Milli Kitabxanada “Naxçıvan.
Biblioqrafiya” kitabının təqdimatı olub
İyulun 3-də “Naxçıvan Muxtar
Respublikasının yaradılmasının 100 illik yubileyinin
qeyd edilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamına
müvafiq olaraq Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə
birgə nəşr etdiyi “Naxçıvan. Biblioqrafiya”
kitabının təqdimatı keçirilib.
Bu barədə AZƏRTAC-a Milli Kitabxanadan məlumat
verilib.
Bildirilib ki, tədbirdə Milli Kitabxananın direktoru
professor Kərim Tahirov çıxış edərək Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar
Respublikası (MR) haqqında nəşr olunmuş
biblioqrafiyanın ölkəmizin bu qədim diyarı
haqqında ilk fundamental biblioqrafiya kitabı olduğunu diqqətinə
çatdırıb.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov
çıxışında 100 illik dövrü və 10 mindən
artıq mənbəni əhatə edən biblioqrafik nəşrin
Naxçıvanın və Azərbaycanın tarixi, mədəniyyəti
haqqında tədqiqat aparan hər kəs üçün
vacib elmi mənbə rolunu oynayacağını söyləyərək
bu münasibətlə Milli Kitabxananın kollektivini təbrik
edib.
Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti, akademik İsa Həbibbəyli bu biblioqrafiyanın
sanballı, mükəmməl və professional şəkildə
hazırlandığını vurğulayıb. Bu kitabı Azərbaycan
elminə və mədəniyyətinə dəyərli hədiyyə
kimi qiymətləndirən akademik onun Milli Kitabxananın bu
günədək nəşr etdiyi biblioqrafiyaların ən
sanballısı və geniş əhatəlisi olduğunu
xüsusi vurğulayıb.
Tədbirdə Milli Məclisin deputatları Fazil Mustafa,
Vüqar Rəhimzadə, Asif Əsgərov, Azərbaycanda
Atatürk mərkəzinin direktoru, akademik Nizami Cəfərov,
Naxçıvan Muxtar Respublikasının Bakı nümayəndəliyinin
rəhbəri Bəxtiyar Əsgərov, Mətbuat
Şurasının sədri Rəşad Məcid, YAP Səbail
Rayon Təşkilatının sədri Muxtar Nağıyev,
Prezidentin İşlər İdarəsinin Prezident
Kitabxanasının direktoru professor Afət Abbasova, Azərbaycan
Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə
Hüseynova, Bakı Dövlət Universitetinin İnformasiya və
sənəd menecmenti fakültəsinin kafedra müdiri, dosent
Nadir İsmayılov və başqaları
çıxış edərək Naxçıvanın Azərbaycanın
qədim dövlətçilik tarixində, milli kimliyimizin
qorunmasında oynadığı mühüm rolundan ətraflı
bəhs edərək “Naxçıvan. Biblioqrafiya”
kitabının elmi, siyasi əhəmiyyətindən, mənəvi
dəyərindən söhbət açıblar. Biblioqrafiya
kitabının elmi-mədəni ictimai fikir tariximizdə
unudulmaz, müstəsna tarixi hadisə olduğunu söyləyiblər.
Sonra Azərbaycan Milli Kitabxanasının əməkdaşları
tərəfindən hazırlanan “Naxçvan Muxtar Respublikası-100”
adlı elektron məlumat bazasının təqdimatı olub.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər
https://anl.az/el/emb/Naxchivan-100/index.html linkindən istifadə edə
bilərlər.
Qeyd edək ki, Naxçıvan MR-in yaranmasının
100 illiyi münasibətilə tərtib olunmuş ilk fundamental
biblioqrafiyada muxtar respublikanın tarixi, iqtisadiyyatı, kənd
təsərrüfatı, təbii sərvətləri,
sosial-siyasi mühiti, təhsil və səhiyyə sahəsi, mədəniyyəti,
ədəbiyyatı və b. mövzularda kitablar, dövri mətbuatda,
dərsliklərdə, məcmuələrdə çap
olunmuş zəngin materiallar öz əksini tapıb.
İki sahil .- 2025.- 4 iyul (¹112).- S.6.