Qərbi Azərbaycan
etnotoponimikası: Böyük Qayıdışa elmi töhfə
Prezident İlham Əliyevin müdrik rəhbərliyi
ilə xalqımızın Vətən müharibəsindəki
möhtəşəm və şanlı qələbəsindən
sonra işğaldan azad edilmiş ərazilərimizə
Böyük Qayıdış Proqramı həyata
keçirilməyə başlanmışdır. Bu məsələnin
uğurla həllindən sonra artıq azərbaycanlıların
əzəli vətəni olan Qərbi Azərbaycana
Qayıdış missiyası da özünün
aktuallığı ilə diqqət mərkəzinə gəlmişdir.
Məhz bu milli missiyamızın həyata keçirilməsi
mücadiləsində bütün sahələrin adamları
ilə bərabər, elmi ictimaiyyətin də üzərinə
vacib, əhəmiyyətli vəzifələr
düşür. Qərbi Azərbaycana qayıdış
missiyası əsasında elmi töhfələrdən biri
olaraq filologiya elmləri doktoru, professor Könül Səmədovanın
müəllifi olduğu “Qərbi Azərbaycan etnonimlərinin
arealları” adlı əsəri də yüksək dəyərləndirmək
olar. Monoqrafiyanın elmi redaktoru Qərbi Azərbaycan
İcmasının aparıcı nümayəndələrindən
olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr
üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə
Hüseynovadır. Əsərin çapına professor
İbrahim Bayramov, professor Aslan Bayramov, dosent Könül Həsənova,
Qərbi Azərbaycan ziyalılarından olan Mirzə
Hüseynov rəy vermişlər. Əsərin ilk səhifələrində
bütün həyatını Azərbaycanın birliyi,
bütövlüyü və müstəqilliyi yoluna həsr
edən, Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin və Ulu Öndərin müdrik vəsiyyətini reallaşdıran,
Azərbaycanı yeni dünyaya suverenliyi, güclü dövlətçiliyi
və qüdrətli diplomatiyası ilə daşıyan, Azərbaycanın
şanlı Zəfərinin müəllifi cənab Prezident
İlham Əliyevin mövzu ilə əlaqədar müdrik
fikirləri yer almışdır.
Əsərdə diqqət çəkən
nüanslardan biri onun Azərbaycan elmi və ictimai fikrinin
görkəmli nümayəndələrindən olan professor və
ictimai xadim Həsən Mirzəyevin əziz xatirəsinə
ithaf olunmasıdır. Professor Həsən Mirzəyev məşhur
“91-lər”dən biri olmaqla bərabər, Azərbaycan elminin fəxrlə
bəhs etdiyi böyük dilçi alimlərindən,
özü də Qərbi Azərbaycandan olan
alim-ziyalılarından biri, həm də ağsaqqalı idi.
Professor Həsən Mirzəyev, həmçinin Qərbi Azərbaycan
toponimiyası, tarixi, mədəniyyəti, etnoqrafiyası, ədəbiyyatı
və s. istiqamətlərini araşdıran ustad müəlliflərdəndir.
Professor Mahirə Hüseynova kitabın “Ön söz”ündə
də yazıldığı kimi, “Müasir dövrdə Ermənistan
ərazisindəki türk mənşəli etnotoponimlərin tədqiqi
daha vacib məsələ olub, təkcə elmi
aktuallığı ilə deyil, siyasi əhəmiyyəti
baxımından da son dərəcə vacibdir. Onomastik vahidlər,
xüsusən də etnotoponimlər dil tarixi ilə
bağlı qiymətli mənbədir. Onlar xalqın qədim
yaşayış məskənini müəyyənləşdirmək,
bu ərazidə baş vermiş
ictimai-siyasi hadisələri qiymətləndirmək, həmin
hadisələrin səbəb və köklərini
aydınlaşdırmaq, həqiqəti üzə
çıxarmaq üçün
faktlar kimi dəyərlidir”. Bu baxımdan 581 səhifəlik
genişhəcmli və rəsmli bu əsər Qərbi Azərbaycana
qayıdış aktının aktuallıq
qazandığı bir zamanda özünün elmi və ictimai
əhəmiyyəti ilə xüsusi rəğbət
qazanır. Əsərin əvvəlində yer almış Qərbi
Azərbaycanın Dərələyəz elindən olan şairə Mahirə
Nağıqızının “Keçəydim”
başlıqlı şeirinin məzmununda da
bütövlükdə Azərbaycan xalqının, qərbi
azərbaycanlıların doğma vətənə
qayıdış haqda ümid və inamları əks
olunmuşdur.
