Milli mətbuatımızın 150 ili:
Uğurlar, prioriterlər və perspektivlər
Rəşad
Məcid: Media ölkə iqtisadiyyatının tərkib hissəsinə
çevrilməli, onun reklam bazası geniş olmalıdır
Azərbaycan
milli mətbuatının 150 illik yubileyi ölkənin
informasiya mühitinin tarixi inkişaf yolunun,
formalaşmış peşəkar ənənələrin və
mövcud media reallıqlarının obyektiv şəkildə
dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət
kəsb edir. Bu yubiley medianın cəmiyyətdəki rolunu,
söz və ifadə azadlığının məsuliyyət
çərçivəsində təmin olunmasını,
informasiya təhlükəsizliyi və ictimai etimad məsələlərini
bir daha diqqət mərkəzinə gətirir.
Müsahibimiz
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad
Məcid milli mətbuatın 150 illiyi fonunda qurumun
gördüyü işlərdən, Azərbaycan
mediasının güclü və zəif tərəflərindən,
dezinformasiya ilə mübarizə mexanizmlərindən, beynəlxalq
əməkdaşlıqlardan və rəqəmsal
dövrün yaratdığı yeni
çağırışlardan bəhs edir. Eyni zamanda,
2026-cı il üçün nəzərdə tutulan prioritetlər
və strateji hədəflər barədə mövqeyini
bölüşür.
-Azərbaycan
milli mətbuatının 150 illik yubileyi fonunda Mətbuat
Şurası ölkədə medianın inkişafı,
jurnalist peşəkarlığının yüksəldilməsi
və informasiya şəffaflığının təmin
olunması istiqamətində hansı konkret təşəbbüs
və tədbirləri həyata keçirib?
-Mətbuat
Şurasının başlıca missiyası quruma daxil olan
şikayətlərin araşdırılmasından ibarətdir.
Bu proses özündə xeyli komponentləri birləşdirir.
Məsələn, Şura hansısa media orqanında peşə
prinsiplərinin pozulmasını müəyyənləşdirir,
müvafiq tövsiyələr verir. Hesab edirəm ki, bunun
özü, ümumən, medianın inkişafını,
jurnalist peşəkarlığının yüksəldilməsini
və informasiya şəffəflığının təminatını
rəhbər tutan cəhətdir. Nəzərə alaq ki, Mətbuat
Şurasının şikayətlərin
araşdırılması missiyası daimi xarakter
daşıyır.
Konkret tədbirlərə
gəlincə, bilirsiniz ki, Şura il ərzində müxtəlif
dövlət qurumları, özəl müəssisələrlə
birgə müsabiqələr keçirir. Bu, artıq ənənə
halını alıb. Müsabiqələr jurnalist əməyini
ayrı-ayrı sahələr üzrə
stimullaşdırmaqla yanaşı, eyni zamanda, media təmsilçilərinin
peşəkarlıqlarının güclənməsinə də
mühüm töhfə verir.
-Bu
gün Azərbaycan mediasının mövcud durumunu nəzərə
alaraq, onun ən güclü və eyni zamanda inkişaf tələb
edən zəif tərəflərini necə dəyərləndirirsiniz?
-Azərbaycan
mediası inkişafdadır. Güman edirəm, buna kimsənin
şübhəsi yoxdur. Məsələ inkişaf səviyyəsinin
hansı temptdə getməsindədir. Əlbəttə, deyə
bilmərik ki, durum qənaətbəxşdir. Zəif cəhət
elə budur. Güclü tərəfə gəlincə,
mediamız yenilikçidir, daim inkişafa can atır və
bunun üçün əzm və iradə göstərir.
Ümumi şəkildə belə deyərdim. Əlbəttə,
mediamızın maddi-texniki bazasının yüksəldilməsinə
ehtiyac var. Ümumən, mediamız ölkə
iqtisadiyyatının tərkib hissəsi olmalıdır. Təəssüf
ki, bu arzumuz hələ də reallığa çevrilməyib.
