HEYDƏR ƏLİYEVİN

ANA DİLİNƏ QAYĞISI

 

Dil millətin ən əsas milli dəyəri və onun milliliyini təmin edən vacib atributudur. Çünki milli varlığımızı mədəni təməllərə bağlayan dilimizdir. Bu dil millətimizin təsdiqini və milli özünüdərkini müəyyənləşdirən əsas amillərdən biridir. Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda, ilk növbədə ana dilimiz yada düşür. Əgər bir xalqın ana dili yoxdursa, demək, həmin xalqın özü də yoxdur.

Bizim milli birlik və həmrəyliyimizi təmin edən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Çünki bir milləti ayaqda tutan milli dəyərlərin başında dil gəlir. Bu mənada zəmanəmizin ən böyük siyasi xadimi, ümummilli liderimiz Heydər Əliyevin dilimizlə bağlı çox zəruri və aktual olan bir  məsələyə münasibəti hamımız üçün çox vacib bir vəzifə müəyyənləşdirir: “Xarici dil bilmək, əlbəttə ki, lazımdır, vacibdir. ...gənclərimiz nə qədər çox dil bilsələr bir o qədər zəngin dünyagörüşünə malik olacaqlar. Bu, müasir dünyanın tələbləridir. Amma ən əsası odur ki, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini  mükəmməl bilməlidir”.

Ana dili sadəcə anadan öyrəndiyimiz dil deyil, həm də düşüncələrimizin, duyğularımızın və mənliyimizin dilidir. Buna görə də toplumu millət edən ən böyük amil dildir. Əgər düşünsək ki, bu gün sahib olduğumuz bu böyük milli varlığın yaşı min illərlə ölçülür, deməli, hər sözümüz, hər kəlməmiz bir tarix, dəyəri qızıl deməkdir. Kömür almaz olana, qızıl qızıl olana qədər torpağın altında min illərlə bişir. Bizim hər sözümüz, hər kəlməmiz də belədir; tarixlərin sınağından çıxmış, mədəniyyətimizin müxtəlif qollarını yaratmış almaz düzümlü dilimiz milli ruhumuzun bərqərar olduğu milli-mənəvi dəyərimizdir. Dil millətin varlığını təmin edirsə, onda üzərimizə düşən məsuliyyətin böyüklüyü də aydın olur. Bu məsuliyyəti daşımağın şərəfi də bizimdir. Bu da bizdən dilimizə laqeyd münasibət göstərənlərə qarşı mübarizədə hamılıqla bir olmağı tələb edir. Bu mənada, ana dili bir millətin ən böyük milli dəyəri, onun mənəvi varlığı, sehri, sirri, mövcudluğudur. Deməli, dil möcüzədir, möcüzə yaradandır.

