Birlikdən doğan
güc
Milli həmrəylik
31 dekabr tarix dünyanın müxtəlif
guşələrində məskunlaşan, lakin qəlbi Vətənlə
döyünən çoxmilyonlu Azərbaycan xalqının
bütövlüyünün simvolik şəkildə
reallaşdığı gündür
Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İşləmək, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da var. Beləliklə də azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılıblar.
1991-ci ilin 16 dekabrında isə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində
çalışan Ümummilli Lider Heydər Əliyev
dünya azərbaycanlılarının birliyini
yaratmağın əhəmiyyətini nəzərə alaraq
31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü elan etməklə həmrəyliyin hüquqi və
siyasi təsdiqini reallaşdırdı. Beləliklə,
dünyanın 70-dən yuxarı ölkəsinə səpələnən
50 milyondan çox azərbaycanlıların vahid azərbaycançılıq
ideyası ətrafında birləşdirilməsinin və
milli diasporumuzun formalaşdırılmasının əsası
qoyuldu. 1992-ci ildə Azərbaycan parlamenti dekabrın 31-nin
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü kimi qeyd olunmasına dair qərar qəbul etdi.
1993-cü ildə isə Azərbaycan Prezidentinin Fərmanı
ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü kimi rəsmi bayram elan edildi.
31 dekabr
Azərbaycan millətinin birlik şüarının simvoludur.
Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq
ideyasının dünya azərbaycanlılarının həmrəyliyinin
təmin edilməsində güclü diaspor təşkilatının
formalaşdırılmasına və onların Azərbaycan
dövləti ətrafında daha sıx birləşməsinin
vacibliyinə diqqəti cəlb edərək 2001-ci il noyabr
ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının
I Qurultayında dediyi: "Bizim hamımızı birləşdirən,
həmrəy edən azərbaycançılıq
ideyasıdır, azərbaycançılıqdır. Öz
ürəyimdən gələn fikirləri bir daha bildirmək
istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyəti
onun qürur mənbəyidir. Həmişə fəxr
etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!",-
dahiyanə fikirləri hər gün daha çox önəm
daşıyır. Qurultay dünya azərbaycanlılarının
birləşdirilməsi, bu sahədə mövcud olan problemlərin
aradan qaldırılması istiqamətində mühüm
hadisəyə çevrildi. Tədbirdə 36 xarici ölkədə
yaşayan həmvətənlərimizin cəmləşdiyi
200-dən artıq təşkilatın 406 nümayəndəsi
və 63 qonaq iştirak edirdi.
Ümummilli
Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə
Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsinin (indiki Diasporla
iş üzrə Dövlət Komitəsi)
yaradılmasından sonra dünya azərbaycanlılarının
arasında həmrəyliyin möhkəmləndirilməsi
istiqamətində daha məqsədyönlü işlər
aparılmışdır. Diasporla İş üzrə
Dövlət komitəsi Azərbaycan diasporunun fəaliyyətinin
mütəşəkkil şəkildə əlaqələndirilməsində,
dünya azərbaycanlılarının siyasi və ideoloji
birliyinin təmin olunmasında, bu sahədə mövcud
problemlərin aradan qaldırılmasında mühüm rol
oynayır. Azərbaycanlıların həmrəyliyi, birliyi
yönümündə həyata keçirilən bu və ya
digər tədbirlər artıq öz səmərəsini
verir. Belə ki, Azərbaycan diasporu beynəlxalq aləmdə
milli maraqlarımızın təmin olunmasında, Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv
şəkildə çatdırılmasında böyük təsir
gücünə malik bir qüvvəyə
çevrilmişdir.
Ulu Öndər Heydər Əliyevin milli həmrəylik
və azərbaycançılıq amalının
şüurlarımızda möhkəm yer tutmasına yönəlmiş
uzaqgörən siyasətini bu gün inamla davam etdirən,
milli həmrəylik və diaspor fəaliyyətini daim diqqət
mərkəzində saxlayan Prezident İlham Əliyevin bu
istiqamətdə həyata keçirdiyi fəaliyyət
ardıcıl və sistemli səciyyə daşıyır.
Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin
genişləndirilməsini dövlət siyasətinin
mühüm istiqamətinə çevirmiş Prezident
İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində
diaspor quruculuğu sahəsində dövrlə səsləşən
genişmiqyaslı tədbirlər həyata keçirir.
