Nizami irsinin öyrənilməsi və təbliğində

Heydər Əliyevin əvəzsiz rolu

 

Milli dövlətçilik tariximizdə dahi şairin irsinə münasibət məhz Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə formalaşaraq, inkişaf edib

 

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Haqqın-ədalətin carçısı olan mütəfəkkirimiz yalnız Azərbaycan, Şərq, türk ədəbiyyatına deyil, bəşər ədəbiyyatına işıq saçır, önəmli təsir göstərir.

Milli dövlətçilik tariximizdə Nizami irsinə münasibət əsasən Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə formalaşıb, inkişaf edib. Məhz Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə klassik irsimizə, dahi şairlərimizin, mütəfəkkirlərimizin yaradıcılığına, öyrənilib tədqiq edilməsinə, bu şəxsiyyətlərin yubileylərinin keçirilməsinə, kitablarının, cildliklərinin nəşrinə xüsusi diqqət və qayğı göstərilib. Nizamişünasların yazdıqların görə, ulu öndərin Nizami Gəncəvi irsinə xüsusi münasibəti və qayğısı olub. Ömrünün böyük hissəsini dövlət işlərinə, böyük siyasətə həsr edən Ümummilli lider bununla belə, ədəbiyyata, mədəniyyətə diqqət, qayğı göstərib, böyük ədiblərimizin, dahi şəxsiyyətlərimizin halal haqqını onlara qaytarıb.

Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir.Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğində Ümummilli liderimiz Heydər Əliyevin rolu” adlı nəşrdə qeyd edilir ki, ulu öndər Moskvada işləyərkən təklif edib ki, Nizaminin 840 illiyi qeyd edilsin. Lakin o zaman Kremlin daha yüksək məmurlarının buna etirazı olub. Hətta onlar irad tutmağa çalışmışlar ki, 800-850 illik olsa, keçirmək olar. Heydər Əliyev isə özünəməxsus soyuqqanlılıqla cavab verir: “Nizami elə böyük dahidir ki, biz onu hər il keçirməliyik”. Bu kəlamdan sonra hamı Heydər Əliyevlə razılaşıb. Məhz bunun nəticəsidir ki, Azərbaycanda Nizamini təbliğ edənlərin hamısına imkan yaranıb. Dövlət fərman və sərəncamları, müəlliflərə çap imkanı və maddi marağın artması bu sahəyə öz bəhrəsini verib. Onlarla Nizamişünas alim, şair, yazıçı riqqətə gəlib, şair haqqında illərcə yatıb qalan mətləbləri həyata keçirməyə başlayıblar.

Bundan əlavə, ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və diqqəti ilə Bakıda metronunNizami” stansiyası tikilib. Ümummilli Lider özü şəxsən bir neçə dəfə oraya gəlmiş, işin gedişi ilə maraqlanmış, metro dayanacağındakı rəsmlərin Nizami əsərlərindən alınan qəhrəmanların və əməkçı insanların olmasına öz tövsiyələrini vermişdir. Ulu Öndər, həmçinin şairin doğma yurdu Gəncədə Nizami məqbərəsinin yenidən qurulması ilə əlaqədar da göstəriş verib. Heydər Əliyevin göstərişi ilə AMEA-da xüsusi Nizamişünaslıq şöbəsi yaradılıb. Nizaminin vətəni Gəncə  şəhərində olarkən AMEA-nın Gəncə Elmi Mərkəzində də Nizamişünaslıq şöbəsinin açılması təşəbbüsünü irəli sürüb. Heydər Əliyevin Nizami irsinə qayğısı bununla bitməyib. Belə ki, 2002-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində Nizaminin heykəlinin təntənəli açılışı baş tutub.