Tarixi keçmişimizə nəzər salsaq görərik ki, zaman-zaman ana dilimizə qarşı yad təsirlər olunub, məhv edilməyə, unutdurulmağa səy edilib. Bu deyilən problemlər bizim üçün bir də  sovet dövründə yaranıb. Belə ki, rus imperiyasının siyasi-mənəvi varisi olan sovet imperiyası ucqarlarda  manqurtlaşma siyasəti apararaq öncə ana dilini məhv etmək və milli-mənəvi dəyərləri şikəst etmək məqsədini güdürdü. Bu məqsəddən irəli gələrək Azərbaycanda  da bu xain, mənfur siyasətin nəticəsində  ana dilimiz unutdurulmağa çalışılmış, adı dəfələrlə yad ünsürlərlə adlandırılaraq dəyişdirilmiş, əlifbası tez-tez dəyişmələrə məruz qalmış və “rus dili ikinci ana dilidir” təlqini ilə milli dilə məhvedici plan həyata keçirilmişdir. Elə bunun nəticəsi idi ki, SSRİ dönəmində Azərbaycanın paytaxtında – Bakı şəhərində milli azlıqlar milli genefondumuzu üstələmiş, rus dili ana dilini passivləşdirərək ön plana  keçmiş, hər sahədə fəallıq qazanmış, əsas yeri tutmuşdur. Bu mənada bütün yazışmaların, reklam yazıları və sosial ünsiyyətin əsas dili rus dili olduğuna görə  Bakı milli  regiondan daha çox “Yəcuc-Məcuc” (Cəlil Məmmədquluzadə) şəhərinə oxşadılmışdı. O dönəmdə ziyalılarımız, xüsusilə də şair və yazıçılarımız Azərbaycan dilinin saflığı uğrunda qətiyyətlə mübarizə aparırdılar. Lüğət tərkibinin məna çalarlarının zənginliyinə görə, dünyanın ən mədəni xalqlarının dil səviyyəsinə yüksəlmiş ana dilimizin mühafizəsi ilə əlaqədar milli ruhlu ziyalılar əllərindən gələni əsirgəmədilər. Səməd Vurğun, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Əli Tudə, Anar, Xəlil Rza Ulutürk, Məmməd Araz dillə bağlı möhtəşəm əsərlər yaratdılar. Xalq yazıçısı Mirzə İbrahimov dil uğrunda mübarizədə dövrün ziddiyyətləri, təzyiqləri ilə üzləşərək vəzifəsindən azad edildi, sərt münasibətlərlə üzləşdi, amma əqidəsindən dönmədi. Zaman böyük yazıçının arzularını təsdiqlədi. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq Azərbaycan dilinin ölkəmizdə dövlət dilinə çevrilməsində böyük xidmətlər göstərdi. Dilin inkişafı ilə bağlı Ulu Öndərin müntəzəm olaraq verdiyi fərman və sərəncamlarda, eləcə də tövsiyələrdə, çıxış və məruzələrdə vaxtaşırı bu məsələdə ortaya çıxan ciddi problemlərin həlli vacib sayılırdı. O ziddiyyətli dövrdə yenə də Azərbaycanın yazıçı və şairləri dilimizin keşikçisi olmaq missiyasını ləyaqətlə yerinə yetirdilər. Onlar ana dilində yazıb-yaratdılar. Bunun da nəticəsində dilin şirinliyi, təbiiliyi qorunub saxlandı. Əlbəttə, bizim milli varlığımızın əks-sədası ana dilimizdir. Onun başının üstünü almış təhlükəni də millətdən uzaqlaşdıran, dilin statusunu özünə qaytaran, ona yeni həyat verən məhz ümummilli lider Heydər Əliyev oldu. Ədəbiyyat və mədəniyyət xadimlərinin uzun illər sətiraltı mənalarda, bədii əsərlərdə, nitq və çıxışlarında ifadə etdikləri arzuları yenə də Ulu Öndər reallaşdırdı.

Milli dəyərlərimizə fəaliyyəti boyu himayədarlıq edən böyük rəhbərimiz hakimiyyətə gəldiyi elə ilk gündən ana dilimizə layiq olduğu statusu verdi və bunu bütün fəaliyyəti boyu ən yüksək səviyyədə davam etdirdi. Bəhs etdiyimiz məsələ ilə bağlı bütün dövlət sənədləri elə bil ki, biri digərinin davamı oldu. Doğru deyilib: “Hər bir dili yaşadan və inkişaf etdirən onun mənsub olduğu xalqdır. Dilin hərtərəfli inkişafı, zənginləşməsi, yüksək zirvələrə qalxaraq beynəlxalq nüfuz qazanması xalqın böyük övladlarının adı ilə bağlıdır”. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1969-cu ilin iyul ayında hakimiyyətə gələndən sonra bu məsələlərə çox diqqətlə yanaşılmış, onların milli mənafedən həlli məsələləri ön planda dayanmışdır. Heydər Əliyev ağıl və cəsarətlə ilk növbədə Azərbaycan dilinin dövlət dili olmasını qanuniləşdirdi.

Müstəqillik illərində bu siyasət açıq, kompleks şəkildə, ardıcıl yürüdülməyə başladı. Azərbaycan xalqının daha mütəşəkkil millət kimi formalaşdırmağa imkan qazanıldı. Milli olan, millət üçün vacib olan hər şey millətin formalaşması və özünəqayıdışı üçün daha açıq planda sərbəst milli inkişaf məhsuluna çevrildi. Ana dili, din, milli-mənəvi dəyərlər, tarix, ədəbiyyat, mədəniyyət və s. millətə yeni, lüzumlu şəkildə təqdim edilməyə, fərdlərin münasibətlərinin, milli mənlik şüurunun formalaşması, tənzimlənməsi və yaranması istiqamətinə yönləndirildi. Hər şeydən öncə müstəqil Azərbaycan Respublikasında milli dil siyasəti yürüdülməyə  başlandı. Çünki Ulu Öndər ana dilinin milli-tərbiyəvi əhəmiyyətini həmişə üstün tutur və vacib olduğunu bildirirdi. Ümummilli Lider deyirdi: “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz. ...doğma Azərbaycan dilimizi mənimsəyəcək və bunlar hamısı hər bir gənc Azərbaycan övladında yüksək vətənpərvərlik hissləri yaradacaqdır”. Ulu Öndərin bilavasitə uzaqgörən fəaliyyəti ilə milli dil siyasətini həyata keçirə biləcək tarixi əhəmiyyətli  dövlət qərarları verildi.

