Aydınlarımızdan
biri də Aydın Quliyevdir!
Xasiyyətimdi...dostları düşünəndə
özüm də bilmədən qapını döyən
xatirələrin bir ucundan tutub yola çıxıram. Və
düşünmürəm ki, bu yol harda bitəcək.
Özüm özümdən baş götürüb gedirəm
bu yolla. Nə məqsədimi, nə də hara getdiyimi demədən-bildirmədən
dərələr-təpələr keçirəm. Dəmir
çarıq geyinmiş dərvişlər kimi yolda yorulmaq,
bezmək, ya da hardansa geri dönmək,
peşmançılıq yaşamaq gəlmir ağlıma.
Çünki xatirələr mənim təkcə dünənim
deyil, həm də sabahıma körpüdür. Mən o
körpüdən kimlərin keçəcəyini bilmirəm.
Ancaq ümidliyəm ki, kimsə keçəcək o
körpüdən. Çünki xatirələrimin həm
şahidləri var, həm də
iştirakçıları... Deməli, o körpü mütləq
keçiləcək. Amma ona qədər…
Bəli, biz hər gün
qarşılaşırıq, hər gün də
sarılırıq bir-birimizə. Ona görə ki, bizim
ötən əsrin 80-ci illərindən başlayan bir həyatımız,
daha doğrusu, bir ömür payımız var. O ömür
payının fəsillərini mən öz içimdə belə
adlandırmışam: tələbəlik - bu mənim
üçün yaz fəslidir. 90-cı illər - bu,
ömrün yayıdır. 2000-ci illərin ilk onluğundan
sonrakı zaman kəsiyi-artıq payızdır. Bizdən
asılı olmadan gələn payız. Kimsə bu
bölgüyə öz arşını ilə qıymət
verib qınaya bilər. Bu, onların özəl
haqqıdır. Lakin mənim üçün gerçək
olan budur. Bizim tələbəlik illərimiz təkcə
qanımızın coşğun dövrü deyildi, həm də
ömrümüzün ümidli çağı idi. Hər
birimiz ayrı-ayrılıqda cəmiyyətdə
tutacağımız yeri xəyal etmişdik. Az qala o yerdə
özümüzü artıq hiss edirdik. Lakin 90-cı illər
dəyişdi hər şeyi. Təkcə bizlərin yox,
bütün ölkənin həyatı dəyişdi. Gəncliyimiz
meydanlarda, səngərlərdə, iş
axtarışında, çörək sorağında, təbii
ki, həm də sığınacaq aramaqda idi. Şəxsən
mən vətəndə vətənsiz yaşayırdım.
Beləcə davam edirdi ömrümüz. Ona görə də
bir-birimizdən xəbər tutmaq, bir-birimizin hayına
çatmaq, yanında olmaq yuxu kimi gəlirdi adama. Yuxular isə
həmişə çin olmur axı…
Həyat bizim hər birimizi öz axarına alıb
atmışdı müxtəlif səmtlərə. Mən
Qarabağsız qaldığım üçün daha
ağırlı, daha ümidsiz bir durumda idim. Ona görə də
özümə çəkilib, necə deyərlər,
gözümü özümə yığıb yazı-pozu
ilə təsəlli tapmağa çalışırdım.
Bax onda yenidən qarşılaşdıq tələbəlik
illərimin şahidlərindən və həm də
sayğılı təmsilçilərindən biri olan
Aydın bəylə.
"Azərbaycan" nəşriyyatında
üz-üzə gəldik, bir anlıq baxışdıq.
Sonra sıxdıq bir-birimizin əlini. Elə bil ki, dövlət üniversitetinin
yataqxanasında görüşürdük. Və 80-ci ilin tələbələri
idik…
Mən Qarabağda doğulmuşam, Aydın bəy
Naxçıvanda. Amma hər ikimiz eyni yanğı ilə,
eyni təlaşla həm Qarabağda, həm də
Naxçıvanda ermənillərin törətdiyi cinayətllərdən
üzülür, onların cavabının veriləcəyi
anı gözləyirdik. Bu səbəbdən də hər
görüşümüzün mövzusu yalnız Vətən
idi, Torpaq idi. Və bir də təbii
ki, tələbəlik xatirələrimiz… İndinin
özündə də o xatirələrin orbitindən, əhatə
dairəsindən çıxa bilmirik. Mütləq
uşaqlardan kimisə xatırlayırıq. Daha çox da
Firudini. Çünki mənimlə Aydın bəyi
yaxınlaşdırıb doğmalaşdıran Firudin
olmuşdu.
Onu da qeyd edim ki, yataqxana həyatı tələbələrin
özəl macəra dünyasıdır. Şəxsən mən
yataqxana mətbəxində o səliqəsizliyin içərisində
hazırlanan yeməklərin, xüsusilə, böyük bir
tavada qızardılan soğançalı kartofun
dadını heç vaxt unutmuram. Ona görə ki, tavadan
heç kəsə pay çəkilmirdi. Hamı dədə-baba
qaydası ilə tavadan loxmasını
götürürdü. Kim nə qədər istəyir bir o qədər
də yeyirdi. Və axırda da o tavanı yuyub-təmizləmək kiminsə
“boyuna biçilirdi”. Elə kartof qızartmasını ləzzətli
edən bir səbəb də bu idi.
