II Azərbaycan-Türkiyə
İnvestisiya Forumu
regional əməkdaşlığı
və dayanıqlı inkişafı gücləndirir
İqtisadiyyat
Dekabrın 23-də
Bakıda Azərbaycan və Türkiyə arasında
iqtisadi əməkdaşlığın dərinləşdirilməsi
məqsədilə mühüm tədbir keçirilib. Azərbaycan
İqtisadiyyat Nazirliyinin və Türkiyənin Ticarət
Nazirliyinin dəstəyi, İxracın və
İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri
İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı
ilə II Azərbaycan-Türkiyə İnvestisiya Forumu
reallaşıb.
Forum çərçivəsində Azərbaycan
və Türkiyə işgüzar dairələri strateji əməkdaşlıq
imkanlarını müzakirə edib, birgə investisiya layihələrinin
təşviqi və ticarət əlaqələrinin genişləndirilməsinə
diqqqət ayırıblar. Tədbir, həmçinin regional
iqtisadi inteqrasiyanın gücləndirilməsi,
iqtisadiyyatın müxtəlif sahələrində
qarşılıqlı investisiya təşəbbüslərinin
stimullaşdırılması və yeni biznes
imkanlarının müəyyənləşdirilməsi
baxımından xüsusi əhəmiyyət
daşıyır. II Azərbaycan-Türkiyə İnvestisiya
Forumu ölkələrimiz arasında iqtisadi əlaqələrin
daha da inkişaf etməsinə və regional, həmçinin
qlobal miqyasda əməkdaşlıq mühitinin genişlənməsinə
töhfə verəcək əsas platforma kimi
çıxış edir.
Forumda hər iki ölkədən yüksək
vəzifəli rəsmi şəxslər, dövlət
qurumları, iş adamları, sahibkar birlikləri və
palataları təmsil edən 500-dən çox nümayəndə
iştirak edib. Forum çərçivəsində
regionlararası ticarətin təşviqi, enerji keçidi,
dayanıqlı inkişaf və infrastruktur layihələri,
ikitərəfli işgüzar əlaqələrin genişləndirilməsi,
eləcə də IV Sənaye İnqilabına həsr
olunmuş panel sessiyaları keçirilib. Bu tədbirlər həm
ölkələrimiz arasında iqtisadi əlaqələrin
daha da möhkəmlənməsinə, həm də
qarşılıqlı investisiya imkanlarının praktik
olaraq reallaşdırılmasına şərait yaradıb.
Türk İnvestisiya Fondunun yaradılması
region daxilində birgə investisiya təşəbbüslərinin
dəstəklənməsi və maliyyə alətlərinin
genişləndirilməsi baxımından strateji əhəmiyyət
kəsb edir. Baş nazir Əli Əsədov Bakıda
keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya
Forumunda bildirib ki, bu Fond həm Azərbaycan, həm də
Türkiyə biznes dairələri üçün yeni
imkanlar açır və qarşılıqlı investisiya əlaqələrinin
möhkəmlənməsinə xidmət edir. Forum çərçivəsində
Baş nazir Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın
mühüm elementlərini, xüsusilə beynəlxalq və
regional təşkilatlar çərçivəsində fəaliyyətin
əlaqələndirilməsinin əhəmiyyətini diqqətə
çatdırıb. Baş nazir Türk Dövlətləri Təşkilatında
səmərəli işbirliyini xüsusi qeyd edərək
deyib: “Sentyabrda Bişkekdə Türk Dövlətləri Təşkilatına
üzv dövlətlərin Hökumət
başçılarının/Vitse-prezidentinin ilk iclası
zamanı biz digər məsələlərlə
yanaşı, həmçinin ticarət, investisiyalar, nəqliyyat,
energetika və kənd təsərrüfatı kimi prioritet
iqtisadi sahələrdə əməkdaşlıq perspektivlərini
müzakirə etdik. Yeni yaradılmış formatda Hökumət
başçılarının/Vitse-prezidentin ikinci
görüşünə 2026-cı ildə Azərbaycan ev
sahibliyi edəcək”.
