“İki sahil”: Sözün gücünə söykənən
mətbuat ocağı
İki sahil-34
Bu qəzetin adı kimi, özü də iki sahili birləşdirir
– keçmişlə gələcəyi, ənənə ilə
yeniliyi, təcrübə ilə enerjini…
Bəzən bir ünvan təkcə bir insanın həyat
yoluna deyil, bütöv bir nəslin taleyinə işıq
saçır, istiqamət verir, ilham mənbəyi olur. Mənim
həyatımda isə belə
bir ünvan mənə mətbuatın ruhunu, sözün məsuliyyətini
və jurnalistikanın əzmini aşılayan bir ocaq- “İki
sahil” qəzeti oldu. Keçmişlə gələcəyin,
sözlə ruhun, gəncliklə təcrübənin
arasında bir körpü var – adı “İki sahil”dir. Bu qəzet
təkcə xəbərin deyil, həm də ruhun mərkəzi,
gənc qələmlərin sığınacağı,
vicdanlı sözün ünvanıdır. Gənc jurnalist
olaraq, mənim əmək yolum
da bu sahildən başladı…
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini
bitirdikdən sonra bir qədər tərəddüdlü
addımlarla mətbuat aləminə qədəm qoyduğum
dövrdə “İki sahil” qəzeti mənim üçün
sadəcə bir iş yeri
olmadı, ruhuma, qəlbimə və yazı dilimə
toxunan ilk ünvana çevrildi. Mənim jurnalistika hekayəmin
ilk sətirləri məhz bu redaksiyanın divarları
arasında yazılıb. Burada qələmin məsuliyyətini,
sözün gücünü, həqiqətə sədaqəti
öyrəndim. Redaksiyanın qapısından ilk dəfə
daxil olduğum günün təsiri bu gün də xatirimdən
silinmir. O gün içimdə yaranan doğmalıq hissi məni
bu sahəyə bağladı, inamımı möhkəmlətdi,
qələmimi qorxmadan əlimə almağa güc verdi.
Bu gün 34 yaşını
qeyd edən “İki sahil” qəzeti ölkəmizin
müstəqillik tarixi ilə paralel inkişaf etmiş, Azərbaycan
mətbuatında özünəməxsus yer
qazanmışdır. 1991-ci ilin 10 iyulunda, hələ Azərbaycan
müstəqilliyini bərpa etməmişkən nəşrə
başlayan qəzet mürəkkəb dövrdə cəsarətli
addımlar ataraq müstəqil fikir tribunası kimi
formalaşdı.Zamanın çağırışlarına
cavab verərək daim yenilənən “İki sahil” bu gün də
oxuculara etibarlı, obyektiv və qərəzsiz informasiya təqdim
etməyi qarşısına məqsəd qoyur. Tarixi Zəfərimiz,
işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq
işləri, Prezident İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti qəzetin
səhifələrində dolğun və analitik şəkildə
əks olunur.Ulu Öndər Heydər Əliyevin “İki sahil”ə
verdiyi yüksək dəyər kollektivimizin bu gün də əsas
yol göstəricisidir. Qəzet dövlətə və
dövlətçiliyə xidmət missiyasını davam
etdirərək qalib Azərbaycanın yeni hədəflərinə
informasiya körpüsü ilə töhfə verməyə
davam edir. “İki sahil” – sözün gücünə arxalanan,
milli maraqlara xidmət edən mətbuat ünvanıdır.
Bu qəzet sadəcə
bir informasiya vasitəsi yox, əslində bir məktəb, bir
ideya platforması, bir güvən ocağıdır. Bu qəzetin
redaksiya masaları arxasında neçə-neçə istedadlı
gəncin yazısı yoğruldu, fikri cilalandı, cəmiyyətdə
səslənən sözə çevrildi. Özünün
34 illik tarixində “İki sahil” təkcə ölkəmizdə
baş verən ictimai-siyasi hadisələrin güzgüsü
olmaqla kifayətlənməyib, həm də yüzlərlə
gəncin qələm sahibinə çevrilməsində,
peşəkar mətbuatın prinsiplərinə yiyələnməsində
mühüm rol oynayıb. Mən də bu dəstəyin
canlı şahidi və real örnəyiyəm.
“İki sahil”in təməlində
bir amal dayanır: Sözə və həqiqətə sədaqət.
Məhz bu amal qəzeti cəmiyyətin güvən
ünvanına çevirdi. Oxucu bu qəzetdə yalnız xəbəri
deyil, həm də düşüncəsini, mövqeyini,
vicdanını tapır. Bu mətbuat orqanı
üçün obyektivlik, vətənpərvərlik, peşəkarlıq
və milli dəyərlərə sadiqlik sadəcə
şüar deyil, gündəlik fəaliyyətin ayrılmaz
prinsipləridir.
