Dosent Əli Qəhrəmanovun
yeni qiymətli əsəri
Biz tarixi qaynaqlara diqqət etdikdə, görkəmli Azərbaycan
filosofu Şəms Təbrizinin əsl həqiqəti təsdiq
edən bir ifadəsi ilə qarşılaşırıq. O,
“Bəxt, tale, qismət, alın yazısı deyilən bu amillərin
olmadığını” qeyd edərək, sonda “Hər kəs
öz bəxt, tale, qismət, alın yazısını öz
düşüncəsi və əməlləri ilə
yazır” ifadəsi ilə təsdiq edir.
Biz Əli Qəhrəmanovun bu monoqrafiyasının da,
ömrünün 80 ilinin 52 ilindən artıq bir
dövrünü elmə, Naxçıvan teatrının
yaranması və inkişafının tədqiqinə həsr
etdiyini qeyd etməklə, bu istiqamətdə 2 kitab, 8
monoqrafiya, eləcə də elmi jurnallara və məcmuələrdə
200-dən yuxarı elmi və çoxsaylı mətbu
orqanlarında müəllifi olduğunu elmi-publisist məqalələrin
şahidiyik.
Bu baxımdan Əli Qəhrəmanovun
“Naxçıvan teatrında rəssam işi” monoqrafiyası qədim
Naxçıvanın teatr sənətinin tədqiqində
xüsusi elmi əhəmiyyət kəsb edir. Müəllif
monoqrafiyanın “Giriş” hissəsində 1882-ci ildə Eynəli
bəy Sultanovun rəhbərliyi ilə “Ziyalılar cəmiyyəti”,
1883-cü ildə “Müsəlman (şiə) İncəsənəti
və Dram Cəmiyyəti”nin təşkil olunduğunu qeyd
edir. Bu prosesdə maarifçi ziyalılar Eynəli bəy
Sultanov, Qurbanəli Şərifzadə, Məhəmmədtağı
Sidqi kimi digər teatr sənətini ortaya qoyan görkəmli
şəxsiyyətlərdən geniş bəhs etməklə,
xeyli tarixi faktlar üzə çıxarır.
Monoqrafiyanın “XIX əsrin sonu XX əsrin əvvəllərində
Naxçıvan teatrında rəssamlıq sənət
(1883-1920)” adlı I fəslində XX əsrin ilk illərinədək
M.F.Axundovun “Müsyö Jordan və dərviş Məstəli
şah”, “Molla İbrahim Xəlil Kimyagər”, “Hacı Qara”,
E.Sultanovun “Tatarka”, C.Məmmədquluzadənin “Çay dəstgahı”,
N.Vəzirovun “Ev tərbiyəsinin bir şəkli”,
Ə.Haqverdiyevin “Dağılan tifaq” kimi, yerli müəlliflərin
də əsərlərinin tamaşaya qoyulduğunu elmi faktlar əsasında
ortaya çıxarır.
Bunun davamı olaraq müəllif 1915-ci ildə Tiflis Rəssamlıq
Məktəbini bitirib Naxçıvana qayıdan Bəhruz bəy
Kəngərlinin teatr dekorları hazırlamasını,
görkəmli azərbaycanlı rəssamlar – Əzim
Əzimzadənin satirik əhval-ruhiyyəli qrafik işlərini, Mikayıl Abdullayev,
Böyükağa Mirzəzadə, Qəzənfər
Xalıqov, Elbəy Rzaquliyev, Tağı Tağıyev kimi rəssamların
teatr sənətindəki fəaliyyətlərinə
aydınılıq gətirir. Bununla bərabər müəllif,
Naxçıvan mədəni mühitində yer alan
tanınmış və ali rəssamlıq məktəblərində
təhsil almış rəssamlardan Adil Qazıyev, Şamil
Qazıyev, Məmməd Qasımov, Əyyub Hüseynov kimi
xeyli rəssamların da Naxçıvan teatrında
tamaşalara gətirdiyi yeniliklərdən nümunələr
göstərir.
XX əsrin ilk onilliyində, milli səhnə rəsmlərinin
təşəkkülündə ilk akademik rəsm üslubunu
səhnəyə gətirən və realistik əsərləri
ilə novatorluğa yol açan Azərbaycan rəssamı Bəhruz
bəy Kəngərlinin fitri istedadına da toxunan müəllif,
onun yaradıcılığını elmi faktlarla
aydınlaşdırır. Burada Naxçıvan
teatrının yaradıcılarından olan Eynəli bəy
Sultanov və Cəlil Məmmədquluzadənin köməkliyi
ilə onun, 1910-cu ildə Tiflis şəhərindəki
Zaqafqaziyanın yeganə Rəssamlıq Məktəbinə
daxil olması, rəssamlıq sənətinin incəliklərinə
yiyələnməsi məsəllərinə də toxunur.
Bununla bərabər müəllif, Bəhruz Kəngərlinin
milli səhnəqrafiyanın bünövrəsini qoyanlardan biri
və milli xalq geyimlərinin misilsiz bilicisi olduğuna da yetərli
elmi faktlarla əsaslandırır.
Əsərin “Naxçıvan teatrında Bəhruz bəy
Kəngərli bədii irsinin davamçıları (1921-1940)”
adlı II fəslində isə Bəhruz Kənkərli məktəbinin
yetirməsi, rəssamın layiqli davamçıları Adil
Qazıyev, Şamil Qazıyev, Nağı Nağıyevin bədii
tərtibatında 20 il müddətində teatr səhnəsindəki
yüzdən yuxarı tamaşalardakı rəssamlıq sənətindən
geniş bəhs olunur. Monoqrafiyada müəlliflərin şəkilləri,
ayrı-ayrılıqda hər birinin tamaşalara verdiyi rəssamlıq
sənəti ilə bağlı səhnə quruluşları
genişliyi ilə tədqiq edilir.
