Ömür dedikləri bir karvan yolu...
Akademik
Yusif Məmmədəliyev - 120
Türk
dünyasının fəxri, akademik Yusif Məmmədəliyev
yüksək insani keyfiyyətlərə malik nadir bir şəxsiyyət
idi. Böyük alim olmaqla bərabər, həm də
kasıb tələbələrə qayğı göstərən,
onlara arxa duran gözəl insan idi. Onun yüksək keyfiyyətlərini
şəxsi həyatında hiss etmiş tanınmış
alimlərimizdən biri
yetmiş illik xatirələrini həmişə yad edib.
Azərbaycan
Dövlət Neft Akademiyasının (indiki Azərbaycan
Dövlət Neft və Sənaye Universiteti) prorektoru vəzifəsində
çalışmış professor, Əməkdar elm xadimi,
politoloq İmran Cəfərzadə görkəmli alimi
yaxından tanıdığını, insanpərvərliyinin
şahidi olduğunu bildirmişdir. O, söyləyirdi ki, II
Dünya müharibəsi başlananda atasını və
anasını çox erkən itirərək ağır
günlər, illər yaşamışdır.
Babasının himayəsində qalmışdı. Həyatın
hər cür yaman gününü görmüş
babası hərdən balaca
İmranı qucaqlayıb bağrına basır, titrək səslə
deyirdi: Sən mənim oğlumun yeganə yadigarı,
ocağımın çırağısan, ümidimsən.
Sonra gözlərindən iki damla
yaş sıçrayıb saqqalı aşağı
süzürdü. Babanın çoxlu arı ailəsi
vardı, ildə pətəklərdən bir tona qədər
bal süzür, artığını bazarda satırdı. Həyətyanı
sahəsində tonlarla kartof yetişdirir, qazandığı
pullarla nəvəsinin sıxıntı çəkməsinə
imkan vermirdi. Qoca düşünürdü ki, bununla da həyatdan
vaxtsız gedən oğlunun və gəlininin ruhunu sevindirir.
Ata-ana nəvazişindən
erkən məhrum olmuş, həyatdan küskün
düşmüş İmran böyüyüb məktəbə
getdi, mehrini kitablara saldı. Tay-tuşları oynamağa gedəndə
İmran onlara qoşulmur, evdə dərslərini
hazırlamaqla məşğul olurdu. Buna görə də həmişə
bütün fənlərdən “5” qiymət alırdı. Bu,
o zaman ən yüksək nəticə hesab olunurdu. İllər
beləcə keçdi, 1952-ildə Ağdamda oxuduğu orta məktəbi
qızıl medalla bitirdi. Medalçı kimi universitetdə
bir imtahandan yüksək qiymət alaraq qəbul edildi.
Aldığı yüksək qiymətlərə görə
onu məşhur Lomonosov adına Moskva Dövlət Universitetndə
təhsil almağa göndərdilər. Arzusu elektron cihazlar
üzrə mühəndis olmaq idi.
İmran
müəllim xatırlayırdı ki, babası hər ay ona
pul göndərir, korluq çəkməyə qoymurdu. O da
qaldığı tələbə yataqxanasında elmin sirlərinə
dərindən vaqif olmağa çalışırdı.
Oxumaqdan, öyrənməkdən yorulmurdu. Tələbə
yoldaşları dərsdən sonra bəzənib-düzənib
şəhəri gəzməyə gedəndə onu da səsləyirdilər.
Lakin İmran hərdən bir bəhanə gətirərək
heç yerə getmir, dərslərini hazırlayır,
boş vaxtlarında dünya klassiklərinin əsərlərini
mütaliə edirdi. Dostları onu özləri ilə aparmaq
üçün dilə tutur, alınmayanda ona atmaca ilə təsir
göstərməyə çalışır:- Ə,
qızsan, niyə getmirsən?-deyirdilər. O isə-nə istəyirsiniz
deyin, məni bura gəzməyə deyil, elm öyrənməyə
göndəriblər-cavabını verirdi. Bu minvalla İmran Cəfərzadə
universiteti fərqlənmə ilə bitirdi. Artıq o, məzun
idi və doğma Ağdama qayıdıb orada
maşın-hesablama idarəsində mühəndis işləyəcəkdi.
...Universitetdə
məzunlarla vida görüşü keçirilirdi.
Görüşdə əlaçı tələbə kimi
İmran Cəfərzadəyə də söz verildi. Utancaq
xarakterli məzun heç yana baxmadan tribunaya qalxdı. Tələbə
həyatı və müəllimlərin
qayğıkeşliyindən və tələbkarlığından
danışdı. Rus dilində sərbəst və məntiqli
çıxışı alqışlarla
qarşılandı.
...Görüş
bitmiş, məzunlar öz otaqlarına
qayıtmışdılar. Məzmunlu və rəvan
çıxışına görə tələbə
dostları bir-bir gəlib onu təbrik edirdilər. Axı, o,
maraqlı çıxışı ilə bütün azərbaycanlı
tələbələrin üzünü
ağartmışdı. Günortadan sonra dekanlıqdan bir nəfər
gəlib İmrana bildirdi ki, Azərbaycan Elmlər
Akademiyasının prezidenti Yusif Məmmədəliyev rektorun
otağında səni gözləyir.