“Azərbaycan xalqı öz müqəddəratını əlinə aldıqdan sonra əvvəlki nəsillər tərəfindən yaradılmış zəngin klassik mənəvi irsə də yiyələnmiş, öz tarixini dərk və bərpa etmişdir... Orta əsr Şərqinin ən böyük şairləri və mütəfəkkirləri Xaqani, Nizami, Nəsimi, Füzuli qədim Azərbaycan mədəniyyətinin digər korifeyləri, dünya sivilizasiyasını dahiyanə əsərlərlə zənginləşdirən ön şəxsiyyətlər məhz sovet dövründə, xalqımızın mənəvi həyatında vətəndaş hüququ qazanmış, müasir mədəniyyətlə qaynayıb-qarışmışdır”. Bu fikirlər də Heydər Əliyevin ədəbi irsimizə verdiyi böyük dəyərin örnəyidir. 

Azərbaycan KP MK-da Nizami Gəncəvinin anadan olmasının 850 illik yubileyinin təntənəli keçirilməsi, məqbərəsinin yenidən klassikmuasir memarlığın köhnə və yeni müsbət ənənələrinə uyğun bərpası, hər il sentyabr ayında böyük şairin şərəfinə, adına layiq poeziya günlərinin keçirilməsi, əsərlərinin Azərbaycan və dünya xalqlarının dillərində gözəl, bədii tərtibatla çap edilməsi, eləcə  də “Azərbaycanın maarifpərvər şairi Mirzə Şəfi Vazehin yaradıcılıq irsinin öyrənilməsini gücləndirmək haqqında” çıxarılan qərar da, 1982-ci ilin noyabr ayında Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışı da Heydər Əliyevin şəxsi təşəbbüsü ilə bağlıdır.

Son 19 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev 2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında bu kimi məsələlərə ayrı-ayrılıqda diqqət yönəldərək konkret tapşırıqlarını vermişdir. Həmin ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir. Prezident İlham Əliyevin 2021-ci ili Azərbaycanda "Nizami Gəncəvi İli" elan etməsi haqqında Sərəncamı isə dahi şairin istər ölkəmizdə, istərsə də xaricdə təbliği və tədqiqi işinin yeni mərhələyə yüksəlməsinə güclü təkan verdi. Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq anadan olmasının 880 illik  yubileyinin dövlət səviyyəsində qeyd olunması Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfə oldu.

 

Bir məqamı da vurğulayaq ki, Azərbaycanın məşhur şəxsiyyətləri, həmçinin zəngin maddimaddi sərvətləri həmişə Azərbaycanı sevməyənləri qıcıqlandırıb. Onlar əllərindən gələni ediblər ki, bu sərvətlərin bizə aid olmadığını sübuta yetirsinlər. Bu sahədə fəal dövlətlərdən biri İrandır. İran Nizami Gəncəvinin "fars şairi" olması ideyasını ortaya atmaqla Azərbaycanın belə bir mənəvi sərvəti yetirmək qüdrətində olmadığı təəssüratını yaratmağa çalışıb, indi də mənasız iddiasından əl çəkmir, buna başqalarını inandırmaq istəyir. İrandan fərqli olaraq dünya şərqşünasları, həmçinin Rusiya tədqiqatçıları hər zaman Nizami irsini yüksək qiymətləndirib, doğru-düzgün araşdırmaları ilə faktları ortaya qoyublar. İkinci Dünya müharibəsinin SSRİ üçün ən ağır zamanında, alman-faşistlərinin uzun sürən mühasirəsi şəraitində Leninqradda (Sankt-Peterburq) Nizaminin anadan olmasının 800 illik yubileyinin keçirilməsi, onun əsərlərinin nəşri, sonralar isə adının əbədiləşdirilməsi, Bakının mərkəzində möhtəşəm heykəlinin qoyulması və başqa bu kimi tədbirlər İranda birmənalı qarşılanmayıb. Elə bu hadisədən sonra İranda Nizamininİran dilli (fars) və ruhluşair olaraq, məhz İrana mənsubluğunu iddia edənlər çoxalmağa başladı. Əslində, İran elə hər zaman cənubda yaşayan azərbaycanlıları farslaşdırmağa cəhdlər göstərib. İndi də müxtəlif tədqiqatçılar belə düşünməkdə və yazmaqda davam edirlər. Təbii ki, adlarını tarixçi, ədəbiyyatçı qoyanlar burada hər şeyi bir kənara atıb, sifariş yerinə yetirir, İranın qərəzli təbliğatına alət olurlar. Həmçinin ermənilər də uzun illər ərzində Nizaminin Azərbaycan-türk şairi olmaması cəfəngiyyatını aləmə car çəkərək bununla da bizə yeni-yeni mənəvi zərbələr vurmaq istəyiblər. Təsadüfi deyil ki, böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Bakıda abidəsinin qoyulması prosesində ermənilərin törətdikləri əngəllərlə bağlı arxivdə xeyli faktlar mövcuddur.

