Azərbaycan
taekvondosu:
Uğurlar və gələcəyə
strateji baxış
Hikmət Səmədov: Hədəfimiz bu
idman növündə kütləviliyi artırmaq, nailiyyətlərimizi
möhkəmlətməkdir
Azərbaycan Taekvondo Federasiyası (ATF) son illərdə
ölkəmizdə taekvondo idman növünün inkişafı
və təbliği istiqamətində sistemli və məqsədyönlü
işlər həyata keçirir. Federasiyanın fəaliyyəti
həm paytaxtda, həm də regionlarda bu idman
növünün kütləviliyini artırmaq, müxtəlif
yaş qrupları üzrə milli komandaların
hazırlığını gücləndirmək və beynəlxalq
yarışlarda uğurlu çıxışlara nail olmaqdan
ibarətdir. Hazırda Azərbaycanda 92 taekvondo klubu fəaliyyət
göstərir və 3 mindən çox idmançı bu
idman növü ilə məşğul olur.
Federasiya həm regionlarda klubların fəaliyyətini gücləndirir, tanınmış məşqçi və idmançılar tərəfindən seminar və master-klasslar keçirilir, həm də beynəlxalq əməkdaşlıqlar vasitəsilə idmançılarımızın texniki-taktiki hazırlığı artırılır. Sosial media və rəqəmsal platformalardan fəal istifadə edərək gənclərin marağını artıran federasiya, eyni zamanda, hakim heyətinin peşəkarlığını yüksəldir. Bu strategiyanın nəticəsi olaraq, Azərbaycan taekvondoçuları bu il beynəlxalq yarışlarda 156 medal qazanaraq ölkəmizi uğurla təmsil ediblər və bu idman növünə olan marağın artdığını nümayiş etdiriblər.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Hikmət Səmədov “İki sahil” qəzetinə müsahibəsində federasiyanın fəaliyyəti, regionlarda bu idman növünün inkişafından, beynəlxalq əməkdaşlıqlardan və gələcək hədəflərdən geniş bəhs edilir.
- Federasiya tərəfindən son illərdə
ölkəmizdə taekvondo idman növünün
inkişafı ilə bağlı hansı işlər
görülüb?
-Taekvondo ölkəmizdə hər zaman böyük maraq doğuran idman növlərindən biri olub və bu gün də öz populyarlığını qoruyur. Azərbaycan Taekvondo Federasiyası bu növün həm paytaxtda, həm də regionlarda inkişafı istiqamətində fəaliyyətini davam etdirir. Son illərdə federasiyada struktur dəyişiklikləri aparılıb, müxtəlif yaş qrupları üzrə milli komandaların fəaliyyətinə nəzarət gücləndirilib, taekvondoçularımızın beynəlxalq yarışlarda iştirakı, milli yarışların təşkili və digər sahələrdə mühüm işlər həyata keçirilib. Hazırda ölkəmizdə 92 taekvondo klubu fəaliyyət göstərir və 3000-dək uşaq, yeniyetmə və gənc bu idman növü ilə məşğul olur. Ümumilikdə, uşaq, yeniyetmə və gənclərin taekvondo idman növünə cəlb olunması federasiyanın uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindəndir.