İmran
Cəfərzadə çaşqın vəziyyətə
düşdü. Axı, dünya alimlərinin
tanıdığı akademik Yusif Məmmədəliyev hara, o
hara? O böyüklükdə alim onu nə tanıyır,
haradan tanıyır, akademikin ona nə sözü ola bilər?
Amma özünü toparlayıb getdi. Universitetin rektoru,
akademik Nikolay Zelinski köməkçisi vasitəsi ilə onu
dərhal qəbul etdi. İmran otağa daxil olub qapının
yanında dayandı, içəri ani nəzər saldı.
Ortada var-gəl edən bəstəboy, yaraşıqlı
adamı bir baxışda tanıdı. Akademik Yusif Məmmədəliyev
idi. O, İmranı yaxına
çağırıb ona əyləşmək
üçün yer göstərdi. Sonra sözə
başladı:
-Bayaqkı
çıxışını diqqətlə dinlədim,
xoşuma gəldi.
Düşünürəm ki, gedəcəksən rayona
bir idarədə mühəndis işləyəcəksən,
bəlkə də ömrün boyu elə orada batıb
qalacaqsan. Amma mən səni elm adamı kimi görmək istəyirəm,
düşünürəm ki, səndən yaxşı alim
olar.
İmran
Cəfərzadə susub diqqətlə akademiki dinləyirdi.
Yusif müəllim rektoru göstərərək sözünə
davam etdi:
-Mən
Nikolay Dmitriyeviçdən xahiş edəcəm ki, burada
qalmağına, təhsilinə lazımi şərait
yaratsın. Özüm də sənə maddi yardım edəcəm.
Sən valideynlərinlə məsləhətləş,
fikrini mənə bildir.
İmran
bir az düşünüb boğuq səslə cavab verdi:
-Hörmətli
akademik, atamı-anamı uşaq ikən itirmişəm, məni
qoca babam böyüdüb, onun fikri-zikri məni arzularıma
çatdırmaqdır. Ona görə də mən sizin məsləhətinizi
qəbul edirəm.
İmran
müəllim nəql edirdi ki, Yusif Məmmədəliyev
Nikolay Zelinsidən xahiş etdi ki, mənim aspiranturaya qəbul
olunmağıma kömək etsin və aspirantların
binasında mənə ayrıca mənzil versin. Əslində
mənim imtahanlarda heç bir köməyə ehtiyacım yox
idi.
Aspiranturaya
qəbul imtahanlarından yaxşı qiymətlər alaraq
aspirantların cərgəsinə qoşuldum. Orada iki il
oxumalı idim, ancaq mən il yarım müddətində
götürdüyüm elmi işi müdafiə edərək
vaxtından əvvəl alimlik dərəcəsi aldım.
Heç cür unuda bilmərəm ki, Moskvada
qaldığım iki ildə Yusif Məmmədəliyev hər
ayın 1-də mənə 300 manat pul göndərirdi. O pul mənə
bəs edirdi, hələ artıq da qalırdı. Beləliklə,
mən aspiranturanı bitirdim, Bakıya gənc alim kimi
qayıtdım. Yolda düşünürdüm ki, Bakıda
ilk növbədə Elmlər Akademiyasına gedib Yusif müəllimə
öz minnətdarlığımı bildirəcəm.
Düşündüyüm kimi də etdim. Ertəsi gün
Elmlər Akademiyasına gedib prezidentin qəbul otağında
gözlədim. Köməkçisi içəri keçib mənim
gəldiyimi bildirdi. Çox gözləmədim, bir azdan
köməkçi məni prezidentin otağına buraxdı.
Yusif müəllim məni gülərüzlə
qarşıladı:
-Gəl,
İmran, keç əyləş-dedi.
Mən əyləşdim,
minnətdarlıq etmək istədim. O, əlini
qaldırıb:- Çöhrəsində razılıq hissi
ilə- bilirəm nəyə gəlmisən, ancaq lazım
deyil. İndiyədək sənin kimi yüzlərlə tələbəyə
kömək etmişəm və bundan çox məmnunam. Elmə
xidmətdən şərəfli heç nə yoxdur. Get, həyatda sən də mənim
kimi ol, imkansız istedadlı tələbələrə təmənnasız kömək et.
Susub
sakitcə dinləyirdim, ancaq böyük akademikin sözlərini
indiyədək unutmamışam. Vəzifələrdə
işlədiyim uzun illər ərzində mən də
yüzlərlə tələbəyə təmənnasız
kömək etmişəm. Kiminin oxumağına, kiminin maddi vəziyyətinin
normallaşmasına, kiminin işə düzəlməyinə
yardım əlimi uzatmışam. Onlardan yüksək vəzifələrdə
işləyənlər var. İndi müdrik müəllilimimin
müqəddəs ruhu qarşısında üzüm
ağdır. Fəxr edirəm ki, mən görkəmil
akademikin yolunu davam etdirmişəm. Bunu həyatda ən
böyük uğurum və həyatımın mənası
hesab edirəm.
Sonralar
İmran müəllim dünya elminin bayraqdarlarından biri
olan Yusif Məmmədəliyevin xeyirxahlıqları barədə
yazdığı kitablarından
birində şirin xatirələrini qələmə
alıb. Həmin xatirələrdə akademikin nümunə
olan digər məziyyətlərindən də
danışılır. O,
dünya elminin korifeylərindən biri olan alimin həyatını
heykəlləşən ömür adlandırırdı.
Vəli
İlyasov
İki
sahil.-
2025.- 19 dekabr, ¹232.- S.6.