Azərbaycan-BƏƏ münasibətləri:
Əsl tərəfdaşlıq
və dostluq nümunəsi
İki ölkə arasındakı
qarşılıqlı səfərlər
strateji dialoqu daha da möhkəmləndirir
Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik münasibətlərin qurulması dövlət müstəqilliyimizin ilk dövrünə təsadüf edir. BƏƏ 1991-ci ilin 26 dekabr tarixində respublikamızın müstəqilliyini tanımışdır. Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci ilin 1 sentyabr tarixində qurulmuşdur. Hər iki dövlət beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsiplərini rəhbər tutaraq əlaqələrini uğurla inkişaf etdirməkdədir. Həmin vaxtdan etibarən sabit inkişaf xətti götürərək tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər bir çox mühüm hadisələrlə əlamətdar olmuşdur.
Ölkə başçılarının
qarşılıqlı səfərləri
son illər sürətlə inkişaf
edən ikitərəfli
münasibətlərə əlavə
impulslar vermiş və bir sıra
uğurlu nəticələrlə
yadda qalmışdır.
Bu gün ölkələrimiz arasında
mövcud olan münasibətlərin xarakteri
deməyə əsas verir ki, dünya
siyasətində özünəməxsus
yeri olan Birləşmiş Ərəb
Əmirlikləri Azərbaycanla
mövcud əlaqələrin
daha da genişləndirilməsində
maraqlıdır. Bu maraq, ilk növbədə,
Azərbaycanın Qərblə
Şərqi qovuşduran
geostrateji tranzit xətlərinin təmas məkanında yerləşməsi,
qlobal enerji və kommunikasiya layihələrinin reallaşdırılmasında
aparıcı rol oynaması, habelə zəngin intellektual resurslara malik olması ilə şərtlənir.
Birləşmiş Ərəb Əmirlikləri
iqtisadiyyatın bütün
sahələrində ölkəmizlə
əməkdaşlıq əlaqələrini
genişləndirməkdə maraqlıdır. Bu maraq ölkə rəhbərləri arasında
aparılmış danışıqlarda,
həmçinin iki dövlətin yüksək
vəzifəli rəsmilərinin
və iş adamlarının keçirdikləri
görüşlərdə bir daha təsdiqlənmiş,
bu münasibətlə
hökumətlərarası sənədlər imzalanmışdır.
Prezident İlham Əliyev indiyədək Birləşmiş Ərəb
Əmirliklərinə 6 dəfə,
BƏƏ Prezidenti Şeyx
Məhəmməd bin
Zayed Al Nəhyan isə Azərbaycana 3 dəfə səfər edib. Bu səfərlər
iki ölkə arasında strateji dialoqun və qarşılıqlı etimadın
möhkəmlənməsində mühüm rol oynayıb. Səfərlər
zamanı imzalanan sənədlər və razılaşmalar əməkdaşlığın
strukturunu və gələcək hədəflərini
dəqiqləşdirir. Belə
ki, 2024-cü ilin yanvarında BƏƏ Prezidentinin
Azərbaycana ilk rəsmi səfəri zamanı “Strateji Tərəfdaşlıq haqqında
Anlaşma Memorandumu” imzalanıb, 2025-ci ilin sentyabrında isə “Hərtərəfli Strateji
Tərəfdaşlıq Əlaqələri
haqqında Birgə Bəyannamə” qüvvəyə
minib. Ümumilikdə,
bu günədək Azərbaycan və Birləşmiş Ərəb
Əmirlikləri arasında
siyasi, iqtisadi, enerji, humanitar və mədəni sahələri əhatə
edən 50-dən çox
ikitərəfli sənəd
imzalanıb ki, bu da münasibətlərin
institusional əsaslar üzərində inkişaf
etdiyini göstərir.
Bu sənədlər Azərbaycan və
BƏƏ arasında ikitərəfli
münasibətləri keyfiyyətcə
yeni mərhələyə
qaldıraraq strateji tərəfdaşlığın bütün sahələrdə
möhkəmlənməsinə xidmət edir.
Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb
Əmirlikləri arasında
iqtisadi sahədə əməkdaşlıq son
illərdə dinamik şəkildə inkişaf
edir və konkret rəqəmlərdə
öz təsdiqini tapır. Belə ki, cari ilin
yanvar-oktyabr aylarında
iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən
çox artaraq 147,49 milyon ABŞ dollarına çatıb. Bu artım qarşılıqlı
iqtisadi maraqların genişləndiyini, eyni zamanda, imzalanmış sazişlərin real nəticələr verdiyini
göstərir. İnvestisiya
sahəsində isə
Azərbaycan İnvestisiya
Holdinqi ilə Əbu-Dabi İnkişaf Holdinqi tərəfindən
yaradılmış Birgə
İnvestisiya Fondu bir sıra prioritet
layihələrin maliyyələşdirilməsinə
və uzunmüddətli
iqtisadi əməkdaşlığın
möhkəmlənməsinə şərait yaradır. Həmçinin iki ölkə arasında tranzit daşımaların
həcminin 20 faizdən
çox artması Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyinin möhkəmləndiyini və
ticarət əlaqələrinin
daha da genişləndiyini
nümayiş etdirir.
