Mənim ilk və son sevgilim odur
Heç vaxt Allahın mənə verdiyi və hər
kəsin illər boyu tanıdığı sifətimi dəyişdirə
bilmərəm...
Əməkdar mədəniyyət işçisi, Azərbaycan
Respublikası Audiovizual Şurasının üzvü,
şairə, publisist Telli Pənahqızı “İki sahil”ə
müsahibə verib. Milli mətbuatımızın 150 illik
yubileyi ərəfəsində baş tutan müsahibədə
Telli xanım müxtəlifyönlü suallarımıza
maraqlı cavablar verib. Müsahibəni təqdim edirik.
-Telli xanım, əhvalınız
necədir?
-Əhvalım necə olacaq? Dünyada baş verən
hadisələrin dalğası hardasa bizə də çatır.
Yer kürəsi narahatlıq içindədir. Müharibə
hər yanı öz cənginə alıb. İsrail-İran
savaşı burnumuzun dibindədir. Mən də Vətənim,
xalqım üçün narahatlıq keçirən insanam.
Allah hamını
qorusun. Əminəm ki, bu dava sülhlə başa
çatacaq. İnsanlıq naminə heç kim, hər
hansı tərəfdən olmasından asılı olmayaraq,
adamların ölməsini istəməz.
- Qərbi Azərbaycanda dünyaya göz
açmısınız. Doğulduğunuz Böyük Vedini
necə xatırlayırsınız?
-Böyük Vedi mənim hafizəmdə necə qalıb?... Orada
doğulub-böyümüşəm, orta məktəbi
bitirmişəm. Uşaqlıq illərimin gözəl
günləri o kənddə keçib, xatirələrim ora ilə
bağlıdır. Toylarda, bayramlarda, şad günlərdə
insanların necə sevindiyini, fərəhləndiyini
görmüşəm. Hansı adət-ənənələrin
olduğu bu dəqiqə də yaddaşımdadır. O yerlərdə
nənə-babalarımız
köç salıb, binə qurublar. Biz qayıdandan sonra
balalarımıza o yerlərin məhz bizim olduğunu
sübuta yetirmək üçün çox şeylər
danışacağıq. Təəssüf ki, böyüklərimiz
o zaman bizə 1918-48-ci illərdə köçürülən
insanlar haqqında danışmırdılar. Bəlkə də
sovet dövrü olduğu üçün belə olub. Hər
halda, biz çox şeyləri bilmirdik. Bir çox mətləblər
Qarabağ müharibəsindən sonra aydınlaşdı.
-Artıq qayıtmaq üçün
yönümüzü doğma yurda çevirmişik.
Qayıdış hərəkatı ilə bağlı
aparılan fəaliyyətlər haqqında nələri deyə
bilərsiniz?
-Bəli, qayıtmaq üçün yola
çıxmışıq. Qərbi Azərbaycan bizim Ana Vətənimizdir.
Doğma yurdumuza getmək boynumuzun borcudur. Dəfələrlə
bu cür köçürülmələr olub. Müharibələr
bitdikdən, münasibətlər
bərpa olunduqdan sonra insanlar öz yurd yerlərinə geri
qayıdıblar. Təəssüf ki, gedən min nəfərdən
iki, ya üç yüz adam ancaq qayıdıb. Bizim sonuncu
ayrılığımız, o torpaqlardan deportasiya
olunmağımız bir az uzun çəkdi. Necə ki,
Qarabağa yeni nəsillər bir az yad adam kimi gedir, bizim
uşaqlarımızda da bu hal yaşanacaq. Amma bütün bunlara baxmayaraq, ora
bizm üçün Vətəndir, yurddur və əminəm
ki, qayıdış olacaq.
Yurda qayıdış məsələsi
bütövlükdə ölkənin, dövlətin
işidir. Bununla bağlı artıq birbaşa Prezident
İlham Əliyevin nəzarəti altında işlər həyata
keçirilir. Bu məsələdə hər kəs əlindən
gələni etməlidir. Əminəm ki, günlərin bir
günündə biz mütləq qayıdacağıq.
-Telli xanım, milli mətbuatımızın 150 illiyi
ərəfəsindəyik. Bu gün mətbuatımız
haqqında nələri dilə gətirmək istərdiniz? Mətbuatın
üzərinə düşən əsas vəzifə nədir?
-Milli mətbuatımızın 150 illik tarixə malik
olması çox fərəhli hadisədir. Mətbuatımızın
150 illik yubileyi münasibətilə bütün qələmdaşlarımı
ürəkdən təbrik edirəm. Onlara həqiqətləri
yazmağı, intriqalara qoşulmamağı arzulayıram.