Dünyadakı araşdırmaçılar isə Nizami ilə bağlı aşağıdakıları söyləyiblər: Amerika tarixçisi Lev Slyozkin 1934-cü ildə SSRİ Yazıçılar Birliyinin birinci Konqresində nümayəndə heyətinin üzvü kimi çıxış edərək, Nizami Gəncəvini “Gəncədən olan türk” adlandırıb. 3 aprel 1939-cu ildə Ukrayna şairi Nikolay Bajanın “Pravda” qəzetində məqaləsi çıxır. Məqalədə o, Stalinlə görüşündən danışırdı: “Yoldaş Stalin mənə azərbaycanlı şair Nizami ilə bağlı danışdı, onun əsərlərindən sitat gətirdi, o, bu sözlərlə onu əsaslandırmağa çalışırdı ki, Nizamini İran ədəbiyyatına vermək lazım deyil. Ona görə yox ki, farsca şeirlər yazıb, ona görə ki, o öz poemalarında farsca şeir yazmağa məcbur olduğunuöz xalqıyla doğma dilində kontakta icazə verilmədiyini göstərir”. 1947-ci il 22 sentyabrda SSRİ Yazıçılar İttifaqının sədri Nikolay TixonovunPravda” qəzetində belə bir məqaləsi dərc olunub: “Aydındır ki, Nizami farsca yazıb, Azərbaycan xalqının düşmənləri olan burjua tarixçiləri, İran millətçiləri tərəfindən Nizaminin fars şairi kimi qələmə verilməsi və onu vətəni Azərbaycanla əlaqəsinin olmaması faktı ilk dəfə deyil, ancaq bu həyasız yalan heç kimi aldada bilmədi”. Yevgeni Bertels tərəfindən hazırlanan Böyük Sovet Ensiklopediyası 1939-cu ildə Nizamini Azərbaycan şairi kimi təqdim etdi və 1940-cı ildən sonra artıq Nizaminin azərbaycanlı olması bütün sovet alimləri tərəfindən qəbul olundu. Qərb tədqiqatçılarından Hammer, Baxer, Rutter, Erdman, Atkinson, Duda, Vilson, Blend kimi şərqşünaslar da Nizamini böyük türk adlandırıblar.

Nizami Gəncəvinin adı dünya ədəbiyyatının ən görkəmli klassikləri sırasında çəkilir. Nizami Gəncəvi də Dante, Servantes, Şekspir, Əbdürrəhman Cami, Əlişir Nəvai, Məhəmməd Füzuli, Balzak, Vüktor Hüqo kimi mənsub olduqları xalqın milli iftixarı olan sənətkar olmaqla bərabər, həm də dünya ədəbiyyatını yüksək səviyyədə təmsil edir. Belə bir dahini İranın öz adına çıxması təbiidir, ancaq tarixi, faktları da danmaq olmaz. Nizami Gəncəvi bir türkdür, Azərbaycan şairidir. Yuxarıdakı faktlardan da görünür ki, bunu bizdən çox dünyanın tanınmış araşdırmaçıları deyir.

 

Sevinc Azadi

 

İki sahil.- 2023.- 11 mart.- S.2.