“İki sahil” 34 illik tarixi ərzində təkcə cəmiyyətin
informasiya tələbatını ödəmək
missiyasını yerinə yetirmədi. O, eyni zamanda, gənclərin
səsini eşidən, onları dinləyən, yönləndirən
və yetişdirən bir məktəbə çevrildi.
Müstəqillikdən öncəki çətin dövrlərdə
yaranan bu qəzet, ilk gündən etibarən çətinliklərdən
qorxmadan sözün və həqiqətin keşiyində
dayanmağı qarşısına məqsəd qoydu. Bu qətiyyət,
bu əqidə zamanla gənclər üçün bir örnəyə
çevrildi. Onlar gördülər ki, sözlə də
döyüşmək, sözlə də qalib gəlmək
mümkündür. Bu qəzetdə gəncliyin enerjisi ilə
yaşlı nəslin təcrübəsi vəhdət təşkil
edir. İllərdir ki, “İki sahil”də çalışan
peşəkar jurnalistlər gənc həmkarlarına yol
göstərir, onları təkcə yazmağa deyil, həm də
vicdanla yazmağa, məsuliyyətlə xidmət etməyə
öyrədirlər. Bu vəhdət qəzetin ruhunda da hiss
olunur – hər sətirdə, hər mövzuda, hər
reportajda... Bu vəhdət – yəni, gənclərin dinamizmi ilə
təcrübəli jurnalistlərin müdrikliyi arasında
qurulan körpü – “İki sahil”in uğurunun əsas rəmzlərindən
biridir. Qəzetin səhifələrində gənc qələm
sahiblərinin fikirlərinə geniş yer verilməsi,
onların təşəbbüslərinin dəstəklənməsi
medianın gələcəyi naminə atılmış ən
uğurlu addımlardandır.
“İki sahil”in qapısı həmişə gənclərə
açıq olub. Jurnalistika yoluna yenicə qədəm qoyan hər
bir gənc burada sınaqdan çıxır, püxtələşir,
özünü tapır. Qəzetin redaksiya mühiti gənclərə
təkcə peşəkarlıq deyil, həm də vətənpərvərlik,
milli-mənəvi dəyərlərə bağlılıq, məsuliyyət
və dürüstlük kimi əxlaqi dəyərləri də
aşılayır. Mənim kimi onlarla gənc bu mətbuat məktəbindən
keçib və onlardan bir çoxu artıq bu gün müxtəlif
informasiya məkanlarında “İki sahil”in yetirməsi olaraq
tanınır.
Zaman dəyişir, texnologiyalar inkişaf edir, oxucu tələbləri
fərqlənir. Amma “İki sahil”in gənclərə göstərdiyi
dəstək və etimad dəyişməz olaraq qalır. Bu qəzetin
gənclərə açdığı yol, bəxş etdiyi
imkanlar Azərbaycan jurnalistikasının gələcəyini
formalaşdırır. “İki sahil”in yetirməsi olaraq mən
də qürur hissi ilə deyirəm
– bu məktəb mənə jurnalistikanın əsl mənasını,
dövlətə, xalqa, oxucuya xidmətin nə olduğunu
öyrətdi. Biz gənclər “İki sahil” ailəsinin bir
üzvü olmaqdan və bu yolun davamçısı olmaqdan
qürur duyuruq. Çünki “İki sahil” gəncliyin güvən
ünvanı, sözə və həqiqətə sadiq qalan
vicdanlı qələmlərin evidir.
Qələmi əlinə alan gənc bir insan
üçün bu qəzet həm məktəb, həm də
həyat dərsliyidir. Bu gün illər sonra geriyə baxanda
görürəm ki, “İki sahil” mənim həyatımda
yalnız bir peşə yolu açmayıb. O, mənə bir
mədəniyyət verib – söz mədəniyyəti,
davranış mədəniyyəti, məsuliyyət mədəniyyəti.
Bu qəzetin verdiyi təcrübə sadəcə jurnalistikada
deyil, həyatın bütün sahələrində
özünü göstərir. Mən bu qəzetin bir
parçası olduğum üçün qürur duyuram.
“İki sahil” mənim üçün sözə hörmətin,
əqidəyə sədaqətin və cəmiyyət
qarşısında vicdani məsuliyyətin simvoludur. Mən
bu məktəbdə yazmağı deyil, yaxşı
yazmağı öyrəndim. Sadəcə, sözləri
düzümə gətirməyi yox, düşündürməyi,
ruhlandırmağı, dəyişdirməyi öyrəndim.