Çünki jurnalist haqqı yazmalı, fakta əsaslanmalıdır.
5-10 manat qazanmaq üçün kiməsə qara yaxmamalı,
kiminsə tərəfini tutmamalıdır. Həqiqət, həqiqət
və yenə də həqiqət! Nə qədər çətin
olsa da, jurnalistin boynunun borcu həqiqəti yazmaqdır. Təəssüf
ki, son illərdə mətbuatımızda bu məsələdə
əndazəni xeyli aşanlar var.
-Azərbaycan Respublikası Audiovizual
Şurasının üzvüsünüz. Cəmiyyətimizdə televiziya
verilişlərindən şikayətlər çoxdur.
Xüsusilə, sosial problemləri işıqlandırmaq
adı altında təqdim olunan serial tipli şoular
qarşısına çıxan bütün dəyərləri
əzib keçmirmi? Çıxış yolunu nədə
görürsünüz?
- Özüm televiziyaçı olsam da, mən də
çox vaxt televiziya verilişlərindən şikayətçiyəm.
Amma insanlar sosial layihələrə daha çox meyil edir,
maraq göstərirlər. İnsan olaraq, xislətimizdə
başqasının dərdini gülüş obyektinə
çevirmək, məzələnmək kimi məqamlar
var. Çox zaman bu cür
verilişlərin reytinqinin yüksək olduğunu deyirlər.
Amma nəyə görə yüksəkdir? Əsas sual
budur. Evdə oturan
xanımların çoxunun
işi dedi-qodu ilə məşğul olmaqdır. Onlar efirə
çıxarılan müxtəlif
problemli insanları görəndə sonun necə
olacağı ilə maraqlanmağa başlayırlar.
Dünyanın hər yerində televiziyalar belə layihələr
hazırlayır. Amma əsas məsələ ondan kimin necə
istifadə etdiyidir. Mənə elə gəlir ki, həmin
sosial proqramları aparanlar əvvəlcə öz daxili
dünyasına baş vurmalıdır. Düşünməlidir
ki, mən hər hansı bir insanı ora çıxarıb
yardım etmək istəyirəmsə, bunun daha təmkinli,
daha sivil, mədəni yolunu
seçməliyəm. Təəssüf ki, bir az əndazəni
aşırıq.
Şuranın bəzi qadağaları, verilişləri
müəyyən müddət
bağlamağı hər hansı verilişə
başucalığa gətirmir. Amma bəzən belə
şeylər olur. Şura hansısa bir telekanalı bir
neçə saatlıq və ya
günlük cəzalandırır, amma yenə də o
şoular qarşımıza çıxır. Dediyiniz kimi, o
cür verilişlər bütün dəyərləri əzib
keçir. Çıxış yolu ilk növbədə
insanın vicdanından asılıdır. Efirə
çıxırıqsa,
özümüzü bizə
baxan milyonlarla insanın yerinə qoymalıyıq və fikirləşməliyik
ki, insanlar bu verilişlərdən nə götürürlər?
Televiziya verilişləri ilk növbədə mənəvi dəyərləri
yüksəltmək, insanların mənəviyyatına
kömək etmək üçün
hazırlanmalıdır.
-Belə proqramlardan izlədikləriniz varmı?
-Bəzən qarşıma çıxır və
5-10 dəqiqə baxıram. Sonra görürəm ki,
böyük qalmaqallar yaradır, hədyan sözlər
danışırlar. Bəzi hallarda aparıcı özü də
yaranmış vəziyyəti idarə edə bilmir.
Çıxış yolları axtarır. Nə deyə bilərəm?
Mən belə veriliş hazırlamamışam, hazırlamaq niyyətim də yoxdur.
-Bəs vaxtilə bu tipli verilişlər olurdumu?
-Bir az öz dövrümü xatırlasam, belələrin
o zaman efirə qoymurdular. Bu cür verilişlər
hazırlamırdılar. Biz sosial məsələlərə
diqqət yetirməyə, problemləri insanların qavraya biləcəyi,
onları rahatlada biləcək şəkildə izah etməyə
çalışırdıq.
Adamları məsxərəyə, dedi-qodu obyektinə
çevirmirdik. Çalışırdıq ki, kömək
edək.
-Telli xanım, müasir dövrün diktəsi olan
texnoloji yeniliklərin jurnalistikaya təsirindən
danışaq. Proqnozlara görə,
süni zəka jurnalistikanı, bu peşə sahiblərini
sıradan çıxaracaq. Bu
fikirlə razılaşırsız?
-Süni zəkanın jurnalistikanı sıradan
çıxaracağı fikrini qəbul etmirəm.
