20 Yanvar faciəsinə ilk siyasi-hüquqi

qiyməti ümummilli lider Heydər Əliyev verib

 

Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin qanlı 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır, desək yanılmarıq. Yetmiş il dünyanı lərzəyə salan bir imperiyanın tərkibindən çıxaraq öz müstəqilliyinə nail olmaq isə elə də asan başa gəlmədi. Ölkəmizi müstəqilliyə aparan yol 20 Yanvar faciəsindən keçdi. SSRİ rəhbərliyi xalqın azadlıq arzusunu boğmaq üçün, hətta ordunun gücündən istifadə edərək qan tökməkdən belə çəkinməsə də öz istəyinə çata bilmədi.

Azərbaycanın dövlət müstəqilliyinə nail olması ilə yanaşı, azadlıq uğrunda mübarizənin əhəmiyyəti bir də o oldu ki, xalqımız həm də özünün Liderini yenidən qazandı. O lideri ki, hələ SSRİ kimi nəhəng bir imperiyanın sərt qanunlarının hökm sürdüyü bir vaxtda üçrəngli bayrağımızı Naxçıvanda rəsmi şəkildə yüksəltmişdi. Xalqın təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə respublikamıza rəhbərliyə qayıtdıqdan sonra isə dövlət müstəqilliyimizin qorunub saxlanılması, dövlət atributlarımızın qürur mənbəyimizə çevrilməsi üçün böyük işlər gördü.

Həmin vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev qanlı qırğının ertəsi günü Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək dünyada analoqu olmayan bu faciə ilə bağlı bəyanat verdi. İmperiyanın paytaxtında - bu faciənin törədilməsinin planı cızılmış bir şəhərdə dünyanın onlarla aparıcı KİV nümayəndələrinin qarşısında verilən bu bəyanat beynəlxalq aləmdə böyük əks-səda doğurdu. Dahi şəxsiyyət Heydər Əliyev xalqın səsinə səs verməklə sübut etdi ki, bu ağır günlərdə Azərbaycanda - öz xalqı ilə birlikdə olmasa da, bu ağrını xalqla birgə yaşayır. Moskvada xüsusi nəzarət altında olduğunu, özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyduğunu Ümummilli Liderimiz Azərbaycan xalqına qarşı Sovet ordusunun təcavüzünü pislədi, faciəni törədənləri, ayrıca da M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların dərhal Bakıdan çıxarılması tələbini irəli sürdü. Bu gün bəlkə də kimlərəsə bütün bunlar asan görünə bilər. Amma SSRİ-nin sərt qanunlarının hökm sürdüyü o dövrdə dünyanın ən böyük dövlətlərindən birinin rəhbərini elə onun öz vətənində belə kəskin tənqid etmək, doğrudan da böyük cəsarət tələb edirdi. Ulu Öndər Heydər Əliyevin bu addımları Vətən və xalq qarşısında bir vətəndaşlıq məsuliyyətinin nümayişi, Vətənə məhəbbət və sədaqətin nümunəsi idi. Bu bəyanat, eyni zamanda, artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasının anonsu idi. Onun bu istiqamətdə atdığı digər sərt addım 1990-cı il iyulun 19-da SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı ərizədir. Ulu öndər Kommunist Partiyasının sıralarından çıxmasına dair yazdığı bu ərizədə kommunist rejiminin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq şəkildə bəyan edirdi, 20 Yanvar faciəsi ilə bağlı isə bunları bildirirdi: “Bu antihumanist, konstitusiyaya zidd hərəkəti ittiham edərkən Sov.İKP və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid edirdim. Artıq yarım il keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil”.

20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin verilməməsi daim Heydər Əliyevi düşündürürdü. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Prezident Heydər Əliyev bu barədə belə deyirdi: “...Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.

1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qəbul edilən qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində də Ümummilli Liderimiz mühüm tədbirlər həyata keçirdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Şəhidlər xiyabanını ziyarət etdi və tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülsün və burada memorial kompleks ucaldılsın. Məhz Onun Sərəncamı ilə 20 Yanvar Ümumxalq hüzn günü elan olundu. Şəhidlər xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına çevrildi. Şəhid ailələri dövlət qayğısı ilə əhatə olundu. 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsini və müavinət təminatını da daim diqqət mərkəzində saxladı. Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli Fərmanı ilə 20 Yanvar təcavüzü zamanı həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verildi, “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” 2003-cü il 15 yanvar tarixli Sərəncama əsasən əlil olmuş şəxslərə verilən aylıq müavinət artırıldı və bu iş davamlı olaraq həyata keçirilir.

Müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həlli istiqamətində bünövrəsini Ümummilli Liderin qoyduğu işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu yöndə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi durumunun daha da yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Şəhidlər xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən qurularaq abadlaşdırılıb. 2006-cı il yanvarın 19-da dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdü təsis edilib.

 

Sevinc Azadi

 

İki sahil.- 2023.- 11 yanvar.- S.10.