tapmışdı. İrəvan qalasını çox çətinliklə ələ keçirən general Paskeviç xanlıqda əhalinin milli tərkibi haqda verdiyi məlumatda burada 10 min azərbaycanlı, 3 min erməni ailəsinin yaşadığını bildirilirdi.

ABŞ-dan olan professor Castin Makkarti 1828-ci ilə qədər İrəvan xanlığı əhalisinin 80 faizinin azərbaycanlı olduğunu göstərir. Erməni əsilli ABŞ tədqiqatçısı Georgi Burnoutyan da İ.Şopenin kameral siyahıyaalmasının nəticələrini təhlil edərək belə qənaətə gəlmişdir ki, işğaldan öncə İrəvan xanlığının ərazisində 20 minə yaxın erməni yaşamışdır ki, bu da ümumi əhalinin 20 faizini təşkil etmişdir XVIII əsrin 50-ci illərinin əvvəllərində İrəvan xanlığının vəziyyəti son dərəcə gərginləşir. Onu şimaldan gürcü hərbi qüvvələrinin hücum təhlükəsi, cənubdan isə Urmiya xanı Fətəli xan Əfşarın hücumları narahat edirdi. Digər tərəfdən isə xanlığın ərazisində məskunlaşmış ermənilərin düşmənçilik münasibətləri, onların pozuculuq fəaliyyəti ara vermirdi.

1827-ci il oktyabrın 6-da İrəvan xanlığı ruslar tərəfindən işğal edilirbu işğal 1828-ci il fevralın 10-da Türkmənçay sülh müqaviləsi ilə möhkəmlənir. Bu müqavilənin 15-ci bəndinə əsasən İran dövlətində və Osmanlı imperiyasında yaşayan erməni əhalisi Cənubi Qafqaza köçürülür.

İrəvan xanlığının ərazisi strateji əhəmiyyətə malik idi. Osmanlı imperiyasını, Gürcü knyazlıqlarını və İranı təziq altında saxlamaq üçün Lazarev, Paskeviçbaşqa rus generalları erməniləri daha çox İrəvan xanlığının ərazisinə köçürtməyə çalışırdılar. Sonralar Naxçıvan və İrəvan xanlıqlarının ərazisində “Erməni vilayəti” yaradılır və bu proseslər tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaranması ilə nəticələnir. Xüsusilə qeyd etmək lazımdır ki, 1828-ci ildə, ermənilərin köçürülmə kampaniyası başa çatdırıldıqdan sonra “Erməni vilayəti”ndə olan 1125 kəndin 1111-də ancaq Azərbaycan türkləri yaşayırdı.

Heç kimə sirr deyil ki, indiki Ermənistanın yerləşdiyi əzəli Azərbaycan torpaqlarında xalqımızın əsrlər boyu yaratdığı tarixi tikililərin, demək olar ki, hamısı qəsdən, barbarcasına məhv edilib. Halbuki, 1902-ci ildə nəşr olunan “İrəvan quberniyasının yaddaş kitabı”nda qeyd olunur ki, quberniya ərazisində 310 məscid var. Bu gün isə həmin məscidlərdən yalnız İrəvan şəhərindəki Göy məscid günümüzə gəlib çatıb.

Qərbi Azərbaycanda azərbaycanlıların yüz illər boyu yaşadığı yurd yerlərindən biri də İrəvan xanlığının güllü-gülüstanı- Dərəçiçək mahalı idi. Bu yaşayış məntəqəsinin adı 1847-ci ildə dəyişdirilərək Konstantinovka, daha sonra 1920-ci illərdə Zaxqadzor (Dərəçiçək) adlanıdırılıb. Osmanlı dönəmində Dərəçiçək nahiyəsinin davamı olan Dərəçiçək mahalı İrəvan xanlığının tərkibinə daxil idi. Sonra mahal ərazisində Yeni Bəyazid qəzası təşkil olunmuşdur.

1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Dərəçiçək mahalının kəndləri dağıdılıb. Həmin kəndlərin siyahısı belədir: 1. Ada, 2. Kiçik Ördəkli, 3. Allahapənah, 4. Barat, 5. Qonaqgirməz, 6. Eşşəkquduran, 7. Çobangölü, 8. Keğab, 9. Maman, 10. Aydın, 11. Şakirbaşı, 12. Misxana, 13. Sutökülən, 14. Çiçəkli, 15. Pirpalıd, 16. Zeynalağa.

1828-ci ildə Dərəçiçək mahalında mövcud olan kəndlərin siyahısı: 1.Alparas, 2. Rövzanlar, 3. Gümüş (Dərəçiçək), 4. Ərzəkin, 5. Dəllər, 6. Qabar Əli, 7. Bjni, 8. Solak, 9. Kaxsı, 10. Aqaara, 11. Makravəng, 12. Aşağı Axta, 13. Yuxarı Axta, 14. Gərnigov, 15. Rəndəməl, 16. Zəncirli, 17. Fərrux, 18. Babakişi, 19. Dəli Paşa, 20. Sərincan, 21. Taycarıx, 22. Qorçulu, 23. Çopur Əli, 24. Dədəqışlaq, 25. Təkəli (Dərəçiçək), 26. Üləşik, 27. Qara Qala, 28. Qoruq Güney, 29. Yaycı, 30. Tutmaşen, 31. Tsaxkunk, 32. Şəhriz, 33. Çerçer, 34. Böyük Ördəkli, 35. Çubuxlu, 36. Tsaxmaberd, 37. Qomadzor.

Təbii ki, Azərbaycan dövləti tarixi torpaqlarımızda xalqımızın tarixi-mədəni irsinə qarşı törədilən cinayətlərin Ermənistanın məqsədyönlü dövlət siyasəti olduğunu dünya ictimaiyyətinə hərtərəfli çatdırmaq üçün həyata keçirdiyi sistemli tədbirləri bundan sonra da davam etdirəcək. Ermənilər törətdikləri bu cinayətlərə görə cavab verəcəklər.

Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib: “İndi bunu artıq dünyada da bilməyə başlayırlar və sual olunur, - bu sualı biz qoymuşuq, Azərbaycan nümayəndələri, bu məsələ ilə məşğul olan insanlar qoyublar, - indi göstərin görək İrəvanın tarixi mərkəzi haradır? Əgər deyirsiniz ki, guya bu, dünyanın ən qədim şəhəridir, haradadır bunun tarixi mərkəzi? İndi baxın, görün, Cənubi Qafqazın digər ölkələrinə - Azərbaycanda, Gürcüstanda, bizim şəhərlərimizdə, əksər şəhərlərdə tarixi abidələr, tarixi mərkəzlər var. İstər Bakı olsun, Gəncə olsun, Naxçıvan, Şəki, Qəbələ, digər bütün şəhərlərdə. Bəs necə ola bilər ki, İrəvanda tarixi mərkəz yoxdur? Qoy, bu sadə suala cavab versinlər. Cavab da gün kimi aydındır. Ona görə ki, bu tarixi mərkəz Azərbaycan xalqının tarixi irsi idi, hansı ki, onlar dağıdıblar. Şəhərsalma adı altında bütün tarixi binalarımız, o cümlədən İrəvan qalası, Sərdar sarayı dağıdılıb. Yəni, bütün bunlar göstərilməlidir. Yəni, siyasihüquqi tərəfdən başqa, istənilən məsələdə bunun tarixi mahiyyəti də əhəmiyyət kəsb edir. Ona görə bizim işimiz bu tarix üzərində qurulmalıdır”.

 

Zahid Rza

 

İki sahil.- 2023.- 11 fevral.- S.11.