Azad torpaqlarımızda yeni
inkişaf mərhələsi başlayr...
Böyük
Qayıdış
Ölkəmizin
sosial-iqtisadi inkişafını müəyyən edən
beş Milli Prioritetdən biri kimi işğaldan azad edilmiş
ərazilərə Böyük Qayıdış Proqramı
xüsusi önəm daşıyır. Prezident İlham Əliyevin
rəhbərliyi ilə həmin rayonlarda genişmiqyaslı bərpa
və yenidənqurma işləri sürətlə həyata
keçirilir.
Müasir
infrastrukturların yaradılması, yeni yaşayış məntəqələrinin
tikilməsi, həmçinin keçmiş məcburi
köçkünlərin doğma torpaqlarına təhlükəsiz
və rahat qayıdışının təmin olunması
istiqamətində tədbirlər davamlı şəkildə
aparılır. Bu proses təkcə yaşayış
binalarının tikilməsi ilə məhdudlaşmır.
Yolların, məktəblərin, xəstəxanaların və
sosial xidmət obyektlərinin yenidən qurulması da prioritetlər
sırasındadır. Beləliklə, azad edilmiş ərazilər
yalnız fiziki olaraq bərpa olunmur, həm də sosial və
iqtisadi cəhətdən dayanıqlı inkişaf
üçün münbit şərait yaradılır. Bu,
bütövlükdə ölkənin dayanıqlı
inkişaf strategiyasının ayrılmaz hissəsi olmaqla, vətəndaşların
rifahının yüksəlməsinə və regionlarda
sabitliyin möhkəmlənməsinə xidmət edir.
Prezident
İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura
mütəmadi səfərləri Böyük
Qayıdış Proqramının real nəticələrini
nümayiş etdirən mühüm və qürurverici hadisələrdəndir.
Dövlətimizin başçısının azad edilmiş
torpaqlara qayıdan sakinlərlə birbaşa görüşləri
bu prosesin mərkəzində insan amilinin
dayandığını bir daha təsdiqləyir. Artıq
Qarabağ və Şərqi Zəngəzurda dirçəliş
dövrü başlanıb, illərlə həsrətində
qaldığımız bu torpaqlarda yeni həyat
formalaşır. Tarixi Zəfərimizdən dərhal sonra
start götürən genişmiqyaslı bərpa və yenidənqurma
işləri çərçivəsində
“Ağıllı şəhər” və “Ağıllı kənd”
konsepsiyaları uğurla icra olunur. Bu layihələrin ilk real
nəticəsi kimi Zəngilan rayonunun Ağalı kəndinin
sakinlərinə qovuşması Böyük
Qayıdışın rəmzinə çevrilib. Məhz
buradan başlanan köç prosesi bu gün
ardıcıllığı və miqyası ilə diqqət
çəkir.
Prezident
İlham Əliyev çıxışlarında və beynəlxalq
tədbirlərdə daim Böyük Qayıdış
Proqramına xüsusi diqqət ayırır,
soydaşlarımızın mərhələ-mərhələ
doğma yurdlarına qayıdışının dövlət
siyasətinin əsas prioritetlərindən biri olduğunu
vurğulayır. Proqramın birinci mərhələsində 8
şəhərin və 100 kəndin yenidən qurulması əsas
hədəf kimi müəyyən edilib və artıq bu hədəflərin
praktik nəticələri aydın şəkildə
görünür. Laçın, Füzuli, Şuşa,
Xocalı, Cəbrayıl və Kəlbəcər şəhərlərinin
sakinlərinə qovuşması, eyni zamanda, çoxsaylı kənd
və qəsəbələrin bərpası bu istiqamətdə
görülən işlərin miqyasını göstərir.
