Azərbaycan dünyaya Günəş kimi doğacaq

 

Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi

 

«Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.»

Dövlət başçısı İlham Əliyevin 2023- cü ilin «Heydər Əliyev İli» elan edilməsi ilə bağlı Sərəncamında əksini tapan bu fikirlər dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin aydın ifadəsini yaradır.

Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Məhz bugünümüzdən dünənimizə baxış keçirəndə bu reallığı da qürurla qeyd edirik ki, Aərbaycanın bugünkü uğurları çətinliklərə sinə gərərək atılan uğurlu addımların, böyük səylərin, qətiyyətin, siyasi iradənin nəticəsidir. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması bundan da çətindir. Müstəqilliyimizin ilk illərində parçalanmaq, dağılmaq, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini yaşayan Azərbaycan 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra sözün əsl mənasında müstəqil, azad, firavan ölkə sevincini yaşamağa başladı. Ümummilli Lider parlaq siyasi zəkası, bacarığı, istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratdı və gələcəyə aparan yolları müəyyən etdi.

Dahi şəxsiyyətin bütün istiqamətləri özündə ehtiva edən tezislərinə diqqət yetirdikdə hər dövrün çağırışlarının əksini tapdığını əminliklə qeyd edə bilərik. Belə ki, ulu öndər “Milli azadlığa nail olmaq üçün xüsusən bizim xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır» tezisi bu reallığa işıq salır ki, Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu əsl həqiqətdə ulu öndər Heydər Əliyevin ölkəmizə ilk dəfə rəhbərlik etdiyi dövrdən başlamışdır. Cənab İlham Əliyev qeyd etdiyimiz Sərəncamında da bu məqamı xüsusi qeyd edir ki, böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirdi. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.

Dahi şəxsiyyət o dövrdə mövcud olan ideologiyanın qəlibləri çərçivəsində Azərbaycanda milli ruhun sıxışdırılmasına nəinki yol verməmiş, əksinə daha da yüksəlməsinə çalışmışdır. Məhz bu məqama söykənərək, bu fikri böyük inamla qeyd edirik ki, ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövrü milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi dəyərləndirilməlidir. Onun düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində xalqımızın şüurunda «milli maraqlar» anlayışı dərin kök saldı. Təbii ki, bu kimi biri-birindən mühüm addımlar Ümummilli Liderin Azərbaycanı gələcəkdə müstəqil görmək istəyindən qaynaqlanırdı. Azərbaycanlı gənclərin keçmiş İttifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, müstəqil dövlətin qarantı olan ordu üçün hərbi kadrların yetişdirilməsi məqsədilə C. Naxçıvanski adına hərbi liseyin yaradılması kimi önəmli addımlar da bu məqsədə xidmət edirdi. Vətən, torpaq, xalq sevgisindən ilham alaraq hakimiyyətinin hər iki dövrünü sonsuz xidmətləri ilə zənginləşdirən ümummilli lider Heydər Əliyevin ideyaları müstəqil Azərbaycanımıza bundan sonra da möhtəşəm uğurlar qazandıracaq, dünyanın xoşbəxt ölkələri sırasında addımlamağı ilə qürur duyacağıq. Azərbaycanın bu gün xoşbəxt ölkələr sırasında yer alması Heydər Əliyev siyasətinin təntənəsidir. Ölkə, xalq o zaman xoşbəxt olur ki, onu irəli aparan lideri vardır. Liderliyin mahiyyəti dövlətinin milli maraqlarına cavab verən yeganə və bənzərsiz inkişaf yolunu müəyyənləşdirmək, xalqını yeni zəfərlərlə dolu qalibiyyətli gələcəyə aparan siyasəti təmin etməkdir.

Prezident İlham Əliyev bildirir ki, zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.