Bundan başqa, bilirsiniz ki, Azərbaycan regionda lider dövlətdir,
dünyada söz sahibidir. Belə bir yüksək amplua tələb
edir ki, mediamız Cənubi Qafqazda lider mövqeyi ilə kifayətlənməsin,
eyni zamanda, dünya mediasının da tərkib hissəsinə
çevrilsin. Digər tərəfdən, sevindirici haldır
ki, Azərbaycan dünyanın media gündəminin müzakirə
olunduğu mühüm platforma statusundadır. Son zamanlar
keçirilən D-8 Media Forumu, eləcə də Türkdilli
Dövlətlərin Media Forumu buna misaldır. Ən
başlıcası, ölkəmiz Şuşa Qlobal Media
Forumuna ev sahibliyi kimi mühüm dividendə malikdir. Bu
yaxınlarda “Euronews”un Bakı ofisinin açılış mərasimində
qurumun İdarə Heyətinin sədri Pedro Vargas David Azərbaycana
qarşı həmişə balanslı mövqe
nümayiş etdirdiklərini söyləyib, ölkəmizi dünyəvi,
müasir, sürətlə inkişaf edən və
özünə inamla dolu ölkə adlandırıb. Təsadüfi
deyil ki, mütəxəssislər Avropanın ən məşhur
kanalının Azərbaycanda ofis açmasını ölkəmizin
media sahəsində son 5 ildə qazandığı ən
böyük uğurlardan biri hesab edirlər. Ofisin
açılışından qısa müddət keçməsinə
baxmayaraq, ölkəmiz haqqında maraqlı verilişlərin
davamlı nümayişi bu addımın necə vacib və
düzgün olduğunun təsdiqidir. Bütün bunlar, istər-istəməz,
media orqanlarımızın da fəaliyyət ahənginə
müsbət təsirini göstərir. Ümid edirəm ki,
inkişafla bağlı pozitiv dəyişiklikləri görmək
elə də çox zaman almayacaq.
-Dezinformasiya,
manipulyativ məzmun və saxta xəbərlərlə
mübarizə sahəsində Mətbuat Şurasının tətbiq
etdiyi əsas təsir mexanizmləri və əməkdaşlıq
modelləri hansılardır?
-Mətbuat
Şurası üçün prinsipial məqam “Azərbaycan
Jurnalistlərinin Etik Davranış Qaydaları”nın gözlənilməsidir.
Şura özünün qərarlarını da qaydaların
qorunmasının vacibliyi kontekstində əsaslandırır.
Məlum olduğu kimi, qaydaların pozulmasının
manipulyativ məzmun, saxta xəbər
yayıcılığı kimi təzahürləri var. Yəni,
Şura bu təzahürlərə qarşı mübarizə
aparır. Qeyd edim ki, Mətbuat Şurası qərarını
şikayətləri araşdıraraq çıxarır.
Ancaq bəzən elə olur ki, hansısa manipulyativ məzmun və
ya saxta xəbər yayıcılığı ictimaiyyətin
diqqətini cəlb edir. Şura bu kimi hallarla bağlı bəyanatlar
yayır və peşə müstəvisindəki yolverilməz
cəhətləri əsaslandırır. Əməkdaşlıq
modellərindən danışırıqsa, Mətbuat
Şurasının bir sıra xarici ölkələrin
jurnalist təşkilatları ilə birgə memorandum
imzalamasını qeyd etməliyik. Həmin sənədlərdə,
eyni zamanda, manipulyativ məzmun və saxta xəbər
yayıcılığına qarşı birgə mübarizə
tədbirləri də əksini tapır.
-Dövlət
qurumları ilə media subyektləri arasında sağlam və
şəffaf informasiya mübadiləsinin təmin
olunmasında Mətbuat Şurasının rolu nədən
ibarətdir?