Çünki sözü sən yazanda ora ürəyinin bütün
döyüntüsünü köçürürsən. Yəni,
mənim yazılarımda belədir. Yazılarımı
insanları görə-görə yazıram. Amma süni zəka
sünidirsə, deməli elə
o cür də yazır. İnşallah, yaşayıb necə
olacağını görərik...
-Bədii yaradıcılığınızın
jurnalistikaya qurban getdiyini düşünmürsünüz ki?
Məsələn, daha irihəcimli əsərlər, romanlar
yazmaq kimi planlarınız varmı?
-Mən heç vaxt jurnalistikaya
yaradıcılığımı qurban verdiyimi
düşünməmişəm. Elə jurnalistika da bədii
yaradıcılıqdır. Çünki mənim
yazılarımı, oçerklərimi, müxtəlif qəzet
və jurnallarda dərc olunmuş məqalələrimi və
hazırladığım verilşilərimin
hamısını yaradıcı jurnalistikanın məhsulu
saymaq olar. Sözü havaya üfürən adam deyiləm.
Yazdığım yazıların hamısını ürəyimin
qanı ilə yazıram. Çalışmışam ki,
kiçik süjetdə də insanların ürəyini tərpədə
biləcək bir nöqtə qoyum, onlar bu yazını mənim
yazdığımı bilsinlər. Düşünmürəm
ki, indiyəcən yaradıcılığım hansısa televiziya
fəaliyyətimə qurban gedib. Allaha şükür ki, 10
kitab müəllifiyəm. Şeirlərdən ibarət
növbəti ikicildliyimi hazırlayıram. Nə yaxşı
ki, Allah mənə şeir yazmaq bacarığını da
verib. Bəzən
televiziyanın qəlibinə sığmaq olmur. Dünyaya bir
az da bədii təfəkkürün gözü ilə baxa
bilmək gözəldir. Allah vergisi olan bir
yaradıcılıq verilib mənə. Şeirlərimi
oxuyanlar da razı qalırlar. Çünki elə-belə
şeir yazmıram. Ürəyimin qanı ilə yazıram.
-Səhv etmirəmsə, Ümummilli Lider Heydər
Əliyevdən iki dəfə müsahibə almısınız.
Onu necə bir müsahib kimi xatırlayırsınız? Həmsöhbətini çətinə
salırdı?
-Ümummili Liderimiz Heydər Əliyevlə bir
neçə dəfə görüşmüşəm.
İki dəfə isə müsahibə almışam.
Sonrakı dövrlərdə
yenə də görüşlərimiz olub. O, çox
gözəl müsahib idi. İnsanı başa düşən,
suallara səbirlə qulaq asan, cavablarını çox izah edən
müsahib idi. Məsələn, Onun cavabını heç
bir əlavə etmədən olduğu kimi yazmaq olurdu. Heydər
Əliyev mənim xatirimdə çox nəhəng bir insan
kimi qalıb. Allah ona rəhmət eləsin. Mən onu
çox sevirdim. Heç vaxt müsahibini çətinə
salmazdı. Əksinə, çox kömək edirdi. O zaman biz
çox cavan idik. Bəzən sualı verməyə çəkinirdik.
Deyirdi ki, siz sualınızı verin, mən cavablandıracam.
Çox səmimi, mehriban, insanı başa düşən
idi. Mən indi elə yaşdayam ki, Onun haqqında saatlarla
danışa bilərəm. O zaman mənə çox əlçatmaz,
dahi bir insan kimi görünürdü. Onun
qarşısında dayanıb sual verməyin özü də
çox böyük bacarıq və cəsarət tələb
edirdi. Nə yaxşı ki, mən onunla
görüşmüşəm, müsahibə almışam.
Bu, mənim həyatımın ən qızıl dövrlərindən
biri sayıla bilər.
-10 il “Qocalar evi”ndən verilişlər
hazırlamısınız. Nələrə şahid oldunuz, həyatın
gerçəkləri ilə bağlı nələri öyrəndiniz
o illər ərzində?
-“Qocalar evi” mənim həyatımın 10 ilini
aldı. Siz bunu nə gözəl tapmısınız. Nələrə
şahid olmadım, nələr görmədim? Həyat gerçəklərinin
içindən çıxan talelərin hər biri bir hekayənin,
bir povestin mövzusu ola bilər. Məhz “Qocalar evi”nə həsr
olunan bir hekayəm var. Həyatda
heç kəs başına nə gələcəyini bilmir.
Bu baxımdan “Qocalar evi”nin olması bəlkə də
yaxşıdır. Amma mən istəyərdim ki, heç bir
yerdə bu evlər olmasın. Çünki insan övladı
dünyaya gətirir, əziyyətini çəkir,
böyüdür. Sonra övlad ona sahib çıxmayanda,
üz döndərəndə faciə başlayır. Bu
dünyanın ən faciəli, dəhşətli məqamlarından
biri atılmış ata-ana ilə üz-üzə oturub
söhbət etməkdir.