Cənab İlham Əliyev Ulu Öndərin adını daşıyan Mərkəzin açılış mərasimində mövcud reallıqlara əsaslanaraq bildirmişdir ki, Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına və Azərbaycanın inkişafına böyük səylər göstərmişdir: «1970-1980-cı illərdə onun rəhbərliyi altında Azərbaycan Sovet İttifaqında ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə qədər yol keçmişdir. Onun rəhbərliyi altında o illərdə güclü sənaye potensialı yaradılmışdır ki, bu gün də bu potensial müasir və müstəqil Azərbaycana xidmət göstərir.» Ümummilli Liderin hakimiyyətinin ikinci dövrü də Azərbaycanın dirçəlişi, inkişafı dövrü kimi tarixmizə yazılıb. Müstəqilliyimizin bərpasının ilk illəri xaos, anarxiya, özbaşınalıq dövrü kimi xarakterizə edilir. Xalqın sabaha ümidi itmişdi. Belə çətin dövrdə xalq dahi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Daim dövləti, xalqı üçün yaşayan, bütün ömrünü ölkəsinin gələcəyinə həsr edən ulu öndər Heydər Əliyev ölkənin, xalqın bu ağır durumuna biganə qalmadı, xalqın səsinə səs verdi, hakimiyyətə qayıdışı ilə sabaha ümid yaratdı.

1993-2003-cü illərdə dövlətçiliyimizin əsasları yaradıldı. 1995-ci ildə Milli Konstitusiyamız ümumxalq səsverməsi yolu ilə qəbul olundu. Əsaslı iqtisadi və siyasi islahatların həyata keçirilməsi nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində yeri və rolunu müəyyənləşdirdi, həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün tribunalar qazandı. Azərbaycan diasporu formalaşdı. Beynəlxalq təşkilatlara üzv qəbul olunmaqla həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması üçün tribunalar əldə olundu. «Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır» söyləyən Ulu Öndər bu məqsədə nail olmaq üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını müqəddəs Azərbaycan qayəsi ətrafında sıx birliyə, həmrəyliyə çağırdı. Bir sözlə, müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid, dünya birliyinin tanıyıb, hörmət etdiyi Azərbaycan kimi bir dövləti yaratmaq xilaskar kimi ümummilili lider Heydər Əliyevə nəsib oldu.

Ulu öndər Heydər Əliyev «Müstəqil Azərbaycanda hüquqi demokratik dövlət qurulmalıdır, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir və tarixi ənənələrindən, milli ənənələrdən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir» söyləməklə ilk gündən demokratik inkişaf yorlunu tutan Azərbaycanda demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributların yaradmasına səy göstərdi. Bu prinsip həyata keçirilən siyasətin önündə saxlanıldı ki, dövlət quruculuğunda nəinki tarixi və milli ənənələrimiz nəzərə alınır, həm də dünya təcrübəsindən, demokratik prinsiplərdən istifadə edilir. Demokratik inkişafın vacib amiləri kimi insan hüquq və azadlıqlarının qorunması, azad mətbuatın formalaşması, çoxpartiyalı siçtemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində mühüm addımlar atıldı və uğurlu nəticələr əldə edildi. Milli Konstitusiyamızda əksini tapan maddələr dövlət siyasətinin önündə dayanan insan amilinə bir daha işıq saldı.

Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı ziyalıların ulu öndər Heydər Əliyevə müraciətində və bu müraciətə cavabında da bu məqam öz əksini tapmışdı ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli demokratik dövlətin, hüquqi cəmiyyətin yaradılması hərtərəfli, geniş planlı iş aparılmasını və respublikanın bütün ictimai-siyasi, sosial-iqtisadi potensialından maksimum istifadə olunmasını tələb edir. Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət olur. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm hökmü ləğv olundu. Nəzərə alsaq ki, bu gün dünyanın bir çox qabaqcıl ölkələrində belə ölüm cəzası hələ də ləğv olunmayıb və mütəmadi olaraq tətbiq edilir, bu halda ulu öndərin bu addımının böyük hüquqi, tarixi dəyərini daha dərindən dərk etmiş olarıq. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistlik nəticəsində 1995-ci ildən əfv və amnistiya təsisatları bərpa edildi, həmin dövrdən etibarən imzalanmış Sərəncam və fərmanlara əsasən minlərlə məhbus azadlığa qovuşdu. Demokratiyanın digər mühüm amili kimi söz, mətbuat azadlığının inkişafı istiqamətində atılan addımlar da bugünümüz üçün möhkəm baza formalaşdırmışdır. Ulu öndər Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə senzuranın ləğv olunması ölkədə müstəqil mətbuatın inkişafı üçün geniş imkanlar yaratdı. Mətbuatın maddi-texniki bazası möhkəmləndirildi. Dahi şəxsiyyət Heydər Əliyev müstəqil mətbuatın inkişaf etdirilməsini Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdrılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini önə çəkərək, bildirirdi: «Biz senzuranı ləğv etdik. Konstitusiya ilə təsbit olunmuş söz azadlığını, mətbuat azadlığını tamamilə təmin etdik, mətbuata yeni imkanlar yaratdıq. Mətbuat Azərbaycanda həqiqətən çox sərbəstdir, azaddır. Bu da o deməkdir ki, söz azaddır, fikir azaddır» Azad mətbuatın inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Ölkədə minlərlə kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb. Respublikmızda xeyli sayda jurnalist təşkilatları və ictimai birilkləri mövcuddur. Azərbaycanda internet istifadəçilərinin sayı 85 faizdən çoxdur. İKT-nin inkişafı istiqamətində atılmış addımlar nəinki ölkəmizdə, dünya birliyində təqdir olunur. Son illərdə üç peykimizin orbitə buraxılması da informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiyası istiqamətində atılan mühüm addımlar sırasındadır. Bu gün böyük qürur hissi ilə qeyd ediriksə ki, Azərbaycanda söz, mətbuat azadlığı mövcuddur, insan hüquqları yüksək səviyyədə qorunur, bu, dövlətimizin demokratik dəyərlərə sadiqliyinin və bu prinsiplərin inkişafında maraqlı olmasının göstəricisidir. Müstəqil mətbuatın inkişafının dövlət siyasətinin əsas tərkib hissəsi olması atılan hər addımda özünü təsdiqləyir. Məhz bu diqqət və qayğının nəticəsi idi ki, ulu öndər Heydər Əliyev 2002-ci ildə «Jurnalistlərin dostu» mükafatına layiq görülmüşdür. Bir mühüm hadisəni də qeyd edək ki, Azərbaycanın demokratik təsisatların inkişafı istiqamətində atdığı uğurla addımların nəticəsi olaraq 2001-ci ilin yanvarında bilavasitə demokratik prinsiplərin inkişafı ilə məşğul olan beynəlxalq quruma- Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmuşdur.

Təbii ki, bütün bu addımların atılması ölkəmizin iqtisadi imkanlarına əsaslanır. Ulu öndər Heydər Əliyev bildirirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. İqtisadi tərəqqi digər sahələrin inkişafı üçün əsasdır. Müstəqillik əldə etdikdən sonra öz sərvətlərinin tam sahibi olan Azərbaycan xalqının gələcəyini düşünən və ölkənin iqtisadi inkişafı üçün ən səmərəli yollar axtaran ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin əsasında neft amilindən istifadə etməklə Azərbaycanın dünya iqtisadi bazarına inteqrasiyası kimi önəmli məsələ dayanırdı. «1994-cü ildən Azərbaycan özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha səmərəli istifadə etməkdən asılıdır» söyləyən Ulu Öndərin proqram xarakterli bu sözləri təkcə neft sənayesinin deyil, iqtisadiyyatın bütün sahələrinin inkişaf yollarını aydın göstərir. Dünyada elə dövlət yoxdur ki, müəyyən qədər təbii sərvətlərə malik olmasın. Azərbaycan isə payına düşən sərvətlərin zənginliyinə, strateji əhəmiyyətinə görə fərqlidir. Bu gerçəklik də hər zaman vurğulanır ki, təbii ehtiyatlardan düzgün istifadə edildikdə o, zəngin sərvətə çevrilir. Artıq «Yeni əsrin müqaviləsi» imzalanıb. Azərbaycan etibarlı tərəfdaş, ən əsası regional əməkdaşlığın aparıcı qüvvəsi kimi bu çərçivədən çıxaraq əməkdaşlığın coğrafiyasının genişləndirilməsində maraqlı tərəf olaraq özünü dünyaya təqdim etdi. Cənub Qaz Dəhlizi tam tərkibdə istifadəyə verildi. Azərbaycan həm özünün iqtisadi imkanlarını artırmaq, həm də dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələrini təmin etmək üçün yeni-yeni layihələrin iştirakçısı və təşəbbüsçüsü rolunu artırdı. Bunun üçün təkcə son aylarda dünyanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunu nümayiş etdirən bir çox mühüm hadisələrə diqqət yetirmək kifayətdir.