-Mümkünsə, bu il Azərbaycan
taekvondoçularının beynəlxalq yarışlarda
qazandıqları uğurlar barədə məlumat verərdiniz…
-Məmnuniyyətlə, bu il taekvondoçularımız bir sıra mötəbər yarışlarda uğurla çıxış ediblər. Bütün yaş qrupları üzrə milli komandalarımız Avropa və dünya çempionatları, birincilikləri, eləcə də beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil edərək medallar qazanıblar. Yeniyetmə idmançılarımız Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında 13 qızıl, 3 gümüş və 3 bürünc medal əldə ediblər. Ölkəmizdə keçirilən III MDB Oyunlarında yığma komandamızın üzvləri 4 qızıl, 2 gümüş və 16 bürünc medal qazanıblar. Qeyd edim ki, məhz bu yarışlarda ilk qızıl medal taekvondo üzrə qazanılıb. Eyni zamanda, Avropa birinciliklərində kiçik yeniyetmələr, yeniyetmələr və gənclərdən ibarət komandamız uğurla çıxış edib. Taekvondoçularımız Yunanıstanın Afina şəhərində yeniyetmələr arasında keçirilən Avropa birinciliyində 1 gümüş, 1 bürünc, kiçik yeniyetmələr arasında keçirilən qitə birinciliyində isə 5 qızıl, 5 gümüş, 5 bürünc medalla ümumi hesabda birinci pillədə qərarlaşıb. İsveçrənin Eql şəhərində gənclər arasında keçirilən Avropa birinciliyində Azərbaycan millisinin üzvləri 2 qızıl, 1 gümüş, 2 bürünc medalla ümumi komanda hesabında oğlanlar arasında birinci yeri tutaraq kuboka layiq görülüb. Yeniyetmələr arasında keçirilən dünya birinciliyində və XVIII Avropa Gənclər Olimpiya Festivalında təmsilçilərimiz bürünc medallara sahib çıxıblar. Böyüklər arasında keçirilən dünya çempionatında milli komandamızın üzvü, Olimpiya Oyunlarının gümüş mükafatçısı və Avropa çempionu Qaşim Maqomedov bürünc medala yiyələnib. Bu ilin əsas yarışlarından olan VI İslam Həmrəyliyi Oyunlarında Minayə Əkbərova gümüş, Qaşim Maqomedov isə bürünc medal qazanıblar. Ümumilikdə, bu il taekvondoçularımız 156 medal qazanıblar ki, onlardan 53-ü qızıl, 30-u gümüş və 73-ü bürünc medaldır. Uşaqlar, yeniyetmələr və gənclərin əldə etdikləri uğurlar ölkəmizdə taekvondonun davamlı inkişafını və bu idman növünə olan marağın artmasını nümayiş etdirir.
-Regionlarda taekvondonun inkişafı
üçün hansı addımlar atılır?
-Regionlarda
taekvondonun inkişafı federasiyanın əsas prioritet istiqamətlərindəndir.
Bir çox bölgələrimizdə taekvondo klubları və
bölmələri fəaliyyət göstərir. Regionlarda fəaliyyət
göstərən məşqçi-müəllimlərlə sıx əməkdaşlıq
qurulub. Mütəxəssislərimiz və tanınmış
idmançılarımız bölgələrdə seminarlar,
master-klasslar keçirirlər. Ölkə çempionatı və
birinciliklərində fərqlənən idmançılar
milli komandaya cəlb olunur. Bu tədbirlər regionlarda
taekvondonun kütləviliyini əhəmiyyətli dərəcədə
artırır.
-Xarici
federasiyalarla əməkdaşlıq necə aparılır və
bu, idmançılarımızın inkişafına necə
töhfə verir?
-ATF bir
sıra aparıcı ölkələrin taekvondo
federasiyaları ilə əməkdaşlıq edir. Birgə təlim-məşq
toplanışları, təcrübə mübadiləsi
proqramları təşkil olunur. Bu,
idmançılarımızın texniki-taktiki
hazırlığını gücləndirir və beynəlxalq
arenada daha inamlı çıxış etmələrinə
şərait yaradır. Məsələn, bu il İordaniya
Taekvondo Federasiyası ilə əməkdaşlığın
gücləndirilməsi məqsədilə Memorandum
imzalanıb. Azərbaycan yığması Türkiyə və
Qazaxıstan komandaları ilə təlim-məşq
toplanışlarında iştirak edib. ATF nümayəndəsinin
Koreyaya səfəri zamanı Pohang Taekvondo Federasiyası ilə
birgə layihələr və təcrübə mübadiləsi
müzakirə olunub.