Dövlətimizin başçısı xaricdə yaşayan
hər bir azərbaycanlının maraq və mənafeyinin
qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi
hesab edir, hər zaman ölkə hüdudlarından kənarda
yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə,
onların vahid ideologiya və məqsədlər ətrafında
birləşməsinə böyük töhfələr verir.
“Bu gün Azərbaycan diasporu böyük iqtisadi, mədəni,
intellektual qüvvəyə malikdir. Yaşadıqları
ölkələrin ictimai-siyasi həyatında onların təsiri
getdikcə daha artıq hiss olunur. Müstəqil Dövlətlər
Birliyi ölkələrində, Avropada, Amerikada Azərbaycan
icmaları və cəmiyyətləri əvvəlki dövrlərlə
müqayisədə xeyli səmərəli fəaliyyət
göstərirlər. Hazırda azərbaycanlıların həmrəyliyinin
və mütəşəkkilliyinin güclənməsi,
ümummilli ideyalar ətrafında birləşməsi
üçün daha geniş imkanlar yaranmışdır. Azərbaycan
dövləti nüfuzlu iqtisadi və siyasi gücə
çevrilmiş, bütün dünyada yaşayan
soydaşlarımız qarşısında parlaq perspektivər
açılmışdır. İndi biz dünya azərbaycanlılarının
ümumbəşəri və mili-mədəni
hüquqlarının, beynəlxalq konvensiyalarda təsbit
edilmiş insan haqlarının qorunmasını təmin etmək
üçün daha təsirli vasitələrə malikik. Azərbaycanın
siyasi rəhbərliyi dünya azərbaycanlılarının
Vətənimizə və xalqımıza mənsubluq hissini
gücləndirmək, onların ölkəmizin iqtisadi, mədəni
həyatında hərtərəfli iştirakını təmin
etmək üçün bütün zəruri tədbirləri
görəcəkdir.” Prezident İlham Əliyevin bu sözləri
Azərbaycan dövlətinin sözügedən məsələdə
necə qərarlı olduğunu sübut edir.
44 günlük Vətən müharibəsi də
Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali
Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər
olduğunu bir daha nümayiş etdirdi. Ərazi
bütövlüyümüzün və suverenliyimizin bərpası
uğrunda mübarizədə dünyanın bütün
ölkələrində yaşayan azərbaycanlılar da
tarixdə görünməmiş dərəcədə fəallıq
göstərdilər, daha sıx birləşdilər.
Yaşadıqları ölkələrdə Azərbaycanın
haqq səsinin eşidilməsi üçün səylərini
əsirgəmədilər. Xaricdə yaşayan
soydaşlarımızın düşmənin və anti-Azərbaycan
dairələrin məkrli təxribatlarına qarşı cəsarətli
etirazları, Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması işində fədakar
xidmətləri Qələbəmizə layiqli töhfə
oldu. Bu savaş zamanı siyasi əqidəsindən, statusundan,
vəzifəsindən, milli mənsubiyyətindən
asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı
milli həmrəylik nümayiş etdirdi. Müharibə
dövründə xalqımız hər gün öz rəhbərinin
yenilməz qətiyyətinə, siyasi iradəsinə
şahidlik etdi. Məhz Prezident İlham Əliyevin ortaya
qoyduğu nümunə xalqımızı bu müharibədə
qələbəyə ruhlandırdı. Dövlət
başçısının vətənpərvərliyi
xalqımızı torpaqlarımızın azadlığı
uğrunda mübarizədə həmrəy etdi. Ali Baş
Komandan İlham Əliyevin qətiyyəti, ilk gündən
nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını
öz rəhbərinin ətrafında daha sıx birləşdirdi.
Təsadüfi deyil ki, 2022-ci il aprelin 22-də Şuşa
şəhərində keçirilən Dünya Azərbaycanlılarının
V Qurultayı Zəfər Qurultayı kimi səciyyləndirilir.
Bu gün hər bir azərbaycanlı Prezident
İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da
yeni-yeni zirvələrə doğru inamla
addımlayacağına tam əmindir. Bu həmrəylik
ölkəmizi, xalqımızı yeni-yeni qələbələrə
aparacaq!
31 Dekabr - Dünya Azərbaycanlılarının
Həmrəyliyi günü münasibətilə
dünyanın bütün yerlərində yaşayan
soydaşlarımızı təbrik edir, onlara hər bir sahədə
uğur, gündən-günə çiçəklənən
Azərbaycan dövləti ətrafında bundan sonra da sıx
birləşməyi arzulayırıq.
Sevinc Azadi
İki sahil.- 2025.- 26 dekabr, ¹237.- S.7.