-Ümumən,
Mətbuat Şurası media ilə ictimaiyyət, həmçinin
media ilə dövlət qurumları arasında körpü
rolunu oynayır. Şura bu baxımdan kifayət qədər
unikal modeldir. Amma bilirsiniz ki, cəmiyyətin informasiya ilə
təminatında iki qütb iştirak edir: həm jurnalistlər,
həm də dövlət qurumlarının informasiya verilməsinə
məsul strukturları. İndiyədək Mətbuat
Şurasının bu tərəflərin birgə əməkdaşlığının
gücləndirilməsi istiqamətində çoxsaylı
layihə və təşəbbüsləri olub. Hesab edirəm
ki, bu fəaliyyət həm də sağlam və şəffaf
informasiya mübadiləsinin təmin olunmasına mühüm
töhfədir.
-Beynəlxalq
media qurumları və peşəkar təşkilatlarla əməkdaşlıq
Mətbuat Şurasının fəaliyyətində hansı əhəmiyyətə
malikdir və bu əməkdaşlıq yerli medianın
inkişafına nə kimi töhfələr verir?
-Bir qədər
əvvəl bu barədə söz açdım. Bildirdim ki, Mətbuat
Şurasının dünyanın müxtəlif ölkələrinin
jurnalist birlikləri ilə əməkdaşlıq memorandumu
var. Məsələn, bu il Özbəkistan Jurnalistlər
İttifaqı ilə belə bir sənədimiz oldu.
Noyabrın 8-də isə Alanyada Şura ilə Türkiyənin
Qlobal Jurnalistlər Şurası arasında əməkdaşlıq
protokolu imzalandı.Onu da deyim ki, Mətbuat Şurası
Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının
və Avropa Müstəqil Mətbuat Şuraları
Alyansının üzvüdür. Şura hər iki qurumun
toplantılarında ölkəmizi təmsil edir. Əlbəttə,
bu təşkilatlarla əməkdaşlıq istər şikayətlərin
araşdırılması prosesində, istərsə də
yeni media trendləri ilə təmaslardakı təcrübəmizi
artırır, dünya media məkanındakı
tendensiyaları izləməyimizə şərait yaradır.
Əlbəttə, bizim, belə demək mümkünsə, hədəfimiz
yerli mediadır. Düşünürəm ki, təcrübəmiz
həm ölkəmizin media orqanlarının, həm də
jurnalistlərimizin fəaliyyətinin təkmilləşməsinə
töhfələr verir.
-Media
islahatları kontekstində hazırda həllini gözləyən
əsas problem və ya institusional boşluq hansıdır?
-Mediamızdakı
problemləri vurğuladım. Vurğuladım ki, media ölkə
iqtisadiyyatının tərkib hissəsinə çevrilməli,
onun reklam bazası geniş olmalıdır.
Bütövlükdə media özünü maliyyələşdirməyi
bacaran, bir növ, biznes strukturu rolunda çıxış etməlidir.
Əlbəttə ki, bu struktur heç də o demək deyil
ki, media yalnız kommersiya maraqlarını rəhbər
tutmalıdır. Unutmaq olmaz ki, onun ictimai missiyası var. Digər
tərəfdən, hazırda media sahəsində problemlərin
mövcudluğu heç də media islahatlarının
institsional çatışmazlığı kimi qiymətləndirilə
bilməz. Nəzərə alaq ki, islahat özlüyündə
davamlı həyata keçirilməli prosesdir. Hesab edirəm
ki, Azərbaycanda media sahəsində yetərincə təkmil
kurs seçilib və ardıcıl dövlət siyasəti həyata
keçirilməkdədir. Prezident İlham Əliyevin şəxsində
bu siyasət üçün müstəsna iradə sahibi var.
Amma müəyyən məsələlər də var ki,
onların həllinin zamana ehtiyacının olduğu qənaətindəyəm.
