Konstitusiya suverenliyin
hüquqi təminatçısıdır
Azərbaycan xalqı artıq beş ildir ki, qalib xalq
olmağın tarixi və mənəvi qürurunu yaşayır.
2020-ci il sentyabrın
27-də Ermənistan silahlı
qüvvələrinin törətdiyi
genişmiqyaslı hərbi
təxribat nəticəsində
başlayan və cəmi qırx dörd gün davam edən Vətən müharibəsi
Azərbaycan Ordusunun parlaq Qələbəsi ilə başa çataraq milli tariximizin ən şanlı səhifələrindən
birinə çevrildi.
Bu Zəfər nəticəsində otuz ilə yaxın müddətdə işğal
altında saxlanılan
Qarabağ və Şərqi Zəngəzur
əraziləri ölkəmizin
suveren idarəçiliyinə
qaytarıldı, Azərbaycanın
ərazi bütövlüyü
və beynəlxalq hüquq çərçivəsində
tanınmış sərhədləri
faktiki olaraq bərpa olundu.
Məhz bu
tarixi Qələbənin
yaratdığı yeni
siyasi-hüquqi reallıqlar
fonunda Prezident İlham Əliyev tərəfindən 28 dekabr
2024-cü il tarixində
imzalanmış Sərəncamla
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dərin məzmunlu və strateji xarakter daşıyan qərar kimi qiymətləndirilməlidir. “Konstitusiya və Suverenlik İli” anlayışı
hüquqi dövlət
quruculuğunun keyfiyyətcə
yeni mərhələsinə
keçidi ifadə edir. Konstitusiya müasir dövlətin əsas hüquqi aktı olmaqla yanaşı, xalqın suveren iradəsinin hüquqi ifadəsi, hakimiyyətin legitimliyinin mənbəyi, insan hüquq və azadlıqlarının təminatçısıdır.
Bu baxımdan, “Konstitusiya və Suverenlik İli” dövlət suverenliyinin yalnız hərbi-siyasi müstəvidə deyil, hüquqi, institusional və ideoloji səviyyələrdə də
möhkəmləndirilməsini hədəfləyir.
Azərbaycan dövlətçiliyinin müasir
inkişaf mərhələsinin
ideya-siyasi və hüquqi əsaslarının
formalaşmasında Ümummilli
Lider Heydər Əliyevin tarixi rolu müstəsna əhəmiyyət daşıyır.
Qeyd edilməlidir ki, 1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında keyfiyyətcə
yeni bir mərhələnin əsası
qoyuldu. Məhz bu dövrdən etibarən Azərbaycan
SSR-də məqsədyönlü
inkişaf strategiyası
formalaşmağa başladı.
1960-cı illərin sonlarında Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlişi
milli dövlətçilik
şüurunun güclənməsi,
iqtisadi müstəqillik
elementlərinin yaradılması
və intellektual potensialın səfərbər
olunması baxımından
strateji dönüş
nöqtəsi idi. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən
sənayeləşmə siyasəti,
milli kadrların hazırlanması, elm və təhsilin inkişafı, mədəniyyətin
təşviqi Azərbaycanın
gələcək müstəqilliyinin
institusional və ideoloji bünövrəsini
formalaşdırdı. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin 29 sentyabr 2022-ci
il tarixli “Azərbaycan Respublikasında
2023-cü ilin ‘Heydər
Əliyev İli’ elan edilməsi haqqında” Sərəncamında
da bu tarixi
mərhələyə xüsusi
diqqət yetirilmişdir:
“Azərbaycana rəhbərliyinin
birinci dövründə
Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı,
polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində,
uzaqgörən və
məqsədyönlü qərarları
ilə çox qısa müddətdə
respublikamızda sosial-iqtisadi,
elmi-texniki və mədəni sahələrin
inkişafında böyük
sıçrayışa nail
olmuşdur”.
1991-ci il oktyabrın
18-də qəbul edilmiş
“Azərbaycan Respublikasının
dövlət müstəqilliyi
haqqında” Konstitusiya
Aktında yeni Konstitusiyanın hazırlanması
nəzərdə tutulsa
da, 1991–1993-cü illərdə
ölkədə mövcud
olan dərin siyasi böhran, idarəetmə xaosu, daxili qarşıdurmalar və vahid siyasi
iradənin olmaması
bu mühüm vəzifənin həyata keçirilməsini faktiki
olaraq mümkünsüz
etmişdir.