Ə.Əsədov bildirib ki, Azərbaycan-Türkiyə
İnvestisiya Forumu ölkələr arasında yeni layihələrin
müzakirəsi və işgüzar əlaqələrin
genişləndirilməsi baxımından mühüm rol
oynayır. Artıq ikinci dəfə təşkil olunan bu
platforma hökumət və biznes dairələri arasında
açıq dialoqun qurulmasına imkan verir və investisiya təşəbbüslərinin
reallaşdırılması üçün zəmin
yaradır.
Bu gün də SOCAR qardaş Türkiyənin
iqtisadiyyatına sərmayə qoymaqla, yeni layihələr vasitəsilə
fəaliyyətini genişləndirir. SOCAR Türkiyəyə
19 milyard ABŞ dolları sərmayə qoymaqla qardaş
ölkənin ən böyük xarici investorudur. Bu sərmayələr
çərçivəsində şirkət neft emalı,
neft-kimya və təbii qaz sahələrində bir çox
strateji layihələr həyata keçirib. Bu gün burada
Türkiyənin ərazisində fəaliyyət göstərən
870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına
dair imzalanacaq sənəd bunun sübutudur.
Baş nazir vurğulayıb ki, Azərbaycan ilə
Türkiyə arasında sənaye və texnologiya sahələrində
də əməkdaşlıq son illərdə keyfiyyətcə
yeni mərhələyə yüksəlib.
Qarşılıqlı təcrübə mübadiləsi,
insan kapitalının inkişafı və müasir
texnologiyaların tətbiqi üzrə atılan addımlar sənaye
potensialımızın gücləndirilməsinə xidmət
edir. Bu çərçivədə istehsal sahələrində,
xüsusilə metal emalı, maşınqayırma və digər
baza sənaye istiqamətlərində qabaqcıl
texnologiyaların tətbiqi üzrə bilik və
bacarıqların ötürülməsi həyata
keçirilir. O, ümidvar olduğunu bildirib ki, Forum çərçivəsində
irəli sürülən ideyalar Azərbaycan və Türkiyə
arasında iqtisadi tərəfdaşlığın yeni mərhələyə
yüksəlməsinə, qarşılıqlı
investisiyaların artmasına və birgə uğurlu layihələrin
reallaşmasına mühüm töhfə verəcək. O,
Forumun işinə uğurlar arzulayaraq Azərbaycan və
Türkiyənin sahibkarlarını hər iki ölkənin zəngin
iqtisadi potensialından yararlanmağa və daha aktiv fəaliyyət
göstərməyə dəvət edib.
Türkiyə Respublikasının vitse-prezidenti
Cevdet Yılmaz II Azərbaycan-Türkiyə İnvestisiya
Forumundakı çıxışında bildirib ki, Zəngəzur
dəhlizinin açılması Orta Dəhlizin rəqabət
qabiliyyətini daha da artıracaq və onun strateji əhəmiyyətini
yüksəldəcək. Bu baxımdan Azərbaycan Orta Dəhlizin
əsas həlqələrindən biri kimi mühüm rol
oynayır. Rusiya-Ukrayna
müharibəsindən sonra Orta Dəhlizin cəlbediciliyi və
istifadə imkanları əhəmiyyətli dərəcədə
artıb. Bu şəraitdə Orta Dəhlizin əsas komponentlərindən
biri olan Azərbaycanla münasibətlər daha strateji xarakter
alıb. C.Yılmaz Azərbaycanın həm regional, həm də
qlobal miqyasda rolunun artdığını vurğulayıb və
ölkənin enerji sektorunda həyata keçirdiyi transformasiya
proseslərinin diqqətlə izlənildiyini bildirib. Onun
sözlərinə görə, aqrar sahədə Türkiyə
ilə birgə investisiya layihələrinin
formalaşdırılması və ixrac yönümlü dəyər
zəncirlərinin qurulması əsas hədəflərdəndir.
Eyni zamanda, istehsal, emal, logistika və bazar zəncirinə
bütöv ekosistem kimi yanaşılır ki, bu da iqtisadi əməkdaşlığın
dayanıqlığını təmin edir.
