Üzeyir Hacıbəyli
irsinə çox ehtiyacımız var
Səadət Qarabağlı: Üzeyir bəyin mənəvi
qızı adlandırılmağım mənim
üçün böyük şərəfdir
Musiqişünas, publisist Səadət Qarabağlı
40 ildən çoxdur ki, dünya şöhrətli dahi bəstəkarımız
Üzeyir Hacıbəylinin həyat və fəaliyyətini
yorulmaq bilmədən araşdırır. Bu səbəbdən
Səadət xanım ölkəmizdə üzeyirbəyşünas
kimi tanınır. Beləliklə, həmsöhbətimiz Səadət
Qarabağlıdır.
-2025-ci ildə Şərqdə ilk operanın
yaradıcısı, dramaturq və pedaqoq, tanınmış
ictimai xadim, Xalq artisti, Dövlət mükafatları
laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi
üzvü Üzeyir Hacıbəylinin anadan olmasının
140 ili tamam olur. Prezident İlham Əliyev bu münasibətlə
Sərəncam imzalayıb. Həmin Sərəncamla
bağlı sizin fikirlərinizi eşitmək maraqlı
olardı.
- Şübhəsiz, bu, dövlət
başçısı tərəfindən Üzeyir Hacıbəyliyə,
onun ölməz irsinə verilən çox yüksək dəyərdir.
Çoxşaxəli yaradıcılığı ilə Azərbaycan
mədəniyyəti tarixində silinməz iz qoymuş
Üzeyir bəy Hacıbəylinin yubileyləri həm
sağlığında, həm də dünyasını dəyişdikdən
sonra yüksək səviyyədə keçirilib. Hətta
Ü. Hacıbəylinin anadan olmasının 100 illik yubileyi
UNESCO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunub. Amma
1995-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının
110 illik yubileyində Heydər Əliyev Sarayında (o zaman
Respublika Sarayı adlanırdı) Ulu Öndərimiz Heydər
Əliyevin bu sənətkarın dühası, onun zəngin həyat
və fəaliyyəti haqqında söylədiyi nitqini bu
gün də unuda bilmirəm. Ümummilli Lider həmin
çıxışında Üzeyir bəyin həyat və
fəaliyyətini o qədər gözəl təhlil etdi ki,
tanınmış musiqişünas alimlər belə
heyranlıqlarını gizlədə bilmədilər. Necə
deyərlər, onlara dərs keçdi. İnanıram ki, əvəzolunmaz
dühamızın növbəti yubileyi də yüksək səviyyədə,
adına layiq keçiriləcək, yaddaşlara həkk
olunacaq.
Bəli, bu gün də xalqımızın Üzeyir
Hacıbəyli irsinə çox ehtiyacı var. Bu məqamda Ulu Öndərin bu
fikirlərini oxucularımıza çatdırmaq istərdim:
“Üzeyir Hacıbəyovun yaradıcılığı həmişə
insanları vətənpərvərliyə dəvət edir.
Biz bu gün də Üzeyir bəy Hacıbəyovun xatirəsini
yad ediriksə, onun yaradıcılığını bir daha
yüksək qiymətləndiririksə, bu
yaradıcılığın ən yüksək nöqtəsi
olan vətənpərvərlik hisslərini özümüzdə
daha da artırmalıyıq, daha da inkişaf etdirməliyik.
Özümüzü bu hissiyyatlarla gələcəyə
hazırlamalıyıq”. Bu mənada
demək olar ki, 140 illik yubileyini qeyd edəcəyimiz dünya
şöhrətli bəstəkarın əzəmətli və
möhtəşəm əsərləri Azərbaycan musiqi mədəniyyətinin
inkişafına bu gün də güclü təkan verir, gənclərimizin
vətənpərvərlik ruhunda yetişmələrində
önəmli rol oynayır. Yeri gəlmişkən onu da qeyd
edim ki, Ümummilli Lider Heydər Əliyev, həmçinin
1995-ci ildə Üzeyir bəy Hacıbəylinin anadan
olmasının 110 illik yubileyi günlərində “Üzeyir
Musiqi Günü”nün təsis edilməsi haqqında
xüsusi fərman da imzalamışdı. Fərmanda
Üzeyir Hacıbəylinin Azərbaycan musiqi sənətinin
inkişafında misilsiz xidmətləri nəzərə
alınaraq, hər il sentyabr ayının 18-də “Üzeyir
Musiqi Günü” keçirilməsi əksini tapıb. Təəssüf
ki, media işçiləri, bəzi musiqişünaslar, səlahiyyətli
şəxslər bu günün adını təhrif edərək
"Milli Musiqi Günü" kimi təqdim edirlər.