-Rəqəmsal
texnologiyalar və sosial media taekvondonun gənclər
arasında populyarlığını artırmaq
üçün necə istifadə olunur?
-Əlbəttə ki, sosial medianın xüsusi önəm kəsb etdiyi dövrdə aktiv fəaliyyətimiz taekvondonun geniş auditoriyaya çatdırılmasına və bu idman növünə marağın artırılmasına xidmət edir. Federasiya olaraq bu sahədə fəal olmağa çalışırıq. Sosial media platformalarında federasiyanın fəaliyyəti, yarışlar, təlimlər və idmançıların nailiyyətləri müntəzəm paylaşılır. Milli komandalar və tanınmış idmançılar, klubların fəaliyyəti və s. haqqında motivasiyaedici və maarifləndirici kontentlər hazırlanır.
-Qarşıdakı illər
üçün federasiyanın əsas strateji hədəfləri
hansılardır?
-Əsas məqsədimiz Azərbaycan taekvondosunun dünyada daha da güclü mövqeyə sahib olmasına nail olmaqdır. Hədəfimiz bu idman növündə kütləviliyin artırılması, nailiyyətlərimizin yüksəldilməsidir. Əlbəttə ki, buna görə də kiçik yaş qrupları arasında bu növün inkişafına xüsusi diqqət yetirilir. Yüksək texniki göstəricilərə malik idmançıların aşkar olunaraq milli komandalara cəlb olunması, onların nəzarətdə saxlanılması, regionlarda taekvondonun inkişafı, məşqçi-müəllimlərin peşəkarlığının artırılması federasiyanın əsas strateji məqsədləri sırasındadır. Bütün bu fəaliyyətlərin məqsədi taekvondonun hərtərəfli inkişafını təmin etmək və Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etməkdir. Qeyd edim ki, bu il ilk dəfə olaraq deflimpiya üzrə milli komandamız müəyyənləşdirilib, komandaya məşqçilər təyin olunub və təmsilçilərimiz XXV Yay Deflimpiya Oyunlarında iştirak edib. Taekvondonun döyüş növü ilə yanaşı, pumse növü də paralel olaraq inkişaf etdirilir. Uzun fasilədən sonra bu il pumse üzrə ölkə çempionatı yenidən keçirilib. Bu il ISF U15 Gimnaziada İdman Oyunlarında məhz pumse üzrə 3 qızıl medal qazanılıb.
Bununla yanaşı, 2023-cü ildən etibarən taekvondo üzrə milli nümunəvi çıxış komandası (Demo team) yaradılıb ki, onlar da həm yerli, həm də beynəlxalq yarışlarda fəal iştirak edirlər. İdmançılarımızla yanaşı, hakimlərimizin gücləndirilməsi istiqamətində də işlər davam etdirilir. Qadın və kişilərdən ibarət hakimlərimiz ölkəmizi layiqincə təmsil edirlər. Onlar üçün mütəmadi olaraq seminarlar təşkil edilir, beynəlxalq hakimlərimiz ustalıq səviyyələrinin artırılması üçün yenilənmə kurslarında iştirak edirlər. Sevindirici haldır ki, bu il İsveçrənin Eql şəhərində gənclər arasında taekvondo üzrə keçirilən Avropa birinciliyində və 52-ci açıq Niderland çempionatında beynəlxalq dərəcəli referi Aygül Abdullayeva yarışın ən yaxşı qadın hakimi adına layiq görülüb. Qazaxıstan açıq çempionatında ölkəmizi təmsil edən hakimimiz Seymur Məmmədov kişilər arasında yarışın ən yaxşı hakimi seçilib. Bununla yanaşı, Türkiyənin açıq çempionatında beynəlxalq dərəcəli hakimimiz Ramal Camalov da yarışın ən yaxşı referisi elan edilib.
Yaqut Ağaşahqızı
İki
sahil.-
2025.- 26 dekabr, ¹237.- S.8.