Türkiyənin ticarət naziri Ömər
Bolat bildirib ki, Türkiyə şirkətləri
Qarabağın bərpasına dəyəri 5 milyard dollardan
çox olan layihə ilə töhfə verib: “Türkiyə
şirkətləri bu günə qədər Azərbaycanda,
xüsusilə də işğaldan azad edilmiş Qarabağ
bölgəsinin yenidən qurulmasında mühüm rol
oynayıb.
Hazırda Qarabağda sənaye və kənd təsərrüfatı
sahələrinə yönələn yeni investisiyalar
hesabına bölgə iqtisadiyyatının
canlandırılması istiqamətində Azərbaycan və
Türkiyə hökumətləri arasında sıx əməkdaşlıq
davam edir. Bu çərçivədə forum həm
regionların iqtisadi potensialının
artırılmasında, həm də investisiya təşəbbüslərinin
konkret layihələrə çevrilməsində önəmli
rol oynayır. İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli
II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib ki,
ticarət əlaqələrinin daha da inkişafı
üçün ölkələrimiz arasında geniş
potensial mövcuddur. Nazir müavini vurğulayıb ki, forumun əsas
məqsədlərindən biri məhz bu imkanların
reallaşdırılmasına töhfə verməkdir. O qeyd
edib ki, enerji əməkdaşlığı artıq regional
çərçivədən kənara çıxaraq
strateji məzmun daşıyır. İcra olunan enerji layihələri
enerji təhlükəsizliyinə, bazarların şaxələndirilməsinə
və yeni tərəfdaşlıqların qurulmasına xidmət
edir. S.Bəşirli əlavə edib ki, enerji sahəsində
dialoqun dərinləşməsi investisiya gündəliyini də
genişləndirir və xüsusilə yaşıl enerji
istiqamətində yeni imkanların real layihələrə
çevrilməsi üçün özəl sektorun iştirakının
artırılması vacibdir. Nazir müavini həmçinin
bildirib ki, Türkiyə şirkətlərinin Azərbaycanda fəaliyyəti
geniş miqyas alıb. Hazırda müxtəlif sahələrdə
fəaliyyət göstərən türk şirkətləri
biznes mühitinə olan etimadın və uzunmüddətli
marağın göstəricisidir. Onların investisiyaları
elektrotexnika, əczaçılıq, qida sənayesi, tikinti
materialları, kənd təsərrüfatı, pambıq
emalı və digər sahələri əhatə edir, yeni
iş yerlərinin yaradılmasına və
ixracyönümlü istehsalın inkişafına
mühüm töhfə verir. İstehsal olunan məhsullar həm
daxili bazara çıxarılır, həm də xaricə
ixrac olunur. Xüsusilə, türk investorlar Qarabağ və
Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası
və yenidən qurulması prosesində ən fəal tərəfdaşlar
sırasındadır.
Azərbaycan və Türkiyə arasında
iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi
istiqamətində davam edən əməkdaşlıq çərçivəsində
kənd təsərrüfatı sahəsində də
mühüm təşəbbüslər həyata
keçirilir. Bu fikri kənd Təsərrüfatı nazirinin
müavini İlhamə Qədimova II Azərbaycan-Türkiyə
İnvestisiya Forumu çərçivəsində
keçirilən “Aqrar tərəfdaşlıq:
Dayanıqlı inkişaf və qida təhlükəsizliyi”
mövzusunda paneldə bildirib. Qeyd edək ki, II Azərbaycan-Türkiyə
İnvestisiya Forumu çərçivəsində aparılan
müzakirələr göstərdi ki, Forum yalnız iki
ölkə arasında investisiya imkanlarını artırmaqla
kifayətlənmir, həm də regionda iqtisadi əməkdaşlığın
gücləndirilməsi, dayanıqlı inkişafın təşviqi
və tərəflər arasında praktik tərəfdaşlıq
mexanizmlərinin yaradılması baxımından böyük
əhəmiyyət daşıyır.
Şəmsiyyə Əliqızı
İki sahil.- 2025.- 24 dekabr, ¹235.- S.11.