- Səadət xanım, Üzeyir Hacıbəyli ilə
sizi nə bağlayır?
- Mənim Üzeyir bəy Hacıbəyli ilə
qeyri-adi bir bağlantım var. Bəlkə
buna müqəddəs bağlantı da demək olar. Əvvəla,
bizim Üzeyir bəygillə qohumluğumuz var. Sizə deyim ki, əsl
şuşalılar bir-birilərinə qohumdurlar. İkincisi,
heç özüm də fərqinə varmadan
uşaqlığımdan Üzeyir bəyə
bağlanmışam. Körpəlikdən ulu sənətkarımızın
musiqiləri ilə böyümüşəm. Anam mənə
xalq musiqilərimizlə yanaşı, Üzeyir bəyin əsərlərinin
sədaları ilə lay-lay çalardı. Mən bu gözəl,
ruh oxşayan musiqilərlə böyümüşəm.
Birinci sinifə gedəndə dahi şəxsiyyətin izi mənim
həyatımda hiss olunurdu. Hətta ilk dəfə
Bülbül adına Orta İxtisas Musiqi Məktəbində
imtahanı məndən Ü. Hacıbəylinin dayısı
Ağalar bəy Əliverdibəyovun oğlu, məktəbin
direktoru, bəstəkar Nazim Əliverdibəyov
götürmüşdü. Onda fortepiano sinfinə imtahan
vermişdim. Lakin yerlər dolu olduğu üçün Nazim
müəllim məni violonçel sinfinə götürmək
istədi. Musiqi istedadımı nəzərə alaraq, anama
demişdi ki, hələlik violonçel sinfinə qəbul edək,
sonra skripka sinfinə keçirəcəyəm. Anam razı
olmadı, məni 1 saylı Uşaq Musuqi Məktəbinə gətirdi.
İmtahan verib, məktəbin fortepiano sinfinə qəbul
olundum. Burada da mənə Üzeyir bəy Hacıbəylinin tələbəsi,
məşhur caz ustası Vaqif Mustafazadənin anası Zivər
Əliyeva dərs deməyə başladı. Zivər xanım dərsləri
İçərişəhərdəki evlərində
keçirdi. Vaqif Mustafazadənin gözəl musiqilər ifa
etdiyi royalda çalmağı öyrəndim. Bir ildən
sonra atamın işi ilə bağlı (o, hüquq-mühafizə
orqanlarında çalışırdı) biz Füzuli
rayonuna köçməli olduq. Füzulidə yenə
Üzeyir bəyin tələbəsi, bəstəkar, məşhur
"Naxçıvan" mahnısının müəllifi Məmməd
Cavadov mənə dərs dedi. Nəhayət, tale məni
1979-cu ildə Üzeyir bəy Hacıbəylinin ev-muzeyinə
gətirdi. Oraya məqalə yazmaq məqsədi ilə
getmişdim. O zaman Azərbaycan Dövlət Universitetinin
jurnalistika fakültəsində oxuyurdum. Orta İxtisas Musiqi Məktəbinin
fortepiano fakültəsini fərqlənmə diplomu ilə
bitirmişdim. İstirahət günü olmasına baxmayaraq,
muzeydə məni direktor özü qarşıladı. Muzeyin
direktoru Ramazan Xəlilov Üzeyir bəyə bağlı bir
insan idi. O, dahi sənətkarın baldızı oğlu idi. Həm
də uzun illər Üzeyir bəyin şəxsi katibi
olmuşdu. O, əvəzolunmaz bəstəkarımızın
ömrünün hər dəqiqəsinə yaxşı bələd
idi. Təsadüfi deyil ki, Ümummilli Liderimiz Ramazan Xəlilovu
Üzeyir Hacıbəylinin yadigarı adlandırırdı. Mənim
suallarıma Ramazan bəy həvəslə və ətraflı
cavablar verdi. Nəhayət, söhbətimizin sonunda məndən
soruşdu ki, bu muzeydə işləmək istərsinizmi? Mən
cavab verdim ki, böyük məmnuniyyətlə. Bundan sonra o mənə:
“Sabahdan işə gəlin”, - dedi. Mənim muzey həyatım
belə başladı. Düz 25 il beş ay Üzeyir bəy
Hacıbəylinin ev-muzeyində işləmişəm. 2005-ci
ildə, o vaxtlar mədəniyyət naziri vəzifəsində
çalışan Polad Bülbüloğlu Üzeyir bəyin
təbliği ilə ciddi məşğul olduğum
üçün məni başqa muzeyə, Musiqi Mədəniyyəti
Dövlət Muzeyinə keçirmək qərarına gəldi.