Əgər nəzərə alsaq ki, bu gün planetimizdə yaşayan minlərlə millət və etnik qrup sayı heç iki yüzə çatmayan dövlətlərin bayrağı altında cəmləşib və sayı 200-ə yaxın olan bu dövlətlərin rəsmi dövlət dillərinin sayı 70-i keçmir, onda hər hansı bir millətin öz dilinin öz dövlətində dövlət dili olmasının əhəmiyyətini dərk etmək o qədər də çətin olmaz. Bu mənada, dilin dövlət dili statusu qazanması, həqiqətən, qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşayıb. Bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına görə dilimizin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş, “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” - deyən ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu siyasətin əsası hələ 1970-ci ildə qoyulub. Heydər Əliyev həmin il Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edir. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açır və kürsü dili səviyyəsinə qalxır. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi. Müstəqillik ərəfəsi və onun ilk illərində dilin adının dəyişdirilməsi, onunla bağlı ənənələrin nəzərə alınmaması indi də təəssüf doğurur. 1995-ci ildə qəbul edilən konstitusiya ilə dövlət dilinin adı bərpa olundu. Bundan sonra hökumət səviyyəsində ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi. Azərbaycan Konstitusiyasının 45-ci maddəsi ilə hər kəsin ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olunur. Konstitusiyamıza görə, heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. 2001-ci il iyunun 18-də Prezident Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Bu sənəd ana dilimizin inkişafı üçün böyük imkanlar yaratdı. Fərmanda deyilir: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik xalq əyilməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”. Ana dilinin daha da inkişaf etdirilməsi, işlənməsi və saflığının qorunması ilə əlaqədar müxtəlif illərdə dövlət başçısı tərəfindən fərmanlar imzalanmış və Milli Məclis tərəfindən qanunlar qəbul edilmişdir.  2002-ci il 30 sentyabr tarixdə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addımdır. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Bu əsnada onu bir daha vurğulamaq lazımdır ki, dil hər şeydən əvvəl ünsiyyət vasitəsidir, bununla bahəm, dil millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də, birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Bu qənaət tarixin bütün dövrlərində bəşər övladlarının qeyd-şərtsiz qəbul etdiyi, sübuta ehtiyac duyulmayan aksiomudur. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranmış, tərəqqi etmişdir. İnsanın təkamülündə ana dilinin rolu böyükdür. Millətin milli dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur.

Ana dilimizin, dövlət dilimizin inkişafı sahəsində əvəzolunmaz xidmətlər göstərmiş, çoxcəhətli fəaliyyət sahəsinə malik  ümummilli liderimiz Heydər Əliyev həm də ana dilimizi sevmək, onu bilmək və yaşatmaq, inkişaf etdirmək və təbliğ etmək məsuliyyətini də bir vəzifə kimi müəyyənləşdirərək hər bir azərbaycanlıya, gələcək nəsillərə əbədiyaşar sözlərilə səslənirdi: “...Biz dünyada öz dilimizlə tək yaşayırıq. Bizim birinci nailiyyətimiz o olmalıdır ki, öz dilimizi Azərbaycanda hakim dil etməliyik. Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlis danışmalıdır və bu dili sevməlidir... Azərbaycan dilini daha da zənginləşdirmək, daha da  inkişaf etdirmək sizin ən müqəddəs borcunuzdur”.

 

Zülfiyyə İsmayıl,

AMEA Naxçıvan Bölməsi filologiya

üzrə fəlsəfə doktoru, dosent

 

İki sahil.- 2023.- 11 fevral.- S.10.