Ayrılmadı könül candan...

 

Ulu Öndərimiz qurucusu olduğu müstəqil Azərbaycanı ürəkdən sevirdi

 

Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu polad kimi möhkəm təməlin üstündə bərqərar olan müstəqil Azərbaycan  xoşbəxt gələcəyinə qovuşmaqdadır. Yaddan çıxarmamalıyıq ki, Ulu Öndərimiz birinci hakimiyyəti illərində Azərbaycana bir xilaskar kimi gələrək qıtlıq və qəhətlik çəkən, aqrar və geridə qalmış respublikanı inkişaf etmiş sənaye respublikasına çevirmişdi. O illərdə belə bir çətin missiyanın öhdəsindən yalnız fövqəladə ağıla, yüksək təşkilatçılıq və idarəetmə qabiliyyətinə və  fərqli bacarığa malik dahi şəxsiyyət gələ bilərdi. Belə fenomen şəxsiyyət uca Allahın Azərbaycan xalqına bəxş etdiyi Heydər Əliyev idi.

Ona görə də bu gün qürurla deyirik ki, dahi rəhbərimiz zəmanəmizin ən böyük azərbaycanlısı idi.  Unudulmaz rəhbərimizin sevimli şairimiz Səməd Vurğunun məşhur  "Azərbaycan" şeirini necə məhəbbətlə söylədiyi, hətta kövrəldiyi hamımızın xatirində hələ də canlanır...

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam, doğma Vətənimsən,

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

Bəli, ayrılmadı könül candan! Vətəninin müdrik oğlu Heydər Əliyev Azərbaycanın hər bir guşəsinin abadlaşması, çiçəklənməsi və varlanması üçün əlindən gələni əsirgəmədi...İndi müstəqil ölkəmizin hansı guşəsinə üz tutsaq orada Ulu Öndərin izlərini görərik. O izlərdə xeyir, bərəkət və yüz ilə sığmayan inkişaf görərik.

…1960-cı illərin əvvəllərində Azərbaycan elə bir ağır sosial-iqtisadi böhran keçirirdi ki, hətta çörək qıtlığı yaranmışdı. Əhali demək olar ki, qəhətlik və aclıq çəkirdi. İnsanlar acından ölməmək üçün arpa, darı,  qarğıdalı çörəyi yeməyə möhtac qalmışdı. Bunları da tapa bilməyən ailələr hətta mal-qaraya verilən kəpəklə qidalanmağa məcbur idilər. Həmin illər II Dünya müharibəsindən sonra ən kütləvi aclıq illəri idi…

Respublika rəhbərliyi gözünü Sovet İttifaqının anbarlarına və büdcəsinə dikmişdi. Ancaq görünür Azərbaycanda əhalinin aclıq çəkməsi, mal-heyvana verilən jmıx və kəpək yeməkdən mədə-bağırsaq xəstəliklərinə düçar olması yumşaq kreslolarda oturmuş kommunist məmurları o qədər də narahat etmirdi. Azərbaycan açıq-aşkar bacarıqlı rəhbər, xalqını məhrumiyyətlərdən xilas edəcək hakimiyyət yolu gözləyirdi. Belə bir ağır zamanda tale xalqımıza gözlədiyi xilaskar rəhbəri göndərdi…

1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə irəli çəkilən Heydər Əliyev qarşısına yalnız bir böyük məqsəd qoymuşdu: Azərbaycanı gerilikdən çıxarmaq və onu SSRİ-nin inkişaf etmiş respublikaları sırasına çıxarmaq! Əlbəttə, o dövrdə bunu sözdə demək asan olsa da reallığa çevrilməsi  möcüzə kimi görünərdi.  Ancaq fikirlərində həmişə dönməz və ardıcıl olan yeni rəhbər özündə böyük inam və sarsılmaz güc taparaq ilk növbədə kənd təsərrüfatının dirçəldilməsindən başladı. O zaman üçün bu, yeganə düzgün addım idi. Sadə məntiq var: İnsanın yaxşı işləməsi üçün ilk növbədə o tox olmalıdır. Ərzaq çatışmazlıqları tədricən aradan qaldırıldı.