Guya məni daha böyük, maaşı çox olan muzeyə
keçirərək, vəzifəmi artırırdı. Mən
təklifi qəbul etmədim, ərizəmi yazıb istefa
verdim. Amma sevimli işimdən, gəncliyimi sərf etdiyim
muzeydən uzaq düşsəm də Üzeyir bəy
Hacıbəyliyə olan bağlılığım sönmədi
və bu günə qədər davam edir.
-Üzeyirbəyşünas kimi ilk məqalənizi nə
zaman yazmısınız?
-Üzeyirbəyşünas kimi ilk yazımı 1980-ci
ildə qələmə almışam. "Böyük bəstəkarın
ev-muzeyində" adıı məqaləm "Ədəbiyyat
və incəsənət"qəzetində dərc olundu.
- Siz uzun müddətdir ki, Üzeyir bəy irsini
araşdırırsınız. Bu illərdə nələrə
nail olmusunuz?
-Qırx ildən çoxdur ki, Üzeyir bəyin
irsinin təbliği ilə məşğulam. Bu illər ərzində
yüzlərlə məqaləm qəzet və jurnallarda, eləcə
də saytlarda dərc edilib. Radio və televiziya kanallarında,
şəhər və rayonlarımızda, Türkiyənin
İstanbul şəhərində Üzeyir Hacıbəylinin
həyat və fəaliyyəti ilə bağlı saya gəlməyəcək
dərəcədə məruzə və
çıxışlar etmişəm. "Üzeyir Hacıbəyov"
ensiklopediyasının müəlliflərindən biriyəm.
Üzeyit bəyin "Arazbarı" simfonik əsərini,
"Aşıqsayağı" triosunu (hər ikisinin də
redaktoru mərhum bəstəkar, Üzeyir bəyin əmisinin
nəticəsi İsmayıl Hacıbəyovdur)
partituralarını nəşr etdirmişəm.
"Şöhrət tacı" (tərtibçilər:
Ramazan Xəlilov, Səadət Qarabağlı),
"Üzeyirbaycan" adlı şeirlər və poemalar
toplusu, "Üzeyir bəy Hacıbəylinin
publisistikasında musiqi məsələləri" (l, ll, lll
nəşrlər), "Üzeyir bəy Hacıbəyov və
"Molla Nəsrəddin" (tərtibçilər: Tahir
Aydınoğlu, Səadət Qarabağlı)
kitablarını, "Ustadı xatırlarkən..." SD-ni
(hazırlayanlar: Səadət Qarabağlı, Gülbəniz
Hüseynli) ərsəyə gətirmişəm. Bunlar
yalnız Üzeyir bəy Hacıbəyli ilə bağlı
olan fəaliyyətimdir. Əlbəttə ki, başqa
yaradıcılıq işlərim də mövcuddur.
- Üzeyir bəyə ermənilərin təzyiqləri
barədə nələr deyə bilərsiniz?
-Allah-Təala tərəfindən
Azərbaycan xalqına ərmağam edilən Üzeyir bəy
Hacıbəyliyə ermənilər tərəfindən hər
zaman təzyiqlər olub. Çünki onun dahiliyini
qaragüruh varlıq həzm edə bilmirdi. Hər vəchlə
onu aradan götürməyə
çalışırdılar. Hələ 1905-cü ildə
Ü. Hacıbəyli Qori Müəllimlər
Seminariyasını bitirdikdən sonra dərs dediyi Hadrut kəndində
yaşayan ermənilər ona qəsd etmək istəyiblər.