Cari ildə dövlətimizin başçısının
Füzuli, Xocavənd, Xocalı rayonlarına və Xankəndi
şəhərinə səfəri çərçivəsində
Xocavənd rayonunun Qırmızı Bazar, Hadrut qəsəbələrinin
və Sos kəndinin, eləcə də Xocalı rayonunun
Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin
sakinləri ilə görüşü Böyük
Qayıdışın artıq dönməz prosesə
çevrildiyini bir daha təsdiqləyir. Bu gün azad
edilmiş ərazilərdə aparılan bərpa-quruculuq
işləri təkcə infrastrukturun yenilənməsi deyil,
eyni zamanda milli ruhun, tarixi ədalətin və sosial rifahın
bərpasıdır. Böyük Qayıdış Proqramı
Azərbaycanın gücünü, dövlət iradəsini və
xalq-dövlət birliyini əks etdirən ən parlaq
inkişaf modelidir. Dövlətimizin başçısı
İlham Əliyev “Heç vaxt o torpaqlarda yaşamamış,
amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış
qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən
əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana
qayıdış dövründə də görəcəyik”
söyləməklə növbəti hədəfimizin də
tezliklə reallığa çevriləcəyinə əminliyini
ifadə edir. Hər zaman irəliyə baxan, zamanı
qabaqlamağa səy göstərən və buna nail olan Azərbaycan bu gün yeni
dövrün hədəfləri ilə dünyanın diqqətindədir.
Göründüyü
kimi, düşmənin darmadağın etdiyi şəhərlərin
və kəndlərin bərpası hazırda sürətlə
davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində
böyük addımlar atılır. Azad olunmuş şəhərlərə
və kəndlərə yaxın
zamanda 140 min insanın
köçürülməsi planlaşdırılır. Nəhəng
vəsait və qüvvə tələb edən bu işləri
Azərbaycan kənardan bir manat belə almadan özü
görür. Bu baxımdan Qarabağda və Şərqi Zəngəzurdz aparılan dirçəliş
işləri həm daxili hüquqi legitimliyi, həm də beynəlxalq
hüququn üstünlüyünü nümayiş etdirən
nümunəvi modeldir.
Beləliklə,
Xankəndi və ətraf ərazilərdə aparılan bərpa-quruculuq
işləri Azərbaycanın dövlət iradəsini,
planlı idarəetmə modelini və qayıdış siyasətinin
real nəticələrini əks etdirir. Təhsil, səhiyyə,
nəqliyyat və sosial infrastrukturun sürətli şəkildə
bərpası bu bölgədə həyatın tam şəkildə
canlanmasını təmin edir. Görülən işlər
həm də onu göstərir ki, Azərbaycan azad olunmuş əraziləri
yalnız təhlükəsizlik baxımından deyil,
sosial-iqtisadi baxımdan da ölkənin ayrılmaz hissəsinə
çevirir.
Hazırda
işğaldan azad edilmiş ərazilərimizdə
genişmiqyaslı bərpa-quruculuq işlərinin
aparılması ilə yanaşı, digər bölgələrin
də sosial-iqtisadi inkişafının diqqətdə
saxlanılması Azərbaycanın güclü iqtisadi
potensialının, maliyyə dayanıqlığının və
balanslaşdırılmış inkişaf
strategiyasının bariz nümunəsidir. Bu paralel yanaşma
dövlətin həm azad olunmuş torpaqların dirçəlişinə,
həm də ümumi regional tərəqqiyə verdiyi önəmin
göstəricisidir. Beləliklə, Azərbaycanın
inkişaf modeli yalnız ayrı-ayrı regionların deyil,
bütövlükdə ölkənin davamlı tərəqqisini
təmin etməyə yönəlib. İşğaldan azad
edilmiş ərazilərdə aparılan bərpa-quruculuq
işləri ilə yanaşı, digər bölgələrin
də sosial-iqtisadi inkişafının paralel şəkildə
davam etdirilməsi dövlət siyasətinin
ardıcıllığını və uzaqgörənliyini
nümayiş etdirir. Bu yanaşma bir tərəfdən
Qarabağ və Şərqi Zəngəzurun qısa müddətdə
müasir və yaşayış üçün əlverişli
məkanlara çevrilməsinə zəmin yaradırsa, digər
tərəfdən ölkə üzrə regional bərabərliyin
qorunmasına, sosial rifahın yüksəlməsinə və
iqtisadi dayanıqlığın möhkəmlənməsinə
xidmət edir. Nəticə etibarilə,
balanslaşdırılmış inkişaf strategiyası Azərbaycanın
güclü dövlət kimi gələcəyə inamla
addımladığını, milli resurslardan səmərəli
istifadə etdiyini və hər bir vətəndaşın
rifahını prioritet hesab etdiyini aydın şəkildə
nümayiş etdirir.
Şəmsiyyə
Əliqızı
İki
sahil.-
2025.- 18 dekabr, ¹231.- S.7