Haqqında bəhs olunan monoqrafiya üç fəsildən
ibarətdir. Əsərin birinci fəslində ümumi şəkildə
Ermənistan adlı dövlətin ərazisinə
çevrilmiş əzəli Azərbaycan torpaqlarında
türk mənşəli etnotoponimlərin mənzərəsi
yaradılmışdır. Müəllif əsərin bu fəslində
ciddi və çoxsaylı mənbələrə istinadən
hazırda Ermənistan ərazisi olan əzəli Azərbaycan
torpaqlarında mövcud genonim və etnotoponimlər barədə danışaraq
onların mənzərəsini yaratmağa
çalışmışdır. Alim məhz bu etibarlı mənbələrin
və aparılan ciddi elmi təhlillərin nəticəsi
olaraq ümumiləşdirərək təqdim etmişdir ki,
“Qərbi Azərbaycan ərazisinin müasir
toponimiyasındakı 4600-dən çox olan coğrafi
adın təxminən 70 faizi tayfa və ya tayfa
başçıları adları ilə bağlı meydana gəlmişdir”
(s.41). Bu və bu kimi yüzlərlə tədqiqat və elmi
tezislər bir daha təsdiq edir ki, türkmənşəli
toponimlərin əsasını daha çox etnotoponimlər təşkil
edir: müəyyən yer, ərazi, yurd adları türk tayfa adları ilə
bağlı olmuşdur. Hətta
bu günə qədər çox uğursuzca
saxtalaşdırılaraq erməniləşdirilməyə
çalışılmış bir sıra yer
adlarının tərkibində türk mənşəli
leksik vahidlərdən utanmazlıqla istifadə edilmişdir.
Bunun da bir səbəbi erməni dilinin leksik tərkibinə
qatılmış məhz türk söz və ifadələri
ilə əlaqədar olmasındadır. Ermənilər tərəfindən
türk dilindəki söz və ifadələrin alınıb
işlənməsi, səthi dəyişikliyə məruz qalmasına
baxmayaraq, türkmənşəliliyini qorumuş və
aydın şəkildə nümayiş etdirmişdir. Müəllif
müəyyən elmi metod və üsullara söykənərk
toplanılan türkmənşəli etnotoponimlərin onomastikonunu konkret siyahı şəklində
təqidm etmişdir. Müəllifin göstərdiyi faktlara əsasən,
Qərbi Azərbaycanda, indiki Ermənistan ərazisində minlərlə
türkmənşəli toponim, o cümlədən Abana,
Abaran, Abdallar, Avan, Avaran, Abnik, Avdal, Ağdan, Avşar,
Ağvanı, Azaklar, Aydınlı, Aynalı, Ayrım, Aran,
Axıs, Axta, Aşağı Qaraqoyunlu, Baburlu, Bayan, Bayat,
Batar, Becini, Bəydili, Bəlqər, Bozcalı, Qavar, Qaqauz,
Qayalı, Qanlı, Qanlıca, Qazançı, Qarabağ,
Qaradağlı, Qaraqoyunlu, Qaralar, Qarğalı,
Qıpçaq, Qurtlar, Əlincə, Zoğallı, İydəli,
İlanlı, Yaycı, Kayalı, Kəmərli,
Muğanlı, Sallı, Sarvanlar və başqa bu səpkidən
olan yüzlərlə toponim göstərilmiş və tədqiq
edilmişdir.