Bundan duyuq düşən kəndin azərbaycanlı sakinləri
Üzeyir bəyi gecə ikən at belində Yevlaxa apararaq, onu
qatarla Bakıya yola salıblar. Bakıda
çalışdığı dönəmlərdə də
ermənilər Üzeyir bəyə sui-qəsd etmək istəyiblər.
Hətta 1918-ci il hadisələri zamanı dahi bəstəkarın
evi (hazırkı ev -muzeyinin binası) erməni quldurları tərəfindən
gülləbaran edilib. Xoşbəxtlikdən Üzeyir bəyə
xətər toxunmayıb.
Gözəgörünməz müqəddəs əl,
eləcə də Nəriman Nərimanov, Mir Cəfər
Bağırov kimi Azərbaycanın rəhbərləri onu hər
türlü bəlalardan qoruyublar. Amma 1939-cu ildə erməni
musiqiçilərinin SSRİ xarici işlər naziri Molotovun
adına göndərdikləri şər və böhtan dolu
teleqram incə qəlbli, həssas duyğulu sənətkarın
səhhətinə hədsiz dərəcədə pis təsir
edib və o, şəkərli diabet xəstəliyinə
düçar olub. Bu azmış kimi Osipyan soyadlı erməni
həkim Üzeyir bəyi müalicə etməyə təhkim
edilib. O, da Ü. Hacıbəyliyə bilərəkdən
düzgün diaqnoz qoymadan insulin iynəsi təyin edib və
ciddi pəhriz saxlamağı “məsləhət” görüb.
Bunun nəticəsində Üzeyir bəy bir ayda 18 kilo çəki
itirib, orqanizmi zəifləyib və ürəktutmaları
başlayıb. Bunu görən Azərbaycanın dövlət
və hökumət rəhbərləri Üzeyir bəyi
müalicə üçün Yessentukiyə, sonra Moskvaya
göndəriblər. Stalinin göstərişi ilə Üzeyir
bəy Hacıbəyli Kreml xəstəxanasına yerləşdirilib,
orada da müayinə edilib və müalicə alıb. Lakin
bütün bunların heç bir xeyri olmayıb.
Çünki oradakı həkimlərin də təsdiq etdikləri
kimi dahi bəstəkarımız Bakıda erməni həkim tərəfindən
düzgün müalicə olunmamışdı. Bu da unudulmaz
sənətkarımızın 63 yaşında
dünyasını dəyişməsinə səbəb olub.
Yəni, erməni xisləti öz işini görüb.
-Sizdən başqa bu gün Azərbaycanda Üzeyir
Hacıbəylinin irsini araşdıranlar varmı?
-Bilirsiniz, Üzeyir Hacıbəyli haqqında kitablar,
dissertasiyalar, məqalələr yazanlar var. Amma bütün həyatlarını
Üzeyir bəy irsinin araşdırılmasına həsr edənləri
görmürəm. Ona görə də ad çəkməkdə
çətinlik şəkirəm.
-Səadət xanım, bu yubileyə sizin hədiyyəniz
nə olacaq?
-Qismət olsa, sənət dühamızın həyat
və fəaliyyətinin müxtəlif sahələrindən
bəhs edən kitab çap etdirmək niyyətindəyəm.
-Yeri gəlmişkən, sənətsevərlər
sizi həm də Üzeyir bəyin mənəvi qızı
adlandırırlar. Bunu sizə verilən dəyər kimi qiymətləndirmək
olarmı?
-Bu, sənətsevərlərimizin,
ziyalılarımızın mənə verdikləri çox
böyük dəyərdir. İnanın, bunu tam səmimiyyətimlə
deyirəm, Üzeyir bəyin mənəvi qızı
adlandırılmağım mənim üçün həm
böyük şərəfdir, həm də bütün fəxri
adlardan, elmi dərəcələrdən və müxtəlif
titullardan qiymətlidir. Buna görə Allahıma və bu ada
məni layiq bilənlərə minnətdaram.
Ömrümün sonuna kimi bu şərəfli adı qoruyub
saxlamağa çalışacağam.
Qvami Məhəbbətoğlu
İki sahil .- 2025.- 2 iyul (¹111).- S.8.