İqtisadi qüdrətini günbəgün möhkəmləndirən Azərbaycan digər sahələrin inkişafı istiqamətində də əhəmiyyətli addımların atılmasına nail oldu. Ümummilli lider Heydər Əliyev diplomatik mübarizənin gücləndirilməsi ilə yanaşı, «Bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır. Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik» söyləyərək ordu qurculuğu sahəsində mühüm addımlar atdı. 1994-cü ilin mayın 12-də Ermənistanla müharibədə atəşkəsin əldə olunması Azərbaycanın hər bir sahədə inkişafının təmin olunmasında əhəmiyyətli rol oynadı. Bu tezis həyata keçirilən siyasətin əsas prinsiplərindən birinə çevrildi ki, hər bir dövlət onda güclü olur ki, onun möhkəm iqtisadiyyatı və güclü ordusu var. Müharibə şəraitində yaşayan ölkə üçün güclü ordunun yaradılmasının nə dərəcədə zəruri olduğu aydındır. Ən mühüm problemimiz olan Qarabağ münaqişəsinin nizamlanmasında sülh siyasətinə üstünlük verən ulu öndər Heydər Əliyev ölkənin suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təmin olunması üçün hərbi siyasətin düzgün qurulmasını vacib amillərdən biri kimi qarşıya qoyurdu. Ordu quruculuğu prosesinin sürətlənməsi Azərbaycanın sülh danışıqlarında mövqelərini daha da möhkəmləndirdi. Dahi şəxsiyyət Heydər Əliyevin 22 may 1998-ci il tarixli qərarına əsasən 26 iyun Silahlı Qüvvələr Günü elan edilmişdir.

Ulu Öndərin fəaliyyətinin hər bir dövrü, hər bir sahəsi tədqiqat mövzusudur. Ümummilli Liderin xidmətləri ilə bağlı çoxlu sayda kitablar yazılıb və yazılmaqdadır. Ərsəyə gələn hər bir yeni nəşr, eyni zamanda, məqalə bu xidmətlərə müxtəlif yanaşmaları ortaya qoysa da, ümumi fikir budur ki, Azərbaycanın bugünkü gerçəklikləri, dünyaya səs salan uğurları ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu onu təsdiqləyir ki, Heydər Əliyev irsi bir məktəbdir, daim öyrənilməsi və gələcək nəsillərə çatdırılması bütün dövrlərin tələbi, çağırışıdır.

Müstəqil Azərbaycan 2003-cü ildən Heydər Əliyev məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir, islahatların təkmilləşməsi fonunda yenilikçi ölkə kimi nüfuz qazanır. Bu uğurların zirvəsində Azərbaycanın tarixi Zəfəri dayanır. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir. Bu gün Azərbaycan qalib ölkə olaraq yeni reallıqları diktə edir. Dövlət başçısı İham Əliyevin bu fikirlərini xatırlatmaq istərdik: «Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir.» Ulu öndər Heydər Əliyev “Azərbaycan dünyaya Günəş kimi doğacaq” bildirmişdi. Bu, bir çağırış olmaqla yanaşı, eyni zamanda, hədəf, məqsəd idi. Artıq Azərbaycan dünyaya Günəş kimi doğmaqla yanaşı, sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqləyir.

Böyük fəxr hissi ilə qeyd edirik ki, Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. Nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2023.- 2 mart.- S.4.