Ondan sonra pambıq, taxıl, qarğıdalı, soya, yem bitkiləri sahələri genişləndirilməklə bərabər, onların məhsuldarlıqlarının artırılmasına ciddi diqqət yetirildi. Bunun üçün becərmədə mütərəqqi üsullardan, texnikadan istifadə olundu, torpağın məhsuldarlığının daha da artırılması üçün müxtəlif üzvi və qeyri-üzvi gübrələrdən istifadə genişləndirildi. Qısa müddətdə həyata keçirilən tədbirlər öz müsbət nəticələrini göstərdi. Sonrakı illərdə təsərrüfatlara daha məhsuldar toxum sortları və növləri paylandı. İpəkçiliyin inkişaf etdirilməsi məqsədi ilə milyonlarla yeni tut tingləri əkilib becərildi. Kümçülərə daha çox məhsul verən ipəkqurdu növləri verildi. Dağ rayonlarının iqtisadiyyatının inkişafı üçün tütünçülüyün və maldarlığın dirçəldilməsi vacib idi. Təbii ki, Ulu Öndər Heydər Əliyev bu və digər problemlərin həllini hamıdan yaxşı görürdü. Bir sözlə, bol məhsul alınması üçün kənd əməkçilərinə hər cür lazımi şərait yaradıldı. Onlar isə alın təri axıdaraq çalışdılar, nəticədə hər sahədə uğur qazanıldı, bol məhsul alındı. Əldə edilən məhsul bolluğu kolxozçuların həyat səviyyəsinin yüksəldilməsində özünü göstərdi. Əhalinin pul gəlirləri artdı, rifah halları ildən-ilə yaxşılaşdı. Əvvələr respublikanın pambıq plantasiyalarının hər hektarında cəmi 15-20 sentner məhsul yetişdirilirdisə bu rəqəm bir neçə ildən sonra 35-40 sentnerə çatdırıldı. Taxılın hər hektarında orta məhsuldarlıq 13-18 sentnerdən 30-35 sentnerə yüksəldildi. Bunlar quru rəqəm və statistika deyildi. Axıdılan alın tərinin arxasında milyon manatlarla pul dururdu və həmin pullar kənd təsərrüfatı əməkçilərinin rahat həyatını təmin edirdi. Kənd əməkçiləri köhnə torpaq kərpic evlərin yerində mişar daşından geniş və işıqlı evlər tikir, minik avtomobili, mebel alır, telefon çəkdirirdilər. Bir sözlə, kənd zəhmətkeşləri öz əməklərindən yetərincə barınırdılar.

O zaman kəndlərin sosial siması da sürətlə dəyişdi. Palçıqlı kənd yolları asfaltlanır, müasir tipli inzibati binalar tikilir, məktəblər, xəstəxanalar, uşaq bağçaları klublar, mədəniyyət evləri, kitabxanalar, poçt-rabitə şöbələri açılır, marşrut avtobusları işləyirdi. 1970-ci illərin əvvəllərində respublikanın bir çox rayonları qazlaşdırılmışdı. Elektrik təsərrüfatları yaxşı təmin olunduğundan kəndlərdə əvvəlki illərdəki kimi işıqlar sönmürdü. 60-cı illərdə hər kəndə bir-iki şəxsi avtomaşın olurdusa 70-ci illərdə artıq şəxsi avtomobillərin sayı 15-20-yə çatırdı. Əhalinin çörəklə təminatının daha da yaxşılaşdırılması üçün hər rayonda bir neçə elektrik dəyirmanı tikilib istifadəyə verilmişdi. Kənd camaatı daha köhnə su dəyirmanlarında günlərlə vaxt itirmir, tonlarla taxılı bir neçə saat ərzində üyüdərək illik çörək ehtiyatını bəri başdan tuta bilirdi. Qısaca desək, əhalinin sosial vəziyyəti tanınmaz dərəcədə dəyişirdi.

1970-ci illərdə Tərtərçay Su Anbarının tikilməsi ilə Ağdərə, Tərtər, Goranboy, Bərdə, Naftalan və Yevlax rayonlarının yüz min hektarla əkin sahələri yayda susuzluqdan korluq çəkməməsi nəticəsində bölgəyə yeni nəfəslik açıldı.

Bütün bunları ona görə yada salırıq ki, gələcək nəsillər inkişaf tariximizi düzgün və əhatəli bilsinlər. Bilsinlər ki, bugünkü sürətli inkişaf, əldə olunmuş nailiyyətlər birdən-birə qazanılmayıb. Bunun üçün lazımi əsas yaradılıb.

1970-ci illərdə Azərbaycan Heydər Əliyevin müdrik rəhbərliyi ilə SSRİ-nin inkişaf etmiş respublikalarından birinə çevrildi. O illərdə respublikamızda 1 milyon tondan çox pambıq istehsal edilirdi ki, bu da Özbəkistandan sonra ikinci göstərici hesab olunurdu.

Azərbaycan müttəfiq respublikalar arasında keçirilən sosializm yarışlarında 13 dəfə qalib adını qazanaraq bütün yüksək məqamlarda adı hörmətlə çəkildi. Əmək adamları SSRİ-nin ən yüksək mükafatlarına layiq görüldülər, bir çoxları Sosialist Əməyi Qəhrəmanının Qızıl Ulduzu ilə təltif edildilər. Məşhur pambıqçılardan əllə yığım ustaları Bəsti Bağırova və Şamama Həsənova isə bu fəxri ada iki dəfə layiq görüldülər.