Yalnız Ümummilli
Lider Heydər Əliyevin 1993-cü ildə
xalqın tələbi
ilə hakimiyyətə
qayıdışından sonra
Azərbaycanda hüquqi
dövlət quruculuğu
istiqamətində sistemli
və məqsədyönlü
addımlar atılmağa
başlandı. Siyasi sabitliyin bərpası, dövlət institutlarının
formalaşdırılması və milli maraqlara
əsaslanan idarəetmə
modeli Konstitusiyanın
hazırlanması üçün
real zəmin yaratdı. Bunun nəticəsi olaraq Azərbaycan Respublikası
Milli Məclisinin
1995-ci il 2 may tarixli qərarı ilə yeni Konstitusiya
layihəsini hazırlayan
Komissiyanın yaradılması
və onun tərkibinin təsdiq edilməsi mühüm siyasi-hüquqi hadisə kimi tarixə düşdü. 1995-ci il iyunun 5-də Komissiyanın
ilk iclasında geniş proqram xarakterli çıxış
edən Heydər Əliyev müstəqil dövlətin Konstitusiyasının
hazırlanmasını tarixi
baxımdan son dərəcə mühüm
və məsuliyyətli
bir mərhələ kimi qiymətləndirmişdir.
Müstəqil Azərbaycan
Respublikasının ilk
Konstitusiyası preambula,
5 bölmə, 12 fəsil,
158 maddə və keçid müddəalarından
ibarət olmaqla 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi – referendum
yolu ilə qəbul edilmiş, 27 noyabr 1995-ci ildə isə qüvvəyə minmişdir.
Ulu Öndər
Heydər Əliyev tərəfindən formalaşdırılmış
möhkəm siyasi, hüquqi və institusional dayaqlar üzərində inkişaf
edən Azərbaycan dövləti XXI əsrin üçüncü onilliyinə
artıq qalib və tam suveren
ölkə kimi qədəm qoymuşdur. Dövlətçilik ənənələrinin
davamlılığı, güclü
icra hakimiyyəti modeli, milli ordu
quruculuğu və balanslaşdırılmış xarici siyasət strategiyası məhz bu fundamental əsasların məntiqi nəticəsi olaraq formalaşmışdır. Bu
konsepsiyanın praktik müstəvidə tam reallaşması Prezident İlham Əliyevin rəhbərliyi ilə mümkün olmuşdur.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi
Azərbaycan dövlətinin
hərbi-siyasi gücünü,
hüquqi haqlılığını
və milli birliyini beynəlxalq ictimaiyyətə açıq
şəkildə nümayiş
etdirmişdir.
2023-cü ildə Qarabağ iqtisadi rayonunda həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri isə Azərbaycan dövlətinin
suverenliyinin tam bərpası prosesini hüquqi və siyasi baxımdan yekunlaşdırmışdır. Həmin əməliyyatlar
ölkənin beynəlxalq
səviyyədə tanınmış
ərazilərində konstitusion
quruluşun bərpasına,
qeyri-qanuni silahlı birləşmələrin ləğvinə
və vahid dövlət idarəçiliyinin
təmin olunmasına xidmət etmişdir. Bu proses Azərbaycanın
daxili işlərinə
kənar müdaxilələrin
qarşısının alınması,
dövlətin güc
monopoliyasının bərpası
və hüquqi dövlət prinsipinin təmin edilməsi baxımından mühüm
əhəmiyyət kəsb
edir.
Xüsusi qeyd
edilməlidir ki, 2023-cü
il antiterror əməliyyatları beynəlxalq
hüququn norma və prinsiplərinə uyğun şəkildə
həyata keçirilmiş,
Azərbaycanın öz
ərazi bütövlüyü
və suverenliyini qorumaq hüququnun legitim ifadəsi olmuşdur. Dövlətin
təhlükəsizliyinin təmin
edilməsi, konstitusion
quruluşun müdafiəsi
və vətəndaşların
hüquqlarının qorunması
bu tədbirlərin əsas hüquqi-siyasi məqsədləri sırasında
yer almışdır.
Nurlana Bayramlı,
Siyəzən rayon prokurorunun
böyük köməkçisi vəzifəsini
icra edən,
III dərəcəli hüquqşünas
İki sahil.- 2025.- 27 dekabr, ¹238.- S.8.