Zəngin və çoxşaxəli memarlıq ənənələrinə
malik ölkə
Açıqlama
Bir
neçə gün öncə Prezident İlham Əliyev Azərbaycan
Respublikasında 2026-cı ilin “Şəhərsalma və
Memarlıq İli” elan edilməsi haqqında” Sərəncam
imzalayıb. Sərəncam Azərbaycanın çoxəsrlik
tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti
ənənələrinin yaşadılmasına, eləcə
də ölkədə bu sahədə yeni
çağırışlara cavab verən mütərəqqi
yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsinə
xidmət edir.
Milli Məclisin
deputatı Ülviyyə Həmzəyeva mövzu ilə
bağlı “İki sahil”ə
açıqlamasında bildirdi ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
2026-cı ilin ölkəmizdə “Şəhərsalma və
Memarlıq İli” elan edilməsi ilə bağlı Sərəncamı
müasir Azərbaycan dövlətinin inkişaf
strategiyasının mühüm tərkib hissəsidir: “Bu qərar
şəhərsalma və memarlıq sahəsinin təkcə
texniki deyil, həm də mədəni, sosial və ideoloji əhəmiyyət
daşıdığını göstərir”.
Milli Məclisin
deputatının fikrincə, Azərbaycan
memarlığının formalaşmasında və
inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna
rolu olmuşdur: “O, hələ Sovet dövründə ölkəyə
rəhbərlik etdiyi illərdə memarlıq və şəhərsalma
sahəsinə sistemli yanaşma tətbiq etmiş, milli
memarlıq irsinin qorunmasını dövlət siyasətinin
prioritetlərindən birinə çevirmişdir. Ümummilli
Liderin təşəbbüsü və siyasi iradəsi nəticəsində
şəhərlərin planlaşdırılması, yeni
yaşayış massivlərinin salınması, tarixi və
memarlıq abidələrinin mühafizəsi istiqamətində
mühüm addımlar atılmışdır.
1981-ci ildə
qəbul edilən “Azərbaycan SSR-də şəhərsalma,
memarlıq və arxeologiya abidələrinin qorunması, bərpası
və istifadəsinin yaxşılaşdırılması
haqqında” qərar bu sahədə hüquqi və institusional
əsasların möhkəmləndirilməsində xüsusi əhəmiyyət
kəsb etmişdir. Bu sənəd milli memarlıq irsinin
qorunması ilə müasir tikinti prinsiplərinin
uzlaşdırılmasına imkan yaratmışdır”.
Müsahibimiz
daha sonra bildirdi ki, Ulu Öndərin müəyyən etdiyi bu
strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir:
”Son illərdə ölkəmizdə həyata
keçirilən genişmiqyaslı quruculuq və abadlıq
işləri şəhərsalmanın keyfiyyətcə yeni mərhələyə
qədəm qoyduğunu nümayiş etdirir. Bakı şəhərində,
regionlarda, eləcə də ən ucqar yaşayış məntəqələrində
reallaşdırılan layihələr urbanistik
düşüncənin müasir tələblərə
uyğun şəkildə inkişaf etdiyini sübut edir.
Xüsusilə
işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa
və yenidənqurma işləri Azərbaycan şəhərsalma
modelinin innovativ xarakterini aydın şəkildə ortaya qoyur.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarında tətbiq olunan “ağıllı şəhər”
və “ağıllı kənd” konsepsiyaları memarlığın
insan mərkəzli, təhlükəsiz, ekoloji və funksional
mühitin yaradılmasına xidmət etdiyini göstərir.
Onu da qeyd
edim ki, Azərbaycan zəngin və çoxşaxəli
memarlıq ənənələrinə malik ölkədir.
Müxtəlif bölgələrdə formalaşmış
memarlıq məktəbləri xalqımızın
dünyagörüşünü, estetik zövqünü və
həyat tərzini əks etdirir. Müasir dövrdə bu irsi
qorumaqla yanaşı, onu yeni texnologiyalar və ekoloji
çağırışlarla uzlaşdırmaq dövlət
siyasətinin əsas istiqamətlərindən birinə
çevrilmişdir.
“Şəhərsalma
və Memarlıq İli”nin elan edilməsi
bu sahədə peşəkar mühitin gücləndirilməsinə,
beynəlxalq təcrübənin öyrənilməsinə və
milli memarlıq düşüncəsinin dünyada
tanıdılmasına geniş imkanlar açacaq. Eyni zamanda,
bu təşəbbüs şəhərsalma prosesində
ictimai məsuliyyətin artırılmasına,
yaşayış mühitinə hörmətin
formalaşdırılmasına, tarixi binaların qorunmasına
və ictimai məkanlardan düzgün istifadəyə
xüsusi önəm verildiyini göstərir.
Nəticə
etibarilə, Prezident İlham Əliyevin imzaladığı bu
Sərəncam Azərbaycan dövlətinin milli-mənəvi
dəyərlərə, maddi mədəni irsə və
müasir inkişaf prinsiplərinə olan dərin
bağlılığının təzahürüdür. Bu
qərar şəhərsalma və memarlığın ölkənin
gələcək inkişafında strateji rol
oynadığını bir daha təsdiqləyir”.
Qvami Məhəbbətoğlu
İki sahil.- 2025.- 26 dekabr, ¹237.- S.6.