Azərbaycan və BƏƏ arasında
energetika sektorunda əməkdaşlıq ən
strateji sahələrdən
biridir. SOCAR, ADNOC və
“Masdar” şirkətləri
arasında əlaqələr
ölkələrarası enerji
təhlükəsizliyinin təminatında
həlledici rol oynayır. 2023-cü ildə
SOCAR, “TotalEnergies” və
ADNOC arasında “Abşeron”
qaz-kondensat yatağında
ADNOC-un 30 faiz iştirak payı əldə etməsi Azərbaycan-BƏƏ əməkdaşlığının
strateji xarakterini göstərir. ADNOC-un xaricdə ilk “upstream” investisiyası kimi bu layihə
qarşılıqlı etimadın
və əlverişli
investisiya mühitinin göstəricisidir. SOCAR və
ADNOC arasında SARB və
“Umm Lulu” yataqlarında iştirak paylarının dəyişdirilməsi
sahəsində də
razılaşmalar imzalanıb.
Həmçinin Azərbaycan
Energetika Nazirliyi və “Masdar” şirkəti arasında
2021-2023-cü illərdə bir sıra investisiya
və əməkdaşlıq
müqavilələri imzalanıb.
Bu sənədlər çərçivəsində 1 GVt gücündə Günəş və külək enerjisi layihələrinin hazırlanması,
2 GVt gücündə
stansiyaların qurulması
və 1000 MVt yaşıl enerji layihələrinin reallaşdırılması
planlaşdırılır. 2024-cü ilin noyabrında “SOCAR
Green”, “Masdar” və
“ACWA Power” şirkətləri arasında Xəzər dənizində külək
enerjisi üzrə Anlaşma memorandumunun imzalanması isə gələcəkdə enerji
sektorunda əməkdaşlığın
yeni mərhələsini
açır.
Qeyd edək
ki, BƏƏ Azərbaycan
iqtisadiyyatına indiyədək
2,5 milyard dollar həcmində investisiya yatırıb, ölkəmizdə
360-dan çox BƏƏ şirkəti
fəaliyyət göstərir.
Nizamnamə kapitalı
1 milyard dollar olan Birgə İnvestisiya Fondu, həmçinin bərpaolunan
enerji layihələri
– Qaradağ, Biləsuvar,
Neftçala Günəş
Elektrik stansiyaları və Abşeron–Qaradağ Külək Elektrik Stansiyası əməkdaşlığın real nəticələridir.
“Masdar” şirkəti işğaldan azad edilmiş ərazilərdə
də aktiv fəaliyyət göstərir,
BƏƏ bu ərazilərin
minalardan təmizlənməsi
üçün 5 milyon
dollar maliyyə dəstəyi ayırıb.
Bu tərəfdaşlıq,
həmçinin BƏƏ-nin beynəlxalq humanitar siyasətində əsas tutduğu prinsiplərin, - insan təhlükəsizliyi, davamlı
inkişaf və sülh quruculuğunun, - Azərbaycan kontekstində
təzahürüdür. Azərbaycanın
işğaldan azad olunmuş ərazilərində
aparılan bərpa və yenidənqurma işləri regionda dayanıqlı sülhün
və təhlükəsizliyin
təmin edilməsi baxımından strateji əhəmiyyətə malikdir.
BƏƏ-nin bu prosesi fəal şəkildə dəstəkləməsi
isə iki ölkə arasında etibarlı, davamlı və səmərəli tərəfdaşlığın formalaşdığını göstərir.
Bu günlərdə
Prezident İlham Əliyevin BƏƏ Prezidenti
Şeyx Məhəmməd
bin Zayed Al Nəhyanın dəvəti
ilə bu ölkəyə səfəri
iki dövlət arasında strateji tərəfdaşlığın yüksək səviyyədə
olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan və BƏƏ arasında
əlaqələrin yalnız
rəsmi-siyasi müstəvidə
deyil, mədəni və humanitar sahələrdə də inkişaf etməsi münasibətlərin uzunmüddətli
və dayanıqlı
xarakter daşıdığını
göstərir. Prezident
İlham Əliyevin
"Gələcəyin Oyunları
2025" turnirinin açılış
mərasimində iştirakı
səfərə əlavə
simvolik məna qatdı. Bu tədbir idmanın ənənəvi formaları
ilə rəqəmsal
texnologiyaların sintezini
özündə birləşdirərək
gələcək nəsillərə
və innovasiyaya yönəlmiş baxışı
təcəssüm etdirir.
Azərbaycanın dövlət
başçısının belə bir tədbirdə
iştirakı ölkəmizin
müasir trendlərə,
rəqəmsallaşmaya və
gənclər siyasətinə
verdiyi önəmin göstəricisi kimi də dəyərləndirilə
bilər. Səfər
çərçivəsində Prezident İlham Əliyevin şərəfinə
rəsmi naharın verilməsi, tərəflər
arasında mövcud olan yüksək səviyyəli etimad və dostluq münasibətlərinin protokol
səviyyəsində də
təsdiqidir. Bu cür jestlər diplomatik əlaqələrin
səmimiliyini və möhkəm təməl üzərində qurulduğunu
bir daha sübut edir.
Qeyd edək
ki, “Gələcəyin
Oyunları” turniri hər il təşkil
olunur və idmançıların həm
fiziki, həm də rəqəmsal oyunlar üzrə bacarıqlarını nümayiş
etdirdiyi qlobal platformadır. Turnirin təşkilatçısı “Phygital International” fiziki və rəqəmsal oyunların birgə keçirilməsini təşviq
edir. Yarış iki mərhələdə
keçirilir: idmançılar
ilkin mərhələdə
fiziki idman növləri, ikinci mərhələdə isə
rəqəmsal oyun bacarıqları üzrə
sınaqdan keçirilir.
Dekabrın 18-dən 23-dək Əbu-Dabi Milli Sərgi Mərkəzində
təşkil olunacaq builki turnirə müxtəlif ölkələrdən
idmanın 11 növü
üzrə iştirakçıların
qatılması nəzərdə
tutulub.
Sevinc Azadi
İki sahil.- 2025.- 23 dekabr, ¹234.- S.2.