-Bu gün cəmiyyətmizə, insanlara baxanda daha
çox hansı hallardan narahat olursunuz?
-Cəmiyyət mənfiyə doğru çox inkişaf
edib. İnsanların bir-birinə hörməti, sevgisi
azalıb. Böyük-kiçik yeri bilən yoxdur. Hətta,
balaca bir uşağa söz deyirsən üzünə
qabarır, elə cavab verir ki, dəymişin
durarkən kalın tökülür. Ona görə də mən
gənclərlə çox ehtiyatlı dolanıram. Allah hamısına
kömək olsun. Yəqin cəmiyyətin üzü bir az da
qabarıq dalğalara doğru gedir. Gözləyək, görək
nə olacaq...
-Gəncliyiniz bugünkü
dövrə təsadüf etsəydi, yenə
jurnalistikanı seçərdinizmi?
-Mənim ilk və son sevgilim jurnalistikadır.
Jurnalistikanı dünyada bütün peşələrin
şahı sayıram. Şəxsən mənə belə gəlir.
Çünki mən sözlə yaşamağı,
oynamağı, sözü deməyi xoşlayan adamam.
-Telli xanım, bu gün müxtəlif növ estetik əməliyyatlar çox yayılıb. Daim
insanların gözü önündə olan bir xanım kimi
bunlardan istifadə edirsinizmi və yaxud bu məsələyə
baxışınız necədir?
-Yox, estetik əməliyyatlar mənlik deyil. Heç
vaxt Allahın mənə verdiyi və hər kəsin illər
boyu tanıdığı sifətimi dəyişdirə bilmərəm.
Məni kim sevirsə, belə sevsin. Sevməyən də
özü bilər (gülür). İllər nə
aparıb-aparıb, qalanına da şükür edirəm. Cəsarət
tapıb gedib nəsə edənləri də qınamıram.
Amma yaraşanın, həddində, gözəl olanını
xoşlayıram. Yoxsa, dodaq bir kilo, yanaq
qıpqırmızı və s. mənlik deyil.
-Yay fəsli gəlib.
İstirahət etmək üçün hansı məkanları
seçirsiniz?
-Mənə elə gəlir ki, günün harada
xoş keçirsə, ora ən yaxşı istirahət
yeridir. Ölkədən çıxmaq qismət olsa, harasa gedərəm.
Olmasa da, öz evim, öz çadırım və ailəmin
içində keçirərəm.
-Jurnalistika sahəsində uzun illər külüng
çalan bir insan kimi mətbuatın 150 illik yubileyindən
gözləntiniz varmı?
-Yubileydən nə gözləntim ola bilər? Allaha
şükür olsun ki, Azərbaycan jurnalistikası 150 ildir fəaliyyət
göstərir. Bu illər ərzində,
yaxşı-pis, hamımız bir tarix yazmağa
çalışmışıq. Yubileyi keçiriləndə
də dəvət etsələr, gedərəm. Yada
düşməsəm də, yenə canları sağ olsun. Hər
halda mən jurnalistəm. Mənim də bayramımdır.
Düşünürəm ki, bayram münasibətilə məni
də təbrik edənlər olacaq. Çünki həm yazılı mətbuatda, həm
də televiziyada uzun illərdir çalışıram.
İnanıram ki, əməyimə verilən yüksək
qiymət, mükafatlar, ordenlər mənə rəhbərliyin,
dövlətimin qiymətidir. Bundan böyük xoşbəxtlik
ola bilməz.
Mən sizi də təbrik edirəm. Can
sağlığı arzulayıram. Əlinizdəki qələm
hər zaman həqiqəti yazsın. Qolunuz qüvvətli olsun
və heç vaxt heç kimin paxıllığını
çəkməyin. Allahdan nə istəyirsinizsə, Yaradan
sizə onu verəcək. Çünki düzgün və qətiyyətli
olanları, dövlətini, Vətənini, insanları sevənləri Allah da
sevir. Allah razı olsun. Təşəkkür edirəm.
-Hörmətli Telli xanım, biz də öz
adımızdan sizi milli mətbuatımızın 150 illiyi
münasibətilə təbrik edirik. Sağlam can, uzun
ömür və yeni-yeni yaradıcılıq uğurları
arzulayırıq! Maraqlı
müsahibəyə görə təşəkkür edirik.
Aygün İbrahimli
İki sahil .- 2025.- 1 iyul (¹110).- S.5.