Maldarlıq və qoyunçuluq sahəsində də diqqətəlayiq nailiyyətlər qazanıldı. Hər baş qoyundan bala və yun alınması sahəsində Azərbaycan nümunəsi bütün SSRİ-yə yayıldı. Ölkədə tanınmış  Çoban Boran, Çoban Möhsün və başqaları SSRİ-nin ali orden və medalları ilə təltif olundular. Xalq artistimiz Arif Babayevin oynaq və şirin melodiya ilə bəstələdiyi və ifa etdiyi "Çoban Möhsün" mahnısı dinləyənlər tərəfindən indi də sevilir.

Bilirik ki, pambıq strateji məhsuldur və ondan hərbi sənayedə barıt və digər partlayıcı maddələr hazırlanır. Ona görə də o, dünya bazarında olduqca baha qiymətə gedirdi. İndi də pambıq dünya bazarında əsas strateji məhsullardan biri sayılır. Bununla bərabər Azərbaycanda yetişdirilən meyvə-tərəvəz məhsulları Moskva, Nijni-Novqorod və Leninqrad (indi Sankt-Peterburq) şəhərlərinin sakinlərini təmin edirdi. Əvvəllər Sovet İttifaqının bir çox guşələrində yalnız Bakının adı eşidilmişdisə 70-ci illərdə Azərbaycan Respublikası bütün ölkəyə səs salmışdı. SSRİ-nin ən ucqar nöqtələrində belə sadə adamlar Azərbaycan rəhbəri Heydər Əliyevi tanıyır və şəxsiyyətinə böyük hörmət bəsləyirdilər. Onların bir çoxu arzulayırdı ki, SSRİ-nin rəhbəri Heydər Əliyev olsa ölkə daha varlı, daha güclü olar. Çünki onlar Azərbaycanın şəxsiyyətinə, siyasətinə, intellektinə, idarəetmə bacarığına heyran idilər. Əlbəttə, belə düşünənlər tamamilə haqlı idilər.

Yaşlı nəslin yaxşı yadındadır ki, keçən əsrin 70-80-ci illərində Azərbaycandan Rusiyaya və bəzi ittifaq respublikalarına pomidor, nar, qoz, fındıq, xurma, ərik, gül , şərab məhsulları daşınırdı. Bunlar o yerlərdə defisit sayıldığı üçün yerlilər tərəfindən həm həvəslə, həm   baha qiymətə alınırdı. Belədə eyni zamanda Azərbaycanın imici də yüksəlirdi.

SSRİ-də məşhur olan “Görüş yerini dəyişmək olmaz” çoxseriyalı bədii filmi yadınıza düşürmü? Filmdə bir səhnədə masanın üstündə “Kürdəmir” şərabı göstərilir. Bu, o demək idi ki, “Kürdəmir” özünün dadı ilə brend mal kimi tanınmışdı. Eləcə də “Ağdam”, “Mədrəsə”, “Hadrut” şərabları və “Göygöl” konyakı süfrələrin bəzəyi idi. Tərtərdə, Göyçayda və digər konserv zavodlarında istehsal edilən dadlı narşərabımız SSRİ-nin bütün regionlarında milyonlarla alıcı məmnunluğu qazanmışdı. Ümummilli Liderimiz Heydər Əliyevin müstəqil Azərbaycanda apardığı aqrar siyasət nəticəsində torpaq əsl sahibinə-kəndliyə qaytarıldı. Bu uzaqgörən siyasətin nəticəsidir ki, indi ölkəmizin kənd təsərrüfatı məhsulları dünyanın bir çox ölkələrində həvəslə alınır və dünya bazarının brendlərindən hesab olunur. Sevimli rəhbərimizin siyasi varisi Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin müəyyənləşdirdiyi uzaqgörən aqrar siyasətini uğurla davam etdirir. Artıq bir çox hədəflər qazanılıb, ölkəmizdə kənd təsərrüfatı məhsullarının bolluğu təmin edilib, kimsə deyə bilməz ki, nədənsə çətinlik çəkirik. Ancaq yolumuz daha da irəliyə, xoşbəxt gələcəyədir.

Mövzumuzu yekunlaşdırarkən Ulu Öndərin vaxtilə müdrikliklə söylədiyi bir aforizmin bu gün öz yerini tutduğunu xatırlatmağımız xoş olar: Azərbaycan dünyaya Günəş kimi doğacaq!

Ulu Öndərimizin 100 illik yubileyi mübarək olsun! Dahi rəhbərimiz tariximizdə və qəlbimizdə gələcək yüzilliklərdə də yaşayacaq, xalqımızın qürur mənbəyi olacaqdır. Ümummilli Liderimiz bu haqqı altmış iki ildən artıq müddətdə Vətənimizə və xalqımıza etdiyi titanik fəaliyyəti ilə qazanıb.

 

Vəli İlyasov

 

Yazı Yeni Azərbaycan Partiyasının "Heydər Əliyev İli" çərçivəsində jurnalistlər arasında elan edilən "Heydər Əliyev və yeni Azərbaycan" mövzusunda fərdi yazı müsabiqəsinə təqdim etmək üçündür.

 

İki sahil.- 2023.- 19 may.- S.5.