Tələbəlik illərimizdə bir çoxumuzun
özəl qabiliyyətləri də üzə
çıxırdı. Bax mən
o zaman Aydın bəyin ictimai fəal olduğunu müşahidə
edirdim. Loru dildə desək, çılğın, hadisəyə
reaksiya verən və fikrini deməkdən çəkinməyən
cavan oğlan özü də hiss etmədən gündəm
olurdu. İndi həmin o məqamları düşünəndə xatırlayıram ki,
görünür Aydın bəyə ad qoyanlar onun yolunun
aydınlığa doğru gedəcəyini,
aydınlığa qovuşacağını fəhm
etmişdilər. Ona görə də hadisələrə
anında münasibət bildirən Aydın bəy hərəkətdə
idi. Yəni yola çıxmışdı. Bu yol
azadlığa gedən yol idi. 90-cı illərdə artıq
bunu hamımız dərk etdik. Hamımızın dərk
edib, qəbul etdiyi həmin azadlıq-aydınlıq yolunu məhz
mənim də aid olduğum zamanın bir çox insanları
o cümlədən də Aydın bəy artıq daha həssaslıqla,
öncəgörmə ilə
hiss etmiş, duymuş və o yolu qəbul etmişdilər.
İllər də göstərdi ki, qurbanlardan keçən
bu yola işıq salanlar özləri də işıq
olublar.
Bu da bir həqiqətdir ki, işığı
görməyənlər də var, ondan gizlənənlər də
var. Ən dəhşətlisi isə işıq gələn
yerə tıxac olanlardır. Elə mənim də həyatım
boyu söykəndiyim, ümid alıb güvəndiyim və
yanlarında olmağa özümü həsr etdiyim adamlar, yəni
aydınlar isə çəkinəcəkli, qorxaq
olmayıblar. Biliblər ki, işığın
özü kimi onun pərvanəsi
də olur, söndürəni də. Deməli pərvanəsi
olan işıq söndürülməkdən
qorxmamalıdır. Axı pərvanələr
qanadlıdır. İşığın sorağını hər
tərəfə yayır. Və deməli həm də o sorağa
yeni pərvanələr gəlir!..
Bütün bunlar bir publisist düşüncəsi
deyil. Nə də yazı adamının özünü
müdrik göstərmək cəhdi də hesab oluna bilməz.
Bu, sadəcə görüb, yaşayıb və nəticəsini
bu gün də özündə,
həyatında daşıyan bir yazı adamının
indi uzaq olan ötən əsrin
80-ci illərinə baxışıdır. Həmin illərdən
bu günə yol gələn bir aydınımız barəsində
bədii riçətdir. Və bir də o həm də bir qələm
adamı olan şəxsin
söykəndiyi sözə nəfəs verməsidir. Axı
quru sözlər heç tükü də tərpətmir.
Amma diri sözlər ürəyi qubarlandırır, ruhu
cilalayır, yaşayır və yaşadır. Məhz bu mənada
bu gün ömrünün 65-ci ilini diri sözlə, diri qələmlə
cilalayan tanınmış publisist, dəyərli aydınımız baş redaktor
olduğu “Bakı xəbər” qəzetinin timsalında
sözün nəfəsini hamımıza çatdırır.
O nəfəslə isidir, düşündürür və bəzən
də yönəldir. Özünün və bütün
aydınların yoluna tərəf.
Mən dəyərli tələbə yoldaşım,
dostum, həmkarım Aydın Quliyevlə bağlı bir
yubiley yazısı ortaya qoymağa köklənmişdim. Amma
hələ 5 il öncə - onun 60 yaşında
yazdığım yazını yenidən oxuyandan sonra bu
fikrimdən daşındım. Çünki Aydın bəy
50 yaşda da, 60 yaşda da
hansı əqidədə, hansı yolda olubdursa,
görmüşəmsə, elə 65 yaşında da o cürdür. Deməli, dəyişən
rəqəmlərdir, illərdir. Dəyişməyən isə
aydınlıqdır, aydınlardır və Aydındır!
Zənnimcə, dəyişməyən Aydına nələrisə
əlavə etmək yox, tərif demək yox, elə
yanında olmaq daha ağıllı seçimdir. Bu, bir az təvazökarlıqdan
uzaq olsa da, mənim də aydınlardan olmağıma işarədir. Və…
… Bizim hər gün görüşüb etdiyimiz
söhbətin mövzularından biri də Aydın bəyin mənim
şeirlərimdən biri barəsində söylədiyi
fikirdir. Şeirin məramı belədir ki, mənə görə
dünyada ən ağır dərd, ən böyük faciə
aradığın nömrəyə zəngin
çatmamağıdır. Bu gün böyük məmnunluqla
və şükranlıqla deyə bilərəm ki, bizim
bir-birimizə zəngimiz çatır. Ümidliyəm ki,
Aydın bəyin zəngi 100 yaşa da çatacaq.
P.S Yazını gənc
həmkarlarımdan biri ilə
müzakirə edərkən ikimiz də eyni nöqtədə
həmfikir olduq. Söhbət addan gedirdi - hər kəsin, hər
şeyin adından. Adın ifadə etdiyi hər kəsdən
və hər şeydən. Onda hər ikimiz bir məqamı xüsusi
vurğuladıq :
- Bəzən insanın adı yada düşmür...
Yaşla, şəraitlə bağlı unudulur... Amma
aydınları adlarının mənası da yenidən
xatırladır!
Əbülfət Mədətoğlu
İki sahil .- 2025.- 12 iyul(¹119).- S.6.