Əsərin ən əsas, ciddi və təhlil
ağırlıqlı hissəsi ikinci fəsildir. “Qərbi Azərbaycanın
türk mənşəli etnotoponimlərinin areallıq
xüsusiyyətləri və yayılma arealları” adlanan bu fəsildə
“Aban, Abar, Abbas, Abdal, Ayrum, Əfşar, Bayandur, Bayat, Kazan,
Karkın, Kabar, Qaşqar, Kuşi, Kuyərçi, Muğan,
Çul” əsaslı etnotoponimlər ayrı-ayrı
paraqraflar daxilində elmi cəhətdən tədqiq və təhlil
edilmişdir. Əsərdə heç bir təəssübkeşliyə
yol verilmədən yalnız real faktlar və elmi arqumentlər
əsasında fikir və nəticələr
çıxarılmış, tezislər səsləndirilmişdir.
Əsərin üçüncü fəslində qeyd
edilən türkmənşəli etnotoponimlərin struktur,
fonetik, leksik-semantik və qrammatik xüsusiyyətləri
araşdırılmışdır ki, bu da sözlərin mənşə,
etnogenez etibarilə mənsubiyyətinə qərar vermək
baxımından qəbul edilmiş elmi üsul və ya
metoddur. Məhz bu təhlillər vasitəsilə birmənalı
şəkildə sübut və təsdiq olunur ki, adları
çəkilən, haqlarında bəhs edilən etnotoponimlər
məhz linqvistik xüsusiyyətlərinə, etnogenetik əlamətlərinə
görə türkmənşəlidir və Azərbaycan
xalqına aid yer-yurd adlarıdırlar.
Monoqrafiyanın əhəmiyyətini artıran, onun
ictimai təsir gücü və beynəlxalq əhəmiyyətini
yüksəldən faktorlardan biri onun müxtəlif dilləri
əhatə etməsindədir. Burada materiallar türk, rus və
ingilis dillərində də təqdim edilərək oxuculara
çatdırılmışdır. Bu da imkan vermişdir ki,
ciddi elmi tezislərlə zəngin olan monoqrafiyanın
yayılma arealı daha da genişlənsin, dil, xalq və
ölkə miqyası etibarilə daha geniş oxucu kütləsi
və ölkəni əhatə etməyə müvəffəq
ola bilsin. Əsərin sonunda yığcam, rəngli şəkillərlə
Qərbi Azərbaycan ərazisində olan bir sıra yer-yurd
adlarının yer alması və izahedici şəkildə təqdim
edilməsi əsərin təbliğati gücü və elmi əhəmiyyətinə
daha da qüvvət qatmışdır. Burada müəllif erməni
mənbələrinin saxtalaşdıraraq ermənimənşəli
olaraq təqdim və təhlil etməyə, ictimaiyyətə
sırımığa çalışdıqları bəzi əhəmiyyətli
toponimlərin türkmənşəlilik xüsusiyyətlərini
oxucuların diqqətinə çatdırmışdır.
Qoşavəng monastrı, Dədəli körpüsü,
Ağudi abidəsi, Yenivəng monastrı, Gərni qalası
qalıqları, Çırpılı karvansarayı, Sivəng
qalası, Qanlıca məbədi, Ağbat məbədi, Tatev
məbədi, Ələyəz kilsəsi, Üçkilsədəki
Arman-türk məbədi və başqa tarixi-mədəni əhəmiyyətli
abidələr haqda şəkillər əsasında izah və
şərhlər verilmişdir.
Əsər Azərbaycan elmi ictimaiyyəti
üçün əhəmiyyəti və töhfələrilə
nəzər diqqəti cəlb edir. Əsər həm mütəxəssislər
– dilçi və tarixçi alimlər, tələbələr,
müəllimlər üçün, həm də geniş
oxucu kütləsi üçün əhəmiyyətə
malikdir. Çünki bu əsərdə məhz Vətən
haqqında, Ermənistanda qalan vətən torpaqları, abidələri,
toponimləri, onomastik vahidləri haqqında bəhs
olunmuşdur. Müasir dövrdə Qərbi Azərbaycana
qayıdış missiyasının həyata keçirilməsi
prosesində elm adamlarının bu sahədə ortaya qoya
bildikləri müvəffəqiyyətli addımlardan biri kimi
bu əsər xüsusi dəyərə və elmi çəkiyə
malikdir.
Zülfiyyə İsmayıl,
Ramiz Qasımov
AMEA Naxçıvan Bölməsinin dosentləri
İki sahil .- 2025.- 9 iyul (¹116).- S.6.