Müəllif bununla bərabər Ş.Qazıyevin
yaradıcılığını da geniş təhlil edib
onun yaradıcılığının teatr rəssamlığı
ilə məhdudlaşmadığını, janr müxtəlifliyi
ilə seçildiyini, müxtəlif janrlarda
yaratdığı əsərlərdə duyulası sadəliyə
tapınmaqla, görüntülərin
inandırıcılığını klassik primitiv sənətindən
gəlmə estetika ilə qovşaqda təqdim etdiyinə
sübutlar göstərir. Onun Naxçıvanın tarixi, təbiəti,
həyat və məişəti ilə bağlı süjetli
kompozisiyalar, tablolar da yaratdığını və gənc rəssamlara
qayğı göstərərək, onlara təsviri sənətin
sirlərini öyrətdiyinə dair yeni faktlar ortaya qoyur.
Bununla bərabər müəllifin xeyli əsərlərin səhnə
təcəssümündə milli yanaşması da önə
çəkilir. Ona rəssamlıq sənətinin
inkişafındakı xidmətlərinə görə
1944-cü ildə “Naxçıvan MSSR Əməkdar incəsənət
xadimi” fəxri adı verilməsinə, 1946-cı ildə
“Əməkdə rəşadətə görə”
döş ordeni ilə təltif olunmasına da tarixi faktlar
göstərir. Onun 1948-ci ildə Bakıya qayıtmaqla bu
işi davam etdirdiyi, “Azərbaycan gəncləri” qəzetində
rəssam vəzifəsində
çalışdığı da tarixi-elmi faktlarla təqdim
edilir.
Bu fəsildə Nağı Nağıyevin
yaradıcılığına da toxunan müəllif onun
ömrünün 40 ilini Azərbaycan ədəbiyyatı və
mədəniyyətinin inkişafına həsr etdiyini, teatrda
tamaşalara verdiyi bədii tərtibatla yanaşı, 2 roman, 4
povest, 6 səhnə əsəri, 29 bədii və satirik hekayə,
43 miniatür yazı, 4 xatirə və 9 oçerkini də
oxuculara bəxş etdiyini bildirir.
İkinci dünya müharibəsi və sonrakı mərhələdə
Naxçıvan teatrında rəssamlıq sənəti
(1941-1963) adlı III fəsildə də Naxçıvan
Dövlət Dram Teatrının 1941-1945-ci illərdə rəssamlıq
sənətindən bəhs edən müəllif, yeni elmi
faktları oxuculara çatdırır. Burada Naxçıvan
Muxtar Respublikasının Dövlət Arxivində mühafizə
olunan sənədlərdən, 1947-1948-ci il Naxçıvan
teatrının repertuarında Azərbaycan
dramaturqlarının əsərləri ilə yanaşı,
rus və Avropa dramaturgiyasına müraciət edildiyi də
qeyd edilir.
Əsərin IV fəslində 1964-1990-cı illərin
rəssamlıq sənətini ortaya qoyan müəllif burada Məmmədəli
İsmayılov, Yuran Məmmədov, Mircəlil Seyidov və
Əli Səfərovun əsərlərə verdiyi bədii tərtibatlardan
geniş bəhs edir. Naxçıvan teatrında 1967-1968-ci
teatr mövsümündə teatrda “Dan ulduzu”, “Yaşar”, “Mən
onu axtarıram”, “İtirilmiş sağlıq”, “Ağır cəza”,
“Sənsiz”, “Hücum”, “Günəş”, “Solğun
çiçəklər”, “Yarımçıq şəkil”,
“Vaqif”, “Müsyö Jordan və dərviş Məstəli
şah”, “Kor padşah” kimi əsərlərin müvəffəqiyyətlə
nümayişini nümunə kimi göstərir. Müəllif
bu əsərlərin səhnə təcəssümündə
M.İsmayılov, M.Qasımov, Y.Məmmədov və Əli Səfərovun
rəssamlıq sənətini, onların
tamaşaçılara təqdimatında milli mədəniyyətlə
bağlı görüntülərə xüsusi yer
ayırdıqlarını ayrılıqda oxuculara
çatdırır. Təbii ki, bütün bunlar ağır
zəhmətin və əsil tədqiqatçılıq
bacarığının sayəsində ortaya
çıxır.
Əsərin “Müstəqillik illərində
Naxçıvan teatrında rəssamlıq sənəti
(1991-2024) adlı V fəslində Naxçıvanın bu illərə
aid teatr tamaşalarında rəssamlıq sənətində
xüsusi yeri olan görkəmli rəssamlar Əbülfəz
Axundov, Hüseynqulu Əliyev, Səyyad Bayramovun
yaradıcılığından
geniş bəhs olunur. Müəllif, Əsgər Əsgərov,
Kamran Quliyev, Vaqif Əhmədov kimi gənc rejissorların səhnəyə
qoyduqları tamaşalarda və Əbülfəz Axundov,
Hüseynqulu Əliyev, Səyyad Bayramov kimi rəssamların isə,
bu tamaşaların quruluşunda rəssamlıq fəaliyyətlərini
tarixi faktlar və mənbələr əsasında geniş
araşdırır.
Bütün bu elmi faktları ortaya çıxarmaq təbii
ki, xüsusi bacarıq, elmi yanaşma peşəkarlığının
nəticələri kimi özünü təqdim edir. Biz
müəllifə geniş və əhatəli tədqiqatlarında
yeni-yeni uğurlar və cansağlığı arzu edirik.
Firudin Rzayev,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
İki sahil .- 2025.- 12 iyul(¹119).- S.7.