Hazırda mən də fəaliyyətimin önəmli
bir hissəsini gənclərə dəstəyə həsr
edirəm. Redaksiyada çalışdığım müddətdə
işimin mühüm istiqamətlərindən biri gənclərlə
apardığım müsahibələrə, onların səsi
olmağa, düşüncələrini cəmiyyətə
çatdırmağa yönəlib. Həmin müsahibələr
vasitəsilə gənclərin arzularını,
narahatlıqlarını, dünyagörüşlərini, həyata
baxış bucaqlarını dinləyir, onları cəmiyyətə
daha yaxından tanıtmağa çalışıram. Bu
proses mənim üçün sadəcə jurnalistika fəaliyyəti
deyil – bu, eyni zamanda, gənclərin səsini eşitdirmək,
onları görünən və dəyərləndirilən
fərdlərə çevirmək kimi mənəvi bir
missiyadır.
Müşahidələrim göstərir ki, bu gün
gənclərin əksəriyyəti özlərini ifadə edə
bilmək üçün dürüst və güvənli
bir platforma axtarır. “İki sahil” isə onlara bu imkanı
yaradır – onların sözünə dəyər verir, fikirlərinə
tribuna açır, yazılarına yer ayırır. Bu qəzet
gənclərin yalnız fikirlərini
işıqlandırmır, həm də onların
potensialına inandığını göstərir. Mən
bu prosesi yalnız kənardan müşahidə etmədim, onun
canlı iştirakçısına, hətta körpü
rolunu oynayan bir vasitəçisinə çevrildim.
Gənclərin uğurlarında öz töhfəmi
görmək, bir yazımın onların həyatına
işıq saldığını hiss etmək – mənim üçün təkcə
peşə borcu deyil, həm də vicdani və mənəvi məsuliyyətdir.
Hər bir dərc olunmuş fikir, hər bir
işıqlandırılmış hekayə onların cəmiyyətə
inteqrasiyasına daha bir addım yaxın olmaq deməkdir. Və
mən bu addımların atılmasında iştirak etməyimdən
qürur duyuram.
“İki sahil”, eyni zamanda, cəmiyyətin aynası,
xalqın düşüncə platformasıdır. Bu qəzetin
səhifələrində gənclərin, ziyalıların,
alimlərin, sənət adamlarının səsi əks-səda
tapır. O, daim yeni nəslə yol göstərir, onların
fikirlərini sərbəst ifadə etməyə
ruhlandırır. Bu isə jurnalistikanın cəmiyyətə
verdiyi ən böyük töhfədir. “İki sahil” var olduqca, gənclik
öz sözünü deməyə davam edəcək.
Çünki bu qəzetin adı kimi, özü də iki
sahili birləşdirir – keçmişlə gələcəyi,
ənənə ilə yeniliyi, təcrübə ilə
enerjini. Bu birliyin isə mətbuatda yaratdığı harmoniya
hər yeni nəsil üçün ümid və güvən
ünvanıdır.
İyulun 10-da 34 yaşını qeyd edən “İki
sahil” qəzetinin yubileyi ərəfəsində dayanarkən,
bizi qarşıda daha bir əlamətdar hadisə gözləyir
– Azərbaycan milli mətbuatının 150 illik yubileyi. Bu iki
simvolik tarix yalnız keçilən yolun qürurunu deyil, həm
də bu yolu davam etdirən biz jurnalistlərin üzərinə
düşən məsuliyyəti xatırladır. Hər iki
tarix bizə göstərir ki, mətbuat daim yenilənməli,
daha obyektiv, çevik və milli maraqlara xidmət edən bir
mövqedə dayanmalıdır. Bu isə əzm, ruh və Vətənə
sədaqət tələb edir. Azərbaycan mətbuatının
150 illik salnaməsində 34 illik fəaliyyəti ilə
seçilən “İki sahil” qəzetinin gənc bir nümayəndəsi
olmaq mənim üçün bu, təkcə peşə
seçimi deyil. Bu, həm də cəmiyyətə, sözə
və həqiqətə xidmət borcudur. Bu yol – üzərinə
məsuliyyət, içində isə dərin bir etimad və
əqidə yükü daşıyan bir yoldur. Və mən
bu yolun yolçusu olmaqdan böyük fəxr və qürur
hissi duyuram.
Əziz “İki sahil” ailəsi!
Ötən 34 il ərzində Azərbaycan mətbuatının
inkişafında qazandığınız möhtəşəm
nailiyyətlər münasibətilə sizi səmimi-qəlbdən
təbrik edirəm!
Bu ailənin bir gənc üzvü olaraq qürurla
deyirəm ki, “İki sahil” mənim həyatımda yalnız
jurnalistika yolunu deyil, həm də ruhumu, düşüncəmi
və əqidəmi formalaşdıran məktəb olub.
Hər birinizə təşəkkür edir, bu müqəddəs
yolda sizə yeni yaradıcılıq uğurları, sözə
və həqiqətə sədaqətlə dolu uzun və sağlam ömür
arzulayıram!
Yaqut Ağaşahqızı
İki sahil .- 2025.- 10 iyul (¹117).- S.6.