Mən boşluqların aradan qalxacağına inanıram.
Mediamızın gələcəyinə nikbin yanaşmanın
tərəfdarıyam.
-Rəqəmsal
medianın sürətlə genişləndiyi bir dövrdə
Mətbuat Şurası ənənəvi və yeni media
platformalarında keyfiyyət, etik normalar və peşə məsuliyyətinin
qorunmasını hansı mexanizmlərlə tənzimləyir?
-Çox vacib məqama toxundunuz. Bəli,
rəqəmsal mediaya keçid dövründə yaşayırıq.
Bu dövrün öz xarakteri var. Vaxt var idi ki, Mətbuat
Şurası, demək olar, ancaq qəzetlərlə
bağlı şikayətləri araşdırırdı. Yəni,
qəzet materiallarından şikayətləri. İndi
narazılıqların böyük əksəriyyəti
internet informasiya resurslarındandır. Hətta, sosial şəbəkələrdə
yayılmış məzmunlardan da şikayətlər qeydə
alırıq. Əlbəttə, bizim istinad nöqtəmiz “Azərbaycan
Jurnalistlərinin Etk Davranış Qaydaları”dır.
Çünki, mahiyyətcə, prinsiplər dəyişməzdir.
Yanlış məzmun yayılırsa, harada
yayılmasından asılı olmayaraq, ona qiymət verilərkən,
peşə prinsipləri ön plana çıxır. Daha
doğrusu, onların pozulmasının yolverilməzliyi.
-2026-cı
il üçün Mətbuat Şurasının fəaliyyət
strategiyasında hansı yeni hədəflər və prioritet
istiqamətlər ön plandadır?
-Mətbuat Şurasının
İdarə Heyətinin 2025-ci ildə keçirilmiş sonuncu
iclasında iki başlıca məsələ müzakirə
olundu. Birincisi, Şuranın Dil Komissiyasının fəaliyyətinin
gücləndirilməsi, ikincisi, qurumun nəznində Jurnalist
Təşkilatlarının Koordinasiya Mərkəzinin
yaradılması. Düşünürəm ki, hər iki
istiqamət son dərəcə vacibdir. Məlum olduğu kimi,
Prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli
Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş
yığıncaqdakı çıxışında ana
dilimizlə bağlı həssas məqamlara toxundu, dilimizin lazımınca
qorunmamasının milli kimliyimizə təhlükə
yaratmasından söz açdı. Media isə bilavasitə
dil hadisəsidir. Buna görə dövlətimizin
başçısının fikirləri Mətbuat
Şurası qarşısında məsuliyyət müəyyənləşdirir.
Hesab edirəm ki, Dil Komissiyasının yeni tərkibi səmərəli
fəaliyyət göstərəcək, konkret iş planı
hazırlayacaq. İkinci məsələyə gəldikdə,
ölkədə fəaliyyət göstərən jurnalist təşkilatlarının
daha çox beynəlxalq miqyasda söz və ifadə
azadlığı ilə bağlı qlobal trendlərə
qoşulmalarına, onların ayrı-ayrı beynəlxalq
konfranslarda daha institsional şəkildə iştiraklarına
ehtiyac var. Çünki söz və ifadə
azadlığı ilə əlaqəli məsələlər
ölkələrin beynəlxalq nüfuzu baxımından qiymətləndirilir.
Belə durumlarda jurnalist təşkilatlarının fəallığı
mütləqdir. Deməli, onların işlərinin sistemləşdirilməsi
vacibdir. Düşünürəm ki, Mətbuat
Şurasının nəznində fəaliyyət göstərəcək
Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzi bu
ehtiyacı qarşılayacaq. Mərkəz gələn il
konkret iş strategiyasını müəyyənləşdirəcək.
Yaqut
Ağaşahqızı
İki
sahil.-
2025.- 24 dekabr, ¹235.- S.12.